Avropa Parlamentinin “hesabatları”, yaxud ermənipərəstliyin 2023-cü il xronikası

post-img

Qurumun anti-Azərbaycan mövqeyindəki köhnə-yeni motivlərə sözardı

Avropa Parlamentinin iki qurumu ermənipərəst və anti-Azərbaycan mahiyyət daşıyan hesabat hazırlayıb. Bu qurumlardan biri Xarici əlaqələr komitəsi, digəri Nazirlər Şurasıdır. Birincinin hesabatı ümumi təhlükəsizlik və müdafiə məsələləri, ikincininki isə xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə bağlıdır. 

Başlayaq, AP-nin Xarici əlaqələr komitəsinin illik hesabatından. Daha doğrusu, Azərbaycanın Qarabağda bu il sentyabrın 19-da həyata keçirdiyi lo­kal xarakterli uğurlu antiterror tədbirlə­rinin işğalçılıq əməli olaraq qiymətlən­dirilməsindən. Əlbəttə, son dövrlər bu sayaq yarıtmaz fikirlərin əksini tapdığı hesabatları, məqalələri çox görmüşük. Ona görə ilk baxışdan AP kimi həmişə ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilmiş “pensionerlər klubu”nun qə­bul etdiyi sənədlərdə təəccüblənəcək heç nə yoxdur. Amma nəzərə alaq ki, belə yanaşmalar, ümumən, dünyada Azərbaycan əleyhinə mənfi rəy forma­laşdırmağa söykənib. Bu səbəbdən onların üzərində dayanmağa ehtiyac duyuruq. Belə kağız parçalarına nəzər salmağa ehtiyac həm də ona görə var ki, bu “hesabatlar” mahiyyətcə erməni avantürizmi üçün illüziya yaradır və onun təsiri yaşadığımız Cənubi Qafqaz regionunda, daha doğrusu, Azərbay­can-Ermənistan şərti sərhədində dər­hal hiss olunur.

Bəli, AP-nin Xarici əlaqələr komitə­sinin ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsinə dair illik hesabatında ölkəmizin “həyata ke­çirdiyi hücumun” nəticəsiz qalmama­lı olduğu bildirilir və belə bir qənaətə gəlinir ki, Aİ atəşkəsin çoxsaylı pozun­tularına görə, guya, məsuliyyət daşı­yan Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməlidir. Sənəddə, həmçinin Aİ Azərbaycanla enerji sahə­sindəki razılaşmaları dayandırmağa çağırılır. 

Göründüyü kimi, ölkəmizə qar­şı, ənənəvi, belə demək mümkünsə, sanksiya məntiqi işə salınır. Ancaq hazırda bu “məntiqlə” yanaşı, digər məsələ də önə çəkilir. Təsəvvür edin, AP-nin “hesabat konstruktorları” bu dü­şüncədədirlər ki, Azərbaycanda insan haqları ilə bağlı dramatik vəziyyət var və buna görə Aİ Bakı ilə yeni tərəfdaş­lıq sazişi üzrə danışıqları dayandırma­lıdır: “Aİ-nin Azərbaycanla münasibət­lərinin istənilən dərinləşməsi, ölkənin insan hüquqlarının, qanunun aliliyinin, demokratiyanın və əsas azadlıqların, o cümlədən, etnik azlıqların müdafiəsin­də mühüm irəliləyişlərin qeydə alınma­sı şərti ilə olmalıdır”, – deyə hesabatda bildirilib.

İnsan hüquq və azadlıqlarından söz düşmüşkən, bu sahə müstəvisin­də manipulyasiyalar müasir dövrün acı gerçəkliklərindən biridir. Deyərdik ki, bu, hətta qatı ermənipərəstlikdən də qat-qat zərərli tendensiyadır. An­caq, təəssüf ki, Qərb dünyası mövcud xüsusdakı oyunbazlığından qalmır. Ən pisi isə budur ki, təməl prinsiplə­ri siyasi məqsədlərin girovuna çevirir. Diqqət yetirək: İllərdir Azərbaycana qarşı qeyd etdiyimiz ritorikadan istifadə edilir, ittihamlar yağdırılır, ancaq bunun müqabilində ölkəmizlə inkişaf dərinləş­dirilir. Buradan gəlinən elementar qə­naət budur ki, Qərb dünyası riyakardır. Axı, sual yaranır: Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı dözül­məz durum hökm sürürdüsə, bəs nə üçün onunla əməkdaşlıq münasibətləri vüsət alırdı və yenə də vüsət almaqda­dır? Sadə məntiqlə yanaşsaq, görərik ki, bəşəri dəyərlərə xəyanət yolu tutan elə Qərbin bəzi dairələrinin özləridir. İndi də xəyanətlərini ermənipərəstlik musiqisinin notlarına kökləyiblər. 

Bəli, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin hesabatındakı ermənipərəstlik özünü Aİ-nin Ermənis­tanda yaratdığı mülki müşahidə missi­yasının təriflənməsində də göstərmək­dədir. Hesabat müəlliflərinin fikrincə, guya, bu missiya regionda təhlükəsiz­liyin möhkəmləndirilməsinə müstəsna dəstəkdir. Söhbət Aİ-nin Azərbaycan – Ermənistan şərti sərhədinin Ermə­nistan tərəfindəki missiyadan gedir. O missiyadan ki, tərkibi pensiyada olan alman polislərindən və fransız jandarm­larından ibarətdir və onların işi-gücü sərhəd boyu ora-bura maşın sürmək­dən başqa bir şey deyil. Hərdənbir də əllərindəki sınıq durbinlərlə Azərbay­cana tərəf baxırlar. Bütün bunlar isə beynəlxalq rəyə nəinki Ermənistanın, habelə Cənubi Qafqazın təhlükəsiz­liyinin təminatı tədbiri olaraq sırınır. Necə deyərlər, köhnə hamam, köhnə tas. Sən demə, sözügedən missiyas­nın tərkibi, imkanları və coğrafi əhatəsi genişləndirilməli, müddəti daha beş il uzadılmalıdır. Hər şeyi başa düşdük, beş illik müddət necə müəyyənləşdi­rilir, anlamaq mümkünsüzdür. Üstəlik, əgər missiya təhlükəsizliyi təmin etmək üçündürsə, o zaman nəyə görə onun Azərbaycan ərazisində və Qarabağda fəaliyyət göstərməsi üçün ölkəmizə ça­ğırış ünvanlanır? Axı, Azərbaycan öz təhlükəsizliyini qoruya bilir. Digər tərəf­dən, bir sual da meydana çıxır: müşa­hidəçilərin Qarabağda nə işi var?

Aydındır ki, məsələ təhlükəsiz­likdə deyil, Cənubi Qafqazda siyasi məqsədlər reallaşdırmaqda, Qara­bağdakı erməni avantürizminin dava­mı üçün, başqa sözlə desək, tutacaq yerlər tapmaqdadır. Deməli, beş illik müddət təsadüfən seçilməyib. Gö­rünür, avropalılar belə başa düşürlər ki, 2025-ci ildə rus sülhməramlıları bölgəni tərk etdikdən sonra, onların yerini Aİ-nin müşahidə missiyası tut­malıdır. Yəni, təhlükəsizlik ritorikası ilə bağlı başlıca vurğu Ermənistanın və Qarabağın təhlükəsizliyi üzərin­dədir və deməli, Qərb dünyası İrəva­nın Qarabağ iddiası üzərində Cənubi Qafqazda möhkəmlənmək planı qu­rur. AP-nin Xarici Əlaqələr Komitəsi­nin hesabatındakı başlıca məram da elə buna “xidmətdir”. 

Hesabatdakı digər məqama ke­çid alaq. Məlumdur ki, son zamanlar dünyanın müxtəlif yerlərindən, o cüm­lədən, Qərb ölkələrindən Ermənistana silah-sursat axını var. Ölkənin təhlükə­sizliyinin, müstəqilliyinin və suverenli­yinin qorunmasında Aİ-nin dəstəyinin qeyd olunduğu sənəddə isə tərəflər, yəni Ermənistan və Aİ arasında müda­fiə sahəsində daha əhatəli və genişlən­dirilmiş əməkdaşlıq təşviq edilir. Belə nəticəyə gəlirik ki, avroparlamentarilər İrəvanın Bakıya qarşı duruş gətirəcək qüvvəyə çevrilməsi üçün çağırış edir­lər. Bu da sülh qaranquşları! Hər halda, onların məqsədinin qaranquşluq deyil, bayquşluq olduğunun fərqinə vardınız. 

Hesabatda Azərbaycanın gələcək­də, guya, Ermənistana qarşı təcavüz törədəcəyi məntiqi qabardılır. Hazırda bu “məntiq” Qərb dünyası üçün çox populyardır. Ölkəmizin təcavüzkar obrazının formalaşdırılması niyyətinə hesablanmış belə dezinformasiyalarla beynəlxalq ictimaiyyətin çaşdırılması yolu tutulur. Əlqərəz, saxta hesabat müəllifləri təfəkkürlərinin mücərrəd güşəsindən enerji alaraq düşünürlər ki, Azərbaycan Ermənistan üzərinə hücu­ma keçsə, Azərbaycandan neft və qaz idxalı dayandırılmalıdır. Nə qədər əb­ləh olasan ki, belə bir sərsəm iddianı gündəmə gətirəsən? Adam təəccüblə­nir. Mənzərə axmaq adamın oturduğu ağac budağını kəsməsinə bənzəyir. Bu duruma müəyyən mənada sevinmə­liyik. Sevinməliyik ki, nə yaxşı Avropa Parlamenti söz sahibi deyil... 

***

İndi isə qısaca AP-nin Nazirlər Şurasının qəbul etdiyi ümumi xarici və təhlükəsizlik siyasətinin həyata ke­çirilməsinə dair illik hesabatından söz açaq. Niyə qısaca? Çünki bu hesabat da prinsipcə əvvəl haqqında söz açdı­ğımız sənədin oxşarıdır. Başlıca vurğu­nun Azərbaycanın Qarabağ ermənilə­rinə qarşı “əvvəlcədən planlaşdırılmış və əsassız” hücumunun pislənilməsinə qoyulmuş hesabatda bir qədər də “irə­li gedilərək” erməni mədəni, tarixi və dini irsinin mühafizəsi tələb olunub. Bildirilib ki, Qarabağ UNESCO stan­dartlarına və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğundur. Təzadlı məqa­ma baxın: bir tərəfdən Qarabağ, faktiki olaraq, Azərbaycana məxsus olmayan ərazi kimi göstərilir, antiterror tədbirləri işğalçı müharibə qismində vurğulanır, məsuliyyət məsələsinə gəlincə, yada Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklər salınır. 

Hesabatda “Qarabağa qarşı son hərbi əməliyyat və de-fakto etnik tə­mizləmə nəticəsində ciddi şəkildə ən­gəllənən” Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarının davamı­na dəstək ifadə olunub. Əlbəttə, belə məntiq heç də pozitiv yanaşmadan xəbər vermir. Çünki ardınca bildirilən­lər onu deməyə əsas verir ki, avro­palıların fikrincə, sülh Ermənistanın hazırkı hakimiyyətinin qorunmasına xidmət göstərməlidir. Heç şübhəsiz ki, həm də gücləndirilməsinə. Görünür, hesabat müəllifləri baş nazir Nikol Pa­şinyan administrasiyasının təxribatçı hərəkətlərinin yekunda onun iqtidarı­nın laxlaması reallığını doğurduğunun fərqinə varıblar. Onların diqqət yetirdiyi digər məqam isə Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığıdır. Bu­rada da qara-qışqırıq salınması əsas götürülüb. Sanki, kimlərsə ölkəni işğal etməyə hazırlaşırlar... 

***

Bəli, əvvəldə də bildirdik ki, Qərb dünyası belə qərəzli və aşkar ermə­nipərəst niyyət güdən hesabatlar yay­maqla, əslində, Cənubi Qafqazdakı du­rumu gərginləşdirmək yolu tutur. Çünki hər belə sənəd avantürist məqsədlərə və Azərbaycana qarşı ərazi iddiasına köklənmiş Ermənistan üçün növbəti illüziya qaynağıdır. Regiondakı duru­mun ağırlaşması isə heç şübhəsiz, həmin Qərbin üstündə əsdiyi Paşin­yan iqtidarı üçün acınacaqlı durum vəd edir. Buna görə də avropalıların real­lıqları görmələri, ondan çıxış etmələri, anti-Azərbaycan, ermənipərəst kursu dayandırmaları şərtdir. Onlar nəzərə almalıdırlar ki, illüziya bataqlığına çək­dikləri rəsmi İrəvanın həmin bataqlıqda boğulması yalnız məsələsidir. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət