Qüdrətli dövlət xadimi Heydər Əliyev 1982–1987-ci illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuş, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləmişdir. Moskvada yüksək vəzifələrdə işləyən Heydər Əliyev “yenidənqurma”nın metodlarına: milli münaqişələrə səbəb ola biləcək düşünülməmiş dövlət siyasətinə, xüsusən türk respublikalarına qarşı qərəzli siyasətə açıq və kəskin etirazını bildirirdi.
M.Qorbaçov Heydər Əliyevin timsalında qüvvətli opponentini görürdü. Heydər Əliyevin onunla müticəsinə razılaşmaması, öz mövqeyini qətiyyətlə müdafiə etməsi onun xoşuna gəlmirdi. Bir çox hallarda Heydər Əliyevlə Qorbaçov arasında ziddiyyətlər də olurdu. M.Qorbaçov güclü şəxsiyyətlərdən, müstəqil düşünən insanlardan qorxurdu, onları qiymətləndirə bilmirdi, canını qurtarmağa çalışırdı.
Sovet diktatoru dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin getdikcə artan nüfuzuna, populyarlığına qarşı gizli, məkrli və daim qızışdırılan paxıllıq hissi keçirirdi. Heydər Əliyevin Siyasi Büronun fəal üzvü və son dərəcə ciddi rəhbər olmasına baxmayaraq, onun səhhəti ilə bağlı səbəb əsas gətirilərək Qorbaçovun təhriki ilə Heydər Əliyev tutduğu vəzifədən istefa verdi. Burada erməni amilinin Qorbaçova təsiri də qeyd edilməlidir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən əvvəl, ermənipərəst Qorbaçovun Azərbaycana qarşı mənfur siyasətini reallaşdırmaq üçün əvvəlcədən düşünülmüş planlarını həyata keçirmək kimi çirkin məqsədindən irəli gəlirdi. Ulu öndər təqaüdə çıxdıqdan sonra ciddi nəzarət altında, təqiblər şəraitində fəaliyyət göstərirdi. Heydər Əliyev ona qarşı təxribat hazırlandığını bilirdi. O, Bakıya qayıtmaq arzusunda olduğunu bildirmiş, lakin Qorbaçov xəbər göndərmişdi ki, Moskvada qalsın.
Naxçıvan şəhər partiya konfransında Naxçıvan kommunistləri Heydər Əliyevi Azərbaycan KP-nin XXXII qurultayına nümayəndə seçmiş və Naxçıvan vilayət partiya konfransı onun qurultay nümayəndəsi olduğunu rəsmən təsdiq etmişdi.
Qurultaya nümayəndə seçildiyini eşidəndə Heydər Əliyev, əlbəttə, məmnun qalmışdı. Qadağanı pozması və Bakıya getməsi üçün ona qanuni hüquq verən rəsmi əsas yaranmışdı. Lakin nə SSRİ rəhbərliyi, nə də Azərbaycan KP MK-nın birinci katibi A.Mütəllibov Heydər Əliyevin qurultaya, yəni Bakıya getməsini məqsədəuyğun hesab etmirdilər.
Bunlara baxmayaraq Heydər Əliyev güclü şəxsiyyət idi və heç kəsin məsləhətinə ehtiyacı yox idi. Heydər Əliyevin Bakıya gəlişinin sadəcə vaxtı dəyişdi, səfər təxirə salınmadı. O, Bakıya iyulun 20-də gəldi.
Heydər Əliyev tərəfindən vəzifələrə təyin edilən nankor iqtidar nümayəndələri Azərbaycanı qurub-yaradan şəxsin Bakıda yaşamasına imkan vermədilər. Nəticədə Heydər Əliyev iyulun 22-də Naxçıvana gəldi.
Naxçıvana gəlişi barədə Heydər Əliyev sonralar belə deyəcəkdi: “Moskvada məni təqib edirdilər. Hətta Yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”. Gəlişi haqqında heç kimə xəbər verməsə də, bu, tez bir zamanda bütün muxtar respublika əhalisinə məlum oldu. Elə həmin axşam Naxçıvan şəhərindəki mərkəzi meydanda toplaşmış 80 min insan Heydər Əliyevə özünün nicatı və son ümidi kimi baxırdı.
Naxçıvana qayıdışı ilə Heydər Əliyev bu bölgəni və bütün Azərbaycanı gözlənən real təhlükədən xilas etdi. Onun Naxçıvana gəlişi burada ictimai-siyasi həyatı daha da canlandırdı, xalqın mübarizə əzmini möhkəmləndirdi. Qısa müddətdə milli dövlətçiliyin bərpası istiqamətində Heydər Əliyevin başçılığı altında qətiyyətli və ardıcıl addımlar atılmağa başlandı. Dünya siyasətinin nəhəngi Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşdü.
Naxçıvan seçiciləri Azərbaycan xalqının böyük oğlunu Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçdi. Babək rayonunun Nehrəm seçki dairəsinin seçiciləri ilə görüşündə Heydər Əliyev öz platforması haqqında məlumat verərək demişdir: “Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir. Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır. Bütün bu vəzifələri həyata keçirmək üçün ancaq və ancaq birlik, yekdillik lazımdır”.
Naxçıvan MSSR Ali Sovetinə seçilmiş deputatların 1990-cı il noyabrın 17-də ilk sessiyası keçirildi. Həmin sessiyaya sədrlik etmək qüdrətli dövlət xadimi Heydər Əliyevdən təkidlə xahiş edildi. Bu dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyət həddindən artıq mürəkkəb olduğundan sessiyaya sədrlik etmək müdriklik və siyasi uzaqgörənlik tələb edirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının 41 məsələdən ibarət gündəliyi təsdiq edildi. Heydər Əliyevin sədrlik etdiyi həmin sessiya təkcə Naxçıvanda yox, bütün Azərbaycanda tarixi bir hadisə oldu. Sessiyanın qəbul etdiyi siyasi əhəmiyyətli qərarlar müstəqillik tariximizə qızıl hərflərlə yazıldı. Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul etdi.
Azərbaycanda ilk dəfə olaraq bu sessiyada milli dövlətçilik ənənələrinin dirçəldilməsi baxımından, müstəqilliyə can atan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bir sıra qərarlara imza atıldı. Sessiya Naxçıvan MSSR adından “Sovet Sosialist” sözlərinin götürülməsi və bundan sonra Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul etdi. Sessiya Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanının adının dəyişdirilərək Naxçıvan Ali Soveti adını bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar verdi. Sovetlər Birliyinin yaşadığı bir dövrdə muxtar respublikanın adında belə dəyişiklik etmək, həqiqətən də, böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Bununla əlaqədar üç təklif irəli sürülmüşdü:
1. Azərbaycanın milli bayrağı Naxçıvanda qaldırılsın və Azərbaycanın ali hakimiyyət orqanı qarşısında bu bayrağı qəbul etmək məsələsi qoyulsun.
2. Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qaldırılsın ki, onlar Azərbaycanın Dövlət rəmzlərinə baxsınlar.
3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilsin və Azərbaycanın ali hakimiyyət orqanından xahiş edilsin ki, Azərbaycan Respublikasının Dövlət rəmzləri haqqında məsələyə baxılsın.
Deputatların təklifi əsasında üçüncü məsələ müzakirəyə çıxarıldı və səsə qoyularaq qəbul edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu və Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın Azərbaycan dövlətinin rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı.
Həmin sessiyada 1990-cı ilin Yanvar hadisələrinə siyasi qiymət verilməsi, Bakıda fövqəladə vəziyyətin götürülməsi və Dağlıq Qarabağda vəziyyət haqqında, habelə digər mühüm əhəmiyyətli qərarlar qəbul edildi. Deputat Afiyəddin Cəlilov sessiyanın iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sədri seçildi.
Naxçıvanda bu cür gözlənilməz addımların atılması bilavasitə Heydər Əliyevin təşəbbüsünün nəticəsi idi. Hələ Bakıda əyləşənlər ölkənin müstəqilliyi barədə qərarın qəbul edilməsi üçün tərəddüdlərdən qurtula bilmədiyi bir vaxtda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi artıq milli dövlətçilik ənənələrinin təşəkkülünə istiqamətlənmiş qəti qərarlar qəbul edirdi.
Ölkəmizin müstəqilliyini istəməyən, hələ də SSRİ-nin boyunduruğunda qalmaq istəyindən əl çəkməyən ölkə rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarları “dövlətçiliyə qəsd” adlandırdı və Naxçıvanın blokada vəziyyətinə düşməsi daha kəskin xarakter aldı. Heydər Əliyev qətiyyətlə deyirdi ki, SSRİ adlı dövlət mütləq dağılacaq. Sovetlər İttifaqının dağıldığını görən M.Qorbaçov SSRİ-nin saxlanılması üçün yeni ittifaq müqaviləsinin bağlanması, ittifaq üzrə referendum keçirilməsi və bu yolla SSRİ-ni saxlamaq barədə göstəriş verdi.
Azərbaycan rəhbərliyi vəzifəsini qorumaq naminə İttifaq layihəsinə və referendum keçirilməsinə razılıq verdi. Heydər Əliyev respublika rəhbərliyinin bu mövqeyini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 yanvar 1991-ci il tarixli sessiyasında kəskin tənqid etdi. Göstərdi ki, Azərbaycan üçün bu müqaviləyə girmək, ona müsbət rəy bildirmək xalqımızın qarşısında cinayət etmək deməkdir.
Xalqımızın gələcəyi naminə Naxçıvanın tutduğu mövqe, burada həyata keçirilən demokratik tədbirlər ölkə rəhbərliyi üçün də bir nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə dövlətin adı “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul olundu.
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin reallığa çevrilməsi üçün mübarizəsini davam etdirirdi. Bu məqsədlə o, respublika Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında SSRİ-nin saxlanılmasına münasibət bildirməsi üçün keçirilməsi nəzərdə tutulan Ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxdı. “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin, heç bir şərt qoymadan, tam əleyhinəyəm... Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam... Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir”.
1991-ci il martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında SSRİ-nin saxlanılmasına dair Ümumittifaq referendumunda muxtar respublikanın iştirak etməməsi barədə qərar qəbul edildi. Sessiyada Heydər Əliyev referendumun əleyhinə çıxış etdi və müvafiq qərarın qəbul olunması da məhz onun təşəbbüsü ilə baş tutdu. İqtidarın bunu “separatçılıq” kimi qiymətləndirməsi, muxtar respublikaya təzyiqlər göstərməsi əhalini yolundan döndərə bilmədi. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan Muxtar Respublikası Kommunist Partiyasının rəhbərliyi referendumun keçirilməsi barədə mövqeyindən çəkinmədi.
Ancaq Naxçıvanda bu referenduma seçicilərin 20 faizə yaxın bir hissəsi qoşuldu və səsvermə baş tutmadı. Demokratik qüvvələr referendumu boykot etdilər. Saxta referendumda iştirak etməmiş Naxçıvana qarşı hücum başlandı. Aprelin 5-də muxtar respublika Ali Məclisinin sədri A.Cəlilov vəzifəsindən azad edildi. Həmin gün muxtar respublika Ali Məclisi yalnız kommunist deputatların iştirakı ilə, yetərsay olmadan sessiya keçirərək Əkbər Əliyevi muxtar respublikanın Ali Məclisinə sədr “seçdi”.
Heydər Əliyev yetərsay olmayan sessiyada rəhbərliyin dəyişdirilməsinin qanunazidd olduğunu, muxtar respublikanın ictimai-siyasi vəziyyətinə mənfi təsir göstərəcəyini bildirdi. 1991-ci ilin sentyabrın əvvəllərinə qədər muxtar respublikanın ali orqanı olan Ali Məclisin fəaliyyəti faktiki olaraq donduruldu, partiya komitələrinin inzibati rəhbərliyi bərpa edildi. Naxçıvana qarşı təzyiq kampaniyası genişləndirildi. Əslində, əsas məqsəd Heydər Əliyevi gözdən salmaq, xalq arasındakı böyük nüfuzuna zərbə vurmaq, siyasi fəaliyyətinə əngəllər yaratmaq idi.
Heydər Əliyev Kommunist Partiyasının mürtəce siyasətinə etiraz əlaməti olaraq 1991-ci iyulun 19-da partiya sıralarını tərk etdi. Kommunist Partiyası və sovet dövlətinin süqutu gücləndi. Avqust ayının 22-dən başlayaraq respublikanın bir sıra şəhərlərində mitinqlər keçirildi. Naxçıvanda da mitinqlər səngimək bilmirdi. Üç gün davam edən, 60 mindən çox adamın iştirak etdiyi izdihamlı mitinq və nümayişlər nəticəsində xalq avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasının çağırılmasına nail oldu.
Sessiya Naxçıvan Muxtar Respublikasında kommunistlərin hakimiyyətini ləğv etdi. Muxtar respublika ərazisində Azərbaycan KP və komsomolun fəaliyyəti dayandırıldı, onların bütün strukturları ləğv olundu. Mitinq və nümayişlərdə respublikada prezident seçkilərinin dayandırılması, Kommunist Partiyası hakimiyyətinin ləğv edilməsi, muxtar respublikada milli müdafiə komitəsinin yaradılması, Bakıda fövqəladə vəziyyət rejiminin ləğv olunması, Leninin abidələrinin sökülməsi və b. məsələlər tələb edilirdi.
Naxçıvanda baş verən hadisələrin də ciddi təsiri ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı Bəyannamə qəbul etdi. Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev “Azadlıq bəyannaməsi”nin legitimliyinin təmin edilməsi üçün referendum keçirilməsi, 1920-ci il aprelin 28-də Azərbaycanın işğal edildiyi və Azərbaycan Demokratik Respublikasının zorakılıqla ləğv olunduğunun orada təsbit məsələsini təklif etsə də, bu vacib təklif qəbul olunmadı.
1991-ci il sentyabrın 2-də Naxçıvan şəhərində çoxminli mitinqdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yarımçıq qalmış növbədənkənar sessiyasının çağırılması və Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi tələb edilirdi. Bir gün sonra, sentyabrın 3-də, çətinliklə də olsa, deputatlar toplanır və yetərsay alındığından sessiya öz işinə başlayır. Ali Məclisin və şəhər İcra Hakimiyyətinin binaları qarşısında toplanan əhali Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsini tələb edirdilər.
Seçicilərin təzyiqi ilə deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrliyinə Heydər Əliyevin namizədliyini irəli sürdülər. Heydər Əliyev dəfələrlə çıxış edib, namizədliyini geri götürdüyünü bildirsə də, bu bir nəticə vermədi. Sessiyada iştirak edən 75 deputatdan 70 nəfəri lehinə səs verməklə, 5 nəfər bitərəf qalmaqla Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi.
Heydər Əliyevin sədrliyi ilə işini davam etdirən sessiyada “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında”, “Azərbaycan Respublikası Prezidentliyinə seçkilər haqqında” məsələlər müzakirə edildi. Ali Məclisin 4 sentyabr tarixli qərarı ilə Naxçıvan ərazisində prezident seçkilər dayandırıldı.
1990-cı ilin yanvar ayının ilk günlərindən erməni yaraqlıları Naxçıvanın sərhəd kəndlərinə basqınlar edir, dağıntılar törədirdilər. Yanvarın 5-də muxtar respublikada baş verən hadisələrlə yaxından tanış olmaq üçün Sov. İKP MK katibi A.Girenko, SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.Nişanov və Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov Naxçıvana gəldilər.
Lakin xalqın qəzəbindən ehtiyat edən qonaqlar əhali ilə birbaşa ünsiyyətə girməkdən çəkinərək “partiya-sovet fəalları” və “əmək kollektivlərinin nümayəndələri” ilə görüş keçirməklə kifayətləndilər. Ermənilərin təcavüzkar hərəkətlərinin qarşısını almaq, muxtar respublika əhalisinin təhlükəsizliyini qorumaq üçün heç bir real addım atılmadığını görən xalq özü təşkilatlanır, özünümüdafiə və könüllü dəstələr yaradırdı.
Kərki kəndi iki il idi ki, özünümüdafiə dəstələri tərəfindən müdafiə olunurdu. Kənd 1990-cı il yanvarın 18-19-da sovet ordu qüvvələrinin köməyi ilə ermənilər tərəfindən işğal edildi. Naxçıvanın ərazi bütövlüyünün pozulması, ermənilərin Naxçıvan MSSR-ə bütöv sərhəd boyunca silahlı hücum etməsi, əhalinin həyatının təhlükə qarşısında qalması, bunlarla bağlı ittifaq orqanlarının tədbir görməməsi Naxçıvan əhalisini ən radikal addımlar atmağa məcbur etdi. 19 yanvar 1990-cı ildə Naxçıvanda xalqın tələbi və təzyiqi ilə Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı.
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin fövqəladə sessiyası muxtariyyət statusundan istifadə edərək SSRİ adlı bir imperiyaya qarşı kəskin etiraz formasını seçdi. Bu etiraz bütün dünyaya səs saldı. Müttəfiq respublikanın tərkibində olan Naxçıvan Muxtar Respublikası Ali Soveti sovet rejiminə qarşı yönəldilən və onun müəyyən mənada iç üzünü açan cəsarətli bir qərar qəbul etdi. SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsaslanan Naxçıvan parlamenti Azərbaycan SSR-in, o cümlədən onun tərkib hissəsi olan Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən mühüm tarixi qərar qəbul etdi.
Məqsəd Azərbaycanda baş verən hadisələrə, sovet ordusunun qanlı əməllərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək idi və bu müəyyən rol oynaya bildi. “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə “Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan” Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi. Naxçıvanlılar öz azadlıqsevərliklərini bir daha nümayiş etdirərək Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan MSSR Ali Sovetinin binasının üstünə taxdılar. 27 yanvar 1990-cı ildə isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Naxçıvan MSSR Ali Sovetinin tarixi qərarını ləğv etdi.
Naxçıvanın SSRİ-nin tərkibindən çıxıb özünü müstəqil respublika elan etməsi qərarı böyük tarixi əhəmiyyətə malikdir. SSRİ tarixində misli görünməmiş bu hadisə dünya ictimaiyyətinin diqqətini Azərbaycana və onun ayrılmaz hissəsi olan Naxçıvana qarşı imperiya və onun əlaltısı olan Ermənistanın hərəkətlərinə yönəltdi. Bununla əlaqədar Heydər Əliyev demişdir: “Bu, naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyə nə qədər bağlı olduqlarını dünyaya sübut etdi...”
1990-cı ilin martından başlayaraq Naxçıvanın Ermənistanla sərhədində vəziyyət yenidən gərginləşməyə başladı. Artıq nizami ordu kimi fəaliyyət göstərən erməni quldurları Sədərək kəndinə, Şahbuz rayonunun Şada, Babək rayonunun Yuxarı və Aşağı Buzqov, Gərməçataq kəndlərinə aramsız həmlələr edirdilər. Martın 24-də isə Noraşen–Bakı sərnişin qatarı Mehri rayonundan keçərkən ermənilər tərəfindən partladıldı. Sədərək kəndinin Ermənistanla sərhəddə yerləşməsinin nəticəsi idi ki, ermənilər müntəzəm olaraq buranı atəşə tuturdular. 1990-cı il avqustun 29-da Azərbaycan SSRİ Ali Soveti Sədərək qəsəbə, Kərki, Dəmirçi və Maxta kənd sovetlərinin bazasında Sədərək rayonunun təşkili haqqında qərar qəbul etdi.
Ermənilərin silahlı basqınlarından qorunmaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 7 sentyabr 1991-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi yaradıldı. Erməni quldurları Sədərək rayonundakı milis postunu atəşə tutmuş, Ordubad rayonu ərazisindən 2 nəfər çobanı və min başa yaxın mal-qaranı, Şahbuz rayonu Güney Qışlaq kəndi ərazisindən 250 baş xırdabuynuzlu heyvanı aparmış, Batabatdakı Biçənək adlanan yerdə yerləşən teleradio ötürücüsünü dağıtmış, 2 çobanı qətlə yetirmişdilər.
Azərbaycanda müstəqillik aktının qəbul edilməsinə ay yarım qalmış, hələ sovet hakimiyyətinin mövcud olduğu bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə sovet qoşun hissələrinin muxtar respublikadan çıxarılmasının əsası qoyuldu. Bölgədə Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması ilə əlaqədar ordu quruculuğuna başlanıldı.
Sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri boykot etdilər. Prezident seçkiləri Naxçıvan Muxtar Respublikası ərazisində kecirilmədi. Azərbaycan Respublikasının rəhbərliyi Naxçıvanın konstitusion hüquqlarının pozulmasına əl atdı. Azərbaycan Respublikası Ali Soveti tərəfindən respublika Konstitusiyasının “Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri vəzifəyə görə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavinidir” müddəasının təsbit olunduğu 112-ci maddəsinin 2-ci hissəsi çıxarıldı. Naxçıvanın Azərbaycan dövlətçiliyindəki rolunu yüksək qiymətləndirən Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində bu hüquqazidd qərar 1991-ci il oktyabrın 17-də ləğv edildi.
Beləliklə, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi ilə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə Naxçıvan həlledici mövqeyə keçdi. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər Azərbaycanın müstəqilliyinin elan edilməsinə və SSRİ-nin ittifaq dövləti kimi dağılmasına əsaslı zəmin yaratdı. Muxtar respublikada həyata keçirilən tədbirlər, demokratik dəyişikliklər, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək yolunda məqsədyönlü fəaliyyət sahələri idi. Naxçıvanda gedən demokratik dəyişikliklərin sorağı Azərbaycandan uzaqlara yayılırdı. Azərbaycanın müstəqil dövlət kimi siyasi fəaliyyətinin bir sıra konseptual istiqamətləri də məhz bu dövrdə işlənib hazırlanmışdı.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri,
akademik