Cığal iradlara sərrast cavablar

post-img

Rəşad MƏCİD,
Azərbaycan Mətbuat Şurasının sədri

Tənqid də, irad da gərək səmimi olsun – yalnız doğru söz inandıra, ictimai rəydə ciddi qarşılana bilər. Qeyri-səmimi, məkrli oldusa, o sözün müəllifi ziyanı seçdiyi hədəfə yox, özünə vuracaq, öz nüfuzuna xələl gətirəcək. Siyasi, diplomatik müstəvidə səmimiyyət məsələyə obyektiv münasibət sərgiləməyi, peşəkar yanaşmanı ehtiva edir. Qeyri-obyektiv, peşəkarlıqdan uzaq tənqid ilk növbədə tənqid edən tərəfin gizli məqsədini, ütülü cümlələrlə pərdələnmiş riyasını ortaya qoyur. Eynən son dövrlər bəzi dövlətlərin və beynəlxalq pasportlu qurumların ən müxtəlif məsələlərdə Azərbaycana münasibətində müşahidə olunduğu kimi. 

Nə az, nə çox, otuz ildən sonra Azərbaycan öz torpaqlarının 20 faizini işğaldan, yüz minlər­lə vətəndaşını ağır məcburi köçkün həyatından qurtardı, ərazi bütövlüyünü və suverenliyini bər­pa etdi. Otuz il işğalçının barbar əməllərinə göz yummuş, hətta bir çox halda ən mötəbər kürsülər­dən ona haqq qazandırmış bəzi dövlətlər və bey­nəlxalq qurumlar yenə Azərbaycana qarşı ədalət­siz, qərəzli, qısqanc mövqe sərgiləməkdən əl çəkmir, ölkəmizə təzyiqi gücləndirməyə çalışırlar. Açıq-aşkar görünür ki, Azərbaycanı irad tutmaq xatirinə tənqid hədəfinə çevirir, necə deyərlər, heç nədən ölkəmizə ilişməyə can atır, cığallıq edirlər.

Bu ilin ilk günlərində ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyətilə bağ­lı yaydığı illik hesabatında bir neçə ölkə ilə yanaşı, Azərbaycanda da dini etiqad azadlığının ciddi şə­kildə pozulduğu iddiasını irəli sürdü. 30 il dini mə­bədləri erməni işğalçıları tərəfindən təhqir edilmiş bir ölkənin paytaxtında – Bakıda erməni kilsəsinin bir daşı da incidilməyib, eləcə də pravoslav, katolik kilsələri, yəhudi sinaqoqları, digər dini ibadətgahlar göz bəbəyi kimi qorunur. Ancaq yenə də multikul­tural dəyərlərə bu cür ən yüksək səviyyədə sayğı göstərən Azərbaycan hədəf seçilib. 

Artıq heç kimə sirr deyil ki, Dövlət Departamen­tinin hesabatının Azərbaycana aid hissəsi Amerika Erməni Assambleyasının vəzifəli şəxslərindən biri, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Da­niella Aşbaxyanın rəhbərliyi ilə hazırlanıb. Demə­li, neçə il ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənmə­si missiyasını istismar etmiş ölkələrdən birinin mü­hüm dövlət strukturu hələ də erməni yalanlarının yayılmasına alət olmaqdan əl çəkmir. Azərbayca­nın həm Xarici İşlər Nazirliyi, həm də Dini Qurum­larla İş üzrə Dövlət Komitəsi ABŞ Dövlət Depar­tamentinin din üzərinə köklənmiş ermənipərəstlik nağılının cavabını qətiyyətllə verdi.

Bu, 2020-ci il sentyabrın 27-dən başlanan, Azərbaycanın böyük Zəfəri ilə yekunlaşan Vətən müharibəsindən sonra ölkəmizə qarşı qabarmış diplomatık təzyiqlərin yalnız bir parçasıdır. Son illərin gündəminə nəzər salsaq, ayrı-ayrı ölkələ­rin, beynəlxalq qurumların belə haqsız və qərəzli ittihamlarına çox rast gələ bilərik. Amma bir az səhih araşdırma aparsaq görərik ki, bu məsələdə daha çox canfəşanlıq göstərən ölkə Ermənistanın havadarı rolunun ifaçısı Fransadır. O Fransa ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi hər və­chlə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktına söz yumub, erməni separatizmini dəstəkləyərək daima işğalçı tərəfə haqq qazan­dırmağa çalışıb.

Azərbaycanafob mövqeyi ilə seçilən bu dövlət ölkəmizə qarşı məkrli niyyətini Vətən müharibəsi­nin elə ilk günlərindən büruzə verməyə başladı. Məhz Fransanın səyi nəticəsində 2020-ci ilin 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükə­sizlik Şurasında Ermənistan-Azərbaycan mü­naqişəsinə dair müzakirələr keçirildi. Müzakirələr­dən sonra qurumun sədri adından hazırlanan anti-Azərbaycan xarakterli bəyanat layihəsinin əsas müəlliflərindən biri də elə Fransa idi. Azər­baycanın haqq mübarizəsinə dəstək verən, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra o vaxt bəyanat layihəsi rəsmən geri götürüldü və Parisin arzusu, necə deyərlər, suya düşdü.

Anti-Azərbaycan mövqeyindən əl çəkməyən Fransa Vətən müharibəsindən təxminən iki il son­ra - 2022-ci ildə yenidən meydana atıldı. Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycanla Ermənis­tan arasında vasitəçi olmağa səy göstərən, lakin burada da paxırı açılan və “kövrək sülhə töhfə vermək” şansını itirən rəsmi Paris növbəti dəfə BMT-yə üz tutdu və sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi ge­nişmiqyaslı təxribat nəticəsində iki gün davam edən döyüşlər zamanı qurumun Təhlükəsizlik Şu­rasının toplantısını çağırdı. Erməniləri zərərdidə gözündə görən Prezident Emmanuel Makron bu addımını, guya tərəflər arasında atəşkəsin əldə olunması cəhdi ilə izah etdi. Parisin oxu bu dəfə də daşa dəydi. Sentyabrın 15-də keçirilən toplan­tıda iki ölkənin hələ dəqiqləşməyən sərhədində­ki eskalasiya məsələsi müzakirəyə çıxarılsa da, Azərbaycana qarşı ermənilərin və tərəfdarlarının arzuladıqları qətnamə qəbul edilmədi və gözlən­tilər baş tutmadı. 

Amma hələ bu da son deyildi. Rusiya sülh­məramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edən Azərbaycanın qeyri-hö­kumət təşkilatları nümayəndələrinin və ekofəal­ların Laçın-Xankəndi yolunda 2022-ci il dekabrın 12-dən başlatdıqları dinc aksiyadan əndişələnən Fransa yenə BMT Təhlükəsizlik Şurasına müra­ciət etdi, qurumun iclasını çağırdı. Dekabrın 20-21-də keçirilən o iclasda da istək hasil olmadı. Azərbaycanın uzaqgörən və düşünülmüş addım­ları, eləcə də Böyük Britaniya, Rusiya kimi ölkələ­rin bu təşəbbüsün əleyhinə çıxmaları nəticəsində ölkəmizin haqlı mövqeyi dəstək qazandı.

Ermənistan sevdasından əl çəkməyən Fransa bu ilə də “sürprizlə” başladı. Əli beynəlxalq qu­rumların dəstəyindən üzülən Paris Azərbaycana qarşı təkbaşına “mübarizəyə” qalxdı. Yanvarın 17-də Fransa Senatı Azərbaycanın ötən ilin sent­yabr ayında Qarabağda keçirdiyi hərbi əməliyyatı pisləyən, Ermənistana hərbi dəstəyə, Azərbay­cana qarşı sanksiyalara çağıran qətnamə qəbul etdi. Senatın bu bədnam qətnaməsinə Azər­baycanın reaksiyası gecikmədi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin düşünülmüş cavabı, xü­susən, qəbul edilən bəyanatın sonuncu bəndləri - Fransanın əsarətində olan dövlətlərin müstəqil­liyinin tanınması, iqtisadi məsələlərlə bağlı qarşı tərəfə adekvat reaksiyanın verilməsini nəzərdə tutan məqamlar cılız və yersiz iradlara Azərbay­canın sərrast və tutarlı cavabı idi.

İllər uzunu Azərbaycana münasibətini əsasən Ermənistanın müdafiəsi üzərində quran, hər dəfə də ədalətsiz mövqeyinə görə uğursuzluğa düçar olan Fransa ölkəmizə qarşı kin-küdurətini indi daha bir müstəvidə nümayiş etdirir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf­lər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsinə qərar veriləndən dərhal sonra “köhnə dost” Fransa yenidən hərəkətə gəldi. Bu tədbirə evsahibliyi edilməsində hətta Ermənis­tanın da Azərbaycanın namizədliyini dəstəkləməsi beynəlxalq aləmdə bir çoxlarını, o cümlədən, “ar­dıcıl erməni təəssübkeşi” Fransanı pəjmürdə elədi. 

Ötən ay bu ölkənin bir qrup ictimai xadimi və bir neçə şəhərinin meri (eləcə də “erməni cəfa­keşi” Paris meri Ann Hidalqo) bəyanat yayaraq COP29-un Azərbaycanda keçirilməsi qərarına eti­razını bildirdi. Amma gec idi, necə deyərlər, qatar artıq getmişdi, qərar verilmişdi və onu dəyişmək mümkünsüz idi. Bu zaman təşəbbüsü ələ alan “Guardian” qəzeti COP29-un keçirilməsi ilə əlaqə­dar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Prezidentinin sərəncamını hədəfə gö­türən “She Changes Climate” adlı hansısa hərəka­tın qınağını tirajladı və COP28-ə evsahibliyi etmiş Birləşmiş Ərəb Əmirliyi ilə müqayisələr apardı. İddianın qərəzli olduğu ondan bilinirdi ki, Azər­baycandakı təşkilat komitəsində qadınların təmsil olunmaması ölkəmizdə gender bərabərliyinin po­zulması kimi dəyərləndirilirdi. Halbuki bu bəyana­tı yayan o hərəkat da, onu tirajlayan “Guardian” qəzeti də Avropanın bir parçası olan Azərbaycan­da gender bərabərliyi ilə bağlı hansısa problemin olmadığını, ölkəmizdə qadınların ən nüfuzlu döv­lət və hökumət strukturlarına kifayət qədər təmsil edildiyini bilməmiş deyillər. 

Sadəcə, qərəz, ölkəmizə qarşı kin-küdurət əsl həqiqəti etiraf etməyə imkan vermir. Təşkilat ko­mitəsinin tərkibinə gəlincə, Azərbaycanda qəbul edilmiş rəsmi protokola görə, hansısa mötəbər bir tədbirin keçirilməsi ilə bağlı təşkilat komitəsi yara­dılanda ora konkret fəaliyyət sahələrinə cavabdeh­lik daşıyan şəxslərin – nazirlərin adları daxil edilir və protokol qaydasından irəli gələn məqamı han­sısa mənfi tendensiya ilə əlaqələndirmək, yumşaq ifadə etsək, qeyri-peşəkarlıqdır. Yeri gəlmişkən, artıq bir neçə gün öncə ölkə Prezidentinin sərən­camı ilə sözügedən təşkilat komitəsinin tərkibində dəyişiklik edildi, komitə üzvlərinin sayı artırıldı və 12 nəfər qadının adı siyahıya əlavə olundu, Azər­baycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə isə Heydər Əliyev Fondunun ətraf mü­hitin mühafizəsi və iqlim fəaliyyəti üzrə layihələri­nin rəhbəri Nərmin Carçalova gətirildi. Bir faktı da qeyd edək ki, Nərmin Carçalova ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28-də Azərbay­can pavilyonunun layihə meneceri olub. Əslində, heç bir obyektiv müşahidəçi Azərbaycanda qa­dınların ictimai həyatda, dövlət strukturunda fəal­lığının əksini iddia etməz. Bu mövqe sadəcə qərə­zin və qeyri-obyektiv münasibətin təzahürüdür. 

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlhamƏliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində ən müxtəlif beynəlxalq tədbirlə­rin, o cümlədən, COP29-un ölkəmizdə keçiril­məsi məsələsindən danışarkən bir sıra maraqlı məqamlara toxundu. COP29-un ölkəmizdə keçi­rilməsi qərarının Azərbaycanın dəqiq və düşünül­müş diplomatik addımlarının nəticəsi olduğunu, ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcə­də artıracağını vurğulayan dövlətimizin başçısı “dırnaqarası ənənəvi dostlarımızın” səsvermə ərəfəsində bir çox ölkələrə təzyiqlər göstərdiyini, onları Azərbaycana səs verməməyə təhrik etdi­yini, tədbirin ölkəmizdə keçirilməsinə qərar ve­riləndən dərhal sonra isə bizə qarşı yenə media kampaniyası başlatdığını bildirdi. “Heç bir əsası olmadan və hətta mənim COP29-a təyin etdiyim bizim ekologiya nazirini də atəşə tutdular ki, o, uzun illər neft şirkətində işləyib. Bu, nə demək­dir?.. Bu adam neft şirkətində ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. Ondan sonra altı ildir ki, ekologiya naziri işləyir... 

Hər halda bunlar təbiidir, çünki bütün bey­nəlxalq tədbirlər keçiriləndə biz belə bir kampa­niya ilə üzləşirik... Yəni necə deyərlər, artıq bu, olmasa, biz təəccüblənərik. Əcəba, nə olub? Nəyi düzgün etməmişik ki, bizi indi tərifləyir­lər Qərbdə. Yəni əgər onlar bizi tərifləyirlərsə, deməli, nəsə biz, necə deyərlər xəta törətdik” – deyən dövlətimizin başçısı xarici mətbuatda ya­zılan belə fikirləri gülüşlə qarşıladı. İrad, tənqid yerində olmayanda, qərəzli olanda yalnız gülüş doğurur. Bu gün Azərbaycan öz tarixinin ən qü­rurlu dövrünü yaşayır. Azərbaycan Prezidentinin jurnalistlərə müsahibəsində ötən ilin sentyab­rındakı lokal antiterror tədbirləri ilə bağlı dediyi kimi, çoxəsrlik tariximizdə belə bir zəfər olmayıb. Doğrudan da, bu zəfəri qısqananlar, istəməyən­lər çoxdur, belələri nə olur-olsun Azərbaycana irad tutmağa həvəslidirlər. Bu iradlar bəzən o qədər yersiz, cığal görünür ki, həmin iradı tutan­lara elə gülümsəməklə, ironiya ilə cavab vermək lazımdır.

Siyasət