Sərhəddə görüş: irəliləyiş, yoxsa yerində qaçış?

post-img

Noyabrın 30-da Azərbaycan–Ermənistan şərti sərhədində iki ölkənin baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdikləri dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iclası keçirilib. Hər iki ölkədə diqqətlə izlənilən görüş şərti sərhədin Qazax rayonu və Tavuş vilayəti hissəsində baş tutub. Görüş 3 saat davam edib.

Qeyd edək ki, budəfəki görüş say­ca beşinci idi. İndiyədək keçirilən dörd görüşdən ikisi sərhəddə (Arazdəyən kəndi və Qazax rayonu), ikisi isə xaric­də (Moskva və Brüssel) düzənlənmişdi. Görüşlə bağlı hər iki ölkənin xarici işlər nazirlikləri açıqlama yayıb. Azərbaycan XİN-in açıqlamasında bildirilib ki, tərəf­lər delimitasiya məsələlərinin müzakirə­sini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçirib­lər: “Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasi­yası üzrə Dövlət Komissiyası və Ermə­nistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüş­lərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Tərəf­lər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəa­liyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib, komissiyaların gö­rüşlərinin keçirilməsinin intensivləşdiril­məsinə dair razılığa gəliblər. Həmçinin, tərəflər komissiyaların növbəti görüşü­nün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razı­laşıblar”.

Ermənistan XİN-in yaydığı məlumat­da da oxşar fikirlər yer alıb. Bildirilib ki, tərəflər sərhədin delimitasiyası məsələlə­rinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələlərini həll ediblər. “Komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada dəqiqləşdir­mək də razılaşdırılıb”, – deyə Ermənistan XİN-in məlumatında qeyd olunub.

Məlumdur ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq öz torpaqlarını işğaldan azad edib. 2020-ci il sentyabrın 19-20-də keçirilən lokal xa­rakterli antiterror tədbirləri nəticəsində isə bütün ölkə ərazisində dövlət suveren­liyimiz bərqərar olunub. Lakin ölkəmizin 8 kəndi hələ də işğal altındadır. Bunlar hələ SSRİ dövründə Azərbaycanın Ermənis­tan ərazisində yerləşən (anklav) kənd­ləridir. Qeyd edək ki, anklav beynəlxalq hüquqda bir dövlətə məxsus, amma hər tərəfdən digər dövlətin əraziləri ilə əhatə olunmuş əraziyə deyilir. Qazax rayonu­nun Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara və Qızıl Hacılı kəndlərinin, həmçinin Nax­çıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndinin taleyi hələ də qeyri-müəyyəndir.

Rəsmi Bakı anklav kəndlərin qayta­rılması məsələsini müxtəlif platformalar­da qaldırır. Ölkəmiz kəndlərin qaytarıl­mamasını işğalın davamı adlandırır və həmin yaşayış məntəqələri üzərində də suverenliyimizin təmin edilməsi məsələ­sində israrlı olduğu özünü aydın göstərir. Prezident İlham Əliyev oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbay­canın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, həmin kəndlərin işğaldan azad olunmasının va­cibliyini vurğulayıb.

Ermənistanın isə sovet dövründə Azərbaycan ərazisində yalnız bir anklavı olub. Hayların Artsvaşen adlandırdıqları və inzibati baxımdan Gexarkunik vilayə­tinə (əsl adı Göyçə mahalı) daxil olduğu­nu iddia etdikləri həmin kənd Gədəbəy rayonunun inzibati-ərazi vahidindəki Başkənddir. Kənd 1992-ci il 6-8 avqust tarixlərində həyata keçirilən “Başkənd əməliyyatı” nəticəsində Azərbaycanın nəzarəti altına keçib.

Onu da bildirək ki, 8 kəndin Azər­baycana qaytarılmasının zəruriliyini İrə­vanda da dərk edirlər. Ermənistan hö­kumətinin başçısı Nikol Paşinyan bu il mayın 22-də keçirdiyi mətbuat konfran­sında Azərbaycanın 86,6 min kvadratki­lometrlik ərazisinə Qarabağın da daxil olduğunu etiraf etmişdi. Bundan əlavə, Paşinyan bildirmişdi ki, anklavlar Azər­baycanın ərazi bütövlüyünün bir hissə­sidir: “29,8 min kvadratkilometrlik Ermə­nistanın ərazi bütövlüyünə isə Artsvaşen də daxildir. Anklavlar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri bu ola bilər: xəttin hər iki tərəfindəki ank­lav ərazilər yerləşdikləri tərəfin nəzarəti altında qalır. Digər variant isə odur ki, sülh müqaviləsi imzalandıqdan sonra Artsvaşen Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suverenliyi altına qa­yıdacaq. Bu, siyasi nöqteyi-nəzərdən olan mövqedir, lakin hüquqi aspekt hələ də öyrənilməlidir”.

N.Paşinyanın Avropa Siyasi Birliyi­nin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində baş tutan III sammiti çərçivə­sində keçirilən dördtərəfli görüşün nəti­cəsi olaraq imzaladığı bəyannamədə də bu mövqe təkrar olunub. Həmin bəyan­namədə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı vurğulanıb. Üstündən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, məlum bəyannamə hələ də sosial şəbəkələrin erməni seqmentin­də və mediada qızğın müzakirə olunur. Bununla bağlı hazırda Ermənistanda əsassız hay-küy, təşviş müşahidə olun­maqdadır. Məsələn, müxalifətdə olan Respublika partiyasının ali orqanının üzvü, səkkiz il (2011-2019-cu illərdə) Ermənistan parlamentinin sədr müavini olmuş Eduard Şarmazanov bildirib ki, Paşinyan iqtidarının imzalamağa hazır olduğu sənəd sülh müqaviləsi deyil, real­lığa boyun əymək müqaviləsidir. O qeyd edib ki, hazırkı erməni hakimiyyəti Bakı və Ankaranın yazdığı hər şeyi imzalaya­caq: “Bu, ikinci kapitulyasiya, Ermənista­nın türkləşdirilməsi proqramı olacaq. Er­mənistan hakimiyyətinin bu günə qədər Bakının tələblərinə “yox” dediyini xatırla­mıram. Bakı Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb etdi, Pa­şinyan həmin tələbi məmnuniyyətlə ye­rinə yetirdi. Azərbaycan anklavları tələb edir, Ermənistan hakimiyyəti artıq belə bir problemin mövcudluğunu tanıyır. Üstəlik, Ermənistanın yüksək rütbəli məmurların­dan biri qeyd edib ki, artıq dörd kənd üzrə bütün məsələlər öz həllini tapıb”.

Şarmazanov qeyd edib ki, Ermənista­nı təmsil edən şəxslərin imzalamağa ha­zır olduqları sənədin məzmunu barədə, ümumiyyətlə heç bir təsəvvürləri yoxdur: “Bakı və Ankaranın yazdıqlarına imza atacaqlar. Paşinyan tələblərdən hər han­sı birinə mənfi cavab versə, Azərbaycan hərbi əməliyyata başlayacaq”.

Bu arada erməni jurnalistlər hayların “Voskepar” adlandırdıqları Əskipara kən­dində olaraq oradan reportaj hazırlayıb­lar. Kənddə məskunlaşmış Tatul Karapet­yan əli ilə evləri göstərərk deyib: “Bu üç ev Azərbaycan sərhədində yerləşir. Biz çoxdandır ki, burada yaşayırıq. Əgər bu ərazi Azərbaycana verilsə, onların hərb­çiləri dərhal bura gələcəklər. O zaman biz nə edəcəyik?!”

Kəndin yaşlı sakini Komitas Unan­yan isə sovet dövründə azərbaycanlılarla normal qonşuluq münasibətlərinə malik olduqlarından söz açıb: “Azərbaycanlı­lar bizim bütün toylarda iştirak edirdilər. Biz də onların toylarına gedirdik. Birlikdə müxtəlif tədbirlər keçirirdik. Həmin illərdə bizim aramızda çox yaxşı münasibətlər var idi. Mənim bildiyim qədər bizim bir kəndimiz – Artsvaşen də Azərbaycanda yerləşir. Ora hansısa erməninin qayıda­cağını düşünmürəm. Yaxşı olardı ki, bi­zim kəndimiz azərbaycanlılara, onların kəndi isə bizə qalsın. Çünki bizə qalan kəndlər strateji cəhətdən vacibdir. Həmin yol bizi İranla, Gürcüstanla birləşdirir. Anklav kəndlər Azərbaycana verilsə, biz İrana və Gürcüstana rahat gedib-gələ bil­məyəcəyik”.

Zarui Manuçaryan qeyri-müəyyən vəziyyətdə olduqlarını bildirib. Deyib ki, yaxın gələcəkdə nə olacağını heç kim bilmir: “İnsanlar gələcəyə olan inamlarını itiriblər. Burada iş yerləri yoxdur. Həyat çox ağırdır. Buna görə də çoxları, əsasən də gənclər kəndi tərk ediblər. Anklavlar məsələsi bu gün bizi çox narahat edir. Deyirlər ki, azərbaycanlılar bura qayıt­maq istəyirlər. Belə olan halda mən hara gedəcəyimi bilmirəm”.

Əlbəttə, kənd sakinlərinin anklavların Azərbaycana qaytarılmasının qeyri-real olduğunu iddia etmələri heç bir hüquqi əhəmiyyət daşımır. Azərbaycan öz ərazi­sini erməni işğalından azad edib və bü­tün Qarabağ və Şərqi Zəngəzur üzərində dövlət suverenliyimiz bərqərar olunub. İndi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün rəsmi İrəvan 8 anklav kəndi də qaytar­malıdır. Həmin kəndlərdən zorla qovulan azərbaycanlılar doğma yurdlarına qayıt­madıqca iki ölkə arasında problemləri tam həll olmuş saymaq mümkün deyil.

İlyas HÜSEYNOV, 
politoloq

– Azərbaycanla Ermənistan ara­sında noyabrın 30-da sərhəddə belə bir görüşün keçirilməsi əvvəlcədən planlaşdırılmışdı. Görüşün keçirilməsi çox önəmlidir. Çünki Qərb, yaxud Ru­siya platformasında keçirilən görüşlər­də böyük fasilə var. Bu da müəyyən konyukturanın, qərəzliliyin nəticəsidir. Ermənistan Rusiya ərazisində görüş­lərin keçirilməsi məsələsini tamamilə başqa cür qəbul və şərh edir. Azərbay­canın isə Qərbin qərəzli münasibəti qarşısında prinsipial duruşu və siyasi iradəsi mövcuddur. Belə olan halda, əlbəttə, birbaşa danışıqlar, təmaslar daha düzgündür. İndiki format Azər­baycan tərəfindən hər zaman dəstək­lənib və prioritet hesab olunub.

Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların işi bir sıra məqsədlərə xidmət edir. Yaddan çıxarmamaq la­zımdır ki, komissiya həm də nəqliy­yat-kommunikasiya xətlərinin açılması üzrə işçi qrupunun davamıdır. Onun inkişaf etdirilməsi üçün əsas determi­nantdır. Bu işlər paralel şəkildə icra olunur.

Düşünürəm ki, burada problemli və həlli müəyyən zaman tələb edən məsələlər olsa da, artıq delimitasiya komissiyasının əsasnamə layihəsinin hazırlanmasına dair razılıq əldə olun­ması önəmli haldır. Düşünürəm ki, əsasnamə yaxın vaxtlarda hazırlana­caq və təsdiq olunacaq. Eyni zaman­da, qarşıdakı dövrdə komissiyanın görüşlərinin keçirilməsinin intensivləş­dirilməsinə dair mövqe ifadə olunması göstərir ki, danışıqlar düzgün məcrada gedir.

Komissiyanın işini biz həm də anklavlar məsələsinin həlli üçün əsas element hesab edirik. Çünki sərhədlər müəyyənləşərsə, beynəlxalq səviyyə­də sərhədlərə hörmət ifadə olunarsa, ərazi iddiaları olmazsa, o zaman ank­lavlar məsələsi də həllini tapar.

Səxavət HƏMİD
XQ



Siyasət