“Biz o torpaqlara qayıdacağıq”

post-img

26 il əvvəl dekabrın 18-də tarixi ədalətsizliyi rəsmiləşdirən sənəd imzalandı 

Bəri başdan deyək ki, yeni reallıqlar, zamanın çağırışları, eləcə də, regionda və dünyada gedən proseslər Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı tarixi fərmandan irəli gələn vəzifələri sürətlə aktuallaşdırır. Ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı ötən əsrin son onilliyində bizə tarixi faciələrimizi unutmamaq barədə çağırış idisə, bu gün artıq reallaşdırılması vacib olan bir vəzifəyə çevrilmişdir. 

Bəli, Azərbaycan xalqı son üç ildə böyük tarixi yol keçərək, 1991-ci ildə dövlət müstəqilliyi­ni bərpa edərkən malik olduğu ərazilərinin hamısına nəzarəti təmin etmiş, on illər boyu düş­mən əsarətində qalmış bütün şəhər və kəndləri üzərində su­verenliyimiz bərqərar olunmuş və bayraqlarımız ucaldılmışdır. Bunun nə qədər əhəmiyyətli fakt olduğunu söyləməyə və ya sübut etməyə ehtiyac yoxdur. Ancaq bu, o demək deyil ki, biz indiki nəslin qarşısında duran vəzifələ­rin hamısını yerinə yetirmişik. Dövlət başçımızın da dediyi kimi, bizim görməli olduğumuz işlər hələ çoxdur. Bəs həmin iş­lər nədən ibarətdir? 

Əslində, bu sualın cavabını Prezident İlham Əliyev hələ ötən il dekabrın 24-də Qərbi Azərbay­candan olan bir qrup ziyalı ilə görüşdə vermişdi. Dövlət başçı­mız həmin gün xatırlatmışdı ki, 1948-1953-cü illərdə xalqımız növbəti dəfə deportasiyaya mə­ruz qalmışdı. Bu, sovet hökumə­tinin Qərbi azərbaycanlılara və bütövlükdə, Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayə­ti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. Çünki həmin zaman İkinci Dün­ya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdı. Azərbaycan xalqı o müharibədə böyük fədakarlıq göstərmişdi. Təkcə sovet Azər­baycanından olan insanların 300 mini həlak olmuşdu. Üstəlik, o vaxt sovet Ermənistanında ya­şamış on minlərlə soydaşımız da müharibədə həlak olmuşdu. Yəni Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş Qələbədə müstəsna rol oynamışdı. Bunu hər kəs bi­lir. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayət, daha doğrusu, vicdansızlıq törə­dilmiş, saxta bəhanə ilə on min­lərlə azərbaycanlı öz ata-baba yurdundan deportasiya edilmişdi.

Prezident xatırlatmışdı ki, biz birgə səylərlə Qərbi Azər­baycana Qayıdış Konsepsiyasını işləməliyik. Qarabağ münaqişə­si həll olunandan sonra indi bi­zim gündəliyimizdə duran əsas məsələ budur. Əlbəttə ki, Qara­bağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülh­sevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiya­larda bizə məqbul olan müddəa­ları götürüb bunun əsasında öz hüquqlarımızı tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. 

Ulu öndərin 26 il əvvəl imza­ladığı fərmanın preambulasında da bu məsələlər öz əksini tapır­dı. Orada göstərilirdi ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə hə­yata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə mə­ruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-in­sani siyasət nəticəsində azərbay­canlılar indi Ermənistan adlan­dırılan ərazidən, min illər boyu yaşadıqları öz doğma tarixi-et­nik torpaqlarından didərgin sa­lınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Xatırladaq ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qə­rarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı idi. Həmin qərarlar əsasında 1948—1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin möv­cud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəs­kin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək, həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayət­kar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

Xüsusilə vurğulanmalı məqamlardan biri də bu faktla­rın Azərbaycan və Ermənistanla yanaşı, postsovet məkanında hamıya məlum olmasına baxma­yaraq, Nikol Paşinyan və onun komandasının bəzi üzvlərinin bu gün uydurduqları yalanlar­dır. Onlar dönə-dönə deyirlər ki, guya azərbaycanlılar Ermənis­tandan həm ötən əsrin əvvəlində, həm ortasında, həm də sonunda könüllü olaraq getmiş, onların heç bir hüququ pozulmamış və heç bir zorakılıqla üzləşməmiş­lər. Bu isə ermənilərin özlərinə və himayədarlarına xas olan sax­takarlıq və haqsızlığın təsdiqidir. İnsan nə qədər riyakar olmalıdır ki, dünyanın gözü qabağında törətdiyi vəhşilikləri unutdurma­ğa çalışsın. 

Təbii ki, unutdura bilməzlər və bilməyəcəklər. Azərbaycan Prezidenti 44 günlük İkinci Qa­rabağ müharibəsindən sonra dedi ki, biz ərazi bütövlüyümüzü bər­pa etmişik, heç kəsə ərazi iddia­mız yoxdur və olmayacaq. Ona görə də Ermənistanla ədalətli sül­hə nail olmaq, regionun tərəqqi­sinə töhfələr vermək istəyirik və buna nail olacağıq. Amma, …biz tariximizi, xalqımızın üzləşdiyi müsibətləri, törədilmiş soyqırım­larını, vəhşilikləri, şəhər və kənd­lərimizin viranəyə çevrilməsini unutmamalıyıq və unutmayaca­ğıq. Çünki, əgər həmin faktları unutsaq, onlar təkrar oluna bilər. 

O ki qaldı, soydaşlarımızın Qərbi Azərbaycana – öz tarixi ata-baba torpaqlarına qayıtma­sına, cənab Prezident xatırladır ki, biz oraya tank üstündə, hərbi yolla deyil, sivil qaydada, mül­ki nəqliyyat vasitələri ilə, sülh şəraitində qayıdacağıq. Əminik ki, nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən Azərbaycan Prezidentinin həmin proqnozu­nun da reallaşdırılmasının şahidi olacağıq. İnşallah! 

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət