Haylara qucaq açanların “səlib demarşı”

post-img

Ermənistana “can-can” deyənlər onun “can”ını zərbə altında qoyurlar

Hayastan mediasının tirajladığı xəbərlərə görə, Londonda keçirilən Ermənistan və Böyük Britaniya arasında ikitərəfli strateji məsləhətləşmələrdən sonra bu iki ölkə arasında 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq proqramı imzalanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda deyilir ki, Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan britaniyalı həmkarla­rına İrəvanın irəli sürdüyü “dünyanın kəsişməsi” layihəsini də təqdim edib. Məsləhətləşmələr zamanı ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri mü­zakirə olunub. Sənəddə qeyd olunub ki, Ermənistan və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq ingilis dilini öyrənən erməni hərbi və polis za­bitlərinin sayının artması, böyük və kiçik komandanlıq və idarəetmə heyəti üçün Böyük Britaniyada təlim kurslarında yer­lərin artırılması, həmçinin mina təhlükə­si ilə bağlı çoxmillətli sülhməramlılıq və yardım proqramları ilə yanaşı, dərinləş­məkdə davam edir. Bundan əlavə, tərəf­lərin tezliklə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş bağlayaca­ğı bildirilir. Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirinin də Ermənistana səfəri gözlənilir.

İrəvan–London təmaslarının ikitərəfli sülh danışıqlarının həlledici mərhələyə qədəm qoyduğu məhz indiki məqamda fəallaşması müəyyən suallar doğurmaya bilməz. 

Dünən Şimali Makedoniyanın paytax­tı Skopyedə öz işinə başlayan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası başlamazdan öncə Ermənis­tan xarici siyasət idarəsinin başçısı Ararat Mirzoyan “çox isti” ikitərəfli görüşlər ke­şirib. Verilən məlumatlardan belə nəticə hasil olur ki, Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenə və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona Azər­baycandan şikayət edib. Onlara Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə”dən, “Bakının sülh danışıqlarında qeyri-kons­truktiv” mövqe tutmasından danışıb. Bundan başqa, hayların baş diplomatı Ermənistan hökumətini hazırladığı “dün­yanın qovşağı” kimi regional proqramdan söz açıb, onun reallaşması nəticəsində, guya, Cənubi Qafqazda sabitliyin əldə olunacağını xüsusi qeyd edib.

Aydın məsələdir ki, rəsmi İrəvanın məqsədi Qərbin aparıcı dövlətlərinin Azərbaycanla normal əməkdaşlığını pozmaq, ikitərəfli münasibətləri gərgin­ləşdirməkdir. Əslində, Ararat Mirzoyanın Skopyedəki “səhnə arxasında” keçirdi­yi görüşlərin və Antoni Blinkenə, Devid Kemerona verdiyi “dezinformasiyaların” məqsədi bundan ibarətdir. Ermənistanın “böyük bacısı” Fransa ilə münasibətləri və ondan aldığı hərtərəfli dəstək hamı­ya məlumdur. İntəhası, indi İrəvan ATƏT üzvü olan digər ölkələrlə təmasları in­tensivləşdirməyə, onların baş diplomat­ları ilə “izahat işini” gücləndirməyə ciddi “ehtiyac duyur”. Yeri gəlmişkən, Azərbay­can Xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivə­sində Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto, İsveçin Xarici işlər naziri Tobias Billström, Bosniya və Her­seqovinanın Xarici işlər naziri Elmedin Dino Konakoviç və NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə ikitərəfli görüşlər ke­çirib. C.Bayramov onlarla gündəlikdə du­ran məsələləri, qurumun cari vəziyyəti və perspektivlərini, həmçinin regionda cərə­yan edən son hadisələri müzakirə edib.

* * * 

Azərbaycan üçün maraq kəsb edən əsas məsələ Fransa, Hindistan və ABŞ-dən sonra Böyük Britaniyanın da Ermənistana “qucaq açmasıdır”. London Ermənistana sərhədlərinin təhlükəsizli­yini gücləndirməsi adı altında hərbi-tex­niki dəstək verməyə başlayıb. Əlbəttə, hadisələrin bu məcrada inkişafı Bakının Londonla birgə gerçəkləşdirdiyi nəhəng və strateji layihələrə təsir göstərmək gü­cündə deyil. Bəlkə də, Ermənistan və Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin intensivləşməsinin arxasın­da Londonun sadəcə Cənubi Qafqazda cərəyan edən proseslərdən kənarda qal­mamaq istəyi dayanır. 

Ermənistan özünü Qərbi Avropa təh­lükəsizlik qüvvələrinin tərkib hissəsinə çevirməyə çalışması başadüşüləndir. Amma onun bununla eyni vaxtda Rusi­yadan uzaqlaşmaq və “KTMT-nin buxo­vundan” qurtulmaq üçün gizli səyləri də yaddan çıxarılmamalıdır. Bu baxımdan Rusiya Xarici işlər naziri Sergey Lavrovun ATƏT XİN Şurasının iclasında çıxışı za­manı dediklərini olduğu kimi qəbul etmək lazımdır: “Təəssüf ki, hazırda ATƏT Avro­pada NATO və Aİ-nin əlavəsinə çevrilib. Bu təşkilatın perspektivi ilə bağlı suallar isə cavablardan daha çoxdur”. Toplantı­sı çərçivəsində Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş zamanı maraqlı anlar yaşanıb. Lavrov erməni həmkarın­dan görüşdə Ermənistanın Avstriyadakı səfiri və ATƏT-dəki nümayəndəsi Armen Papikyanın iştirak etməməsinin səbəbini soruşub. Mirzoyan “bildiyim qədəri buna ehtiyac olmayıb” – cavabını verib. S.Lav­rov isə Mirzoyana “səfiriniz müstəqildir, təlimatsız işləyir?” – ritorik sualı ilə reak­siya verib. 

Yəni, görünən odur ki, İrəvan indiki durumda Qərblə hərbi və hərbi-texniki sahələrdə əlaqələrini genişləndirməyə çalışır. Onun Fransadan sonra Böyük Britaniya ilə də əməkdaşlıq haqqında ox­şar sənədin imzalanmasına nail olması uzaq məqsədlərindən xəbər verir. Böyük Britaniyaya gəldikdə isə London tarixin sınağından çıxmış gizli “diplomatik gediş­ləri” də daxil olmaqla, nəinki “köhnə qitə­də”, eləcə də bütün dünyada baş verən hadisələrə əhəmiyyətli təsir potensialına malik ciddi oyunçudur. Onun Ermənista­na münasibətdə son vaxtlar sərgilədiyi həmin gizli “diplomatik jestin” arxasında Qərbin və ABŞ-ın Azərbaycana qarşı for­malaşdırdığı “xristian cəbhəsinə” zorən qoşulması ehtimalı da nəzərdən keçiril­məyə layiq versiyalardan biridir. 

Bu arada Polşa Prezidenti Andjey Dudanın arvadı Aqata Kornhauzer–Du­danın dünən Ermənistana təşrif buyur­masını da məhz Bakıya yönəlik “səlib demarşı”nın tərkib hissəsi kimi qəbul et­məyimiz doğru olmazmı? 

İrəvan–London təmasları ilə bağlı oxucularımıza bir faktı da xatırlatmağı­mız yerinə düşər. Təxminən bir il bundan əvvəl Xankəndidəki daşnak-separatçı rejimin təşkil etdiyi və Qərbin ermə­nipərəst dairələrinin dəstəklədiyi “bloka­da”, “humanitar böhran” şouları zamanı Avropa İttifaqı ilə yanaşı Böyük Britaniya da Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda Qarabağın erməni sakinlərinə humanitar yardım çatdırılma­sını alqışlamışdı. Düzdür, Londonun bu dəstəyi diplomatik açıqlamadan uzağa getməsə də, Bakı bunu Böyük Britaniya – Azərbaycan münasibətlərinə kölgə sala bilməyəcək jest kimi qəbul etmişdi. 

* * *

Ermənistanı bağrına basmağı “arzu­layanlardan” biri də Litvadır. Noyabrın 29-da Ermənistan–Litva parlamentləra­rası dostluq qrupunun üzvləri İrəvana üçgünlük səfərə gəliblər. Onlar dostluq qrupunun Ermənistan tərəfdən rəhbəri, parlamentin deputatı Arsen Torosyanın müşayiəti ilə Ararat vilayətində Yerasx icmasının sərhədyanı ərazilərini ziyarət ediblər. Litvalı parlamentarilər burada Avropa İttifaqının mülki müşahidə mis­siyasının nümayəndələri ilə də görüşüb, sərhədyanı rayonlarda mövcud vəziyyət onların nəzərinə çatdırılıb. Daha sonra dövriyyəyə Arsen Torosyanın feyk-mə­lumatları “daxil olub”. Erməni deputat Baltikyanı ölkədən gələn yüksək qonaq­ları Ermənistan–Amerika investisiyası ilə tikilməsi planlaşdırılan metallurgiya za­vodunun keçmiş ərazisinə aparıb. Həmin ərazidə inşaat işlərinin dayandırılmasının səbəbi kimi isə guya, Azərbaycan Silah­lı Qüvvələrinin tikintidə çalışanları atəşə tutmasını göstərib. 

Yenə yalana, saxtakarlığa söykənən feyk-informasiyaları siyasi təzyiq alə­tinə çevirməyə cəhdlər edən, avropalı “dindaşlarının” vədlərinə uyan Hayastan rəsmiləri bununla nəyəsə nail olmağa ça­lışırlar. Fəqət faydasız və nəticəsiz vur­nuxmalardan əl çəkməyən İrəvanın Bakı ilə ikitərəfli təmaslara başlamaqdan, sülh sazişinə aparan yola gəlməkdən savayı şansının olmadığını bir daha xatırlatma­ğa ehtiyac var. 

Fuad ÇIRAQOV, 
siyasi şərhçi

İrəvan–London hərbi əməkdaş­lığı Böyük Britaniyanın da maraq­larına cavab verir. London Cənubi Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi səbəbindən öz nüfuzu­nun artmasının qayğısına qalma­ğa başlayıb. Londonda bəlkə də belə düşünürlər ki, Britaniyanın bu siyasəti onun bölgədəki enerji və infrastruktur layihələrinin təhlükə­sizliyinə də cavab verir. Ümumiy­yətlə, Cənubi Qafqazda cərəyan edən proseslərdən kənarda qal­maq istəmir. ABŞ, Fransa, Avropa İttifaqının bölgəyə aid məsələlərin müzakirəsinə, perspektivə yönəlik təşəbbüslərə fəal şəkildə qoşulduq­larını görən Böyük Britaniya da öz töhfəsini verməyə çalışır. 

Aydın məsələdir ki, Londonun bu xarakterli addımları heç bir halda Azərbaycanın qırmızı xəttini keç­məməlidir. Əlbəttə, burada söhbət ölkəmizin ərazi bütövlüyü, təhlükə­sizliyi kimi məsələlərdən gedir. Gö­rünən budur ki, Ermənistan özünün xarici siyasətini dəyişmək kursunu götürüb. Fəqət İrəvan, necə deyər­lər, “ağasını dəyişməyə çalışırsa” yenisini bizim üstümüzə göndər­məməlidir. 

İmran BƏDİRXANLI
XQ



Siyasət