Orta Dəhliz marşrutunun inkişafına 18,5 milyard avro vəsait qoyuluşu gözlənilir
Beynəlxalq “Ship2shore” saytında yayımlanan “Orta Dəhlizin Avrasiya boyunca istifadə olunmamış bütün potensialı” adlı məqalədə yaxın keçmişdə ölkəmizdə mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək Xəzər Dəniz Gəmiçiliyinin (XDG) yenidən təşkil olunduğu vurğulanır. Məqalədə XDG-nin təsis olunması ilə ölkədə və beynəlxalq gəmiçiliyinin gücləndirildiyi bildirilir.
Qeyd edilir ki, TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) potensialından indiyədək tam istifadə olunmayıb. Beynəlxalq gərginlik zamanı bu istiqamətə diqqət ayrılması Avropa və dəhliz ölkələri, xüsusən də Azərbaycan üçün zəruridir. Bəzi hesablamalara görə, Orta Dəhliz boyunca dəmir yolu və avtomobil dəhlizlərinin bərpası, modernləşdirilməsi, limanların imkanlarının artırılması üçün ən azı 18,5 milyard avro maliyyənin ayrılması tələb oluna bilər. Azərbaycan bununla bağlı Yol Xəritəsi təqdim edib. Bununla da yaxın 4 ildə tranzit yükdaşımaların hazırkı 10 milyon tondan 13 milyon tona çatdırılması hədəflənir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Orta Dəhlizdə Azərbaycandan tranzit kecməklə Qərb-Şərq istiqamətində konteyner daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
Onu da deyək ki, bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin nümayəndə heyətinin rəhbəri Huan Sin ilə keçirilən görüşdə cari ildə Çin ilə Azərbaycan arasında dəmir yolu nəqliyyatı vasitəsi ilə yük dövriyyəsinin artımında xeyli irəliləyiş müşahidə olunduğu, idxal daşımalarda ötən ilin analoji dövrü ilə müqayisədə 549 faiz, ixrac daşımalarda isə 331 faiz artım qeydə alınıb. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yüklərin daha sürətlə və təhlükəsiz daşımaları, o cümlədən əlavə yüklərin cəlb olunması istiqamətində məhsuldar müzakirələr aparılıb. Belə ki, hər iki ölkənin gömrük və sərhəd məntəqələrində qatarların operativ yoxlanılaraq mənzil başına yola salınması, konteyner qatarlarının gündəlik təhvil-təslim qabiliyyəti, lokomotivlərin yerdəyişmə prosesi, yüklərin və vaqonların təhvil-təslim edilməsi və digər sahələrdə görülən yeniliklərdən danışılıb. Bildirilib ki, Azərbaycanda tranzit-logistika prosesində iştirak edən qurumların məlumat mübadiləsini və işlərinin koordinasiyasını təmin edən İşçi qruplarının yaradılması ilə son aylarda yaranmış multimodal daşımalar üzrə tələblər qarşılanmış və tranzitin artırılmasına imkan yaradılıb.
“Azərbaycan Dəmir Yolları”nda yükdaşımaların fasiləsizliyini və tranzit vaxtının optimallaşdırılmasını təmin etmək məqsədilə marşrut üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması, yük sahibləri üçün dəmir yolunda “Smart” proqramının tətbiqi, əməliyyatların bütün marşrut üzrə sinxronlaşdırılması, hərəkət heyətinin marşrut üzrə səmərəli bölüşdürülməsi məsqədilə tərəfdaş ölkələrlə birgə tədbirlər planı hazırlanaraq həyata keçirilir.
DB-nin bu günlərdə yaydığı hesabatda da Orta Dəhlizin gələcək fəaliyyət istiqamətləri haqqında müsbət proqnozlar verilib, Qazaxıstan, Azərbaycan və Gürcüstanın Orta Dəhliz ticarət marşrutunun diversifikasiyasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Bununla bərabər, hesabatda təchizat zəncirlərinin yönləndirilməsində, ölkələrarası ticarətin dayanıqlığının artırılmasında və bir sıra ənənəvi regional ticarət tərəfdaşlarından asılılığın azaldılmasında dəhlizin əhəmiyyətli təsiri xatırladılıb.
DB-nin hesabatında daha sonra qeyd olunub ki, marşrutun inkişafı məqsədi daşıyan xüsusi strategiya nəticəsində Qazaxıstan, Azərbaycan və Gürcüstan istehsal fəaliyyətlərinin kütləviliyini təşviq etməklə ixrac həcmini və məhsulların əlavə dəyərini artıra bilər. Belə bir imkan isə 2021-2030-cu illər üçün üç ölkənin yük bazasında ümumi potensialın 90 milyon tona (+44 faiz) yüksəlməsini, bunun isə 70 milyon tonunun Qazaxıstandan əlavə ixracın payına düşəcəyini şərtləndirər.
Hesabatda, həmçinin bildirilir ki, Orta Dəhlizin istismara verildiyi ssenaridə Xəzər dənizi vasitəsilə daşımaların həcminin 2030-cu ildə 11 milyon tona çatacağı gözlənilir. Bu isə 2021-ci ilə nisbətən 3 dəfə artım deməkdir. Xəzər dənizi vasitəsilə yükün təxminən 4 milyon tonunun konteyner vasitəsilə aparılacağı proqnozlaşdırılır. Konteynerlərin isə 1,5 dəfə artması gözlənilir. Eyni zamanda, təkmilləşdirmələrin həyata keçirilmədiyi təqdirdə daşıma tələbatının proqnozlaşdırılan artımdan 35 faiz aşağı olacağı qeyd edilir.
Vaqif BAYRAMOV
XQ

