Müzəffər Ali baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin bərpası sürətlə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur, yeni yaşayış məntəqələrinin, vacib sosial və infrastruktur obyektlətinin təməlini qoyur. İndi mənfur düşmənin vaxtilə viran qoyduğu torpaqlarımızda həyat canlanır, qədim və əzəli yurd yerlərimiz tamamilə yenidən qurulur. Bir sözlə, dövlət başçısının qeyd etdiyi kimi, artıq Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən işlər barədə məlumat verərkən işğaldan azad olunmuş ərazilərdə böyük infrastruktur layihələrinin icra olunduğunu bildirib. Dövlət başçısı hazırda həmin ərazilərdə su anbarlarının, avtomobil yollarının, körpülərin, dəmir yollarının, məktəb və xəstəxanaların tikintisinin başlandığını, artıq bəzilərinin istifadəyə verildiyini diqqətə çatdırıb.
Məlum olduğu kimi, ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturun yenidən qurulması ilə bağlı çoxsaylı layihələr icra olunub. Dövlət sərhədi boyunca 1200 kilometrtlik torpaq yol tikilib. Son 3 il ərzində işğaldan azad olunmuş ərazilərdə 101,5 kilometrlik Zəfər yolu, Şükürbəyli–Cəbrayıl, Bərdə–Ağdam, Tərtər–Suqovuşan–Talış (1-ci mərhələ), eləcə də Laçın şəhərinə girmədən alternativ yol tikilib istifadəyə verilib.
Hazırda isə Əhmədbəyli–Füzuli-Şuşa, Horadiz–Ağbənd, Şükürbəyli– Cəbrayıl–Hadrut, Xudafərin–Qubadlı–Laçın, Toğanalı–Kəlbəcər 1-ci dərəcəli maqistral və Füzuli–Ağdam, Füzuli–Hadrut, Laçın–Kəlbəcər, Xanlıq–Qubadlı 2-ci dərəcəli yolların tikintisi davam etdirilir. Bütövlükdə isə, sözügedən layihələr çərçivəsində 855 kilometr yol və 66 kilometr uzunluğunda tunel inşa olunur.
Son zamanlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin “polad magistral” şəbəkəsinə qoşulması istiqamətində də mühüm layihələr icra olunur. İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına isə 2020-ci ildə başlanılıb. Artıq Bərdə, Təzəkənd və Köçərli stansiyalarının, eləcə də 47,1 kilometr uzunluğunda olan Bərdə–Ağdam dəmir yolunun tikintisi ilə bağlı işlər tədricən sona yaxınlaşır. Bundan əlavə, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan və 3 mərhələdə icrası nəzərdə tutulan 110,4 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi də sürətlə davam etdirilir. Yaxın gələcəkdə isə Ağdam–Xankəndi dəmir yolunun tikintisi planlaşdırılır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə beynəlxalq hava məkanları arasında əlaqəni təmin etmək məqsədilə Füzuli və Zəngilanda müasir aeroportlar tikilib istifadəyə verilib. Hazırda isə Laçın şəhərinin yaxınlığında daha bir beynəlxalq hava limanının tikintisi davam etdirilir. Laçın Beynəlxalq Hava Limanının isə 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Ötən müddətdə işğaldan azad olunmuş ərazilərin elektrik enerjisi ilə təchizatı məqsədilə də mühüm işlər görülüb. Belə ki, ölkə energetiklərinin səyi nəticəsində son illər Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında yüksək gərginlikli hava xətləri qurulub, çoxsaylı su elektrik stansiayaları inşa olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması, eləcə də suvarma su layihələrinin icrası sürətlə davam etdirilir. Son illər işğaldan azad olunmuş ərazilərin içməli su təchizatının yaxşılaşdırılması üçün yeni mənbələr yaradılıb, köhnə anbarlar bərpa edilib, magistral və şəbəkə su xətləri inşa olunub. İlk növbədə, Şuşa şəhərində içməli su şəbəkəsi yaradılıb. Hazırda isə Laçın və Füzuli şəhərlərində içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihələri icra olunur.
Dövlət başçısı məlum müsahibəsində işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı torpaqarının əkin dövriyyəsinə cəlb edilməsi üçün suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı görüləcək işlərin də anonsunu verib. Qeyd olunub ki, işğal dövründə düşmənin istismar etdiyi Sərsəng Su Anbarı yarasız vəziyyətə salınmış, Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi. Xaçınçay Su Anbarı bu yaxınlarda yenidən istismara qaytarılıb. Yaxın gələcəkdə isə Füzulidəki Köndələnçay, Suqovuşan və Zabuxçay su anbarları istifadəyə veriləcək. Bütün bunlar böyük bir ərazini suvarma suyu ilə təmin etməklə yenidən bərpa olunacaq yaşayış məntəqələrinə qayıdacaq keçmiş köçkünlərin əkin-biçinlə məşğul olmaları üçün imkan yaradacaq.
Yeri gəlmişkən, Prezident İlham Əliyev 2024-cü ilin İnvestisiya Proqramını yaxın günlərdə təsdiq edəcəyini vurğulayaraq deyib ki, bu il Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək.
Böyük Qayıdış Proqramı çərçivəsində bərpa olunan yaşayış məskənlərimiz artıq ilk sakinlərini qəbul edir. Ötən müddətdə Zəngilan rayonunun Ağalı kəndinə, Laçın şəhəri və Zabux kəndinə, eləcə də Füzuli şəhərinə xeyli sayda keçmiş məcburi kökünün qaytarılması təmin olunub. Bununla da, bir çoxlarının 30 illik yurd həsrətinə son qoyulub. Ölkə rəhbəri yerli televiziya kanallarına müsahibəsi zamanı keçmiş köçkünlərin beş yaşayış məntəqəsinə qayıtmasının təmin olunmasını Böyük Qayıdış Proqramı çərçivəsində əldə olunan əsas nailiyyət kimi dəyərləndirərək Azərbaycan dövlətinin səyi ilə hazırda tamamilə yenidən qurulan Laçın və Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndlərinə bu il keçmiş köçkünlərin qaytarılmasının davam etdiriləcəyini diqqətə çatdırıb. Dövlət başçısı deyib: “Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər – Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur”.
Bununla yanaşı, prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Laçın rayonunun Sus, Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndləri də yaxın vaxtlarda öz əbədi və əzəli sakinlərini qəbul edəcək. Bütövlükdə isə, dövlət başçısının qeyd etdiyi kimi, 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünün öz dədə-baba torpaqlarına qaytarılması təmin olunacaq.
Keçmiş köçkünlərin məşğulluğunun təmin olunması da qarşıda duran mühüm vəzifələrdəndir. Prezident İlham Əliyev məlum müsahibəsində aidiyyəti dövlət qurumlarının bu işlə ciddi məşğul olduğunu vurğulayaraq qeyd edib ki, hazırda keçmiş köçkünlər üçün treninqlər keçirilir, yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır. Artıq Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası fəaliyyətə başlayıb. Bu il həmin sənaye zonalarının fəaliyyətinin xeyli genişləndiriləcəyi nəzərdə tutulur.
Mirbağır YAQUBZADƏ
XQ