Qoymayın, üstümüzə konqresmenlər gəlir!

post-img

ABŞ-ın “ştatlı ermənipərəstlər”i dinc durmurlar

Yenə köhnə komanda “iş” ba­şındadır. Söhbət ABŞ-dakı er­mənipərəst komandadan gedir. Bunlar kimlərdir? Bir daha yada salaq: konqresmenlər Frank Pel­lone, Qus Bilirrakis, Adam Şiff və Devid Valadao. Ölkədəki erməni lobbi və diaspor təşkilatlarının, necə deyərlər, qulbeçələri olan bu şəxslər həm də ABŞ Konqresinin Ermənistan üzrə İşçi Qrupunun həmsədrləridir. Onlar bir araya gələrək bəyanat yayıblar. “Köh­nələr” bəyanatlarında elə köhnə havalarda olduqlarını göstəriblər – Ermənistanın ərazisi işğal olu­nub, Qarabağın erməni əhalisi et­nik təmizləmə ilə üzləşib və sair, ilaxır. Bir sözlə, vay-şivən.

Bəli, ABŞ konqresmelərinin bəya­natında bildirilib ki, guya, Azərbaycan Ermənistan ərazisindən qoşunlarını çıxarmaq istəmir və bu, Qarabağın 100 mindən çox sakininə qarşı etnik təmiz­ləmə siyasətinin davamıdır. Sən demə, vəziyyətin belə alınmasında beynəlxalq ictimaiyyət günahkar imiş, xarici aləm Bakının “aqressiv planlarına” layiqli si­yasi qiymət vermirmiş və nəticədə onun iştahası artırmır. 

Məlum olduğu kimi, bu sayaq fikirlər Ermənistan hakimiyyətinin anti-Azərbay­can siyasətinin mühüm tərkib hissəsi kimi diqqət çəkməkdədir. Yəni, rəsmi İrəvan hansı məsələlərə fokuslanırsa, Birləşmiş Ştatların konqresmenləri də məhz həmin məqamları gündəmə gətirirlər. Bəya­natdakı növbəti qeyd edəcəyimiz xüsus da Ermənistan iqtidarının sərsəm beyin mərkəzlərinin zay məhsulu olaraq diqqət çəkməkdədir. 

Beləliklə, konqresmelər qənaətə gə­liblər ki, ABŞ və onun regional tərəfdaşla­rı Azərbaycan hakimiyyətinin Ermənista­na qarşı açıq təhdidlərinə cavab olaraq, ikincinin ərazi bütövlüyünü təmin etmək üçün bütün diplomatik vasitələrdən, o cümlədən, sanksiyalardan istifadə etmə­lidirlər. Sağ olsunlar, yaxşı ki, Pentaqo­nun Ermənistan ərazisini qorumaq üçün qoşun göndərməsindən söz açmayıblar. Görünür, bu işi kollektiv ermənipərəst Qərbin digər təmsilçisi olan Fransanın öhdəsinə buraxıblar. Ancaq sanksiya məntiqi məhz Birləşmiş Ştatlara məxsus­dur. 

Qeyd edək ki, sanksiya dedikdə, adətən, ABŞ Konqresinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qüvvəsi­nin dayandırılması ilə bağlı qərarın ləğvi üzərində dayanılırdı. Nəzərə alaq ki, 907-ci düzəliş Vaşinqtonun Bakıya birbaşa hərbi yardım göstərməsini əngəlləyirdi. Lakin 2001-ci ildən başlayaraq, Birləş­miş Ştatların prezidentləri sözügedən düzəlişin qüvvəsinin hər il dayandırılma­sı ilə bağlı qərar çıxarmaq səlahiyyətinə malikdirlər. Erməni lobbi və diaspor təş­kilatlarının, habelə, onların Konqresdəki “danışan dillərinin” məqsədləri bu olub ki, ABŞ-ın dövlət başçıları malik olduqları səlahiyyət üstünlüyündən məhrum edil­sinlər. Daha doğrusu, onlar Konqresin təqdimatı əsasında özlərinin bu səlahiy­yətlərinə xitam versinlər.

Əlbəttə, 907-ci düzəlişlə bağlı durum, bilavasitə, sanksiya məntiqi ilə uzlaşmır. Nə də Vaşinqtonun ölkəmizə hərbi yar­dım göstərməməsi hansısa sıxıntılı du­rum yaradır. Yəni, ölkəmiz silahı haradan alacağını yaxşı bilir... Ancaq, məsələ, heç şübhəsiz, mənəvi anlam daşımaqda­dır və “zərurət” yarandığı təqdirdə, sank­siya gündəliyini işə salmaq üçün istinad­gah kimi nəzərdən keçirilə bilər. Görünür, konqresmenlər, belə demək mümkünsə, trayektoriyanı dəyişmək qərarına gəlib­lər. Onlar birbaşa sanksiya üzərində da­yanırlar. Nə qədər olmasa, məsələ daha gurultulu səslənir...

Ermənipərəst konqresmenlərin növ­bəti tələbi ABŞ Dövlət Departamentin­dəndir. Onların bəyanatlarında bu qurum və onun beynəlxalq tərəfdaşları Azərbay­canın istənilən təcavüzünün qarşısını almaq və Ermənistanın təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlar atmağa çağırılıb. Əslində, oxşar motiv Fransa Senatının ötən həftə qəbul edil­miş qəntaməsində də əksini tapmışdı. Bu, bir daha onu təsdiqləyir ki, Vaşinqton ermənipərəstlik yarışında Parisə uduzur. Nəzərə alaq ki, Fransa Senatı qətnamə çıxarır və həmin sənəd yüksək səs çox­luğu ilə qəbul edilir. ABŞ-da isə ortaya düşən yalnız beş-altı mənasız konqres­mendir. Ancaq onlar, əvvəldə də diqqətə çatdırdığımız kimi, Konqresin Ermənis­tan üzrə İşçi Qrupunun həmsədrləridir. 

Təsəvvür edirsinizmi, bir ölkənin par­lamentində başqa ölkənin işləri ilə məş­ğul olmaq üçün ayrıca qrup yaradılır? Hər halda, qrupun formatı müxtəlif dövlətlə­rin ali qanunverici orqanları arasındakı əlaqələr və əməkdaşlıq üzrə işçi qrupu kimi deyil. Burada söhbət Ermənistanı hi­mayəyə götürməkdən gedir. Digər tərəf­dən, əslində, sözügedən qrup konqresin ermənipərəstlik klubudur. Klubun üzvləri isə adlarını çəkdiyimiz şəxslərdir. Əlbət­tə, onların ən fəalı Frank Pellonedir. Ona görə də məhz Pellone haqqında söz aç­dığımız qərəzli və anti-Azərbaycan mo­tivlərinə söykənmiş bəyanatı özünün “X” sosial şəbəkəsindəki hesabında yayıb. 

Sonda onu da deyək ki, indiyədək F.Pellone və dostlarının Azərbaycanla əlaqədar qərəz dolu yanaşmaları az ol­mayıb. Görünür, bu şəxslər ölkəmizə qar­şı çoxsaylı sənədlər yaydıqlarının fərqin­dədirlər. Çox güman, həmin sənədlərin heç bir faydasının olmadığını da gözəl bilirlər. Yəqin elə bildikləri üçündür ki, öz aləmlərində bəyanatlarına, bir növ, daha təsirli notlar əlavə ediblər. Məsələn, bildi­riblər ki, Azərbaycanın Cənubi Qafqazda ermənilərə qarşı törətdiyi əməllərə görə cavab verməsinin vaxtı çatıb. Maraqlıdır, bunu necə müəyyənləşdiriblər? Sual rito­rikdir. Çünki cavab aydındır. Erməni lob­bisinin maliyyə yardımı artdıqca, Pellone kimilərin hər cür həyasızlığı gündəmə gətirməsi mümkündür. Nə deyəsən? Prinsipcə, bu cür sərsəmliklə bağlı de­yiləcək elə bir söz də yoxdur. Yalnız ağlı­mıza məşhur Azərbaycan filmi olan “Bəxt üzüyü”ndəki bir səhnə düşür: qoymayın, üstümə Rasim gəlir!

Ə.CAHANGİROĞLU
XQ

Siyasət