Erməni ictimai rəyi və sülhün ağır şərtləri

post-img

Alen Simonyanın bomba təsiri yaradan açıqlaması hansı müzakirələrə səbəb olub?

Məlum olduğu kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü açıqlayıb. Məsələ erməni ictimai rəyində geniş müzakirə olunmaqdadır. Həm də ona görə müzakirə olunmaqdadır ki, Simonyanın fikirləri sənəddə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı heç bir müddəanın yer almayacağını söyləməyə əsas verməkdədir. 

Halbuki, baş nazir Nikol Paşinyan xüsusən də bu il oktyabrın 5-də keçirilmiş və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakdan imtina etdiyi Qranada sammiti sonrası sözügedən məqamı, az qala, həyati əhəmiyyətli məsələ kimi qabardırdı. O, ölkəsinin ictimai televiziyasına müsahibəsində bildirmişdi ki, Qarabağ erməniləri üçün hüquq və təhlükəsizliyi özündə ehtiva edəcək sülh prinsip­lərinin korrektəsi mümkünsüzdür. Elə məhz buna görə də Simonyanın dedikləri Ermənistan cəmiy­yətində, bir növ, bomba effekti yaradıb. 

Erməni siyasilər bildirirlər ki, ölkənin hakim komandası uzun müddətdir cəmiyyətin Qarabağ müstəvisindəki vəziyyətlə barışması üçün zəmin hazırlayır. Onlar, ümumən, Qarabağ mövzusu­nun Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının nümayəndələri üçün hansısa “qırmızı xətt” əhəmiyyəti daşımadığını vurğulayaraq, ha­ray-həşir qaldırırlar. Mövcud xüsusda “Vətəndaş sazişi”nin 2021-ci ilin növbədənkənar parlament seçkiləri öncəsi verdiyi vədləri qabardırlar. Yada salaq ki, hakim komanda vədlərində seçkilərdə qələbə qazanılacağı təqdirdə, Hadrutu və Şuşa­nı azad etməkdən də dəm vurmuşdu. Və həmin A.Simonyan seçki kampaniyası zamanı düzən­lənmiş mitinqlərdə vəcdə gələrək qışqırmışdı ki, Qarabağın gələcəyi var. Ona görə də Ermənistan müxalifləri belə bir sual verməkdə haqlıdırlar: Bir şeyi ki, edə bilməyəcəkdiniz, nə üçün boş-boş da­nışırdınız?

Bəli, qeyd etdiklərimiz, ümumən, Ermənistanın hakim komandasının qeyri-ciddiliyinin ən böyük göstəricisi­dir. Maraqlıdır ki, eyni dəst-xətt bu gün üçün də davamlıdır. Qranada sammi­tində imzalanmış lakmus kağızlarından ruhlanmış Paşinyanın ictimai televizi­yanın efirindəki sərsəmləmələrini tə­sadüfən xatırlamadıq. Nəzərə alaq ki, ötən üç illik müddət Ermənistanın özü­nüinkar tarixinin ən riyakar səhnələrinə şahidlik edib. Bu səhnələrin ayrı-ayrı epizodları artdıqca, İrəvanın itkilərinin miqyası genişlənir. Ancaq tipik ermə­ni xəstəliyi bunu görməyə və rasional qərar verməyə imkan tanımır. Demə­li, müxaliflər Paşinyan və komandası üçün heç bir “qırmızı xətt” anlayışının olmadığını vurğulamaqda haqlıdırlar. 

Ermənistanın əks siyasi düşərgəyə mənsub şəxsləri onu da bildirirlər ki, Paşinyan iqtidarının təmsilçilərinin nəzərlərindəki “qırmızı xətt” anlayışın­da ölkənin və xalqın maraqları yoxdur, onlar hər şeyi yalnız öz hakimiyyətləri­ni saxlamaq naminə həyata keçirirlər. Azacıq diskomfortu oturduqları kres­loları üçün təhlükə kimi dəyərləndirib dərhal tədbirlər görməyə girişirlər. Bu zaman isə son dərəcə məsuliyyətsiz, reallıqdan uzaq bəyanatlar səsləndirir, nəticə etibarilə xalqı və ictimaiyyəti al­dadırlar. 

Ermənistanın müxalifət təmsilçiləri bir məqamı da vurğulayırlar ki, Paşin­yan hakimiyyətinin məsuliyyətsizliyini və qeyri-ciddiliyini Bakıda və Ankarada görürlər. Onlar bu səbəbdən əmindir­lər ki, Azərbaycanla imzalanacaq sülh müqaviləsində Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi, habelə böl­gədə etnik təmizləmə, erməni hərbi əsir və girovların qaytarılması haqqında heç bir müddəa yer almayacaq. Eyni zamanda, müqavilə Bakıya Qazaxın 7 kəndini və Naxçıvanın Kərki kəndini tələb etmək imkanı verəcək. Əgər bu şərtlər yerinə yetirilməsə, Azərbaycan durumu yenidən hərbi əməliyyatlara başlamaq üçün bəhanəyə çevirəcək. 

Diqqətə çatdırdıqlarımız fonun­da vurğulanmalı başlıca məqam isə Ermənistanda əks düşərgədə yer alanların özlərinin də xəstə təfəkkür daşıyıcıları olmalarıdır. Bu adamlar reallıqları, özü də obyektiv reallıqları görürlər, amma məsələni haqq kimi qiymətləndirmək istəmirlər, əksinə və­ziyyəti Paşinyan iqtidarına qarşı etiraz müstəvisinə gətirib, özlərinin barış­mazlıq məntiqlərini işə salırlar. Nəticə­də Nikol və komandası çaşqınlıq içinə düşür. Çünki hazırkı erməni iqtidarı qətiyyətsiz və cəsarətsizdir. Əslində, 44 günlük müharibədən sonra Ermə­nistanın Azərbaycanla sülhə gəlməmə­sində, çoxsaylı manipulyasiyalara baş vurmasında haqqında söz açdığımız cəsarətsizliyin və qətiyyətsizliyin də payı böyükdür. Təbii ki, bu, heç də rəs­mi İrəvanın da anti-sülh mövqeyində olub avantürizmə meyil göstərmədiyini söyləmək üçün əsas deyil... 

***

Qeyd edək ki, Ermənistandakı müxalif kəsim A.Simonyanın açıqla­ması fonunda Qərb amilini də qabar­dır. Düşərgəyə məxsus siyasilər ABŞ-ın sülh lobbiçiliyi üzərində dayanırlar. Məlum olduğu ki, artıq Ermənistanda belə bir fikir var ki, Azərbaycanla ABŞ arasında Ermənistan xüsusundakı gərginlik görüntü xarakteri daşımaq­dadır və bu görüntü sonda, loru dildə desək, İrəvanın başında çatlayacaq. ABŞ Azərbaycanın mövqeyini qəbul edir və sülh müqaviləsində Qarabağ erməniləri ilə bağlı heç bir müddəanın olmaması ilə razılaşır. Əks halda, böl­gədəki rus sülhməramlılarının gələcək mövcudluğu üçün əsas qalacaq. Digər tərəfdən, Ermənistanda hesab edirlər ki, ABŞ Azərbaycanla dövlət katibinin köməkçisi Ceym O'Braynın fikirlərin­dən sonra yaranmış gərginliyi aradan qaldırmaqda maraqlıdır. O cümlədən, Birləşmiş Ştatların rəsmi Bakının sərt yanaşmasını yumşaltmaq istədiyi fikri önə çəkilir. 

Qeyd edək ki, ötən həftə ABŞ Senatının aşağı palatası olan Nü­mayəndələr Palatasında Qarabağ­la bağlı, habelə Azərbaycana dövlət yardımının dayandırılmasına dair din­ləmələr keçirilmişdi. Həmin dinləmələr­də C.O'Brayn Ermənistanla sülh danı­şıqlarında irəliləyiş əldə olunmayana qədər, Azərbaycanla ikitərəfli əlaqələ­rin olmayacağını vurğulamışdı. Erməni siyasilər Bakının buna qarşılıq qətiy­yətli mövqe tutduğunu bildirir və hesab edirlər ki, A.Simonyanın və onun şəx­sində erməni iqtidarının hazırkı dişsiz duruma düşməsi elə bununla bağlıdır. 

Əlbəttə, qeyd etdiyimiz kimi, Paşin­yandan narazı kəsimin təmsilçiləri real­lıqları dilə gətirsələr də, bunu hadisələ­rin gedişinə pozitiv təsir göstərmək üçün etmirlər. Sən demə, daha konkret səciyyə daşıyan məqsədləri var. Onlar rəsmi Vaşinqtonun İrəvanı Bakının ha­zırkı şərtlərilə sülhə gətirmək niyyətini Rusiyanın mümkün təsirindən sığorta xüsusunda qiymətləndirirlər. Bildirirlər ki, münaqişəni hamarlaşdırmağa ça­lışan Birləşmiş Ştatlar dekabrın son ongünlüyündə Sankt-Peterburqda ke­çiriləcək Avrasiya İqtisadi İttifaqı lider­lərinin sammitinə və MDB ölkələri li­derlərinin qeyri-rəsmi görüşünə qədər, Ermənistan üçün alçaldıcı sülh müqa­viləsinin imzalanması prosesini sürət­ləndirməyə çalışır. Erməni siyasilər bu qənaətə gəlirlər ki, hazırkı məqamda hər şey Azərbaycan Prezidenti İlham Əliyevdən asılıdır. Onların fikrincə, Qarabağ kitabı artıq çoxdan bağlanıb, Ermənistan qoyulan şərtlərlə razılaş­malıdır. Başqa çıxış yolu isə istefadır...

Ə.CAHANGİROĞLU
XQ

Siyasət