AŞPA-nın Azərbaycan “problemi”: ədalətsizliyin anatomiyası

post-img

 II hissə

“Səmimilik ən yaxşı siyasətdir”

Migel de Servantes

Məntiqsizlik, böhtan və şər siyasi spe­kulyasiyanın “arqumentləri” kimi Frank Şvabe “əsaslandırması”nda üç məqamı vurğulayır. Birincisi, guya Azərbaycan­da çoxlu siyasi məhbus vardır. İkincisi, guya, Azərbaycan Qarabağdan 100 mindən çox insanı zorla qovub. Üçün­cüsü, bu iki “fakt” da AŞPA üçün elə də önəmli deyil – əsas odur ki, onun nümayəndələrinə nə Laçın yoluna (o, “dəhliz” terminini işlədir – red.) “səyahət etməyə” imkan veriblər, nə də onları 7 fevral prezident seçkilərini müşahidəyə dəvət ediblər. 

Belə görünür ki, AŞPA “siyasi məh­bus” və “insanların hüququ” məsələsini əsas saymır, onun üçün özünün nüfuzu, təsir dairəsi və nəzərdə tutduğu siyasi məqsədlər vacibdir. Deməli, qurum in­san hüquqları ilə bağlı zəruri hesab et­mədiyi məsələdən siyasi nüfuzunu artır­maq üçün faydalanmağa çalışır. Bunun bir adı var – spekulyasiya.

Fikrimizi təsdiqləyən ən tutarlı fakt isə AŞPA-nın artıq otuz ildən çoxdur yurdlarından zorla deportasiya edilmiş azərbaycanlıların taleyi ilə maraqlan­madığıdır (bir sıra rəsmi sənədlərdəki sözdə çağırışdan başqa). Reallıq bu­dur: yüz minlərlə azərbaycanlı həm indi­ki Ermənistan ərazisindən, həm də Qa­rabağdan qovulub, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum du­ruma düşüb. Otuz ildən çoxdur davam edən məhkumluq bu gün də aktualdır. 

Bəli, Qərbi Azərbaycandan olan soy­daşlarımız hələ də öz vətənlərinə - Göy­çəyə, Zəngəzura və Ermənistanın digər bölgələrinə ayaqlarını belə basa bilmir­lər. Bəs bu müddətdə AŞPA da daxil ol­maqla, Avropa qurumları onların öz ev­lərinə qayıtmaları üçün Ermənistandan nə isə tələb ediblərmi? 

Laçın yolunu təntənəli şəkildə “dəh­liz”, sanki nəfəslik kimi göstərir, lakin həmin “nəfəslik” vasitəsilə azərbaycan­lıların öz yurdlarına dönmələri məsələ­sini heç müzakirə belə etmək istəmirlər. Təsəvvürlərindəki “dəhliz” yalnız ermə­nilərin və onların havadarlarının Ermə­nistandan Azərbaycana sərbəst keçmə­sini təmin etməli olan birtərəfli hərəkət zolağıdır! 

Bu tezisi demək üçün çoxlu sayda faktlar var. Elə AŞPA-nın da “faktları” yalnız “ermənilərə onu icazə vermirlər, bunu icazə vermirlər” kimi formal mən­tiqin çərçivəsini aşmır. Avropa dövlətlə­rinin (xüsusilə, Fransa və Almaniyanın) bununla bağlı tələblərindən belə qənaət hasil olur ki, “dəhliz” yalnız ermənilər və onların ağaları üçündür. Bu sayaq mükalimələrində çox arxayındırlar. Azərbaycanlılara “dəhliz” məntiqini şa­mil etməkdən uzaq duranlar Zəngəzur haqqında “Ermənistan ərazisində dəhliz ola bilməz” kimi həyasız bir cümlə işlə­dirlər. 

Bunlarla yanaşı, Fransa və Almani­ya başda olmaqla, Aİ üzvləri və Kanada “mülki missiya” adı altında hərbçilərini və kəşfiyyatçılarını Ermənistan tərəfdən Azərbaycan sərhədini və daxili ərazini müşahidə etmək üçün göndərir. Bu­dur, “demokratik vasitəçilik” nümunəsi? Bunlardır, “insan haqları”, “siyasi məh­bus” kimi təntənəli terminlərin məzmu­nunu formalaşdıran davranışlar? 

Belə süni davranan, işğalçıya hər mənada arxa olan və mövcud fonda Azərbaycan dövlətinin və vətəndaşla­rının ən təbii hüquqların belə gözardı edən bir qurumu hansı əsasla seçkiyə müşahidəçi kimi buraxmaq olar? Bura­da demokratik dəyərləri heçə saymaq­dan söhbət gedə bilməz. Gün kimi ay­dındır ki, AŞPA müşahidəçiləri həqiqəti deyil, Azərbaycanı ləkələmək üçün uy­duracaqları “seçki faktları”nı yaymağa çalışacaqlar. Onlar, ümumən, postsovet məkanı ölkələrinə münasibətdə həmişə ayrı-seçkilik ediblər. Bununla bağlı tu­tarlı faktlar var.

Fridrix Ebert Fondu və onun prezidenti

2014-cü ildə Avropa Parlamentinin o dövrdəki sədri Martin Şults (Almaniya) Ukraynadakı siyasi vəziyyətə aktiv mü­daxilə etmişdi. O, indi Fridrix Ebert Fon­dunun prezidentidir. Bu təşkilat Alma­niyanın 1919-1925-ci illərdə prezidenti olmuş və I Dünya müharibəsini alovlan­dıran siyasətçilərdəndir. Onun adına ya­radılmış fond müxtəlif psotsovet ölkələ­rində fərqli işlər görür. Məsələn, 2022-ci ildən Rusiyada qurumun fəaliyyətinin qadağan edilməsi səbəbində diqqət ye­tirək. Fond gəncləri antirusiya əhval-ru­hiyyəsinə sürükləyirmiş. Müharibəyə qarşı mübarizə aparmaq adı altında Rusiyada həlak olmuş faşistləri reabili­tasiya etməyə cəhdlər göstərirmiş. Hət­ta, bir rus məktəblini Avropaya Rusiyanı ittiham müstəvisində həlak olmuş han­sısa alman əsgəri ilə bağlı müzakirələrə aparıbmış. 

“Yardımsevər” Şvabe

Və bütün bu işlərdə fəal iştirak edən­lərdən biri... Frank Şvabedir. Bu şəxsin siyasi karyerası Sosial-Demokrat Par­tiyası ilə bağlıdır. O, 2014-cü ildən Al­maniya Sosial-Demokrat Partiyasında insan hüquqları və humanitar yardım­lar üzrə fraksiyanın spikeridir. Bundan başqa, F.Şvabe AŞPA-da “Sosialistlər, demokratlar və yaşıllar” qrupuna baş­çılıq edir. 2012-ci ildə Fridrix Ebert Fondunun dəvəti ilə Moskvada “iqlim syasəti”nə həsr edilmiş tədbirə qatılıb. Lakin fəaliyyəti bununla məhdudlaşma­yıb. O, az əvvəl haqqında söz açdığımız rusiyalı məktəblinin bir alman əsgərinin həlak olması kontekstində Avropada təxribat xarakterli çıxışının təşkilində də əsas rol oynayıb. 

Şvabe 2018-ci ildən AŞPA-da mo­nitorinq, insan hüquqları, miqrasiya, qaçqınlar üzrə komitələrin üzvüdür. O, 2022-ci ildə Rusiya ordusunun fərariləri­ni, jurnalistləri və hüquq müdafiəçilərini tezliklə Almaniyada “hərtərəfli müda­fiəyə” alacaqlarını vəd etmişdi. Və bu şəxsin Azərbaycanla bağlı məlum son bəyanatı var. 

Belə görünür ki, F.Şvabenin tərəfsiz olaraq insan haqlarını və hüquqlarını, qaçqınları, məcburi köçkünləri, miqrant­ları müdafiə etmək üçün, kifayət qədər, imkanları mövcuddur. Ancaq o, xüsusi seçim əsasında hərəkət edir – insan­ları “özününkülər”ə və “yadlara” bö­lür. Münasibətini də mövcud rakusdan çıxış edərək bildirir. Bu zaman olmayan şeyləri real fakt kimi təqdim etməkdən çəkinmir. Olan faktları isə görməməzlik­dən gəlir. Misal kimi F.Şvabenin depor­tasiya edilmiş və evlərindən məhrum ol­muş azərbaycanlıların hüquqları barədə AŞPA müstəvisində ciddi heç bir addım atmadığını göstərə bilərik. 

Bütün bunların fonunda AŞPA rəs­misinin “məqsəd AŞPA-nı zəiflətməkdir” deməsi siyasi spekulyasiyadan başqa bir şey deyil. Özü də sadə insanların ta­lesizliyi üzərində qurulmuş, ədalətsizlik və insan hüquqlarına dərin sayğısızlıq­dan qaynaqlanan spekulyasiya! İndiki durumda bir azərbaycanlı uşağın, qadı­nın, qocanın fəryadına kar olmaq, onla­rın öz yurdlarından didərgin salınması­na göz yummaq ən böyük haqsızlıq və cinayətdir. 

Beynəlxalq hüquqa vicdansız yanaşma

Üstəlik, bunun yanında öz xoşları ilə Qarabağı tərk etmiş erməniləri “zor­la qovulanlar” kimi təqdim etməyə ça­lışmaq, insan haqlarına və beynəlxalq hüquqa vicdansız yanaşmadır. Əlbəttə, milliyyətindən asılı olmayaraq, hər bir insanın normal yaşamaq hüququ var. Dövlətimiz bu prinsipi həmişə dəqiqliklə gözləyib. Lakin uzun illər azərbaycanlı­lara qarşı görünməmiş haqsızlıq edən erməni separatçıları və terrorçularının günahı ucbatından sadə ermənilər də evlərindən çıxmalı olublar. Azərbaycan­lılardan kimsə onları təhdid etməyib. Ölkəmizin təhlükəsizlik orqanları kon-kret cinayət işlətmiş separatçıları və ter­rorçuları həbs edib. Onlara qanun çərçi­vəsində cəza kəsilməlidir. 

Bəli, F.Şvabe və ona bənzərlərin Azərbaycana münasibətdə “siyasi məh­busların sayı dəhşətli dərəcədə artır” kimi bəyanatları beynəlxalq miqyasda ciddi cəzalandırılmalı manipulyasiyadır, mənəvi cinayət əməlidir. Çünki bununla həmin “demokratlar” milyonlarla günah­sız insanın yenidən qanının axıdılması üçün terroçulara dəstək verirlər, onları yeni-yeni qətllərə motivasiya edirlər. Eyni ssenarinin izlərini Qərbin Yaxın Şərqdə terrorçulara dəstək verməsində, onları stimullaşdırmasında da görürük. Məhz bu baxımdan F.Şvabe və onun kimilərin sifariş yerinə yetirdiyinə dair ciddi şübhələr var. 

Bundan başqa, hamı bilir ki, Azər­baycanın təhlükəsizlik orqanlarının həbs etdiyi hər bir separatçı konkret cinayət işlədib və bu, sübut olunub. Məsələn, Qarabağdakı sabiq sepa­ratçı rejimin keçmiş lideri Arayik Aru­tunyan Gəncəyə raket atılması əmrini verdiyini açıq şəkildə bəyan etmişdi. A.Arutunyan və silahdaşlarının cinayət­kar olduqlarını sübuta yetirmək üçün təkcə bu fakt da kifayətdir. Məlumdur ki, 44 günlük müharibə dönəmində Gəncə­nin atəşə tutulması ilə çoxlu sayda in­san, o cümlədən, uşaqlar həlak oldular. 

Bu faktların mövcudluğu şəraitində belə Azərbaycanı öz xoşuna tərk edən bir erməninin burnu qanamayıb. Əksinə, onların jurnalistlərə dedikləri göstərir ki, ağır vəziyyətin yaranmasında erməni speratçılarını günahlandırırlar. Qaraba­ğı tərk edən ermənilər azərbaycanlılarla heç bir problemlərinin olmadığını bildi­riblər. 

2 sual və 2 nida!

Bütün bunlar gerçək olduğu halda, Azərbaycanı etnik təmizləmədə necə ittiham etmək olar? Hansı səbəbdən uşaq qatili olan erməni separatçılarını siyasi məhbus adlandırırlar? Bu, ab­surddur, nonsesdir! 

Belə çıxır ki, AŞPA-nın Laçın yolu­na səyahət iddiası və “siyasi məhbus” adlandırdıqları cinayətkarlarla görüş tələb etməsi saxtakarlıqdır. Çünki onlar sözün həqiqi mənasında ədalət naminə deyil, öz çirkin planlarını həyata keçir­mək üçün bu tələbləri irəli sürürlər. 

Nəhayət, onu demək yerinə düşür ki, Azərbaycan hər kəsə anlatdı ki, o, müstəqildir və ədalətli, obyektiv mövqe­dədir. Kənardan olan istənilən təzyiqə qarşı dayanır və müstəqil qərarlar qəbul edir. Siyasi məsələyə gəldikdə, ölkəmiz­də demokratik seçki keçiriləcəyi şübhə­sizdir. Azərbaycanı bu yoldan heç bir qüvvə sapdıra bilməz! 

Frank Şvabeyə gəlincə isə, o, Azər­baycana qarşı qərəzli qüvvələrin məğlu­biyyətinin növbəti nümunəsidir. Ölkəmiz haqqında AŞPA-nın monitorinq qrupu nə qərar qəbul edir-etsin, onun təsiri Strasburqun küçələrindən o tərəfə aş­mayacaq. 

Füzuli QURBANOV, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət