Azərbaycana “yarımçıq AŞPA” lazım deyil!

post-img

Erməni avantürizminə görə Azərbaycandan üz döndərməyə dəyərmi?

Bəli, kimlərsə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı səsini dondurmaq, məhdudlaşdırmaq qərarına gəliblər. Əsasları nədir? Görəsən, ölkəmiz nə edib ki, belə bir təşəbbüslə çıxış edənlər var? Əslində, heç nə. 

Aydındır ki, bu, “köhnə qitə”nin ermənipərəst­liyindən qaynaqlanmış bir durumdur. Guya ki, Azərbaycanda insan hüquqları pozulurmuş və sair ilaxır. Əsas kimi göstərilənlər tam cəfən­giyyatdır. AŞPA-ya utanc gətirəcək cəfəngiyyat. Utancın və cəfəngiyyatın müəllifi də bəllidir – al­maniyalı deputat Frank Şvabe. 

Deməli, Fransa və Almaniya tandemi iş ba­şındadır. Paris özünün ermənipərəstlik sevdası naminə Almaniyanı alətə çevirir. Tam aydındır ki, Fransa xarici siyasətindəki uğursuzluqlarını sığortalamaq üçün Almaniyanı, sanki, balaca uşaq kimi qabağa verib...

O da görünür ki, kimlərəsə Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsi, mərd hər­bçi övladlarımızın ötən il sentyabrın 19–20-də keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbir­ləri möhkəmcə yer edib. Onlar qısqanclıqlarını hansı formada nümayiş etdirmək lazım olduğu­nu bilmirlər. Başlarını itiriblər. Cənubi Qafqaza yeritdikləri və əsrlərlə üstündə əsdikləri erməni avantürizminin sıradan çıxmasından, sözün əsl mənasında, qeyzləniblər. O qədər hiddətləniblər ki, Avropa Şurasının təməl prinsiplərini belə poz­mağa hazırdırlar.

Əslində, Azərbaycan üçün Avropa Şu­rasının özünün də heç bir əhəmiyyəti yox­dur. Qurum bəşəri dəyərləri qorumaq na­minə ortada olduğunu bildirirsə, görəsən, ölkəmizin iyirmi faizi işğal altında olanda nə edirdi? Növbətçi qətnamələrdən, mə­nasız söz yığını bəyanatlardan uzaq obyektiv mövqe tuturdumu? Nə Avropa Şurası bir şeyə yarayırdı, nə də onun Par­lament Assambleyası. 

İndi iddialarına baxın. Guya, Azər­baycan imkan verməyibmiş ki, təşkilat 7 fevral Prezident seçkilərində müşahidəçi qismində təmsil olunsun. Xüsusi dəvət gözləyirmişlər! Yaxşı, tutaq ki, AŞPA dəvət gözləyirmiş, bəs ermənipərəst buqələ­mun qütbün digər təmsilçisi Avropa Par­lamenti necə? Bu qurum özü açıqlayıb ki, Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidəçi göndərməyəcək. Başqa nə etsin? Göndərdikləri şəxslər gəlib görəcəklər ki, xalq iqtidarı dəstək­ləyir. Axı onlara bu ssenari lazım deyil. Elə AŞPA-ya da həmçinin. Bu eyni bezin qıraqları olan təşkilatlara xaos, anarxiya, hərcmərcilik səhnələri gərəkdir. Belə bir vəziyyət olmayandan sonra Azərbaycan­da nə işləri var?! Ölkəmizə seçki xüsu­sunda hədyan yağdırmaq, böhtan atmaq üçün əsas yoxdursa, şübhəsiz, demokra­tik seçki görmək də lazım deyil! 

Torpaqlarımızın işğalından söz düş­müşkən, Azərbaycan vaxtilə AŞ ailəsinə ona görə qoşulmuşdu ki, erməni təcavü­zünün aradan qaldırılması üçün yeni bey­nəlxalq platforma qazansın. Söhbət haqq və ədalət platformasından gedir. Avropa Şurasından, böyük ölçüdə nə haqq gör­dük, nə də ədalət. Qeyd etdiyimiz kimi, gördüyümüz növbətçi, heç bir əhəmiyyəti olmayan bəyanatlar oldu. Lakmus kağızı­na oxşar bəyanatlar... 

AŞ erməni işğalının davam etməsi üçün manipulyativ yol tutdu. Həqiqətləri öz adı ilə çağırmayaraq, elan etdiyi təməl insan hüquq və azadlıqları prinsiplərinə tüpürdü. Susqunluğu ilə işğalı leqallaş­dırmağa, onun beyinlərdə möhkəmlən­məsinə çalışdı. Çünki məqsədləri bir idi –nəyin bahasına olursa-olsun erməni avan­türizmini qorumaq. 

İndi planları pozulub! Qəzəblənib­lər! Azərbaycanda, guya siyasi məhbus var imiş. Görəsən, “insansevərlər” dinc azərbaycanlılar illərlə məhbusluqdan da ağır məcburi köçkün həyatı sürəndə, məhrumiyyətlərlə üzləşib ömürlərini çadır şəhərciklərində, vaqonlarda yurd həsrəti ilə için-için yanıb başa vuranda harada idilər? Yəqin, erməni konyakından içib ağızlarını köpükləndirirdilər! İndi nə edir­lər! Heç şübhəsiz, erməni lobbi və diaspor təşkilatları içdiklərini zəhərə döndərir! Yəqin, bu səbəbdən Azərbaycana məh­dudiyyət qoyulmasına çalışırlar... 

Sən demə, xətirlərinə dəyib Laçın yo­luna burunlarını soxmalarına imkan ver­məmişik. Hə, erməni təəssübkeşliyini lap yaxından həyata keçirmələrinin qarşısını almışıq. Bəlkə, yaramazlıqlarına fürsət ta­nımalı idik?.. 

Ümumən, AŞPA-dakılar işğal dövrün­də nə vaxtsa Ermənistanın qurumdakı səs hüququnu məhdudlaşdırmağı düşü­nüblərmi? Sual ritorikdir. Düşünmələri heç cür mümkün deyildi. Axı bunlar yalnız Azərbaycanı “görüblər”. Qərəzlərini an­caq ölkəmizin üzərinə töküblər. 

Təsəvvür edin, ruspərəst xunta reji­mi illərlə Ermənistanda insan hüquq və azadlıqlarına həqarət nümayiş etdirdi, AŞPA-dakılardan səs çıxmadı. Görəsən, niyə? Səbəb çox sadədir - ermənipərəst­lik heç bir siyasi mövqedən asılı olmayan xəstəlikdir!

İndi istədikləri Ermənistandır. Rusiya­ya qarşı duran, Moskvaya dönük çıxan ölkədir. Əlbəttə, belə bir Ermənistan na­minə Azərbaycanın səs hüququnu məh­dudlaşdırmaq da olar, hətta ölkəmizin qu­rumdan çıxarılmasını tələb etmək də! 

Nəzərə alaq ki, nanəcib prinsipsizlərin insan hüquqları anlayışı nağıldan başqa bir şey deyil. Buyurub xislətlərini nüma­yiş etdirsinlər. Onsuz da erməni sevdası naminə hər cür yolverilməz davranışa baş vuracaqlarına zərrə qədər şübhə yoxdur...

Bəli, ərazi bütövlüyünü və suverenliyi­ni tam bərpa edən Azərbaycana AŞPA-da yarımçıq, məhdud səslə təmsilçilik, əsla, lazım deyil. Bunu qurumun düşünməli beyinləri boş başlarına nə qədər tez ye­ritsələr, bir o qədər yaxşıdır. Onlar onu da düşünsünlər ki, Azərbaycana AŞ-də təmsilçilik heç lazım da deyil. Ölkəmiz təşkilata üzv dövlətlərlə ikitərəfli əlaqələrə malikdir və bu əlaqələr yalnız Azərbaycan deyil, elə həmin dövlətlərin özləri üçün də gələcək naminə etibarlı təminatdır. 

Bir halda ki, Azərbaycan 2001-ci ildə AŞ-yə üzv olduqdan sonra, qurum ermə­nipərəst, islamofob qüvvələrin anti-Azər­baycan ritorikasının alətinə çevrilib, bizə lazımdırmı ki, bunun nəticəsi kimi İn­san Haqları üzrə Avropa Məhkəməsinin qərəzli, siyasi motivli qərarları ilə üzləşək? Ümumən, bizə bu məhkəmənin yurisdik­siyasında qalmaq nəyə lazımdır? Əlbəttə, lazım deyil! 

Təbii, Azərbaycan Avropa ailəsindən ayrılmaq istəməz. Sözlərimiz elə anla­şılmamalıdır ki, biz özümüzü dünyadan təcrid etmək istəyirik. Belə deyil! Ortada aşkar mənzərə var. Mənzərə isə odur ki, Avropa təsisatları özlərinin eniş dövrünü yaşayırlar, batırlar. Prinsipsizlikləri sə­bəbindən etimadlarını itirirlər. Dünyadan uzaqlaşan onlardır. Bu təsisatlar süni nəfəs aparatına qoşulmuş xəstələrə bən­zəyirlər. Başqa bənzətmələr də tapmaq mümkündür. Ancaq buna vaxt sərf et­məyə lüzum görmürük. 

Lüzum görmür və şans yaradırıq. AŞ-dəkilər əməlləri barədə yaxşı-yaxşı, soyuq başla düşünsünlər və nəticə çıxar­sınlar. Ən əsası isə bir suala gecikmədən cavab tapsınlar – ambisioz Ermənistana, erməni avantürizminə görə Azərbaycan­dan üz döndərməyə dəyərmi?

XQ-nin analitik qrupu



Siyasət