Azərbaycan Dövlət Aqrar Universiteti respublikamızın ali təhsil müəssisələri arasında yaşı bir əsri adlamışlardandır. Bu tarixi araşdırdıqca ölkənin aqrar sektoruna mühüm töhfələr vermiş böyük bir elm məbədinin keçdiyi şərəfli yolun bir sıra maraqlı məqamları yada düşür.
1919-cu ilin sentyabrı. Məhz bu ayda Azərbaycan İnqilab Komitəsinin qərarı ilə ilk ali məktəb – Bakı Dövlət Universiteti yarandı. Ali təhsilimizin ilk bünövrəsinin ardınca Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı növbəti qərarla 1920-ci il noyabrın 13-də ikinci ali məktəb – Bakı Politexnikumunun bazasında Bakı Politexnik İnstitutu, dekabrın 14-də isə bu institutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradıldı. Həmin tarixi gündən etibarən kənd təsərrüfatı kadrlarının hazırlanmasına start verildi.
Araşdırmalarımız deməyə əsas verir ki, məhz 14 dekabr 1920-ci il respublikamızda ali aqrar təhsilin başlandığı gün kimi qəbul olunmalıdır. Bu əlamətdar tarixi günlə bağlı Azərbaycanın 2 böyük şəxsiyyətinin – İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun və Ulu öndər Heydər Əliyevin imzaları vardır.
Arxiv sənədlərindən göründüyü kimi, N.Nərimanovun imzaladığı qərardan sonra yeni yaradılmış kənd təsərrüfatı fakültəsinə o dövrdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər arasından aqronom N.A.Lebedev dekan təyin olunmuşdur.
1924-cü ildə ölkədə ali kənd təsərrüfatı mütəxəssislərinin ilk buraxılışı olur. Elə bu buraxılş və onun azsaylı məzunları azərbaycanlı aqrar mütəxəssislərin yetişməsinə geniş meydan açır.Adətən hər bir işin başlanğıcı çətin olur və nə qədər çətinliklər olsa belə, vaxtilə Həsən bəy Zərdabinin “Əkinçi”sində və maarifpərvər insanlarımızın xəyallarında gəzdirdikləri arzular reallaşır– milli aqrar təhsilimizin ilk qaranquşları torpağın və əkinçiliyin elmi sirlərini öyrənmək uğrunda gərgin mübarizələrə qatılır.Doğrudur, bu işdə rus alimlərinin də rolu danılmazdir.
1921-1929-cu illərdə torpaqşünaslıq elminin banisi V.V.Dokuçayevin tələbəsi, professor Vladimir Pavloviç Smirnov- Loqinov fakültəyə rəhbərlik edir.
1929-cu ilin may ayında isə Bakıda kənd təsərrüfatı fakültəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır. 1931-ci ildə bu institut Bakıdan AXC-nin ilk paytaxtı Gəncəyə köçürülür.
Gəncədə fəaliyyət göstərən Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytarlıq İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu 1933-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) tərkibinə birləşdirilir.
Qeyd edək ki, AKTİ (indiki ADAU) 1991-ci ilin sonunadək keçmiş Sovet İttifaqındakı 108 kənd təsərrüfatı institutunu və 16 filialı özündə birləşdirən SSRİ Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Ali Kənd Təsərrüfatı Təhsili Baş İdarəsinin tabeliyində olmuşdur. O zaman ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı institutlarının rektorları və prorektorları respublika rəhbərlərinin təqdimatı əsasında baş idarə tərəfindən təyin olunurdular.
AKTİ 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ilin aprel ayından isə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. Bu ali təhsil ocağı 1992-ci ildən 2000-ci ilədək Kənd Təsərrüfatı Nazirliyinin, 2000-ci ildən 2007-ci ilədək Təhsil Nazirliyinin tabeliyində olmuş, 2007-ci ildən yenidən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir.
Kənd Təsərrüfatı İnstitutunun inkişafı Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur.Təhsil müəssisəsinin ən böyük uğurları da məhz Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi dövrlərə təsadüf edir.
1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilir.Az sonra, iyulun 22-də Ulu öndərimizin rəhbərliyi ilə respublikada yüksək ixtisaslı kadr hazırlığında və kənd təsərrüfatı elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında” tarixi qərarı qəbul edilir. Yubileyin keçirilməsi 1970-ci il dekabrın 14-ə təyin edilir.Mərkəzi Komitənin katibinin sədrliyi ilə 27 nəfərdən ibarət hökumət üzvlərindən ibarət yubiley komissiyası yaradılır və bu qərardan irəli gələn müddəaların icrasını təmin etmək məqsədilə müvafiq orqan və təşkilatlara göstərişlər verilir. Lakin üzrlü səbəblərdən yubiley təyin olunmuş müddətdə – 14 dekabrda keçirilmir. Buna baxmayaraq, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1979-cu il 13 mart tarixli qərarı ilə AKTİ-nin ( indiki ADAU) 50 illik yubileyinin keçirilməsinə yenidən baxılır və icazə verilir. Beləliklə, respublikamızın rəhbəri Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yüksək ixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli fərmanı ilə “Şərəf nişanı” ordeni ilə təltif edilir.
Universitetimizə 1980-ci il dekabrın 16-da Ulu öndər Heydər Əliyevin gəlişi, keçmiş ”Bakı” kinoteatrının böyük salonunda keçirilmiş yığıncaq tariximizin silinməyən səhifəsidir. Sovet İttifaqının rəhbərliyi adından institutun kollektivinə təntənəli şəraitdə ordeni təqdim edən Ümummilli liderimiz həmin unudulmaz yubiley mərasimində öz tarixi nitqini söyləyir.
Ulu öndərin ölkənin yeganə ali aqrar təhsil müəssisəsinə göstərdiyi diqqət və qayğı bu gün onun layiqli davamçısı,möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Qocaman elm məbədi müasirləşir, dünyanın aparıcı aqrar təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurur, aqrar təhsil sahəsində yeniliklərə imza atır.
Ayrı-ayrı illərdə ADAU-ya rəhbərlik etmiş rektorlar – Dadaş Bünyadzadə, İslam Datıyev, Hüseyn Musayev, Yusif Tahirov, Əzim Dadaşov, Möhsün Poladov, Soltan Mirzəyev, Bala Ağayev, Məmməd Mehdiyev, Niyaz Səfərov, Bəhman Xəlilov, Məmmədtağı Cəfərov, Raul Qədimov, Mirdaməd Sadıqov, İbrahim Cəfərov ölkəmizdə aqrar ali təhsilin və elmin inkişafına öz töhfələrini vermişlər. Hazırda bu ali rektoru texnika üzrə fəlsəfə doktoru Zəfər Qurbanovdur.
Beləliklə, 14 dekabr unudulmaz tarixi gün kimi 1920-ci ildən bu günə aqrar təhsilimizə qızıl hərflərlə yazılmışdır. İki böyük şəxsiyyətin imzasından xeyir-dua almış ADAU bu gün müasir inkişaf dövrünü yaşamaqdadır.
Nüsrət HÜSEYNOV,
dosent, qabaqcıl təhsil işçisi,
Maarif RZAYEV, ADAU-nun “Aqrar mütəxəssis” qəzetinin baş redaktoru