Azərbaycan qadınının inkişafı, onun təhsili, cəmiyyətin bütün sahələrində yüksək təmsilçiliyi, xürafat və cəhalətdən qorunması, onların dövlət idarəçiliyinə cəlb olunması kimi problemlər hələ sovet dövründə Heydər Əliyevi düşündürən ən aktual məsələlərdən biri olmuşdur.
Yetmişinci illərdə Azərbaycan qadınları ölkənin qanunvericilik orqanlarında irəli çəkilməyə, əməyinin, ağlının təkcə istehsalat üçün yararlı olmayıb, yüksək kürsülərə layiq olduğunu sübut edirdisə, əsrin sonlarında onlar dünya qadın hərəkatının aparıcı qüvvələri kimi hərəkət edir, kişilərlə bərabər hüquq qazanmaq, öz iradəsini, bilik və düşüncəsini dövlətin – ölkənin idarəetmə və qanunvericilik sahəsinə tətbiq etməyə çalışırdılar. Həmin illərdə Mərkəzi Komitənin I katibi işləyən Heydər Əliyev “Azərbaycan qadını” jurnalının 50 illik yubileyində özünün geniş və məzmunlu çıxışında Azərbaycan qadınının tarixi inkişafı haqqında belə bir əhəmiyyətli fikir söyləmişdir: “Biz görkəmli şairlərimizdən Məhsəti xanım Gəncəvinin, Xurşidbanu Natəvanın, ictimai xadim Həmidə xanım Məmmədquluzadənin və başqalarının adlarını dərin hörmət hissi ilə çəkirik. Tərəqqi yoluna çıxan qadınlar xalqımızın qızları üçün siniflər və məktəblər, dram dərnəkləri təşkil edir, Azərbaycan qadınlarını mədəniyyətə qovuşdurmağa hər vasitə ilə çalışırdılar. Lakin onlara müyəssər olan şeylər hüquqsuzluq zülmətində işıldaquşların parıltısına bənzəyirdi”.
Azərbaycanda keçirilən qurultayların hər biri Azərbaycan qadınlarının yeni nəsillərlə əvəzlənməsi, qadın əməyinin və düşüncəsinin cəmiyyət, xalq və dövlət üçün əhəmiyyətini sübut edirdi. Heydər Əliyev qadınların potensialından istifadə etmədən cəmiyyətin ədalətli və tarazlı inkişafının mümkün olmadığını çox gözəl bilirdi. Ona görə 1969-cu ilin 14 iyul tarixində Azərbaycan Respublikası Kommunst Partiyası Mərkəzi Komitəsinə I katib vəzifəsinə təyin olunduqdan az sonra onun tapşırığı ilə avqustun 2-də Bakıda ölkənin fəal qadınlarının yığıncağı keçirildi. Yığıncaqda ölkə qadınlarının qarşısında duran vəzifələr və problemlər müzakirə olundu və sonda yekun sənəd qəbul edildi.
Qeyd etmək istərdim ki, 70-ci illərdə işləyənlərin ümumi sayının 45 faizini təşkil edən 800 minə qədər qadın ictimai istehsalatda təmsil olunurdu. Elm sahəsində çalışanların 43 faizinin qadınlar olması isə ölkədə qadın mədəni inqilabının yüksək səviyyəsinin sübutu idi. Əsrin ilk onilliklərində Azərbaycanda həkim qadınlar yox dərəcəsində və ya çox az sayda idisə, 70-ci illərin sonlarında, daha dəqiq desək, Heydər Əliyevin siyasi hakimiyyəti dövründə respublika həkimlərinin 62 faizi qadınlardan ibarət idi. 1973-cü ilin oktyabrında Bakıda keçirilən XXIV Beynəlxalq Astronavtika konqresinnin iştirakçısı olmuş dünyanın tanınmış astronom qadınları Azərbaycan qadınları ilə görüşmüş, onların həm ailədə, həm də iş həyatlarında gözəl keyfiyyətlərə malik olduqlarını göstərmişdilər. Bu konqres iştirakçısı Nyu-yorklu xanım professor Patrisia Koriqan Azərbaycan qadınları haqda təəssüratını ABŞ mətbuatında (“Nyu-York Times”) belə bölüşmüşdü: “Onlar bütün sahələrdə kişilərlə bərabər hüquqa malikdirlər”.
O illərdə Azərbaycan SSR Ali Soveti deputatlarının 142 nəfəri, yəni 37 faizi qadınlar idi. Bu təmsilçilik, sözsüz ki, Azərbaycan qadınına, onun imkanlarına etimad, ümid, etibarın nümunəsi idi. Həmin dövrün statistikasına görə, ABŞ parlamentində 12, İngiltərə parlamentində 26, Fransada 2, İtaliyada 33, İranda isə 7 qadın təmsil olunurdu.
Görkəmli siyasətçi Azərbaycan qadınının uğur və nailiyyətlərindən ürək dolusu, fəxrlə danışdığı kimi, yubiley nitqində Azərbaycan qadınlarının gündəlik qayğılarını, problemlərini ifadə edən bir sıra aktual mövzulara da toxunur, milli qadın hərəkatımızı ləngidəcək neqativ halları qeyd etməklə xoşagəlməz vəziyyətlərin aradan qaldırılmasını günün vacib məsələsi kimi irəli sürürdü. Bu baxımdan aşağıdakı fikirlər xüsusilə maraq doğurur: “Təəssüf ki, bizdə azərbaycanlı qızların yuxarı siniflərdən yayınması, tez nişanlanması, həddi-buluğa çatmamış ərə verilməsi faktları hələ də vardır”.
Yeri gəlmişkən deməliyik ki, bu gün beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə təsbit olunmuş qadınlara qarşı gender əsaslı ayrı-seçkilik və zorakılıq hallarını 30 il bundan öncə Heydər Əliyevin həssaslıq və uzaqgörənliklə tənqid etməsi, onun qadın haqları haqqında zəngin biliyə malik olmasının göstəricisidir.
Heydər Əliyev 1972-ci ildə keçirilmiş Azərbaycan qadınlarının IV qurultayındakı məruzəsində demişdir: “Qadına hörmət mənəviyyatın toxunulmaz prinsiplərindən biridir. Lakin bəzi yerlərdə qadına feodal münasibətinin qalıqları özünü göstərir. Bu onu sübut edir ki, respublikanın bir sıra rayonlarında qadınlar arasında ideya və tərbiyə işi zəif təşkil olunmuşdur və insanların şüurunda keçmişin qalıqlarına qarşı lazımınca mübarizə aparılmır. Bəzi hallarda qadın hüquqlarının pozulmasına qarşı mübarizədə prinsipiallıq göstərilmir. Qızların yuxarı siniflərdən təhsildən yayınması faktları da bizi narahat etməyə bilməz. Bunun əsas səbəbi isə bəzi valideynlər və məktəblərdir”.
Həmin qurultayın qarşıya qoyduğu vəzifələrin ən mühümlərindən biri də Azərbaycan qadınının rəhbər vəzifələrə irəli çəkilməsi məsələsi idi. Bu məsələnin həlli nə qədər zəruri idisə, o dövrdə Azərbaycanın ictimai reallığı üçün böyük bir sıçrayış idi. Belə ki, Azərbaycan qadını ailədə olduğu kimi, tutduğu vəzifədə və ya çalışdığı işdə də nümunəvi və qabaqcıl idi. Əslində, qadınların vəzifələrə irəli çəkilməsi qadın əməyinin tətbiq edildiyi bütün sahələrdə uğur, məsuliyyət və hesabatlılıq üçün zəmanət olmaqla qadın və kişilərin bərabər hüquqlardan bərabər imkanlara keçidi idi.
1969-1987-ci illərdə Azərbaycan Respublikası MK-nın rəhbəri və 1982-ci ildən 1986-cı ilə kimi SSRİ Nazirlər Soveti Sədrinin I müavini Heydər Əliyev Azərbaycan qadınlarının dövlət idarəetməsində kişilərlə bərabər təmsil olunmasına vəzifə borcu kimi deyil, həm də qadına olan yüksək hörmət və ehtiramından irəli gəlirdi.
1991-1993-cü illərdə müstəqilliyinə yenidən qovuşmuş Azərbaycan xalqının ən ağır günlərində, vətəndaş müharibəsi astanasında uçurum və böhranla üzbəüz olduğu bir mərhələdə xalqın təkidi ilə hakimiyyətə gəlmiş unudulmaz liderimiz Heydər Əliyevin Azərbaycanda dövlət qadın siyasətinin formalaşmasında xidmətlərini bilmək üçün onun 1994-cü ildə səsləndirdiyi: “Azərbaycanın yeddi-səkkiz milyon əhalisi var, onların hüquqlarını mən qoruyuram. Bakıda iki milyon yarım əhali yaşayır, onların hüquqlarının təminatçısı mənəm. Mən burada and içmişəm – hər bir Azərbaycan vətəndaşının hüquqlarının qorunmasının təminatçısıyam. Onların hüquqlarını qoruyacağam.” tarixi fikirləri xatırlamaq lazımdır.
Heydər Əliyev çıxışlarında “Bizim incəsənətimiz zəngindir, bunu bütün dünya bilir. Biz də bilirik. Ancaq bəzən biz özümüzün qədrini bilmirik, nəyə qadir olduğumuzu dərk edə bilmirik” fikirləri ilə xalqa çox ciddi mesajlar göndərirdi. Onun Azərbaycan qadınının ünvanına yönələn:
“Azərbaycanın ulduzları bizim gözümüzün önündən keçdilər. Leyla xanım, Sara xanım, Tükəzban xanım, Firəngiz xanım, Gülxar xanım, Şəfiqə xanım burada əyləşiblər. Mən Sizin yaradıcılığınızın həmişə pərəstişkarı olmuşam. Sizi səhnələrdə də görmüşəm, şəxsən də görüşmüşük. Mən həmişə Sizinlə fəxr etmişəm” əbədiyaşar fikirləri qadınların qulağında daima səslənəcəkdir.
Qeyd etmək istərdim ki, Azərbaycan qadını daim, hətta mənfur Qorbaçov və onun əlaltıları tərəfindən Moskvada siyasi bürodan uzaqlaşdırıldığı müddətdə öz liderinə sədaqət nümayiş etdirmişdir. Dövlət müstəqilliyinin ilk illərində dövlət çevrilişinə cəhd zamanı gecə saatlarında Heydər Əliyev xalqa müraciət edərkən ağbirçək qadınlar, qucaqlarında südəmər uşaqları olan analar dövlətçiliyin və inandıqları, güvəndikləri, etimad göstərdikləri dövlət baçşısının müdafiəsi üçün Prezident Sarayının ətrafına toplaşmışdılar. Ulu öndərimiz bu hadisələri belə ifadə edirdi: “Mən o gecə yarısı Prezident Sarayının önündəki meydana çıxdım. Orada ağbirçək qadınları, qucağında südəmər uşağı olan qadınları görəndə– gecə yarısı, saat dörd idi, avtomatlar göydə fırlanırdı, – mən dəhşətə gəldim. Gör insanlar etimad etdiyi adamı nə qədər sevirlər, ona nə qədər inanırlar ki, evini-eşiyini buraxıb gəliblər. O lentlər hamısı qalır, mən bəzən onlara baxanda yenidən həyəcanlanıram. Bəzən mənim gözlərim yaşarır. Nə üçün yaşarır? O insanların qəhrəmanlığını görəndə, qadınların simasında olan sevgi, məhəbbəti, eyni zamanda həyəcanı və narahatlığı görəndə gözlərim yaşarır”.
Qarşılıqlı olan bu münasibət dövlətimizin əbədi rəhbəri Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində, xüsusilə də müstəqillik əldə etdikdən sonrakı mərhələdə daim diqqət mərkəzində olmuşdur. Həyata keçirilən tədbirlərdə, irəli sürülən ideyalarda, qəbul edilən qərarlarda bir qayda olaraq Azərbaycan qadınının iradəsi də ifadəsini tapmış, onun problemləri, dərdi-səri düşünülmüşdür.
Azərbaycan qadınlarının hüquqlarının Heydər Əliyev tərəfindən qorunması, onun milyonlarla azərbaycanlı qadınının bərabərlik, azadlıq arzularının təminatçısı olmasını təsdiqləyən faktlardan biri də 1995-ci ildə iyun ayında imzalanmış fərmanla BMT-nin “Qadınlara qarşı hər cür ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulmağımız oldu. Burada xüsusilə qeyd etməliyik ki, o dövrdə BMT-nin bu konvensiyasına dünyanın bir sıra çox inkişaf etmiş ölkələri hələ də qoşulmamışdır. Həmin ildə BMT-nin təşkilatçılığı ilə Pekində Dünya Qadınlarınn IV Konfransının keçirilməsi gözlənilirdi. O zamanlar respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu yox idi. Azərbaycan qadınlarının böyük bir qrupu Heydər Əliyevin xeyir-duası, tapşırığı və dəstəyi ilə 1995-ci il avqust-sentyabr ayında Pekində keçiriləcək bu konfransda iştirak etməli idi. Buna baxmayaraq, tez bir zamanda Heydər Əliyevin sərəncamı ilə Pekində keçiriləcək IV Beynəlxalq Konfransda Azərbaycan qadınlarının yüksək səviyyədə təmsil olunmaları üçün Milli Hazırlıq Komitəsi yaradılmışdır. Yeri gəlmişkən qeyd etməliyik ki, dünyanın bütün ölkələrindən on mindən çox qadının iştirak etdiyi 4-cü Beynəlxalq Pekin Konfransında Azərbaycan qadınları çox fəal iştirak etmiş və Qarabağ həqiqətlərini beynəlxalq qadın ictimaiyyətinə çatdırmışdı. Bildiyimiz kimi, bu gün də Pekin Konfransının qətnamə və qərarları bütün dövlətlərdə qadınlarla aparılan işin əsas prinsipləridir. Qadın hüquqları və problemləri üzrə dünyada əsas beynəlxalq hüquqi çərçivə olan Beynəlxalq Pekin Konfransının qərarları strateji sənəd kimi Azərbaycanda da bu məsələdə yol xəritəsidir.
1995-ci ildə qəbul edilmiş ilk Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən ayrıca maddə və bəndlərdə təsbit edilməsi gənc Azərbaycan dövlətinin, onun dövlət rəhbərinin qadın hüquqlarına, eləcə də qadınların kişilərlə bərabər dövlətin və cəmiyyətin aparıcı qüvvəsi olmasına verdiyi yüksək qiymət və ədalətli yanaşmadır.
Heydər Əliyevin müxtəlif tədbirlərdə qadınlara ünvanlanan bütün müraciət və çıxışlarında onlara inam, etibar, qarşılıqlı hörmət və məhəbbət ifadə olunurdu: “Mən sizə və sizin simanızda bütün Azərbaycan qadınlarına təşəkkür edirəm. Qəhrəmanlığınıza görə, dözümlülüyünüzə görə, ölkəmizə, millətimizə, dövlətimizə sədaqətinizə görə və xüsusən Azərbaycanın son illərdəki ağır anlarında, dövrlərində dövlətçiliyimizə, bir Prezident kimi şəxsən mənə dayaq olduğunuza görə sizə təşəkkür edirəm, çox sağ olun, sizə xoşbəxtlik, cansağlığı arzulayıram”.
Heydər Əliyev o dövrdə ciddi maliyyə çətinliklərinin olmasına baxmayaraq, ölkədə qadın problemlərinin institusional həll edilməsi və qadın hərəkatının daha da inkişaf etdirilməsi üçün 1998-ci il yanvar ayının 14-də “Qadın Problemləri üzrə Dövlət Komitəsi” yaradılması və “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman və sərəncam imzalamışdır. O dövrdə belə bir sənədin imzalanması ölkəmizdə və beynəlxalq aləmdə tarixi və əlamətdar hadisə olmaqla, həm də əhəmiyyətinə görə ciddi əks-səda doğurmuşdu. Ölkəmizin müharibə vəziyyətində olması, qadınlarımızın bir hissəsinin qaçqınlıq, əsirlik şəraitinə düşməsi, bütünlükdə keçid dövrünün iqtisadi gərginlikləri Dövlət Qadın Komitəsinin yaranmasını sosial tələb kimi zəruri etmişdir.
Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirlərdə şəxsən iştirak edən Ulu öndərimiz Azərbaycan qadınlarının ünvanına səsləndirdiyi sözlər hələ də qulaqlarda səslənir: “Qadın çox ülvi varlıqdır. Ona hörmət hər bir insanın yüksək mənəvi borcudur. Mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, bizim ölkəmizdə – Azərbaycanda qadına hörmət gün-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər”.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ikinci dövrdə yaddaşlara əbədi yazılmış hadisələrdən biri də 1998-ci ildə keçirilən Azərbaycan qadınlarının ilk qurultayı idi. Bu hadisə, həqiqətən də, çağdaş dövlətçiliyimizin, eyni zamanda, Azərbaycanda qadın hərəkatının inkişaf tarixində ən mühüm hadisələrdən biri kimi qiymətləndirilir.
Azərbaycanın qadın hərəkatının tarixinə qızıl hərflərlə yazılmış müstəqil respublikamızda keçirilən ilk qadın qurultayı, həm də ötən dövr üçün Azərbaycan qadın hərəkatının xalqına və liderinə təqdim etdiyi hesabatı idi.
Xatırlatmaq istərdim ki, Azərbaycan qadınlarının respublikamızın müstəqilliyi bərpa edildikdən sonra keçirilən ilk qurultayına dünyanın bir sıra ölkələrindən, şəhərlərindən təbrik məktubları gəlməklə bərabər, həm Türkiyənin, Gürcüstanın, Ukraynanın görkəmli qadınları da iştirak edirdi.
Qurultayın işini canlandıran ən əsas hadisə isə Respublika Prezidentinin bu qurultayda iştirakı və çıxışı idi. Heydər Əliyevin qurultay iştirakçıları arasında olması, geniş və dərin məzmunlu çıxışı ilə fədakar qadınlarımıza ünvanladığı səmimi təbrik, onun bütövlükdə Azərbaycan qadınlarına verdiyi yüksək dəyər idi. Qurultaydakı parlaq və tarixi çıxışında Heydər Əliyev respublikamızın qadın hərəkatının tarixini, müasir vəziyyətini təhlil edib qiymətləndirir, gələcək vəzifələrini, qarşıda dayanan problemləri tutarlı faktlar, dəlillərlə izah edirdi.
Onun: “Hesab edirəm ki, bu qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcək qadın hərəkatının əsasını qoyurlar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyurlar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm” ...Siz Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçılarısınız. Arzu edirəm ki, bundan sonra da belə fəal olasınız və bilin ki, mən də öz tərəfimdən bütün imkanları yaratmağa hazıram. Bir arzum da var. Çalışın öz intizamlılığınızı, dözümlülüyünüzü və sədaqətliliyinizi kişilərə də öyrədəsiniz... Məlumdur ki, cəmiyyətdə qadının təsiri çox böyükdür, ola bilər, hakimiyyət orqanlarında istədiyiniz yeri tutmamısınız, amma cəmiyyətdə qadının təsiri böyükdür. Qadının sözü də çox kəsərlidir, təsirlidir. Məlumdur ki, kişilərin çoxu da qadınların təsiri altındadır. Ona görə çalışın, təbliğ edin ki, kişilər sizdən nümunə götürsünlər, sizin kimi fədakar, cəfakeş və sizin kimi də sədaqətli olsunlar”.
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin düşüncəsindən süzülüb gələn fikir və ideyalar məna və məntiq etibarı ilə həm bu gün, həm də gələcəkdə qadına, anaya münasibətdə bir yol xəritəsidir.
“Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixində Heydər Əliyev tərəfindən imzalanmış fərman da məhz bu tarixi zərurətdən meydana gəlmişdi. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna diqqətlə nəzər yetirilir və respublikamızda qadın hərəkatının tarixi fəaliyyətinə yüksək qiymət verilirdi. Fərmanda qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, gender tələblərinin rəhbər tutulması kimi vəzifələr irəli sürülür.
Azərbaycanda qadın hərəkatının dünya qadınlar birliyinə inteqrasiyası, beynəlxalq əməkdaşlıq, demokratik yolla gedərək, hüquqi dövlətin atributu kimi, qadınların vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakının təmin edilməsi kimi müddəalar Fərmanın tələblərindəndir. Bu ali sənəddə respublikamızda gedən əsaslı islahatlar çərçivəsində qadınların kişilərlə bərabər hüquqlarının həyata keçirilmə mexanizmi aydın və konkret şəkildə öz əksini tapmışdır. Qeyd etmək istərdim ki, 2001-ci il 18-31 iyul tarixində Cenevrədə BMT-nin dəstəyi və təşkilatçılığı ilə keçirilmiş “İnsan hüquqlarının müdafiəsi və təşviqi”nə həsr edilmiş xüsusi Sessiyada bu fərmanın mətni İnsan hüquqlarının müdafiəsi sahəsində görülən işlər içərisində ən təqdirəlayiq addım kimi bütün iştirakçılara paylanmışdır.
Bu gün ölkəmizdə beynəlxalq standartların tələblərinə cavab verən dövlət qadın siyasətinin formalaşmasını, hətta ən mötəbər beynəlxalq təşkilatlar da təsdiqləyir. Artıq respublikamızda da qadın hüquqları, qadın hərəkatı və gender siyasəti təhsil müəssisələrində tədris edilməklə dərindən öyrənilir və elmi tədqiqat obyekti kimi tədqiq edilir. Heydər Əliyev irsi tükənməz və əbədiyaşar irs olmaqla həm də mənəvi zənginliyimiz üçün işıqlı mirasdır. Heydər Əliyev irsi o qədər mükəmməl və zəngindir ki, onu bir tədqiqat işi ilə əhatə etmək mümkün deyil. Əminik ki, gələcək nəsillər tərəfindən də Zəfər yoluna işıq saçan bu irs tədqiq ediləcək, öyrəniləcək, xalqımızın, dövlətimizin gələcəyi, çiçəklənməsi və rifahı naminə tətbiq ediləcəkdir.
İllər keçəcək, əsrlər və qərinələr bir-birini əvəz edəcək, Azərbaycan qadını daim ölkəmizdə əzəmətli qadın hərəkatına görə müasir dövlətimizin qurucusu, dahi şəxsiyyət, gözəl insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi ehtiramla yad edərək ona daim minnətdar olacaqdır.
Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı

