İlan ulduz görməsə, ölməz!

post-img

Paşinyanın konstitusiyanı yeniləmək istəyi regiondakı yeni reallıqların ifadəsidir

Qırx dörd günlük Vətən müharibəsi zamanı “Dəmir yumruğ”un gücünü görən, lokal xarakterli antiterror tədbirləri əsnasında Azərbaycan Ordusunun qüdrətinin və peşəkarlığının daha da artdığına əmin olan baş nazir Nikol Paşinyan, deyəsən, ölkəmizə və Türkiyəyə qarşı ərazi iddialarını qanunvericilik müstəvisindən də yığışdırmaq qərarına gəlib. Hər halda onun Ermənistanın yeni konstitusiyaya ehtiyacının olması barədə səsləndirdiyi fikirlər belə deməyə əsas verir.

Qeyd edək ki, N.Paşinyan bu barə­də yanvarın 19-da Ədliyyə Nazirliyində keçirilən müşavirədə danışıb. Deyib ki, ölkəsinin “demokratik legitimliyinin və yaşarılığının təmin edilməsi üçün” kons­titusiya islahatına yox, tamamilə yeni konstitusiyaya ehtiyacı var. Onun söz­lərinə görə, yeni konstitusiya yeni geo­siyasi və regional şəraitdə Ermənistanı “daha rəqabətli və həyat qabiliyyətli” etməlidir: “Ermənistan Respublikasının xalq tərəfindən səs verilmiş konstitu­siyası olmalı və o heç bir şübhəyə yer qoymamalıdır. Bu, onun legitimliyini təsdiqləyən mühüm addım olardı”.

Bununla belə, baş nazir yeni kons­titusiyanın nə vaxt qəbul olunacağı ilə bağlı heç nə deməyib. Qeyd edək ki, Er­mənistan konstitusiyası 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunub. 2005-ci ilin noyabrında və 2015-ci ilin dekabrında ona düzəlişlər edilib. İkin­ci düzəlişdən sonra ölkə yarıprezident üsul-idarəsindən parlament idarəetmə­sinə keçib. 2018-ci ilin mayında haki­miyyətə yiyələnən Paşinyan 2021-ci ildə parlament sisteminin yaxşılaşdırıl­ması üçün Konstitusiya İslahatları Şu­rası yaradıb.

Girişdə qeyd etdiyimiz kimi, N.Pa­şinyanın yeni konstitusiyanın qəbulu barədə səsləndirdiyi fikirlər regionda yaranmış geosiyasi reallıqlarla birbaşa əlaqəlidir. Azərbaycan Ermənistandan bir daha revanşizm cəhdlərinin olmaya­cağı barədə rəsmi şəkildə təsdiqlənmiş zəmanət istəyir. Bununla bağlı Prezident İlham Əliyev 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda aydın şəkildə fikrini ifadə edib. Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə la­zımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhd­lərinin olmayacağı ilə bağlı qəti şəkildə təsdiqlənmiş zəmanət lazımdır... 

Deməli, iki ölkə arasında daha mü­haribə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azər­baycanın ərazi bütövlüyü ilə bağlı dedik­lərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “dağlıq qarabağ respublikası”nı unut­malı, sərhədin delimitasiyası məsələ­sində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur”.

Yazını hazırlayarkən Ermənistanın mövcud konstitusiyasını nəzərdən ke­çirdik. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalması, Tür­kiyə, Azərbaycan, o cümlədən, Qara­bağla bağlı birbaşa heç nə yazılmayıb. Lakin hayların əsas qanununun pre­ambulasında bunların hamısını özündə əks etdirən 1990-cı ilə qəbul olunmuş Müstəqillik Bəyannaməsinə istinad edilir. Bəyannamədə isə öz növbəsin­də, Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdi­rilməsi haqqında” birgə qərarına istinad olunur. Həmçinin, 1915-ci il hadisələri­nin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir.

Bundan əlavə, konstitusiyanın Er­mənistanın dövlət rəmzləri ilə bağlı məsələləri tənzimləyən 21-ci maddəsin­də ölkənin gerbində – qalxanın mərkə­zində Nuh peyğəmbərin gəmisinin oturduğu və hayların “Ararat” adlandır­dıqları Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvir olunduğu birbaşa yazılıb. Bu isə Türkiyəyə ərazi iddiaları demək­dir. Beləliklə, əgər Ermənistan rəh­bərliyi Azərbaycan və Türkiyə ilə sülh istəyirsə, regionda davamlı sabitliyin və əmin-amanlığın bərqərar olmasın­da maraqlıdırsa, qanunvericilikdən də ərazi iddiasına səbəb verən müddəaları yığışdırmalıdır.

Gözlənildiyi kimi, müxalifət Paşinya­nın yeni konstitusiya ilə bağlı fikirlərini, necə deyərlər, süngü-bıçaqla qarşıla­yıb. Sabiq prezident Robert Koçaryanın “Hayastan” fraksiyasından beş deputat baş nazirin ölkəyə yeni konstitusiya la­zım olması təşəbbüsünə birgə bəyanat­la cavab veriblər. 

Bəyanatda deyilir ki, Paşinyan kons­titusiyanı dəyişməklə gələcək siyasi qərarlarına legitimlik verməyə çalışır. Deputatlardan biri Kristine Vardanyan deyib: “Ermənistanın yeni konstitusi­yası ondan daha hansı ərazi dəyişikliyi tələb edəcək? Ən böyük dəyişiklik Azər­baycanın Qarabağ üzərində nəzarətinin bərpa olunmasıdır. Paşinyan bizə açıq şəkildə deyir ki, bizim konstitusiyamız bu reallığı əks etdirməlidir”.

Konstitusiya hüququ üzrə ekspert, 2015-ci il konstitusiyasının həmmüəl­liflərindən biri Vardan Poqosyan isə “Nyus.am”a müsahibəsində deyib ki, mövcud sənəd Paşinyana əngəl törədir. Onun sözlərinə görə, əsas qanunun bi­rinci sətri artıq baş nazirin məqsədlərinin həyata keçirilməsinə maneədir: “Söhbət “Artsax”ı və “soyqırımı”nı milli məqsəd­lər kimi müəyyən edən Müstəqillik Bəyannaməsindən gedir. Paşinyana mane olan başqa müddəalar da var, o cümlədən, Ermənistan ərazisinin dəyiş­dirilməsi məsələsi. O, həmçinin kons­titusiyanın erməni kimliyinin qorunub saxlanmasında Erməni Apostol Kilsəsi­nin müstəsna rolunu təsbit edən 18-ci maddəsini ləğv etməyə səy göstərəcək. Paşinyan, yəqin ki, Ağrı dağı və Nuhun gəmisinə aid olan gerbin təsvirini də aradan qaldırmağa çalışacaq”.

Onun sözlərinə görə, Paşinyan ay­rı-ayrı müddəaların dəyişdirilməsi yolu­nu tutmadı, çünki bu halda Konstitusiya Məhkəməsindən rəy almaqda problem­lər yarana bilərdi: “Əgər bütün konstitu­siya dəyişdirilərsə, belə bir rəy almağa da ehtiyac qalmır”.

Poqosyan əmindir ki, yuxarıda qeyd olunan dəyişikliklər olacağı təqdirdə Ermənistan hakimiyyətin güman etdi­yi kimi rəqabətədavamlı olmayacaq, əksinə, tam asılı dövlətə çevriləcək: “Baş nazir göstərir ki, o, Azərbaycanın tələblərinə (?) əməl edir və Müstəqillik Bəyannaməsinə əsaslanan “Üçüncü Ermənistan Respublikası”nın tarixini bağlayır. Paşinyan yeni respublika ya­ratmaq istəyir”.

Poqosyan yeni konstitusiyanın qə­bulu prosedurunu da təsvir edib: “Kons­titusiyanın qəbulu üçün parlament 2/3 səs çoxluğu ilə əsas qanunla bağlı la­yihə qəbul etməli, sonra referendum ke­çirilməlidir. Konstitusiyanın qəbulu üçün səsvermə iştirakçılarının 50%+1 faizi onun lehinə səs verməlidir”.

O xatırladıb ki, baş nazir parlament­də çoxluğa malikdir, buna görə də ciddi problemlə üzləşməyəcək. Onun fikrin­cə, Paşinyan bütün bu dəyişiklikləri il ərzində həyata keçirməyə çalışacaq.

Göründüyü kimi, Paşinyan bir sıra vacib məsələlərdə olduğu kimi, yeni konstitusiyanın qəbulu məsələsində də radikal-revanşist kəsimin etirazı ilə üzləşəcək. Ancaq Ermənistanın milli maraqları, Azərbaycan və Türkiyə ilə sülhün əldə olunması belə bir addımın atılmasını zəruri edir. İrəvanın bir tərəf­dən Azərbaycanla sülh sazişini imza­lamağa, Türkiyə ilə diplomatik müna­sibətlər qurmağa hazır olmasını bəyan etməsi, lakin konstitusiyasında hər iki ölkəyə ərazi iddialarının qalması zid­diyyətli olardı. Ərazi bütövlüyünü təkcə sözdə tanımaq şərt deyil. Konstitusiya­dakı məntiqə zidd maddələr də aradan qaldırılmalıdır. Bu həqiqəti Ermənistan hakimiyyəti kimi, müxalifətinin də dərk etməsi lazımdır.

Elxan ŞAHİNOĞLU, 
politoloq

Nikol Paşinyan parlamentdəki çıxışlarında mövcud konstitusiya barədə ara-sıra tənqidi fikirlərini bildirirdi. Əsas qanunda qonşu döv­lətlərə ərazi iddiasını əks etdirən Müstəqillik Bəyannaməsinə istina­dın reallığı əks etdirmədiyinə işarə edirdi. Bu, həqiqətdir ki, Ermənis­tan müstəqilliyini bərpa etdiyi illər­də həmin ölkədəki siyasi qüvvələr özgə torpaqlara göz dikərək ərazi iddialarını əsas qanuna salmışdı­lar. O dövr bitdi. Paşinyan anlayır ki, konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasi­bətləri normallaşdırmaq çətin ola­caq.

Zənnimcə, radikalların və “Qa­rabağ klanı”nın müqavimətindən asılı olmayaraq Paşinyan yeni konstitusiya qəbul etmək istəyərsə, erməni cəmiyyətinin əksər hissəsi ona dəstəyini ifadə edəcək. Bunlar həmin ermənilərdir ki, İkinci Qara­bağ müharibəsindəki ağır məğlu­biyyətə rəğmən, yenə Paşinyana səs verdilər. Güman edirəm ki, onlar yeni konstutisiyaya da “yox” deməyəcəklər. Məğlub durumda olan Ermənistan Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq istə­yirsə, konstitusiyasından məlum bəndləri çıxartmalıdır. Əks halda, hər iki qonşusu ilə dayanıqlı sülhə ümid edə bilməz.

Zaur MƏMMƏDOV, 
politoloq

Azərbaycanla danışıqların səmərəli olması üçün İrəvan müt­ləq qaydada bəzi düzəlişləri etmə­lidir. Ermənistan yazılı şəkildə Qa­rabağı Azərbaycanın ərazisi kimi tanımalıdır. Sülh müqaviləsinin im­zalanması o halda baş tuta bilər ki, Ermənistan bütün hüquqi sənədləri dəyişsin. Bu, təkcə konstitusiya ilə bağlı deyil. Müstəqillik Bəyannamə­sində qeyd olunanlar da yolveril­məzdir.

Ermənistan parlamentinin bu istiqamətdə qəbul etdiyi qərarların ləğvinə də ehtiyac duyulur. Bunlar sülhə nəinki mane olur, ümumiyyət­llə onların qalması sülh müqavilə­sinin imzalanmayacağı deməkdir. Əgər Ermənistan sülh istəyirsə, bizim ölkəmizin tələbələrini mütləq şəkildə yerinə yetirməlidir ki, yeni səhifə açılsın.

Biz görürük ki, Paşinyan cəmi üç il əvvəl imzalanmış üçtərəfli bə­yanatı fərqli şəkildə interpretasiya edir. Əlbəttə, sülh müqaviləsi də konstitusiyada dəyişiklik olmadan, oradan Müstəqillik Bəyannaməsinə istinad çıxarılmadan imzalanarsa, Ermənistanın gələcək rəhbərlə­ri sərsəm bəyanatlar səsələndirə bilərlər. Ona görə də əgər dayanıqlı sülhdən söhbət gedirsə, o zaman bu məsələyə hərtərəfli şəkildə ya­naşılmalı, tələskənlik nümayiş et­dirilməməlidir. Ermənistan cəmiy­yəti bu dəyişikliyi referendumla özü qəbul etməlidir. Bundan sonra biz rahat şəkildə Ermənistan–Azərbay­can, Ermənistan–Türkiyə münasi­bətlərdən danışa biləcəyik.

Səxavət HƏMİD
XQ







Siyasət