R.Hüseynov: İstəməzdik ki, Avropa Şurası SSRİ-nin acı taleyini yaşasın

post-img

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında qurumun Bürosunun və Daimi Komitəsinin hesabatı dinlənilib və müzakirə olunub. 

Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edib. O bildirib ki, Avropa Şurasının 75-ci ildönümünün qeyd edildiyi cari ildə keçmişə və gələcəyə, Parlament As­sambleyası adından qəbul olunan qə­rarlara baxmaq zərurəti yaranıb. 

R.Hüseynov deyib ki, 75 yaşlı bir təş­kilat qəbul etdiyi hər bir qərarı yüz dəfə ölçməlidir. İkili standartlardan, qərəzdən, sifarişli addımlardan imtina etməlidir. “XX əsrin sonlarında Avropa Şurasının Cə­nubi Qafqaza doğru genişlənmək qərarı veriləndə bu təşkilat son dərəcə düzgün hərəkət etmişdi. Ancaq bu gün müəyyən qüvvələrin, ilk növbədə, Fransanın bir­başa təsiri ilə Azərbaycana qarşı burada aparılan siyasət narahatlıq və ciddi eti­raz doğurur. Azərbaycan müasir tarixinin ən ağır problemini həll edib, ərazilərinin 20 faizinin 30 ilə yaxın davam etmiş iş­ğalına son qoyub. Qəribədir ki, illərlə bu münaqişənin həll edilməsində ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi əsas vasitəçilərdən olan Fransa bu gün bitmiş münaqişənin yenidən qızışdırılma­sına ən ciddi cəhdlə çalışır”, – deyə R.Hü­seynov bildirib. 

Azərbaycanlı deputat qeyd edib ki, iki dövlət sülh müqaviləsi imzalamağa yaxınlaşdıqca Fransa ciddi cəhdlə buna mane olmaq istəyini gizlətmir. Ermənista­nı silahlandırmaq təşəbbüsünü qətiyyən gizlətməyən Fransa bunu dövlət səviyyə­sində bəyan edir və bu istiqamətdə kon-kret addımlar atır. 

“Əsassız bəhanələrlə, Azərbaycanı, guya Avropa Şurası ilə əməkdaşlıqdan yayınmaqda ittiham edənlər, xüsusilə də Fransa, əslində, Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyənlərdir. Bu təş­kilatda təzyiqli hərəkətlərin kökü Parisdən gəlir. Təşkilatda prosedurları və qəlib­ləşmiş qaydaları pozaraq, nümayəndə heyətimizə qarşı hər hansı təzyiqlər tət­biq etmək həvəsinə düşənlər, Azərbay­cana qarşı hərəkət edənlər bir mühüm tarixi həqiqəti unutmamalıdırlar. Azər­baycanlıları qorxutmaq, onların azadlıq, suverenlik yolunda mübarizələrinə bir­dəfəlik son qoymaq məqsədilə 1990-cı ilin yanvarında Sovet Ordusunun hərbi birləşmələri ölkəmizə hücum edib küt­ləvi qırğınlar törətdilər. Ancaq bu hücum əks-nəticə verdi və SSRİ-nin dağılması Kremlin Bakıya bu hücumundan başladı. İstəməzdik ki, səmərəli əməkdaşlıq etdi­yimiz Avropa Şurası ayrı-ayrı qüvvələrin təhriki ilə Azərbaycana qarşı başladığı qərəzli hücumlar nəticəsində eyni acı taleyi yaşasın. Avropa Şurasını daha qüvvətli etmək üçün indi daha çox yollar axtarmaq lazım olduğu vaxtda, təşkilatı içəridən parçalamaq, onun gələcəyi üçün təhlükələr yaratmaq əsla arzulanan deyil. Məkrli xətt tutanlar ağıllı olduqlarını xəyal etməsinlər. Bütün örtülü və açıq əməllər kənardan aydın görünür, hansı küləklərin haralardan əsdiyi də bizə çox yaxşı bəlli­dir”, – deyə azərbaycanlı deputat avropalı həmkarlarını tutduqları səhv yoldan da­şınmağa səsləyib.

XQ

Siyasət