Mirzoyanın anti-sülh “manifesti”

post-img

Ermənistan konstruktiv mövqedə olmadığını bir daha nümayiş etdirdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 23-də ke­çirdiyi mətbuat konfransında söylədiklərindən gəlinən iki nəticə var. Birincisi, Ermənistan Azərbaycanla sülh gündəliyinə razı deyil, mani­pulyativ mövqe tutur, vəziyyəti gərginləşdirməyə, yeni oyun qaydaları qoymağa, fərqli reallıqlar formalaşdırmağa çalışır, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır. İkincisi, rəsmi İrəvan Rusiya ilə münasibətləri gərginləşdirməkdə və Moskva müstəvisində Azər­baycana qarşı əks mövqe tutmaqda israrlıdır. 

A.Mirzoyanın üzərində dayandığı ilk məqama diqqət yetirək. O, İrəvanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatından imzasını geri götürməsinə dair sualı cavablandırır və bildirir ki, guya, Moskva və Bakı həmin razılaşma ilə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayı­nıb. Erməni nazir üçtərəfli Bəyanat xüsusunda bir qədər aşağılayıcı tonda danışmağı da özünə rəva bilir. “Hətta etibarını itirmiş bir şeydən imzanı geri götürmək də çətindir”, – deyən A.Mir­zoyanın Ermənistanın sözügedən sənədə sadiq qaldığını vurğulamasının heç bir önəmi yoxdur. Çünki İrəvanın üçtərəfli razılaşmaya dəfələrlə xilaf çıxdığı danılmaz gerçəklikdir. Ermə­ni XİN rəhbərinin bildirdikləri fonunda açıqlayacağımız digər məsələlər də İrəvanın qeyri-konstruktiv yanaşma­sının növbəti təsdiqi olacaq. Elə isə A.Mirzoyanın açıqladığı üzərində da­yandığı növbəti məqama diqqət yetirək.

Məlum olduğu kimi, Ermənistan 44 günlük müharibədən sonra Azərbay­cana qarşı mina terroru gerçəkləşdi­rib. Bunu, əsasən, 2021-ci ilin istehsalı olan minaların ayrı-ayrı ərazilərimizdə quraşdırılması da təsdiqləyir. Yeri gəl­mişkən, Azərbaycan Silahlı Qüvvələri­nin ötən il sentyabrın 19-da və 20-də həyata keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərinin məqsədlərindən biri, məhz mina terroruna son qoymaq idi. O da məlumdur ki, bu cür təxribat əməl­ləri neçə-neçə dinc azərbaycanlının, o cümlədən, hərbçilərimizin həyatına son qoyub. Ermənistan rəhbərliyi isə məsələnin üzərinə gəlmir, Azərbayca­nın etirazlarına etinasız yanaşırdı. Hət­ta, inkarçı mövqe də tuturdu. 

Söylədiklərimizin fonunda hazırda A.Mirzoyanın bildirdikləri etirafdır. Yəni, onun dedikləri təsdiqləyir ki, Ermənis­tan Azərbaycana düzgün mina xəritələ­ri verməyib. İkinci gəlinən qənaət budur ki, mina terroru İrəvanın anti-Azərbay­can siyasətinin tərkib hissəsidir. Baxın, Mirzoyan, sanki, şərt qoyur. O deyir ki, əgər etimad mühiti yaranarsa, bey­nəlxalq ictimaiyyətin də iştirakı ilə Er­mənistan Qarabağdakı mina sahələri­nin yeni xəritələrini Azərbaycana verə bilər. Həqiqətən də dəhşətli düşüncə­dir. Deməli, indiyədək verilmiş xəritələr düzgün deyilmiş və hazırda Ermənistan düzgün xəritələri bizə şərtlə verəcək­miş. 

Ən əsası isə Mirzoyan həyasızlığa baş vurur. O deyir ki, guya, Qarabağda minaları azərbaycanlıların özləri hələ ötən əsrin 90-cı illərinin əvvəllərində basdırıblar, Ermənistan isə tədqiqatlar yolu ilə yeni mina xəritələri hazırlama­ğa çalışır. Sual olunur: necə ola bilər ki, azərbaycanlılar 90-cı illərdə ərazidən çıxarkən minalar basdırıblar və ötən otuz ilə yaxın müddətdə bir nəfər də olsun erməni həmin minaların qurbanı olmayıb. Göründüyü kimi, erməni XİN rəhbərinin danışdıqları absurddur .

***

Bəli, Ermənistan Azərbaycanla sül­hə gəlmək yolundan uzaqdır və istəyir ki, yeni müharibəyə başlasın. Ölkə rəs­miləri isə bu niyyəti ört-basdır etməyə çalışırlar. Elə A.Mirzoyan da eyni yolu tutur. O, durumu Ermənistanın təhlükə­sizlik məsələlərini həll etmək üçün müt­təfiqlər tapmağa çalışmaq kontekstində izah edir: “2020-ci il müharibəsi və son­rakı hadisələr zamanı bu (müttəfiqlər tapmaq – red.), daha aydın və zəruri oldu. Biz elə bir vəziyyətlə üzləşmişik ki, müttəfiqlik mexanizmlərimiz ümidlə­rimizi doğrultmayıb. Biz tez-tez təhlükə­sizlik mexanizmlərinin işləməməsinin şahidi olduğumuz barədə qiymətləndir­mələr səsləndirmişik. Belə bir şəraitdə təhlükəsizlik problemlərini həll etmək üçün yeni müttəfiqlər tapmağa çalışma­ğımız təbiidir”.

Sən demə, Ermənistanın təhlükə­sizlik sahəsindəki hazırkı aləti Avropa İt­tifaqının tərkibi fransız jandarmlarından və pensiyada olan alman polislərindən ibarət mülki müşahidə missiyası imiş. Guya, həmin missiyasının Ermənistan–Azərbaycan sərhədində yerləşdirilmə təhlükəsizliyin səviyyəsini artırıb. Digər tərəfdən, Mirzoyan ölkəsinin tərəfdaş­larının, yəni dünyadakı, xüsusən, Avro­padakı ermənipərəstlərin Ermənistanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığına dair bəyanatları üzə­rində dayanır. Onun sözlərindən belə çıxıb ki, əgər bu bəyanatlar olmasay­dı, Ermənistan işğal altına düşəcəkdi. Hər halda, bundan böyük cəfəngiyyatı uydurmaq, Qarabağda minaları 90-cı illərdə azərbaycanlıların yerləşdirmələ­rinə dair sərsəmləmək qədər həyasızlıq tələb edir ki, belə bir yaramaz xarakter isə Mirzoyanda artıqlaması ilə var. 

***

A.Mirzoyan həyasızlığını Ermənis­tanın Azərbaycanla sülh müqaviləsi müstəvisində də işə salır. O, Azərbay­can Prezidenti İlham Əliyevin yanva­rın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərin sülh prosesinə zərər vurduğunu dilə gətirir. Erməni nazir yenə də əvvəl bil­dirdiklərini təkrarlayır və hər iki ölkənin qoşunlarının sərhəddən geri çəkilməli olduğundan söz açır. Hətta, bir bey­nəlxalq nəzarət mexanizmindən də dəm vurmağı yaddan çıxarmır. Sən demə, Azərbaycanın və Ermənistanın silahlanmasına nəzarət mexanizmi la­zım imiş. Aydındır ki, belə bir şey ola bilməz və erməni tərəfi məsələni sülh müqaviləsi ilə bağlı hazırkı məqamlarla razılaşmamaq üçün qondarır. Hərçənd, özü özünü inkar edən Mirzoyan onu da bildirir ki, Azərbaycanla sülh müqavilə­sinin mətninə silahların məhdudlaşdırıl­ması ilə bağlı müddəanın daxil edilməsi müzakirə mövzusu deyil. 

Azərbaycan–Ermənistan sülh pro­sesi üzrə 1991-ci ilin Alma-Ata Bəyan­naməsi, 1970-ci ildən sonrakı xəritələrə əsasən sərhədlərin delimitasiyası və demarkasiyası, ölkələrin bir-birilərinin ərazi bütövlüyünə və suverenliyinə hörmət, kommunikasiyaların müstəqil yurisdiksiyalar əsasında açılması və digər bu kimi əvvəlki ritorikaya aid məsələləri qabardan A.Mirzoyan, fakti­ki olaraq, İrəvanın Azərbaycanın şərtlə­rini qəbul etmədiyini təsdiqləyir. Diqqət yetirək, necə? O deyir ki, Azərbaycan Prezidentinin tələbi, guya, Ermənista­nın suverenliyinin pozulmasıdır. Məlum olduğu kimi, dövlətimizin başçısı həm ötən ilin sonlarına doğru, həm də bu ilin yanvarın 10-dakı müsahibəsində bildir­mişdi ki, Naxçıvana yol “Azərbaycan­dan Azərbaycan yol” məntiqini rəhbər tutmalı və həmin istiqamətdə heç bir sərhəd və gömrük nəzarəti tətbiq edil­məməlidir. “Sərhəd nəzarəti olmadan kiminsə, hansısa ölkə vətəndaşının sərhədimizi keçməsini məqbul hesab edə bilmərik. ...bu bizim üçün qəbule­dilməz dəhliz (Zəngəzur dəhlizi – red.) məntiqidir”, – deyən A.Mirzoyanın Er­mənistanın Naxçıvana yolda sərhəd və gömrük prosedurlarını sadələşdirməyə və mövcud istiqamətdə müzakirələrə hazır olduğunu bildirməsi isə aşkar ma­nipulyasiyadır. Tam aydındır ki, erməni XİN rəhbəri Bakını prinsiplərindən dön­dərmək üçün, belə demək mümkünsə, diplomatik tülkülüyə baş vurur. Həm də ona görə ki, hazırda Ermənistan Azərbaycanın tələbinə alternativ olaraq “Dünyanın kəsişməsi” layihəsini irəli sürür. 

Əlbəttə, Bakı İrəvanın Mirzoyanın dili ilə ifadə olunmuş mövqeyini qəbul etməyəcək. Bunun təsdiqi isə Naxçıva­na yolun İran ərazisindən keçməsi ilə bağlı Tehranla əldə olunmuş razılıqdır. Doğrudur, Ermənistan və dünyadakı er­mənipərəst qüvvələrin buna qarşı çıx­dıqlarını və Qərbin yolun İslam respub­likasından keçməməsi üçün ölkəmizə mənasız təzyiq cəhdlərini də görürük. 

Digər tərəfdən, Azərbaycan Prezi­dentinin yanvarın 10-dakı müsahibə­sində toxunduğu tarixi məqamların üzə­rində dayanan A.Mirzoyan dövlətimizin başçısının vurğuladıqlarını “yeni sər­hədlər müəyyənləşdirmək” istəyi kimi qələmə verir və öz aləmində buna qarşı müqavimət formalaşdırır. O deyir ki, de­limitasiya prosesində “qanuni müəyyən edilmiş sərhədlər” əsas götürülməldir. Mirzoyanın fikrincə, qanuni sərhədlər SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlərdir və onlar Alma-Ata Bə­yannaməsində göstərildiyi kimi bərpa edilməlidir. O zaman sual olunur: otuz ilə yaxın müddətdə Ermənistan həmin sərhədləri tanıyıbmı? Prezident İlham Əliyevin də bildirdiyi kimi, Ermənistan sərhədi Ağdamda müəyyənləşdirmişdi. Başqa bir yandan, elementar məntiq var və İrəvan bunu nəzərə almalıdır. Bir halda ki, Alma-Ata Bəyannaməsi və keçmiş müttəfiq respublikalarının SSRİ-dən çıxması prinsipi rəhbər tu­tulur, o zaman nə üçün Sovetlər Birli­yinə daxil olarkən mövcud olan ərazilər üzərində dayanılmır. Hansı səbəbdən Ermənistan SSRİ-yə az ərazi ilə daxil olub, oradan çox ərazi ilə çıxmalıdır. Yaxud nəyə görə Azərbaycan birliyə çox ərazi ilə qoşulub, oradan az ərazi ilə ayrılmalıdır? Dövlətimizin başçısının üzərində dayandığı başlıca xüsus həm də bu idi. 

Əlbəttə, Azərbaycanın yanaşması 1970-ci ildən sonrakı xəritələrin əsas sayılmasını heçə endirir. Mirzoyanın növbəti həyasızlığı isə ondadır ki, bu adam həmin xəritələrin, guya, ilk dəfə Azərbaycan tərəfindən təklif edildiyini və sonradan ölkəmizin təklifindən geri durduğunu bildirir. Yəni, erməni nazir ağ yalan danışır. Çünki Azərbaycan heç vaxt belə bir təkliflə çıxış etməyib. İkincisi, məsələ çoxdandır İrəvan tərə­findən dövriyyəyə çıxarılıb. Nə üçün indiyədək Ermənistan rəsmilərindən kimsə deməyib ki, təklifi irəli sürən Azərbaycandır. O zaman daha bir sual meydana çıxır: Ermənistan nəyə görə bu xüsusda ölkəmizi məhz indi günah­landırır? Cavab birmənalıdır. İrəvan üfüqdə közərən sülh prosesinə zərbə vurmaq üçün bəhanələr axtarır və istə­yir ki, Bakını qeyri-ciddi təqdim etsin. 

***

Nəhayət, Ararat Mirzoyanın inkar­çı ritorikasındakı sonuncu məqamın üzərində dayanaq. Bu məqam Kreml ilə bağlıdır. Mirzoyan Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun bəyanat­larını şərh edərkən deyir ki, "rusiyalı tərəfdaşlarımızı səbəb-nəticə əlaqəsini və hadisələrin xronologiyasını düzgün şəkildə təkrarlamağa çağırıram". Mirzo­yanın xronologiyası Moskvanı ittiham üzərində qurulub. O bildirir ki, Lavro­vun, eləcə də Kremlin digər rəsmiləri­nin Praqa və Brüssel görüşləri zamanı Ermənistanın Qarabağı Azərbaycana güzəştə getməsi ilə bağlı səsləndirdik­ləri fikirlər düzgün deyil. Erməni XİN rəhbərinin söylədiklərindən hasil olan qənaət budur ki, guya, İrəvanın Qərbə yuvarlanması Rusiyanın Ermənista­na kömək göstərməməsi ilə bağlıdır. “2022-ci ilin avqustunda Rusiya tərəfi aşağıdakıları ehtiva edən təkliflər təq­dim etdi: Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi qeyri-müəyyən müddətə təxirə salınsın. Avqustun sonu və ya sentyabrın əvvəlində Ermə­nistan tərəfi Rusiyanın təkliflərinə razı olduğunu, Azərbaycan tərəfi isə razı­laşmadığını açıqlayıb. Bundan sonra 2022-ci ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri Ermənistan Respubli­kasının suveren ərazisinə hücuma ke­çib. Ermənistan həm Rusiya ilə ikitərəfli müqavilə, həm də çoxtərəfli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sa­zişi əsasında rusiyalı tərəfdaşlarına üz tutur. Ermənistan öz müraciətinə cavab alır və burada mahiyyətcə qeyd olunur ki, Ermənistan Respublikasının həmin hissəsində sərhədlər, kifayət qədər, ay­dın deyil. Ona görə Rusiya Ermənista­nın ərazi bütövlüyünün pozulduğunu və nə dərəcədə pozulduğunu müəyyən­ləşdirməkdə çətinlik çəkir. 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri, Azərbaycan Prezidenti, Fransa prezi­denti və Avropa İttifaqı Şurasının Pre­zidentinin iştirakı ilə Praqada aparılan danışıqların nəticəsi olaraq dördtərəf­li bəyanat qəbul edilib. Orada qeyd olunub ki, Ermənistanla Azərbaycan arasında sərhədlər və sərhədlərin de­limitasiyası 1991-ci il Alma-Ata Bəyan­naməsinə uyğun olmalıdır. Ermənistan və Azərbaycan arasında keçmiş Sovet respublikalarının inzibati sərhədlərinə uyğun sərhəd mövcuddur”.

Əlbəttə, aydındır ki, Mirzoyanın xronologiyası bəhanədən başqa bir şey deyil. Yəni, onsuz da Ermənis­tan Rusiyadan uzaqlaşmaq xətti gö­türüb. Ancaq erməni XİN rəhbərini bir məqamda, müəyyən qədər, haqlı say­maq mümkündür. Həqiqətən də KTMT müstəvisində Azərbaycan–Ermənistan sərhədinin dəqiqləşmədiyinə və buna görə də qurumun münaqişəyə qatıla bilməyəcəyinə dair fikirlər olub. Belə yanaşmanı obyektiv saymaq müm­kündür. Ancaq, hər bir halda, Mirzoya­nın haqqında söz açdığı səbəb-nəticə əlaqələrini gündəmə gətirməsi siyasi manipulyasiyadır. Həm də ona görə ki, birincisi, KTMT–nin Bakı-İrəvan ziddiy­yətlərinə qarışmamaq qərarı yalnız Ru­siyanın deyil. Qurum kollegial əsasda fəaliyyət göstərir. İkincisi, İrəvan açıq şəkildə çalışırdı ki, KTMT–Azərbaycan ziddiyyətləri yaradıb, konfliktdən uduşlu çıxsın. Bunu təşkilatdakılar yaxşı bilir­dilər. Ona görə də Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı KTMT üzvlə­rini uşaq yerinə qoymamağa çağırmış­dı. Özü də sərt şəkildə. 

Sonda bir daha vurğulayaq ki, Er­mənistanın xarici işlər naziri Ararat Mir­zoyanın mətbuat konfransında bildir­dikləri İrəvanın Azərbaycanla sülhdən yayınmaq cəhdlərinin növbəti təzahür formalarıdır və belə hallar şübhəsiz ki, bütövlükdə Cənubi Qafqazda etibarlı sülhün formalaşmasına mənfi təsirini göstərəcək. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət