Bir kərə yüksələn bayraq yaddaşlardan enmədi

post-img

AXC hökumətinin ilk qərargahında konfrans

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş elmi-təcrübi konfrans keçirilib. 

Konfransı giriş sözü ilə açan muzeyin di­rektoru, akademik Rafael Hüseynov bildirdi ki, 1918-ci ilin sentyabrında AXC hökuməti Gəncədən Bakıya köçəndə rəhbərlik ilk vaxt­lar “Metropol” mehmanxanasında – indiki Ədəbiyyat Muzeyində yaşayıb işləmişdilər. Milli hökumətin iclasları keçirilmiş, indi “İstiqlal” adlandırılan bu salonda M.Ə.Rə­sulzadənin 140 illiyinin qeyd edilməsi tarixin məntiqidir. Sonra akademik Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti, milli istiqlal uğrunda apardığı mü­barizə, ictimai-fikir tariximizdə yeri və rolu barədə ətraflı məlumat verdi. 

Muzeyin direktoru daha sonra XIX əsrin sonu XX yüzilliyin əvvəllərində Azərbayca­nın bir sıra görkəmli şəxsiyyətlər yetişdirdi­yini vurğulayaraq həmin insanların indiki nə­sillərə örnək olan mübarizə yolunun önəmini vurğuladı. O qeyd etdi ki, 19 yaşında siyasət aləminə gələn M.Ə.Rəsulzadə tezliklə istiqlal düşüncəsi, azadlıq eşqi ilə mübarizələrin ön cərgəsinə çıxmışdı. Bu istiqlal aşiqi ictimai mühitə ədəbi, poetik düşüncə ilə gəlmişdi. “Bir kərə yüksələn bayraq bir daha enməz” deyərkən M.Ə.Rəsulzadə istiqlal düşüncəsini nəzərdə tutmuşdu. Onun 1920-ci ildən sonra­kı bütün fəaliyyəti ondan ibarət oldu ki, mü­hacirətdə istiqlal işığını sönməyə qoymadı. 

Yubiley məclisində Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadə babasının siyasi fəaliyyətinə görə bütün qohumlarının əziyyət çəkdiyini, gül­lələndiyini, sürgünlərdə yaşamağa məhkum edildiyini vurğuladı. O, atası Azər Rəsulza­də ilə bağlı xatirələrini dilə gətirdi. Bildirdi ki, ötən əsrin 90-cı illərində atası 20 Yanvar faciəsinin qurbanlarını ziyarət edərkən təsa­düfən Şəhidlər xiyabanında Heydər Əliyev­lə görüşüb. Ümummilli lider həmin vaxtda Naxçıvan Ali Məclisinin sədri idi və Azər Rəsulzadəni Naxçıvana dəvət edib, hər cür şərait yaradacağına söz verib.

Konfransın davamında elmi işçi, Nəcibə Bağırzadə “Məhəmməd Əmin Rəsulzadənin ədəbiyyatla bağlı araşdırmalarında Azərbay­can davası”, doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Nizami Muzeyinin ekspozisiyasında Cümhuriyyət irsi”, yeni və müasir Azərbaycan ədəbiyyatı­nın tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Göyərçin Mustafayeva “Tatar tarixçisi Bulat Sultanbekov Məhəmməd Əmin Rəsulzadə haqqında” məruzələrlə çıxış etdilər.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, İctimai-Siyasi Sənədlər Arxivi­nin “Beynəlxalq əməkdaşlıq, tərcümə və ic­timai əlaqələr” bölməsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva isə öz məruzəsində M.Ə.Rəsulzadənin repressiyaya məruz qalmış ailə üzvlərinin həbs və sürgün həyatı haqqında yeni faktları iştirakçılarının diqqətinə çatdırdı. Muzeyin tərtibatçı rəssa­mı Leyla Məmmədova Məhəmməd Əmin Rəsulzadənin yeni heykəlinin hazırlanması üçün eskizlərini təqdim etdi.

Sonda akademik Rafael Hüseynov Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvi yaradıcılığı haqqında 1941-ci ildə yazdığı “Azərbaycan şairi Nizami” kitabı haqqında fikirlərini söylədi. Bildirdi ki, nə qədər ki, Azərbaycan var, üçrəngli bayrağı­mız dalğalanır Rəsulzadə xalqımızın qəlbin­də həmişə yaşayacaq.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər