Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin bəyanatı zamanında atılmış addımdır

post-img

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assam-bleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Nümayəndə heyətimizin üzvləri bununla bağlı bəyanat qəbul etdilər. İndi qurumun Fransanın oyuncağı olan almaniyalı deputat Frank Şvabe kimi ermənipərəstlər və onların əli ilə hərəkətə gətirilən miskinlər sürüsü ölkəmizlə bağlı nə qərar çıxarırlarsa, çıxarsınlar. Erməni sevdalıları, Azərbayca­nı, hətta, Avropa Şurasından da uzaqlaşdıra bilərlər. Buyurub iki ayaqlarını bir başmağa çəksinlər! Görək, nə qazanacaqlar! Görək, ermənipərəstlik onlara nə verəcək!

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin verdiyi qərar son dərəcə yerin­də atılmış addımdır. Bu, Avropada hər kəsə dərs olmalıdır. Hər kəs bilməlidir ki, ölkəmizlə oyun oynamaq, haqq sə­simizi boğmağa çalışmaq heç bir fayda verməyəcək. Bu əməllərlə Azərbaycana təzyiq göstərmək cəhdləri də həmçinin. 

İndi, qoy, nəinki Avropa Şurasının rəhbərliyi, eləcə də bir-biri ilə əlaqəli olan Avropa təsisatlarının rəhbərliyində oturanlar, beyin mərkəzlərinin təmsil­çiləri düşünsünlər. Özü də yaxşı-yaxşı. Düşünsünlər ki, ermənipərəstlik yolun­da nəyi itirirlər. Bir zəhmət, Azərbayca­nın AŞPA-dakı fəaliyyətini dayandırma­sı durumunun formalaşmasında “əməyi” keçənlərin təmsil etdikləri məmləkətləri gələcəkdə hansı aqibətin gözləyəcəyini də götür-qoy etsinlər. İtirən onlar ola­caq, Azərbaycan yox! Mübarizə istəyir­lərsə, buyursunlar!

Mübarizədən söz düşmüşkən, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatı da mübarizə ruhun­dadır. Bəyanatda Azərbaycanın 1991-ciildən başladığı müstəqillik yolu təhlil edilir. AŞPA-nın müxtəlif ölkələrin par­lamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dia­loq platforması olduğunun vurğulandı­ğı sənəddə Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olmaqla qarşısı­na qoyduğu məqsəd açıqlanır. Bildirilir ki, respublikamız beynəlxalq səviyyə­də tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azər­baycanlının hüquqlarının bərpasında köməyə, beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalə­tin öz yerini tutacağına ümid bəsləyib. Lakin: “2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti –Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlə­rinə görə cavab vermək barədə qına­mayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbay­canlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hör­mətsizlikdən gedir”.

Bəyanatda, eyni zamanda, vurğu­lanır ki, Azərbaycan təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələ­bəsindən, ərazi bütövlüyünün və suve­renliyinin bərpasından sonra, ləkələn­mək, əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzədir. Bəli, hazır­da AŞPA müstəvisində oynanılan çirkin oyunun da məqsədi məhz budur. Sual həqiqətən yerindədir: necə ola bilər ki, təxminən iyirmi ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyətinə er­məni işğalının AŞPA ilə bağlı məsələ, qurumun münaqişənin müzakirəsi üçün düzgün format olmadığı deyilib, indi isə Azərbaycan–Ermənistan münasibətləri, Qarabağ reallıqları fonunda ölkəmizə qarşı qərəzli mövqe tutulub? Bu, son dərəcə məntiqsiz, məntiqsiz olduğu qə­dər də əcayib yanaşma deyilmi? Niyə bir milyondan artıq azərbaycanlı insan sayılmırdı? Nəyə görə onların otuz ilə yaxın müddətdə üzləşdikləri durum in­san hüquqlarının pozulması anlamına gəlmirdi? Elə ona görə də nümayəndə heyətimizin bəyanatında bildirilir: “İndi isə həmin AŞPA və həmin deputatlar bu­nun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermir­lər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenli­yi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir”.

Bəli, AŞPA alətdir. Təəssüf ki, siya­si alətə çevrilmək hazırda dünyanın bir çox aparıcı beynəlxalq təşkilatlarının üzləşdikləri acınacaqlı durumdur. Bu durum təməl prinsiplərə aşkar həqarə­tin təzahürüdür. Elə bir təzahürdür ki, son dərəcə dəhşətli presedent forma­laşdırmaq ehtimalı böyükdür. Belə çıxır ki, hər cür ədalətsizliyin ədalət, hər cür hüquq pozuntusunun haqq kimi leqallaşması mümkündür. Həqiqətən də ortada demokratiya adına utanc­verici mənzərə var. “Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çev­rilib”, – deyən bəyanat müəlliflərinin məhz qeyd etdiyimiz məqamı diqqətə çatdırdıqları aşkardır. Nəzərə alaq ki, şvabelərin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsü də çirkin ten­densiyanın tərkib hissəsidir. 

Əlbəttə, AŞPA-nın anti-Azərbaycan ritorikasındakı başlıca məqam 7 fev­ral prezident seçkiləridir. Dünyada hər bir aparıcı qütb yaxşı anlayır ki, seçki Azərbaycan xalqının iradəsinin növbəti təzahür meydanı, xalq-iqtidar vəhdəti­nin təntənə anı olacaq. Məqsədləri pro­seslə bağlı total antipatiya yaratmaqdır. İstəkləri ölkəmizin iradəsini sivil dün­yadan təcrid durumunun elementi kimi göstərməkdir. Ancaq başlarını itiriblər. Xaricdəki anti-Azərbaycan qüvvələrin bir qismi prezident seçkilərini müşa­hidə etməyəcəyini açıqlayır, AŞPA isə bəhanə gətirir. Guya, ölkəmizin qurum­dakı nümayəndə heyəti prosedur qay­dalarını pozaraq seçkiyə dəvət göndər­məyib. Bilməmişik, bunlar üçün xalça sərmək kimi vəzifəmiz var imiş. Utan­maz-utanmaz özlərini böyük sayırlar. Görəsən, hansı haqla? 

Təbii ki, heç bir haqdan söhbət gedə bilməz. Azərbaycanın AŞPA-da­kı nümayəndə heyətinin bəyanatında bildirildiyi kimi, ölkəmizə qarşı oynanı­lan çirkin oyun seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, demokratik təsi­satların fəaliyyətinə xələl gətirən məkrli addımdır. Ancaq AŞPA-dakılar unutma­malıdırlar ki, “nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizli­yinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliy­yət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək”.

Bəli, sitatdakı fikirlər sanki şapalaq effekti verir. Azərbaycan 44 günlük mü­haribə və lokal xarakterli antiterror təd­birləri ilə Ermənistana və onun hava­darlarına dərs verdiyi kimi, AŞPA-dakı nümayəndə heyətimizin bəyanatındakı bu fikirlər də dərsdir, elə tərs şapalağın özüdür: “Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təh­did və şantaj dili ilə danışa bilməzlər”.

Sənəddəki təsirli məqamlardan biri də AŞPA-nın tarixində heç vaxt bu təşkilatın özünü belə biabırçı şə­kildə aparmadığının vurğulanmasıdır. Deməli, qurumda qəbuledilməz, rüs­vayçı ab-hava, ləyaqət hissinə meydan oxuyan çirkin vəziyyət formalaşıb. Dö­zülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya da öz yerində. Bu səbəb­dən: “Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda işti­rakını qeyri-müəyyən müddətə dayan­dırmaq qərarına gəlib”.

İndi papaqlarını qabaqlarına qoyub düşünmək növbəsi nəinki AŞPA-nın, eyni zamanda, Avropa Şu­rasının, ümumən “köhnə qitə”nin özünü mütərəqqi sayan qurumlarının aparıcı şəxslərinindir. Əlbəttə, papaqları varsa, yaxud onları ermənilərə bağışlamayıb­larsa!

XQ-nin analitik qrupu

Siyasət