Paşinyanın Qarabağ ağrıları, yaxud özü yıxılanın ağlaması

post-img

Ermənistanın baş nazirinin “günah keçisi” axtarışları davam edir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahi­bəsində Azərbaycan və Rusiya ilə münasibətlər baxımından bir sıra məqamlara toxunub. Əvvəlcədən bildirək ki, Nikol yenə aləmi bir-birinə qatıb. Yazımızda erməni hökumət rəhbərinin hansı məsələlərdən bəhs etdiyinə diqqət yetirəcək, başlıca ola­raq, onun Ermənistan üçün Qarabağ kitabının bağlanması xüsusunda söylədiklərinə nəzər salacağıq. 

Ümumən onu vurğulayaq ki, N.Paşinyanın müsahibəsinin Azərbay­canla münasibətlər istiqaməti üzrə iki xətt nəzərə çarpır. Bunlardan birinci­si ölkəmizə qarşı çıxmaq, onu işğalçı kimi təqdim etməkdir. İkinci istiqamət bilavasitə Qarabağ xəttidir. Rusiyaya münasibətdə də iki meyil özünü göstə­rir. Birincisi, Rusiyanı Qarabağın itiril­məsinə görə günahlandırmaq, ikincisi Moskvanı Azərbaycanın Ermənistan torpaqlarının, guya, işğalına göz yum­maqda, müttəfiq kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham etməkdir. Qeyd edək ki, axırıncı xüsus­da ittiham predmeti Rusiyanın hakim rol oynadığı və Ermənistanın da üzv oldu­ğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Təfərrüatlara varmadan deyək ki, Paşinyan qurumu Bakıya mü­nasibətdə fəaliyyətsizlikdə və susqun­luqda qınayır. 

***

N.Paşinyan bildirir ki, artıq keçmiş olan Dağlıq Qarabağ problem ilə bağ­lı danışıqlar prosesində heç vaxt bu məsələnin həllini təklif edən variant ol­mayıb. Nikol o anlamda haqlıdır ki, Er­mənistan hakimiyyəti və Qarabağdakı sabiq separatçı rejim illərlə bütün həll variantlarının, səmərəli təkliflərin qarşı­sını kəsirdi və razılığa gəlmək mümkün­süz olurdu. Belə nəticəyə gəlmək müm­kündür ki, Paşinyan hakimiyyətə gəldi, problemi aradan qaldırmaq istədi və dedi: “Qarabağ Ermənistandır nöqtə”. 

Sonra baş verənlər də hər kəsin yaxşı xatirindədir – 44 günlük müharibə və Ermənistanın rüsvayçı məğlubiyyə­ti… İndi isə Qarabağ ermənisizləşib. Paşinyanın üzərində dayandığı əsas məqam budur. Doğrudur, o, məsələ­ni bölgənin ermənisizləşməsi yox, er­mənisizləşdirilməsi şəklində qoyur və mövcud xüsusda Azərbaycanı qınamaq yolu tutur. Nikolun sözlərindən belə çıxır ki, Bakı Qarabağ ermənilərinin bölgəni tərk etmələrini şərt kimi ortaya qoyur­muş, Ermənistan hakimiyyəti isə bunun qarşısını almaq istəyirmiş. Bəli, erməni hökumət rəhbəri son vaxtlar durmadan nümayiş etdirdiyi həyasızlığını pik həd­də çatdırır.

Məlum olduğu kimi, Azərbaycan rəs­miləri 44 günlük müharibə müddətində də, lokal xarakterli antiterror tədbirlərindən əvvəl və sonra da bildiriblər ki, Qarabağın erməni əhalisinin bölgədə qalıb yaşamasına heç bir problem yoxdur. Rəsmi Bakı, eyni zamanda, yerli ermənilərin hüquq və təhlükəsizliyinə konstitusyon əsasdakı təminatları verəcəyini dəfələrlə açıqlayıb. Lakin Ermənistan buna məhəl qoymayıb. Nəticədə, bu gün Qarabağ, demək olar, ermənisizləşdirilib və bunun sə­bəbkarı Azərbaycan yox, bilavasitə Ermənis­tan hakimiyyətidir. Daha dəqiq desək və sırf mənəvi baxımdan yanaşsaq, minlərlə insanın öz yaşayış yerlərini tərk etməsinin günahkarı varsa, həmin şəxs elə N.Paşinyanın özüdür. 

***

Ancaq Ermənistanın baş naziri günahı özündə görmək istəmir və Qarabağ məsələsi fonunda ənənəvi anti-Rusiya xəttini işə salır. Nikolun fikirlərindən belə qənaət hasil olur ki, Qarabağdakı Rusiya sülhməramlıları bir çox məsələlərdə olduğu kimi, bölgənin ermə­ni sakinlərinin öz evlərini tərk etmələrində də günahkardır. “Biz bunun (yəni,Qarabağın ermənisizləşməsinin - red) qarşısını almaq üçün hər şeyi etdik”, - deyən hökumət rəh­bərini o anlamda haqlı saymaq mümkündür ki, Ermənistan hakimiyyəti, həqiqətən, Qara­bağda separatizmin saxlanılmasına çox ça­lışdı, ancaq məqsədinə çata bilmədi. Bəli, N.Paşinyan Rusiyanı aşağılayan tərzdə ritorik sual ünvanlayır: “...Yəni, 9 noyabr (2020-ci il) tarixli üçtərəfli bəyanatda yazılıb ki, Azər­baycan Dağlıq Qarabağa hücum etsin, Rusi­ya sülhməramlıları bu zaman sığınacaqlara sığınsın?” …Aydındır ki, belə yanaşma Mos­kvanı ələ salmaqdan, əsl reallıqlardan uzaq­laşmaqdan, təxribatdan və gerçək mahiyyətin qəsdən təhrifindən başqa bir şey deyil. 

N.Paşinyanın həm fikirlərini əsaslandır­maq, həm anti-Rusiya xəttini aktiv saxlamaq, həm də günahı özündən uzaqlaşdırmaq üçün 1999-cu ilə gedib çıxmasına diqqət yetirək. Erməni baş nazir bildirir ki, həmin vaxt Dağlıq Qarabağın Meğri ilə dəyişdirilməsi məsələsi gündəmdə olub. Əlbəttə, ayrı-ayrı illərdə Qarabağ münaqişəsinin tənzimlənmə­sinə dair müxtəlif variantların irəli sürülmə­si mümkündür və irəli sürülüb də. Sadəcə, məsələni sırf həll variant kimi vurğulamaq təhrifdir və ictimai rəyə yanlış siqnallar ötür­məkdir. Bilavasitə, 1999-cu ilə gəldikdə isə bəli, həmin vaxt Azərbaycan-Ermənistan münasibətlərində azacıq da olsa, yumşalma meyili nəzərə çarpıb. Bu, Ermənistan haki­miyyətindəki Vazgen Sarkisyan və Karen Dəmirçyan ikilisinin sayəsində olub. An­caq o da məlumdur ki, həmin ilin oktyabrın 27-də Ermənistan parlamentində törədilmiş terror nəticəsində hər iki şəxs – həm baş na­zir, həm də parlament sədri qətlə yetirildi. Nəticədə o zamanadək adları çəkilən şəxslə­rin kölgəsində qalan, söz sahibinə çevrilə bil­məyən prezident Robert Koçaryan “Qarabağ klanı”nın təmsilçisi kimi, təşəbbüsü ələ aldı. Bununla da yumşalmaların qarşısı kəsildi və münaqişənin həlli dalana dirəndi. R.Koçar­yandan sonra “Qarabağ klanı”nın daha bir təmsilçisi Serj Sarkisyan da danışıqları uzat­maqla məşğul oldu.

*** 

Qarabağ mövzusunda ilk qırılma anı 2016-cı ildə yaşandı. Həmin ilin Aprel müha­ribəsi zamanı Ermənistan uzun illərdən sonra ilk dəfə Azərbaycanın öz torpaqlarını geri qaytarmaqda qərarlılığını hiss etdi. Ona görə N.Paşinyan müsahibəsində Aprel müharibə­sindən sonrakı proseslərə toxunur və bildirir ki, həmin ilin avqustunda Qarabağ məsələsi ilə bağlı yeni - üçüncü sənəd təqdim olundu. O, BMT Təhlükəsizlik Şurasının bütün tərəf­lərlə məsləhətləşmələrdən sonra Dağlıq Qa­rabağın gələcəyi ilə bağlı qərar qəbul edəcəyi məsələsinə də yer verir. 

Əlbəttə, N.Paşinyan özünü təmizə çıxar­maq üçün bir sıra məsələləri gündəmə gətirir ki, onların hazırda hansısa ciddi əhəmiyyəti qalmayıb. Amma burada bir incə məqamı görmək mümkündür. Erməni baş nazir, fakti­ki olaraq, bildirir ki, onun hakimiyyətinədək Qarabağ diplomatik müstəvidə itirilməkdə idi. Belə çıxır ki, bölgəni əldən verməyə çalışan qüvvələr hərəkətlərini Ermənistanın suverenliyinin qorunması kontekstində ifadə edirdilər. Yəni, müasir erməni dövlətçiliyi üçün Qarabağ identikliyi məsələsi sıradan çıxırdı. 

Məsələyə mövcud prizmadan yanaşsaq, 2018-ci ildən sonra hakimiyyətə yiyələnmiş N.Paşinyan 2019-cu ildə “Qarabağ Ermənis­tandır nöqtə” bəyanatını verməklə, bölgəyə sahiblənmək istəyini, yəni, identikliyin qo­runması əzmini ortaya qoymuşdu. Axı, Nikol özünü demokratiyanın qladiatoru sayaraq, elə zənn etmişdi ki, dünya birliyi Ermənis­tanın Qarabağ avantürasını demokratiyanın mükafatı qismində qəbul edəcək. Yəqin, elə buna görə həm sözügedən sərsəm bəyanatı vermişdi, həm də Şuşada Cıdır düzündə şərab içib sərxoş olmuşdu. Bir sözlə, açıq şəkildə Qarabağın Ermənistana məxsusluğunu vur­ğulamaq və nümayişə çıxarmaq yolu tutmuş­du. Yəqin, arxayın imiş ki, onu hakimiyyətə gətirənlər Qarabağ müstəvisində də dəstəklə­rini əsirgəməyəcəklər. Ancaq, necə deyərlər, bu həna o hənadan olmadı…

***

Diqqətə çatdırdıqlarımız fonunda maraq­lı məqam isə ondan ibarətdir ki, N.Paşinyan bir yandan özünün hakimiyətdə olmadığı keçmişə qayıdır və Qarabağın onsuz da əldən çıxdığı görüntüsünü yaradır, digər tərəfdən isə yenə də keçmişə qayıtmaqla, 2020-ci ildə Rusiyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını vurğulayır. Əlbəttə, 2020-ci ildən sonra Rusiyanın bəzi məqamlarda tutduğu mövqenin üzərində də dayanmağa ehtiyac var. O zaman belə təəssürat yaranmışdı ki, Ermənistan, loru dildə desək, təzim edəcəyi təqdirdə, Kremlin Qarabağ məsələsinə yeni­dən baxması mümkündür. 

Hazırda Rusiya liderinin, eləcə də ölkə­nin digər rəsmilərinin açıqlamaları ondan ibarətdir ki, Paşinyan 2022-ci ilin oktyabrın­da Praqada və 2023-cü ilin mayında Brüs­seldə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və bu, bölgənin İrəvanın əlindən çıxmasıdır. Belə yanaşmaya qarşılıq isə Pa­şinyan Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə dediklərini xatırladır. Çox gü­man ki, Putinin RTR telekanalına müsahi­bəsindəki fikirlərini əsas götürür. Yeri gəl­mişkən, cənab Putin müsahibəsində, kifayət qədər, aydın şəkildə bəyan etmişdi ki, Qa­rabağ və ona bitişik rayonlar Azərbaycanın tərkib hissəsidir.

Heç şübhəsiz, Paşinyanın xatırlatması İrəvanın Moskvaya təzimdən boyun qaçır­masının eyhamıdır. Deməli, istər 2018-ci ilə qədərki, istərsə də 2020-ci ildən sonrakı proseslər Ermənistan üçün Qarabağ kitabının bağlandığının təsdiqidirsə, yerdə qalır Niko­lun “Qarabağ Ermənistandır” bəyanatı. Yəni, indiki durumda Paşinyan dilə gətirməsə də, məhz bu bəyanat ənənəvi Qarabağ ssenari­nin pozulmasıdır. Əlbəttə, mövcud anlamda erməni baş naziri haqlı saymaq mümkündür. Digər yandan isə Nikol günahkardır. Çünki ölkəsinə acınacaqlı durum yaşadan 44 günlük müharibəyə səbəb onun hərəkətləri idi.

***

Belə bir sual da yaranır: Ermənistan rəs­miləri nə üçün 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata Rusiyanın Qarabağdakı erməni faktorunu saxlamaq yönümlü sənəd kimi baxırlarmış? Daha doğrusu, əvvəl belə yanaşırlarmış, sonra xəyal qırıqlığına uğra­yıblar. Deməli, Ermənistan parlamentinin sədri Alen Simonyanın bir müddət əvvəl dedikləri də məhz xəyal qırıqlığının nəticəsi imiş. Simonyan bildirmişdi ki, Rusiya üç­tərəfli bəyanatla Qarabağı Azərbaycana ver­di. Və deməli, üçtərəfli bəyanatla müharibəni dayandırıb Ermənistanı xilasın qarşılığında, İrəvan Moskvaya yönəlik heç bir jest etmə­yib. 

***

Bəli, nəticəyə gəlirik ki, sözügedən bəya­nata Qarabağdakı erməni faktorunu saxlamaq yönümlü sənəd kimi yanaşan Ermənistan, əslində ikili oyun oynayırmış. Çalışırmış ki, həm Qarabağdakı status-kvonu – separatçı rejimi qorusun, həm də ümumən Qarabağ avantürasının Qərb xəttini müəyyənləşdirsin. Yəni, üçtərəfli bəyanat, eləcə də Qarabağdakı Rusiya sülhməramlıları rəsmi İrəvan üçün, bir növ, sipər imiş. Praqada və Brüsseldə Qa­rabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaq isə beynəlxalq hüquqla imitasiya və Qarabağ müstəvisində yeni real­lıqlar formalaşdırmaq cəhdi… 

Nəzərə alaq ki, Paşinyan bir tərəfdən ölkəmizin suverenliyinə hörmətlə yanaşdığı­nı bildirir, digər yandan Qarabağ erməniləri­nin hüquq və təhlükəsizliyi üçün beynəlxalq təminat məsələsini qaldırır, bölgənin xüsusi statuslu ərazi kimi rəsmiləşməsini istəyirdi. Yəni, İrəvan insan faktorlu manipulyasiya­sı ilə, öz aləmində, Qarabağ avantürizminin davamına siyasi və mənəvi sərmayə yatırırdı. Bu, həmin avantüra üçün klassik gedişat tra­yektoriyasına zidd idi. Və görünür, elə buna görə də V.Putin və Rusiya rəsmiləri Paşinya­nın Praqada və Brüsseldə etdiklərini qabar­dırlar. 

Heç şübhəsiz, Kremldən tanınma mən­tiqinin yanlışlığını dilə gətirilməsi, Qarabağ münaqişəsi baxımından, belə demək müm­künsə, klassik qavrama zidd mahiyyətin vurğulanmasıdır. Deməli, Putinin açıqlama­sında da incə eyham var. Təxminən belə: bizi nəzərə almadan məsələnin Qərb platforma­sındakı həlli məntiqi ilə Qarabağı tanıyırsı­nızsa, bizlik heç nə yoxdur. Necə deyərlər, özü yıxılan ağlamaz. 

***

Sonda onu deyək ki, Ermənistanın baş naziri keçmişdə ilişib qalmaqdansa, itti­ham yönümlü fikirlər səsləndirməkdənsə, yenə müxtəlif manipulyasiyalara yol ver­məkdənsə, ilk növbədə Azərbaycanla sülh müqaviləsi baxımından pozitiv mövqe ortaya qoymalıdır. Bunu etmir və onun bildirdikləri fonunda mövcud durum deməyə əsas verir ki, Bakı-İrəvan nizamlamasında mürəkkəbliklər qalmaqdadır. Əlbəttə, mövcud xüsusdakı bir sıra çətinliklərin məhz Azərbaycanın prinsi­pial mövqeyi ilə aradan qalxdığını da söy­ləmək lazımdır. Ümumən, müsbət məqam budur. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət