Aİ XİN başçıları Ukrayna, Qəzza zolağı və Azərbaycan-Ermənistan məsələlərini müzakirə edəcəklər

post-img

Avropa İttifaqı Şurası bu gün Brüsseldə xarici işlər nazirləri səviyyəsində gündəliyi müzakirə etmək üçün toplaşacaqlar. Əsas məsələlər Ukraynadakı hadisələr və İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatıdır. Məlumatı “İnterfaks.ru” yayıb. 

Ukrayna məsələsinin müzakirəsi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə videobağlantı vasitəsilə fikir mübadiləsindən sonra başlayacaq. Şura iclasının materiallarından göründüyü kimi, Aİ xarici işlər nazirlərinin müzakirəsi “Aİ-nin təhlükəsizlik öhdəlikləri və Ukraynaya hərbi dəstək” mövzusunda olacaq. Bundan əlavə, nazirlərin dondurulmuş Rusiya aktivlərindən istifadənin mümkünlüyü və “Ukrayna sülh formulu” kimi məsələlərə də toxunacağı gözlənilir.

Yaxın Şərqdəki vəziyyətin müzakirəsi ilə əlaqədar Aİ nazirləri İsrailin xarici işlər naziri İsrael Kats, Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Feysəl bin Fərhan Əl Səud, İordaniya XİN başçısı Ayman Safadi, Misir XİN başçısı Sameh Şükrü, həmçinin Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt və Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə qeyri-rəsmi görüşlər keçirəcəklər.

Daha sonra Aİ-nin 27 dövləti formatında rəsmi müzakirələr aparılacaq. Nazirlərin müzakirə mövzuları Qəzza zolağında humanitar vəziyyət, maneəsiz humanitar yardıma ehtiyac, girovların azad edilməsi, BMT qətnamələrinin tam yerinə yetirilməsi üçün yenidən çağırış, eləcə də İordan çayının qərb sahilindəki vəziyyət və regional eskalasiya riskləri, o cümlədən Qırmızı dənizdə durum olacaq. 

Nazirlər mümkün sülh planını və sülh konfransını, həmçinin Fələstin Muxtariyyətinə davamlı dəstək də daxil olmaqla, iki dövlət yaradılması üçün konkret addımların atılmasının vacibliyini müzakirə edəcəklər. Məlumdur ki, Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən hazırlanmış on bəndlik sülh planı layihəsi haqqında məlumat yayılıb. Plana digər məsələlərlə yanaşı, müstəqil Fələstin dövlətinin yaradılmasına yönəlmiş tədbirlər də daxildir.

Cari beynəlxalq hadisələrə dair fikir mübadiləsi zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin vəziyyətinə dair Borrelin məruzəsi dinləniləcək.

P.ƏMİRCANOV

XQ

 

Siyasət