“Paşinyan ardıcıl olaraq Ermənistanın xarici siyasətini dəyişmək yolu ilə gedir və Ermənistanı Rusiya və Qərb qoşunlarının döyüş meydanına çevirməklə, Ukraynanın taleyini təkrarlamaq yolunu tutub”.
“Caliber” xəbər verir ki, bunu Ermənistan mətbuatına müxalifətçi, sabiq deputat Qaqik Minasyan Nikol Paşinyanın KTMT-nin iclasında iştirak etməmək barədə dünənki qərarını şərh edərkən deyib.
O bildirib ki, N.Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra da Ermənistanın xarici siyasət vektorunun dəyişməli olduğu açıq-aydın görünürdü, buna görə də rəngli inqilab baş verdi: “Xarici siyasət vektorunu dəyişən bütün ölkələrdə məhz belə olur. Etiraf etməliyik ki, baş verənlər rəngli inqilabdır, rəngli inqilabların mahiyyəti isə aldatma və populizmdir. İnsanlar hakimiyyətə öz vədlərini deyil, ağalarının əmrlərini yerinə yetirmək üçün gəlirlər. Xarici siyasət vektorunu Qərbə, NATO ölkələrinə dəyişməklə Ermənistan təkcə müttəfiqi olan Rusiyadan yox, İrandan da məhrum olacaq”.
Deputat qeyd edib ki, bu addım dağıdıcı olacaq, Ermənistan təklənəcək.
“Əziz insanlar, Nikolun partiyası müharibə və ölüm partiyasıdır. “Erməni xalqına müharibə və ölüm” bu partiyanın alnına belə yazılıb. Onlar bu 5 il ərzində erməni xalqına bunu gətiriblər”, - deyə Minasyan bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ