Qapıları bir-bir gəzir, təşkilatları Azərbaycan əleyhinə bəyanat verməyə çağırırlar

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

İslamofobiyanın əsirinə çevrilmiş Qərb mərkəzləri ötən il sentyabrın 19–20-də Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən narazı qalıblar. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi onla­rın Qarabağ üzərində qurulmuş bütün regional planlarını alt-üst duruma sa­lıb. Hazırda məhz belələri təzyiqləri artırır və çalışırlar ki, ölkəmiz Bakı–İrəvan sülh gündəliyi xüsusunda geri addım atsın. Rəsmi strukturlardan, dövlətləra­rası təşkilatlardan tutmuş, QHT və media orqanlarınadək, ən müxtəlif “kompo­nentlərdən” ölkəmizə qarşı istifadə yolu tuturlar. Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimad­naməsinin dondurulması təşəbbüsünün ortaya çıxması da eyni “kampaniya­nın” tərkib hissəsidir. Deməli, digər Qərb mərkəzləri kimi, AŞPA da Avropadakı siyasi konyunkturaya uyğun davranır. Mövcud konyukturanın isə bir adı var – aşkar ermənipərəstlik.

AŞPA-nın ikili standartlara baş vur­ması ilk belə hal deyil. Yada salaq ki, Azərbaycan Avropa Şurasına üzv oldu­ğu gündən, yəni 2001-ci ildən indiyə­dək bu cür yanaşmaların şahidi çox olmuşuq. Sözügedən qurumda, Avropa Parlamentində lövbər salmış islamofob qüvvələr, hətta, torpaqlarımız işğal al­tında olanda da “erməni mövzusu”n­dan Azərbaycan əleyhinə yararlanıblar. Müxtəlif bəhanələr taparaq, işğalçı Er­mənistanı, bir növ, qoruyublar, işğala məruz qalmış Azərbaycana isə ittiham­lar yağdırıblar. 

Bəli, islamofob, ermənipərəst çev­rələr Avropa İttifaqını (Aİ), Avropa Par­lamentini, Avropa Şurası və AŞPA-nı, sanki, “xristian klubu”na çevirərək, öz məqsədlərinə alət ediblər. Avropa İtti­faqı və Avropa Şurasının erməni təəs­sübkeşliyi kontekstində təkcə Azər­baycanı deyil, həm də Türkiyəni hədəf seçdiklərinin şahidi olmuşuq. Özü də dəfələrlə. Son 3 ildə isə belələrinin an­ti-Azərbaycan ritorikası daha da inten­sivləşib. Hazırda istədikləri budur ki, Azərbaycan Ermənistanla danışıqlar masasına otursun və proses rəsmi İrə­van üçün əlverişli maddələr üzrə yekun sazişin imzalanması ilə nəticələnsin. 

Yaxşı məlumdur ki, Qərb dairələri­nin sülh müqaviləsi baxımından təklif etdikləri şərtlər tam ədalətsizdir. On­ların yanaşmalarında işğalçı ilə işğala məruz qalan, ziyan vuranla zərərlə üz­ləşən arasında fərq yoxdur. Ermənis­tan sanki süddən çıxmış ağ qaşıqdır. Avropalılar heç bir halda öz dədə-baba yurdlarından zorla qovulmuş azərbay­canlıların problemlərini dilə gətirmirlər. Soydaşlarımızın geri dönüşünü tə­min etmək üçün xırda təşəbbüs belə göstərmirlər. Qarabağda ev-eşiyini itir­miş, didərgin düşmüş azərbaycanlılara Ermənistan tərəfindən təzminat ödə­nilməsi tələbindən yan keçirlər. Yalnız bir mövzuları var – “Qarabağdan zorla qovulmuş ermənilər” Fransa Senatının yanvarın 17-də çıxardığı Azərbaycan əleyhinə qətnamə də bütövlükdə bu tələblərin üzərində qurulub. Sənəddə açıq mətnlə ifadə edilir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəti­cəsində Qarabağda üzləşdiyi itkiləri unutmalı, ermənilər üçün firavan həyat yaradılmasının qayğısına qalmalıdır. Fransa eyni məsələləri 2022-ci ilin de­kabrında, həmçinin, 2023-cü ilin avqus­tunda BMT müstəvisində müzakirəyə çıxarıb. Azərbaycanı sanksiyalarla hə­dələyərək, tələblərinin qəbuluna ciddi cəhd göstərib. Paris hazırda eyni pro­sesi AŞPA müstəvisində reallaşdırmaq­da, əslində isə Avropa Şurasına üzv dövlətləri “erməni proqramını” dəstək­ləməyə sövq etməkdədir. 

Problem ondadır ki, qeyri-rasional tələblərlə çıxış edən dövlət təkcə Fran­sa deyil. Bənzər mövqenin ABŞ tərə­findən də ortaya qoyulduğunu görürük. Məsələn, Birləşmiş Ştatların dövlət ka­tibinin köməkçisi Ceyms O’Braynın di­lindən 2023-cü ilin dekabrında səslən­miş və guya, Azərbaycanın Ermənistan ərazilərini işğal etməyə hazırlaşdığını ehtiva edən açıqlama da mövcud pro­sesin fonundadır.

Göründüyü kimi, bəzi xarici dairələr əllərinə düşən hər fürsətdə Ermənis­tanı öyməyə, Azərbaycanı şərləməyə, respublikamızı beynəlxalq ictimai rəyin hədəfinə çevirməyə çalışırlar. Nəzərə alaq ki, C.O’Braynın cəfəng fikirlərinə əsaslanıb, ABŞ-la Azərbaycan ara­sında yüksək səviyyəli təmasların kə­silməli olduğunu tələb edənlər də var və bütün bunlar Azərbaycanı ədalətsiz sülh danışıqları masasına oturtmağa məcbur etmək niyyətinin tərkib hissəsi­dir. Vurğuladığımız kimi, hazırda ölkə­mizə qarşı çox geniş arealda “kampa­niya” aparılır.

Rəsmi Bakının prinsipial davran­ması, milli maraqlara söykənməyən şərtlərin qəbulundan qətiyyətli imtinası Qərb mərkəzlərini aqressivləşdirir. Hid­dətlərini AŞPA-nın son qərarı qismində qeyri-konstruktiv addımlarla ifadə edir­lər. Yaxud, ABŞ Dövlət Departamenti “Dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat” hazır­layarkən, Azərbaycanın adını neqativ tonda çəkir. Bu qondarma məsələdən təzyiq elementi kimi yararlananlar isə gündəmi məşğul etməklərindən qalmır­lar. 

“Sərhədsiz Reportyorlar”, “Jurna­listlərin Hüquqlarını Müdafiə Komitəsi”, “Freedom House”, “Beynəlxalq Böhran Qrupu” və bu çevrədə olan onlarla təş­kilat yenə də iş başındadır. Ölkəmizə şər atmaq, təsir göstərmək üçün san­ki sıraya düzülüblər, növbə gözləyirlər. Bütün bunlar son otuz ildə təkrarlanan proses olduğu üçün, bir növ, adiləşib. Hansı situasiyada hansı “Qərb təşkila­tının” peyda olub hansı formada bəya­nat verəcəyini proqnozlaşdırmaq asan­laşıb. Amma son hdisələr fonunda üzə çıxan, təəssüf doğuran məqamlar da mövcuddur. İndiyədək obyektiv davran­mış, prinsiplərinə sadiq qalmış təşki­latları da prosesə qatmaq təşəbbüsləri qeydə alınır. Belə görünür, qapıları bir-bir gəzir, beynəlxalq statuslu təşkilatları ayrılıqda Azərbaycan əleyhinə bəyanat verməyə çağırırlar. Bunun üçün fərqli metodlardan istifadə edirlər. 

Üstəlik, Azərbaycanda qrantla bəs­lənən “müstəqil monitorinq mərkəz­ləri” yaradıblar. Bu “mərkəzlər” ölkə daxilində “demokratiyanın təhlükədə olduğunu”nu ehtiva edən hesabatlar hazırlayıb bitərəf davranan beynəlxalq təşkilatlara göndərir. Məsələn, Bey­nəlxalq Jurnalistlər Federasiyasına Azərbaycan daxilindən üç “fərqli mən­bədən” hesabatlar göndərildiyi mə­lumdur. Sözügedən təşkilatın necə çaşdırıldığının, bəyanatına qeyri-dəqiq faktların hansı yolla daxil edildiyinin fərqindəyik. Məqam çatacaq, hər şey aydınlaşacaq. 

Vacib olan budur ki, Azərbaycan qüdrətli dövlətdir. Öz haqqını qoruma­ğı bacarır. Bilavasitə təzyiq kampani­yalarının təsirinə gəlincə, onu deyək ki, ölkəmiz belə hallarla dəfələrlə üz­ləşib, sonucda qalib olub. Heç şübhə­siz, yenə məkrli planlar pozulacaq və Azərbaycan bu sınaqdan da ləyaqətlə çıxacaq.



Siyasət