İlin əvvəlindən dövriyyə ikiqat artaraq 6,7 milyard dollara yüksəlib
Bakıda Türkiyə və Azərbaycan İş Adamları Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev 100 – Bir millət, iki dövlətin iş dünyası” mövzusunda keçirilən konfransda qardaş və dost ölkə ilə əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyi bildirilib. Eyni zamanda, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən TANAP-ın və Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Xüsusi olaraq vurğulanıb ki, heç bir xarici şirkətin və beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan, məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi Şərq-Qərb Nəqliyyat Dəhlizinin fəaliyyətinin canlandırılmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına və nəticə etibarilə regonal inkişafın sürətlənməsinə gətirib çıxarıb.
Məlum olduğu kimi, hazırda qardaş Türkiyə Cümhuriyyəti, həm də ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Türkiyənin həm idxalda, həm ixracda, həm də ikitərəfli dövriyyədə ölkəmizin ikinci əsas ticarət tərəfdaşı olması da bunu sübut edir. İki qardaş ölkə arasında ticarət əlaqələri isə davamlı olaraq artmaqdadır. Belə ki, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 7,9 faiz artaraq 3,3 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-oktyabr aylarında isə bu göstərici 6,7 milyard dollara çatıb. Bununla belə, ölkələrimiz arasında ticarət əlaqələrinin daha da artırılması üçün imkanlar olduqca genişdir.
Təsadüfi deyil ki, Bakıda keçirilən “Heydər Əliyev 100 – Bir millət, iki dövlətin iş dünyası" mövzusundakı konfransda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu rəqəmin ilin sonunadək daha 20 faiz artırılacağını bəyan edib. Səfirin sözlərinə görə, 2023-cü ilin sonunadək ölkələrimiz arasında ticarət dövriyyəsi 7,5 milyard dollara çatdırılacaq.
Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini vurğulayan Cahit Bağçı bu məsələdə iqtisadi əməkdaşlığın xüsusi yer tutduğunu diqqətə çatdırıb. O deyib ki, əsas hədəf Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasıdır və mövcud rəqəmlər bu hədəfə gedən yolun yarısında olduğumuzu göstərir. Türkiyə, həm də Azərbaycanın qeyri-neft məhsullarının əsas alıcısıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin oktyabr ayında Azərbaycanın bu növ məhsullar ixrac etdiyi ölkələrin siyahısında 44,1 milyon dollarlıq göstərici ilə Türkiyə ikinci yeri tutub. Bütövlükdə isə, bu ilin yanvar-oktyabr aylarında qardaş ölkəyə 675,9 milyon dollarlıq qeyri-neft malları göndərilib.
Yeri gəlmişkən, Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Selçuk Akat bir qədər əvvəl ölkələrimiz arasında bu ilin aprel ayında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı protokolu xatırladaraq bildirib ki, sənədə əsasən, mövcud siyahıya bəzi kənd təsərrüfatı və sənaye məhsulları əlavə edilib və onlara qarşılıqlı güzəştlərin tətbiqi nəzərdə tutulur. Bu isə, iki ölkə başçısının ticarət dövriyyəsinin həcminin 15 milyard dollaradək artırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə çatması üçün mühüm addımdır.
“Heydər Əliyev 100 – Bir millət, iki dövlətin iş dünyası" mövzusundakı konfransda, həmçinin Türkiyənin neft və təbii qaza olan tələbatının ödənilməsi baxımından qardaş ölkə Azərbaycanın birinci yerə yüksəldiyi və digər tərəfdən, respublikamızın Qərbə enerji ixracında Türkiyənin mühüm körpü rolu oynadığı xatırladılıb.
Bu gün, həm də ölkələrimiz arasında investisiyaların mübadiləsi sahəsində də əməkdaşlıq da ən yüksək səviyyədədir. Belə ki, hazırda qardaş ölkənin respublikamıza yatırdığı, o cümlədən Azərbaycanın Türkiyəyə yönəltdiyi investisiya xarici dövlətlərə yatırılan investisiyalarla müqayisədə birinci yerdədir. Ötən müddətdə Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara qədər investisiya yatırıb. Yeri gəlmişkən, SOCAR-ın 2018-ci ilin sentyabr ayında 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını tamamlayaraq istifadəyə verdiyi “Star” neft emalı zavodu Türkiyəyə birdəfəlik yatırılan ən böyük investisiya hesab olunur.
Türkiyədən Azərbaycana yönəldilən birbaşa investisiyaların həcmi isə 15,2 milyard dollar təşkil edib. Bunun da 11,7 milyard dolları neft-qaz sektorunun, 3,5 milyard dolları isə qeyri-neft sektorunun payına düşür. Türk şirkətləri, əsasən, enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, yüngül sənaye (tekstil) və səhiyyə kimi sahələrdə fəaliyyət göstərir. Bütövlükdə isə, bu il dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda 5678 Türkiyə investisiyalı kommersiya qurumu qeydiyyatdadır. Onların da 4019-u sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sektorlarında aktiv fəaliyyət göstərir. Türkiyə şirkətləri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında da xüsusi fəallıq göstərirlər. İndi qardaş ölkənin şirkətləri tərəfindən həmin ərazilərdə müxtəlif istiqamətlər üzrə 107 layihə həyata keçirilir.
Hazırda Türkiyədə Azərbaycan sərmayəli 2 mindən artıq şirkət fəaliyyət göstərir. Ümumilikdə, Türkiyəyə investisiya qoyan azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir.
Qeyd etdiyimiz kimi, Azərbaycan– Türkiyə iqtisadi əməkdaşlığı ikitərəfli məsələlərlə yanaşı, regional iqtisadi əməkdaşlıq sahələrini də əhatə edir. Ötən müddətdə iki dövlətin birgə həyata keçirdikləri fəaliyyətin nəticəsi olaraq beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr icra olunub. Bu baxımdan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Trans–Anadolu təbii qaz boru xətti, Trans–Adriatik boru xətti və Bakı–Tbilisi–Qars dəmir yolu xətti layihələri regional əməkdaşlığın bariz nümunələri kimi diqqət çəkir.
Yeri gəlmişkən, Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, iki dövlətin qardaşlıq münasibətləri digər ölkələr üçün də bir nümunədir. 2023-cü ilin geridə qalan aylarında ticarət dövriyyəsində artım tendensiyasının davam etməsi də bunun məntiqi nəticəsidir. Eyni zamanda, Türkiyənin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biri olduğunu vurğulayan deputatın sözlərinə görə, hazırda ölkələrimiz arasında iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Bu isə daha güclü Türk dünyası deməkdir.
Mirbağır YAQUBZADƏ
XQ

