Fransanın Cənubi Qafqaz maraqlarının 3 aspekti

post-img

“Siyasət elə tarixdir ki, onu hələ də düzəltmək olar” 

Ziqmund Qraff

 

 IV hissə

Krevis, Petreus və İŞİD-in silahlandırılması

Beləliklə, Emmanuel Makron Henri Krevis və Jan-Pyer Jüyenin zəmanəti ilə Fransua Ollandın qa­palı seçki komandasına daxil olur. Həmin dövrdə Dövlət Katibi Hillari Klintonun siyasi planlaşdırma di­rektoru Cek Sallivan məxfi məktub göndərmişdir və orada F.Ollandın komandasının 4 əsas namizədi­ni göstərmişdir. Həmin namizəd­lər sırasında heç kəsin tanımadı­ğı E.Makron da varmış. Və hətta “E.Makron büdcənin baş direkto­ru olmalıdır” proqnozu məktubda olmuşdur (bax: “Hollande Team”, e-mail by Jake Sullivan, May 10, 2012. Source : Wikileaks).

Lakin F.Olland prezident se­çiləndən dərhal sonra (2012-ci il) E.Makronu Yelisey Sarayında baş katibin müavini təyin edirlər. Bun­dan küsən və qəzəblənən “yeni gizli siyasət ulduzu” F.Ollandın əleyhinə fəaliyyətə keçir. Onu hadisədən bir neçə gün sonra Bilderberq Klubu­nun iclasına dəvət edirlər. Orada E.Makron F.Ollandın əleyhinə çox kəskin ittihamlar irəli sürür. Və Yeli­sey Sarayına gələn kimi bütün kabi­neti istefaya göndərir! 

Maraqlıdır, siyasətə gəlmək istəməyən bir adam hansı səbəb­lərdən bu qədər iddialı və qəzəbli olsun? Onu nələr buna vadar edə bilərdi? Həm də E.Makronun Bil­derberq Klubundakı çıxışı NATO-nu razı salmışdı. Məsələ də elə bu məqamlarla bağlıdır. Bilderberq Klubunun əsas kadrları ilə əlaqə sayəsində F.Ollandın seçki koman­dasının qapalı qismində yer alan və böyük vəzifə gözləyən E.Makron hesab etmişdir ki, onu aldadıblar. Ona görə də həm kabineti istefaya göndərmiş, həm də 2012-ci ildə si­yasətdən getdiyini bəyan etmişdir.

Lakin o, yenə də bilderberçilərin ciddi dəstəyi ilə Berlin Universitetin­də və London məktəbində yer ala bilir (bu işdə Makrona 2008-ci ildən Bilderberq Klubunun üzvü olan ya­zıçı Alen Mink dəstək olur), lakin Harvard E.Makronu qəbul etmir. 2014-cü ildə isə E.Makron 2008-ci ildən Bilderberq Klubunun üzvü olan Jan-Pyer Jüyenin təklifi ilə Fransa­nın iqtisadiyyat, sənaye və rəqəm­sal işlər üzrə naziri təyin olunur! 

Bu arada Henri Krevis yeni bir addım atır. O, özünün kəşfiyyat xid­mətini yaradır – KKR Global İnstitu­te! Ona MKİ-nin keçmiş şefi Devid Petreus rəhbərlik etməyə başlayır. Nəticədə qısa bir müddətdə H.Krevis bir neçə milyard dollarlıq silah satır. Bunların əsasında T.Meysan belə nəticə çıxarır ki, Krevis və Petreus İŞİD-i silahla təmin edən başlıca mənbə olmuşlar (bax: “Заставить транснациональные корпорации оплачивать восстановление Сирии”, Тьерри Мейсан, Перевод Эдуард Феоктистов, Сеть Вольтер, 14 августа 2018). 

İkinci cəhd: Makronun pedaqoqluqdan siyasətə qayıtması

Ancaq E.Makronla bunlardan heç də az maraqlı olmayan olaylar baş verir. 2015-ci ildə Avstriyada və 2016-cı ildə Almaniyada Bilderberq Klubunun o dönəm sədri fransız Anri de Kastri Eduard Flipi yanına dəvət edir və Fransada prezident seçki­sində Fransua Fiyona dəstək ver­mək barədə qərar qəbul edirlər. Hər şeyi E.Makronun “dostu” Jan-Pyer Jüye dəyişir. O, qısa bir müddətdə xanım Fiyonun şübhəli maliyyə fəa­liyyəti ilə bağlı sənədlər təqdim edir. Bundan sonra A.de Kastri və E.Filip E.Makrona dəstək vermək qərarına gəlirlər. E.Makronun siyasi məcara­ları yeni intensivlik alır. 

2016-cı ildə E.Makron İsraildə Ariel Şaronun yaratdığı “Kadima” təşkilatının sturkturunun tam ana­logiyasında (deyəsən, özünün heç nəyi yoxdur, orijinal deyil) “En Marc­he!”i (“İrəli”) yaradır. Onun fəaliyyət proqramını Anri de Kastrinin rəhbər­lik etdiyi təşkilatlar hazırlamışdılar. E.Makronun yaratdığı təşkilatın do­norlarından biri…Henri Krevis idi. 

Prezident seçkisi kampaniya­sı zamanı E.Makron bir neçə dəfə Bilderberq Klubuna üzv olan Bey­nəlxalq Valyuta Fondunun prezi­denti D.S.Kannla görüşür. Onlar bunu inkar etsələr də, “Le Parisien” nəşrinin hazırladığı material hər şeyi dəyişir. Sən demə, 2000-ci il­dən bilderberqçi olan D.S.Kann E.Makrona məmur aparatı və fran­sız sahibkarların ciddi dəstəyini vəd edibmiş. 

Nəhayət, 2017-ci ildə E.Makron Fransanın prezidenti olur. 2022-ci ildə təkrar prezident seçilir. Bunun­la da uzun illər mübarizədən sonra Emmanuel Makron arzuladığı yük­sək pilləyə qalxır. Lakin Fransanın Cənubi Qafqaz siyasəti haqqında bunu demək olmur.

Aydındır ki, E.Makron öncədən Bilderberq Klubuna bağlıdır. Belə asılılıq təbii ki, xarici siyasətdə də özünü göstərməli idi. Bu prizmada Fransanın Cənubi Qafqaz siyasəti­nin hər üç aspektdə qüsurlu olduğu aşkardır. Burada üzərində dayanıl­malı olan konkret məqamlar möv­cuddur. 

Hər şeydən öncə, rəsmi Paris situasiyaya obyektiv yanaşa bil­mir, ona subyektiv qiymət verir. Bu məqam bir vaxtlar ATƏT-in Minsk Qrupunda həmsədr olanda özü­nü daha qabarıq göstərib. Maraq­lıdır ki, Minsk Qrupu yaradılanda E.Makronun siyasilər arasında heç adı belə yox idi. Lakin o vaxtdan bu yana Fransanın Cənubi Qafqaz siyasətində, demək olar, elə ciddi dəyişiklik də yoxdur. Fransa həm­sədr kimi Ermənistanı necə birtərəfli dəstəkləyir və ona havadarlıq edir­disə, indi də elədir. Bununla yanaşı, rəsmi Paris 44 günlük Zəfər sava­şından sonra daha süni surətdə və qərəzli tonda Ermənistana yardım edir. Bu yardımlar içərisində silah satışı məsələsi son zamanlar daha da intensivləşib. Bunun yuxarıda vurğuladığımız silah ticarəti ilə bir bağlantısı yoxdur ki? 

Məsələ belədir ki, Suriyaya silah satışında Bilderberq Klubunun fəal üzvləri əsas rol oynayıblar. Onlar İŞİD-lə yanaşı, digər terror təşkilat­larını da silahlandırıblar. İndi eyni tendensiya Cənubi Qafqazda hiss olunur. Fransa regionda kəşfiyyat şəbəkəsi vasitəsi ilə ölkələrin daxili işlərinə qarışır və həm də təcavüz­kar Ermənistanı silahlandırır. Bu məqamı nəzərdən qaçırmaq doğru olmazdı.

Təcavüzkara dəstək: regionun geosiyasi bölünməsi

Digər tərəfdən, Fransa diploma­tiyasının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaş­masına vasitəçi kimi hansısa müs­bət töhfə verdiyini xatırlaya bilmirik. Hətta, E.Makronun vasitəçi olmaq cəhdləri elə yarıtmaz hallarla mü­şaiyət olunub ki, onun bu xidmə­tindən imtina edilib. Nəticədə belə təəssürat yaranır ki, E.Makronu idarə edənləri regiondakı hansısa məqam qane etmir. Bunu anlamaq çətin deyil. Həmin məqam Azərbay­canın müstəqil və milli siyasət yerit­məsi ilə bağlıdır. Yuxarıda E.Makro­nun Bilderberq Klubu kontekstində fəaliyyətinin qısa şərhi də göstərir ki, kimlərisə dövlət başçısı edənlər pullarını havayı xərcləmirlər: cid­di tələblər və çərçivələr qoyurlar! Cənubi Qafqazda da rəsmi Parisin kimin maraqlarını, ölkənin, yaxud maliyyə qaynaqlarının maraqlarını təmin etməyə çalışdığı qeyri-müəy­yəndir. 

Üçüncü məqam kimi E.Makron­la N.Paşinyanın hakimiyyətə, təqri­bən, eyni vaxtda gəlmələrini və bu zaman siyasi texnologiyalarında ox­şarlıqların olmasını vurğulaya bilə­rik. N.Paşinyan da E.Makron kimi siyasətin arxa planında olan adam olub. Onların hər ikisi kənardan dəstəklə siyasi karyeralarını qurub­lar. Biri Fransada “İrəli” yaratmış, o biri Ermənistadna “Mənim addımım” adlı təşkilat formalaşdırıb. Onların hər ikisi frankofoniyanın aktiv üzv­ləridirlər. E.Makronla N.Paşinyanın şəxsi münasibətləri də çox yaxındır. 

Ən əsası isə odur ki, rəsmi İrə­van Parisin göstərişlərinə can-başla əməl etməyə çalışır. Hətta, ondan əsas qüvvə kimi istifadə edərək ədalətli sülh prosesinə əngəllər törədir. Təsadüfi deyil ki, İrəvanın müstəqil addım atmaq fikrini azacıq da olsa, qabartması Parisdə ciddi və kəskin reaksiyalar doğurur. 

Nəhayət, Fransa Cənubi Qafqazda hansısa inteqrasiya pro­sesini baykot etməyə çalışan güc təsiri bağışlayır. Bunu Orta Dəhliz çərçivəsində atılan hər yeni addıma qarşı Ermənistanın əks mövqe qoy­masından hiss etmək olur. Forma­sından asılı olmayaraq görünür ki, Orta dəhliz və onun bir hissəsi kimi Zəngəzur dəhlizinin obyektiv şərtlər daxilində fəaliyyətini arzulamırlar. 

Bütün bunlarla yanaşı, Fransa­nın regional təhlükəsizlik sisteminin yaradılmasına əngəl olması daha təhlükəli və riskli vəziyyət yarada bilər. Çünki Ermənistanı silahlan­dırmaq xətti birbaşa regional sa­bitlik və əməkdaşlığın olmamasına çalışmaq deməkdir. Normal halda obyektiv vasitəçi rəsmi İrəvana anlatmalıdır ki, sülh müqaviləsini imzalamaq lazımdır. Başqa yol­la regional əməkdaşlığın bərpası mümkünsüzdür. Bunun əvəzində, həm tərəflərdən birinə silah vermək, həm də digər tərəfə qarşı qərəzli sənədlər qəbul etmək regionun ge­osiyasi bütövlüyünə qəsddir. 

“İtirilmiş Fransa”!

Belə məlum olur ki, Fransa, hələlik, müəyyən dairələrin göstə­rişlərini yerinə yetirməklə, nə öz həqiqi dövlət maraqlarını təmin edə, nə də regional təhlükəsizliyə töhfə verə bilir. E.Makronun, bütövlükdə, siyasi karyerasının asılılıq üzərində qurulması vəziyyəti olduqca mənfi istiqamətə kökləyir. Belə görünür, silah ticarətçiləri daha çox gəlir na­minə yenə də regiona qarşı kimlə­risə yönəldə bilərlər. Silah ticarətinin nə qədər insana faciə gətirdiyini hər kəs yaxşı anlayır. Lakin böyük döv­lətlərin başçılarının dolayısı ilə bu prosesdə olması əsl faciədir. Bu cür şəbəkənin əhatə və təsir dairəsi o qədər geniş ola bilər ki, onu aradan qaldırmaq imkansızlaşar.

Beləliklə, Fransanın Cənubi Qafqaz maraqlarının üç aspekti olsa da, onlar regionun bir ölkəsi ilə bağlıdır. Bu ölkə isə Ermənistandır. Rəsmi Parisin əsas məqsədi re­gionun tarixi ədalət və beynəlxalq hüquq çəçrivəsində sabitliyini və təhlükəsizliyini təmin etməkdən ibarət deyil. Daha doğrusu, Fransa dövlət olaraq bir qeyri-leqal təşkila­tın maraqları naminə Cənubi Qafqa­zın geosiyasi mənzərəsini təhlükəyə atır. Aydın duyulur ki, regionda geo­siyasi prosesləri süründürməçi və qarşılıqlı təhdidlərin hökm sürdüyü bir vəziyyətə gətirib, öz zamanını gözləmək istəyənlər var. O güc bu­nun üçün haqsıza silah satır, müxtə­lif tədbirlərdə ona dəstək verir və 44 günlük savaşdan sonra Cənubi Qafqazda formalaşmış yeni geosi­yasi reallıqlara zərər gətirməyə çalı­şır. Eyn zamanda, görünür ki, Cənu­bi Qafqaza yaxın regionlarda riskləri artırır, meydana yeni münaqişələr və hərbi toqquşmalar çıxarmağa cəhd göstərir. Bunların əksəriyyəti Cənubi Qafqazın sərhədləri yaxınlı­ğında baş verdiyindən, istənilən an regiona sıçramaları ehtimalı möv­cuddur. Bu da o deməkdir ki, Suri­ya ssenarisini burada təkrarlamaq istəyi var. Kimlərsə, silah satıb pul ələ keçirəcək, lakin milyonlarla gü­nahsız insan həyatını bu və ya digər şəkildə itirəcək. Ya məhv olacaq, ya yetim qalacaq, ya da qaçqın olacaq! 

Fransada elə bir daxili siyasi güc varmı ki, bu prosesdən ölkəni kəna­ra çəksin? Bilmirik, lakin onu deyə bilərik ki, qafqazlıların şüurlarında Fransanın ənənəvi obrazı tədricən itir! Bu, “itirilmiş Fransa” deyimini aktuallaşdırır!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət