Düşünmək növbəsi ABŞ-a çatıb
Sərlövhədəki sual ritorikdir. Yəni, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenlə Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Pateli müqaisəyə gətirmək fikrindən uzağıq. Buna heç ehtiyac da yoxdur. Ancaq yazının sonunda hər iki şəxsin açıqlaması fonunda Birləşmiş Ştatların Cənubi Qafqaza, Azərbaycana, xüsusən də Bakı–İrəvan sülh gündəliyinə yanaşmasında nələri, hansı məqamları nəzərə almasının vacibliyinə aydınlıq gətirməyə çalışacağıq.
Bəli, Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsinin istər ölkəmizdə, istərsə də Ermənistanda doğurduğu reaksiyalar müstəvisində ABŞ-dan Azərbaycan–Ermənistan sülh gündəliyi ilə bağlı mesajların gəlməsi, istər-istəməz, maraq doğurmaqdadır.
Əvvəlcə O`Brayenin fikirlərinin təhlilindən başlayaq. O şəxsin ki, ötən ilin sonlarına doğru Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında keçirilmiş Qarabağ dinləmələri zamanı səsləndirdiyi fikirlərdə Azərbaycan əleyhinə, kifayət qədər, qeyri-standart mövqe tutmuşdu. Azərbaycan – Ermənistan münasibətlərindən söz açan cənab O`Brayen bildirmişdi ki, ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən yolun İran ərazisindən keçməsi yolverilməzdir və yol, gərək, mütləq Ermənistandan olsun. Nə üçün və hansı əsasda?
Birincisi, O`Brayen elə görüntü formalaşdırmışdı ki, sanki, İran antipoddur, heç bir beynəlxalq əhəmiyyət daşıyan layihədə iştirak etməməlidir. Əgər belə bir iştirak varsa, bu, Vaşinqtonun maraqlarına ziddir. İkincisi isə Naxçıvana yol Ermənistan ərazisindən, ölkənin ərazi bütövlüyü və suverenliyi əsas götürülməklə keçməlidir.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Prezident İlham Əliyev bildirib ki, Naxçıvana yol Azərbaycandan – Azərbayacan yol kimi olmaldır və həmin ərazidə sərhəd və gömrük nəzarəti tətbiq edilməməlidir. Lakin Ermənistan bununla razılaşmır. Məhz bu səbəbdən Bakı İran variantının üzərində dayanıb.
Əlbəttə, Naxçıvana yol İrandan keçirsə, deməli, Ermənistan ötən otuz ildə olduğu kimi, yenə də təcrid durumunda qalır. Görünür, ABŞ-ı sırf bu məsələ narahat edir, nəinki İran amili. Axı işğal illərində də ölkəmizin əsas hissəsi ilə Naxçıvanın əlaqəsi İran vasitəsilə gerçəkləşib və Vaşinqton heç vaxt məsələni gündəmə gətirməyib. Deməli, yenə o nəticəyə gəlmək mümkündür ki, hazırkı problem sırf Ermənistana görədir.
Birləşmiş Ştatlarda yaxşı anlayırlar ki, necə deyərlər, quyuya su tökməklə, quyu sulu olmayacaq. Yəni, Ermənistanı davamlı şəkildə Qərbdən gələn maliyyə axını ilə əldə saxlamaq mümkünsüzə çevriləcək. Bu səbəbdən, obrazlı desək, ona balıq vermək yox, balıq tutmağı öyrətmək istəyirlər. Belə bir imkanı yaratmaq üçün ölkənin qlobal nəqliyyat qovşağı kimi təqdimatı şərtdir. Sözügedən təqdimatın Azərbaycanın maraqlarını nəzərə almadan edilməsi isə kollektiv Qərbin, o cümlədən, ABŞ-ın ikili yanaşmasından, riyakarlığından, ermənipərəst mövqeyindən qaynaqlanmaqdadır.
Əslində, C.O`Brayen haqqında söz açdığımız çıxışında ermənipərəstliyin dozasını artıq etmişdi. O qədər artıq etmişdi ki, Azərbaycan əleyhinə bütün diplomatik normaları aşan fikirlər gündəmə gətirmişdi. Onun söylədikləri ölkəmizin daxili işlərinə qarışmaq mahiyyətli hədə-qorxu idi və Prezident İlham Əliyev bununla bağlı ilk sərt reaksiyanı ötən ilin sonlarına doğru verdi. Dövlətimizin başçısı yanvarın 10-dakı müsahibəsində məsələnin üzərinə yenə gəldi. Ölkəmizin liderinin mövcud xüsusda bildirdiklərindən belə qənaət hasil oldu ki, heç bir qüvvə, o cümlədən, ABŞ Azərbaycanın tutduğu haqlı və ədalətli yoldan döndərə bilməz.
Deməli, Birləşmiş Ştatlar özünün nüfuzu və təsir gücü hesabına Cənubi Qafqazda sülhə nail olmağı düşünürsə, potensialından yalnız Ermənistan xüsusunda bəhrələnməlidir. Həm də ona görə ki, müharibə məğlubu olaraq üzərinə öhdəlik götürən, həmin öhdəliyi imzası ilə təsdiqləyən Bakı deyil, İrəvandır. Elə isə sual olunur: Ceyms O`Brayenin dünənki açıqlaması Azərbaycan – Ermənstan sülh gündəliyinə ABŞ-ın töhfəsi baxımında diqqət çəkdimi?
***
Əlqərəz, C.O`Brayen bildirib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sabit və ləyaqətli sülhə kömək edir. “Biz sülh sazişinin, Ermənistan və Azərbaycan arasında sabit və ləyaqətli sülhün tərəfdarıyıq. Ölkələrin tamhüquqlu ikitərəfli gündəliyə malik olmaları və aralarındakı mövcud problemlərin həllinə davam etmələri bizi çox ruhlandırır. Hələ görüləsi işlər çoxdur və biz bunu bacardığımız qədər dəstəkləməyə hazırıq. Bizim hər iki ölkə ilə tamhüquqlu əlaqələrimiz var. O cümlədən, iqtisadi, təhlükəsizlik, siyasi əlaqələr. Biz hər iki ölkənin sülh sazişindən faydalanmasını istəyirik və bunun üçün ən uyğun şəkildə çalışacağıq. Düşünürəm ki, bu, hər iki hökumətin öz xalqı naminə daha çox işlər görməsi üçün daha bir əla fürsətdir”, – deyən O'Brayen Ermənistandakı islahatlar proqramının çox təsirediciliyini diqqətə çatdırmağı da yaddan çıxarmayıb.
Diqqət yetirək, O`Brayen əvvəlki ampluasını bir qədər diplomatik tərzdə ortaya qoymaqdadır. Görəsən, Ermənistanda islahatlar proqramının cəlbediciliyini vurğulamaq nə deməkdir? O deməkdirmi ki, Azərbaycanda islahatlar keçirilmir, yaxud zəif keçirilir? Hər halda, O`Brayenın sözlərindən gəlinən qənaət budur və mövcud yanaşma, istər-istəməz İrəvanı daha üstün təqdimetmənin, nisbətən, ehtiyatlı formasıdır.
İkincisi, Azərbaycanın və Ermənistanın tamhüquqlü ikitərəfli gündəliyə malik olmaları hansı anlamdadır? Bəlkə cənab O`Brayen yenə də bildirir ki, ABŞ üçün Ermənistanın ərazi bütövlüyü və suverenliyi öndə gələn məsələdir. Məgər, kimsə Ermənistanı tamhüquqlu görmür? Hər kəs məsələni belə qoyur, amma prinsipial məqam var. O məqam da budur ki, Ermənistan müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Yəni, Naxçıvana yolu ölkəmizin istədiyi formada açmalıdır. Əgər İrəvan bundan yayınıb məsələni özünün suverenliyi kontekstində əsaslandırmağa çalışırsa, manipulyasiyaya yol verirsə, o zaman yol İrandan keçəcək. Bu, Azərbaycanın daxili işidir.
Bəli, ABŞ Dövlət katibinin köməkçisi haqlıdır ki, Azərbaycan – Ermənistan münasibətlərinin nizamlanması istiqamətində görüləcək işlər çoxdur. Ən böyük iş Ermənistanı razı salmaq və inandırmaqdır ki, Bakının təklif etdiyi Naxçıvana asan yol onun suverenliyinin pozulması deyil. Birləşmiş Ştatlar məhz bu həlledici məsələ ilə bağlı kömək göstərmək niyyətindədirsə, buyursun.
***
C.O`Brayenin açıqlamasının ikinci hissəsi ölkəmizdə fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilə bağlıdır. ABŞ rəsmisi, faktiki olaraq, deyir ki, Azərbaycanın regionun iqtisadi inkişafında oynamaq istədiyi roldan prosesdən sonra danışmaq mümkündür. Yəni, hələlik danışmaq istəmir. Ancaq, o, Ermənistanla sülh sazişini Bakının planlarını həyata keçirmək üçün töhfə adlandırır.
Əvvəla, nəinki O`Brayen, eyni zamanda, ümumən Birləşmiş Ştatlar rəsmiləri tam əmin ola bilərlər ki, qarşıdakı prezident seçkiləri Azərbaycan xalqının iradəsinin növbəti təcəssümü olacaq. Xalqın seçimi isə artıq indidən bəllidir. İnsanlarımız Prezident İlham Əliyevin şəxsində Qarabağın xilaskarı olan iqtidarın kursunu dəstəkləyəcək və bu kursa növbəti etimad, eyni zamanda, Azərbaycanın regionun iqtisadi inkişafında oynamaq istədiyi böyük rolun davamıdır.
Digər yandan, ölkəmiz indi də regionun iqtisadi inkişafında həlledici mövqeyə malikdir və bu statusun Ermənistanla sülh sazişinə heç bir dəxli yoxdur. Dövlətimizin başçısı dəfələrlə bildirib ki, İrəvan sülh şəraiti istəmirsə, özü bilər. Hər halda, biz heç nəyi itirmirik. İtirən Ermənistandır və bunu Birləşmiş Ştatlar rəsmiləri yaxşı anlayırlar. Anladıqları üçün də onların İrəvanı düz yola gətirmələri şərtdir. Deməli, Azərbaycanla bağlı diplomatik libas geyinmiş subliminal mesajların verilməsi mənasızdır. O`Brayenin dünənki açıqlaması da həmçinin.
Əslində, Dövlət Departamenti rəsmisinin Azərbaycanda “bəzi insanların həbsi ilə bağlı narahatlıq”, “ikitərəfli məsələlərin müzakirəsi” məntiqinə “ölkələr (Azərbaycan və Ermənistan – red.) arasında davamlı və ləyaqətli sülhün təşviqi” ritorikasını əlavə etməsi siyasi xarakter daşıyan mesajdır. Görəsən, O`Brayen özünün konsprioloji dünyagörüşündəki boşluğu tuta bilirmi? Axı yenə belə çıxır ki, Azərbaycan və Ermənistan arasında Birləşmiş Ştatların diktə etdiyi formula malik sülh olmasa, Vaşinqton ikitərəfli münasibətə xələl gətirəcək. Görünür, ölkəmizdə bəzi insanların həbsindən narahatlıq motivinin ortaya atılması məhz bundan qaynaqlanır. Bu qaynaqlanmada isə erməni təəssübkeşliyi tam aşkardır.
***
Lakin O`Brayendən fərqli olaraq, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin açıqlaması ümumidir. Həm ümumi, həm də konstruktiv təmayüllüdür. Bəlkə də daha çox diplomatikdir. Hər bir halda, belə nəticə hasil olur ki, O`Brayen təzyiq dilində danışırsa, cənab Patel sırf gerçək mahiyyətə köklənir. Mahiyyət isə budur ki, ABŞ Ermənistan və Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna inanmaqda davam edir. “Biz Ermənistan və Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna inanmaqda davam edirik. Dövlət Departamenti bu istiqamətdə fəaliyyətini davam etdirəcək”, – deyən V.Patel onu da vurğulayıb ki, ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə müşaviri Lui Bono, dövlət katibi Antoni Blinken və başqaları haqqında söz açdığı məsələ ilə dərindən məşğul olmaqdadırlar.
Sonda fikrimizə bir atalar sözü ilə aydınlıq gətirək: kor nə istər, iki göz, biri əyri, biri düz. Amma biz ABŞ-ın, obrazlı desək, hər iki gözünün düz olmasını arzulayırıq. Ancaq görünən budur ki, hazırda ermənipərəstlik Birləşmiş Ştatların gözlərini kor etmişdir. Bu durum nəinki illüziyalara qapılmağı mazoxistcəsinə həzzə çevirmiş Ermənistana ziyan vuracaq, habelə, Vaşinqtonun da regionla bağlı qlobal maraqlarını təhdid altına alacaq. Deməli, düşünmək növbəsi ABŞ-dadır.
Ə.RÜSTƏMOV
XQ