Dunya düzəlmir ki, düzəlmir...

post-img

Xanım komissarın hesabatı – mənasız balans cəhdi, illüziya motivi və bir də közərən ədalət

Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız. Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı yaydığı bəyanat və sənəddə bildirdikləri bu el misalını xatırladır. Əlbəttə, başa düşürük ki, D.Miyatoviç insan hüquqları sayəsində çalışan şəxsdir və onun Cənubi Qafqazdakı ən böyük münaqişə müstəvisində fikir bildirməsi lazımdır. O anlamda ki, xanım Miyatoviç özünün fəaliyyətdə olduğunu göstərməlidir. Amma indiki formada yox.

Əvvəlcə onu qeyd edək ki, D.Miya­toviçin hesabatında müsbət məqamlar da əksini tapmaqdadır. Komissarın 16-23 oktyabr 2023-cü il tarixlərində Ermə­nistana və Azərbaycana səfəri ilə bağlı müşahidələrinə əsaslanmış hesabatın­da ərazilərimizin Ermənistan tərəfindən işğal olunduğu və işğalın otuz ilə yaxın davam etdiyi bildirilib. Hesab edirik ki, hazırkı durumda bunun vurğulanması vacibdir. Çünki rəsmi İrəvan Bakını, az qala, bütün beynəlxalq platformalarda işğalçı kimi göstərməkdə və bu yolla sülh prosesi müstəvisində manipulya­siyalara yol verməkdədir. 

Hesabatın digər müsbət məqamı Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli an­titerror tədbirləri nəticəsində qondar­ma “etnik təmizləmə” və ya “məcburi köçkünlük” ilə bağlı iddiaları heçə endirməsidir. Yəni, komissarın hesa­batı Qarabağ ermənilərinin könüllü şəkildə öz evlərini tərk etmələrinin təsdiqidir. 

Xanım Miyatoviçin yaydığı bəya­natda erməni əhalinin geri qayıtması üçün Azərbaycan hakimiyyətinin atdığı konkret addımlardan söz açılması da pozitiv məqam kimi vurğulanmalıdır. O cümlədən, Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı rəsmi Bakının reallaşdırdığı tədbirlər.

Hesabatda əksini tapmış ən vacib məqamlardan biri də orada Ermənis­tan tərəfindən həyata keçirilməkdə olan mina terroruna yer verilməsidir. Bu cəhət onu göstərir ki, Avropa Şu­rası sözügedən terroru fundamental insan hüquq və azadlıqlarının pozul­ması kontekstində qiymətləndirir. Mü­vafiq olaraq, Azərbaycanın durumun ağırlığını aradan qaldırmaq, əhalinin öz evlərinə qayıtmaları istiqamətində­ki sistemli və ardıcıl tədbirləri sada­lanır ki, bunları da hesabatın pozitiv təmayülü kimi nəzərə almaq mümkün­dür. 

Əlbəttə, Miyatoviç onu da deyə bilərdi ki, Ermənistan regionda təca­vüzkar siyasətini həyata keçirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədilə qəsdən kütləvi şə­kildə minalar yerləşdirib. Ancaq bunu vurğulamır, sadəcə, İrəvan tərəfin­dən Bakıya verilmiş mina xəritələrinin dəqiqlik dərəcəsinin azlığı üzərində dayanır. Məlumdur ki, bu “azlıq” neçə-neçə dinc azərbaycanlının həyatının itirilməsi kimi dəhşətli durum forma­laşdırıb. Çox yaxşı olardı ki, xanım komissar məhz bundan söz açaydı və haqqında danışacağımız sentimentallı­ğını mövcud istiqamətdə ortaya qoyay­dı. Onun sentimentallığı nədədir, bu barədə də məlumat verəcəyik. 

Hələlik isə bildirək ki, bütün bu po­zitiv məqamlara baxmayaraq, Azər­baycan Xarici İşlər Nazirliyinin açıqla­masında yazıldığı kimi, D.Miyatoviçin hesabatı Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnmiş münaqişənin tə­sirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir. Çünki işğal fo­nunda azərbaycanlılara qarşı etnik təmizləmə, hərbi cinayətlər həyata ke­çirilib, yüz minlərlə həmvətənimiz məc­buri köçkünə çevrilib. Yaxşı olardı ki, komissar mövcud məqamı da nəzərə alaydı. 

Digər tərəfdən, xanım Miyatoviçin indiki durumda Laçın yolu və Qara­bağın blokadası müstəvisində erməni avantürizminə “züy tutmaq” istədiyi də ortadadır. Nəzərə alaq ki, hazırkı həs­sas situasiyada bu məntiqə üstünlük verilməsi sülh prosesinə fayda gətir­məyən haldır. Əgər xanım komissar belə yanaşması ilə tərəflər arasında, bir növ, balans yaratmağı düşünür­sə, çox ciddi şəkildə yanılır. Bu yerdə ölkəmizin Xarici İşlər Nazirliyinin he­sabata münasibətindəki bir məqamı da diqqətə çatdırmağı vacib sayırıq: “Nəhayət, xüsusilə qeyd etmək lazım­dır ki, Azərbaycan komissarın tərəf­sizliyə, qərəzsizliyə, bərabərliyə və bütün insan hüquqlarının universallı­ğına əsaslanan müşahidələr aparaca­ğını gözləyərək onu ölkəmizə səfərə dəvət etmişdir. Səfərin nəticələrinə baxdıqda, komissarın müşahidələrində tam ədalətlilik və qərəzsizlik olmadı­ğını Azərbaycan vurğulayır. Komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə pers­pektivə yönəldir. Bununla əlaqədar, Azərbaycan hesab edir ki, nəticələr komissarın səfəri zamanı birbaşa mü­şahidələrinə deyil, ilk növbədə, digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır”.

Gələk sentimentalizmə. Bəli, D.Mi­yatoviç sərt həqiqətlərə deyil, Qarabağ erməniləri xüsusunda saxta sentimen­talizm notlarına üstünlük verməkdədir. Böyük şey olubmuş, komissar Xankən­di küçələrini boş görüb. Hesab edirik ki, belə bir ritorikanın seçilməsi reallıqları təhrif etmək üçün motivasiyadır və heç şübhəsiz, Ermənistana və onun hava­darlarına illüziya dəstəyidir. Axı Azər­baycan hakimiyyəti həmin küçələrin, meydanların boş qalmaması üçün əlin­dən gələn hər şeyi etmişdi. 

Dəstəkdən söz düşmüşkən, hesab edirik ki, hesabatda bu mənada da rəs­mi İrəvanın maraq və mənafeləri baxı­mından təsirli nöqtələr yer almaqdadır. Məsələn, sənəddə bildirilir ki, Avropa Şurasına üzv dövlətlər Qarabağ ermə­nilərinin tələbatlarının ödənilməsi üçün Ermənistana maliyyə köməyi etməli­dirlər. Necə deyərlər, istədiyim yar idi, yetirdi pərvərdigar. Ancaq məsələnin başqa tərəfi də var. İş ondadır ki, indi rəsmi İrəvan Qarabağ ermənilərinin qayıdışını yox, bu dəstəyi qazanmaq üçün anti-Azərbaycan ritorikasını əsas götürəcəkdir. Yəni, bu ritorikanı daha da gücləndirməyi. 

Nəzərə alaq ki, tipik erməni baxı­şında danışdıqları yalanlara inanmaq xüsusiyyəti var. İnanmaq və sonradan həqiqət kimi ortaya atılmış qeyri-ob­yektiv durumu dövlət siyasətinə çevir­mək. İllüziya məntiqi də elə bundadır. Elə ona görə də istər xanım Miyatoviç, istərsə də digər Avropa təsisatlarının ali rütbəli təmsilçiləri mövcud məqam barədə ciddi düşünməli, nəticə çıxar­malıdırlar. Əks təqdirdə, haqqın­da durmadan söz açdıqları Cənubi Qafqazda sülh mühiti formalaşmaya­caq.

Ə.RÜSTƏMOV
XQ



Siyasət