Daşkənddə keçirilən ikinci Qlobal Forumda Azərbaycan da iştirak edib

post-img

Daşkənddə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində parlamentlərarası əməkdaşlıq üzrə ikinci Qlobal Forum keçirilib. 

     Forumda xarici ölkə parlamentlərinin rəhbərləri, parlamentlərarası təşkilatların, gənclər parlamentlərinin, dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, elmi-tədqiqat müəssisələrinin təmsilçiləri iştirak edib. 

     Tədbirə Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti də qatılıb. 

     Forumu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva açaraq ölkə parlamentləri, hökumətləri ilə vətəndaş cəmiyyəti institutları arasında ənəkdaşlığın möhkəmləndirilməsinə diqqət verilməsinin vacibliyindən danışıb, BMT-nin dayanıqlı inkişafla bağlı məqsədlərinə çatmaqda bu əməkdaşlığın  mühüm rolu olduğunu vurğulayıb. 

     Adil Əliyev öz çıxışında bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi müasir dövrün çağırışları ilə bağlı olan ən aktual məsələlərin müzakirəsi prosesinə ali qanunvericilik orqanlarının cəlb olunmasında maraqlıdır. Bu günkü forum bir daha göstərir ki, milli parlamentlər və parlamentlərarası strukturlar dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsi üçün əlindən gələni etməyə hazırdır. Bu da həm Azərbaycan, həm də forum iştirakçısı olan digər dövlətlər üçün böyük əhəmiyyət kəsb edir. 

     A.Əliyev deyib:”2016-cı ildə dövlət başçısı Azərbaycan Respublikasının dayanıqlı inkişafı üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalayıb. Şuranın məqsədləri arasında sosial-iqtisadi sahədə dövlət proqramlarının BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılmasını təmin etmək də var”.

     Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycanın 30 il ərzində Ermənistanın işğalı altında olar əraziləri azad edildikdən sonra burada tikinti-quruculuq işləri aparılır. “Ağıllı şəhər”,”Ağıllı kənd” layihələri həyata keçirilir. Bu proseslər dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə sıx bağlıdır. Qeyd etmək istəyirəm ki, şəhər və kəndlərin yenidən qurulması, əhalinin işğaldan azad olunmuş torpaqlara qayıtması, müasir infrastrukturun yaradılması məqsədi ilə 2024-cü ilin dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılıb. 

     Forumun bölmələr üzrə keçirilən iclasında Azərbaycan Milli Məclisinin  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycanda gender bərabərliyi ilə bağlı ətraflı çıxış edib. 

     Forumun sonunda Daşkənd Bəyannaməsi qəbul olunub. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 





Sosial həyat