Müstəqil dövlətin manifesti

post-img

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günüdür

Bəri başdan deyək ki, Azərbaycan Konstitusiyasının layihəsini ulu öndər Heydər Əliyev öz əli ilə işləyib hazırlamış və ölkə ictimaiyyətinin müzakirəsinə vermişdir. Ona görə də bir çox siyasətçi və hüquqşünaslar bizim Əsas Qanunumuzu “Heydər Əliyev Konstitusiyası” adlandırırlar. Xatırladaq ki, ötən əsrin 70-ci illərində qəbul edilmiş anoloji sənədimizə də “Heydər Əliyev Konstitusiyası” deyirdilər. Bu barədə bir az sonra ... 

Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi barədə qərar 1921-ci il mayın 6-da Ümum-Azərbaycan So­vetlər Qurultayında qəbul edilmişdir. 15 günlük müzakirələrdən sonra məhz qurultay nümayəndələri tərəfindən qə­bul edilmiş ilk Konstitusiyamız 5 bölmə, 15 fəsil və 104 maddədən ibarət idi. O dövrün siyasi quruluşu və hakimiyyətin təşkili qaydası, seçkilərin keçirilməsi, dövlət rəmzləri (gerb və bayraq) və bir çox məsələlərin öz əksini tapdığı ilk Konstitusiyamız insanların bərabərlik hüququnu təsbit etsə də, bəzi kateqo­riyadan olan şəxsləri seçki hüququn­dan məhrum edirdi. Bu isə tam təbii idi. Çünki Azərbaycan da digər ölkələr kimi, çar üsul-idarəsindən yenicə azad olmuşdu və üstəlik, bu ölkədə demok­ratik dövlət qurulub dağıdılmışdı. Ona görə də birbaşa hamıya səsvermə hüququnun verilməsi o dövr üçün yol­verilməz hesab olunurdu. 

1927-ci il martın 26-da Beşinci Ümum-Azərbaycan Sovetlər Qurulta­yında ikinci Konstitusiya qəbul edildi. Bunun üçün mühüm zərurət yaranmış­dı. Çünki ötən 6 il ərzində həm SSRİ, həm də ZSFSR (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası) ya­ranmış, Azərbaycan bu qurumlara daxil olmuş, ölkə ərazisində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edilmişdi ki, bu amillər Əsas Qanun­da öz əksini tapmalı idi. Üstəlik, dövlət strukturunun inzibati-ərazi bölgüsündə bir sıra dəyişikliklər edilmişdi. Doğru­dur 1925-ci ilin martında Azərbaycan Konstitusiyasına bir sıra dəyişiklik və əlavələr edilmişdi. Ancaq zaman yeni Konstitusiyanın qəbulunu tələb edirdi.

1937-ci ildə qəbul edilmiş üçüncü Konstitusiya əvvəlki analoji sənədlər­dən bir neçə cəhət ilə fərqlənirdi. Bu­rada “İctimai quruluş”, “Vətəndaşların əsas hüquq və vəzifələri”, “Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqan­ları”, “DQMB-nin dövlət hakimiyyəti orqanları”, “Məhkəmə və prokurorluq” adlı fəsillər yer almışdı. Ən başlıcası, bu sənədlərin hamısı məhz qurultaylar vasitəsilə qəbul edilirdi. 

Bu qəbildən olan sənədlərin la­yihəsinin ümumxalq müzakirəsinə verilməsinin təməlini isə ümummilli liderimiz Heydər Əliyev qoydu. Ötən əsrin 70-ci illərin ortalarında “inkişaf etmiş sosializm” cəmiyyəti üçün Əsas Qanunun işlənib hazırlanması zərurə­ti ortaya çıxmışdı. Uzun sürən mü­zakirələrdən sonra SSRİ-nin üçüncü Konstitusiyası 1977-ci il oktyabrın 7-də qəbul edildi. 1978-ci il aprelin 21-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında isə respublikamızın sayca dördüncü Konstitusiyası qəbul edildi. İlk dəfə idi ki, Konstitusiyada insanların sağ­lamlığının mühafizəsi, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, yaradıcılıq azadlığı təs­bit edilirdi. Ən başlıcası, həmin Kons­titusiyada Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu göstərilirdi. 

İlk bəndi “Dövlət hakimiyyətinin ye­ganə mənbəyi Azərbaycan xalqıdır” müddəası ilə başlanan 1995-ci il Kons­titusiyamız barədə danışarkən xüsusilə qeyd edilməli məqamlar ondan ibarət­dir ki, bu əsas qanunumuz parlamentin qərarı ilə deyil, xalqın referendumda verdiyi səslə qəbul edilmişdi. Daha bir önəmli məqam Əsas Qanunda Azər­baycanın dövlət quruculuğunun əsas­ları müəyyən edilmiş, respublikamız demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritet olduğu və hakimiyyət bölgü­sünü özünün gələcək inkişaf yolu kimi seçməsi idi. 1978-ci il Konstitusiyasın­dan fərqli olaraq yeni Konstitusiyada qanunvericilik hüququ ancaq Milli Məc­lisə verilir. Bir palatalı parlament olan Milli Məclisin əsas funksiyası qanun ya­radıcılığı ilə məşğul olmaqdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qə­bul olunduğu gün — noyabrın 12-si hər il Azərbaycan Respublikasının Konsti­tusiyası Günü kimi qeyd olunur.

1995-ci il noyabrın 27-dən qüvvəyə minmiş həmin Konstitusiyaya 2002-ci il avqustun 24-də , 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) bəzi dəyişikliklər edildi. Bu dəyişikliklər barədə. Ulu öndər hələ 1995-ci ilin yayında demişdi ki, gənc müstəqil Azərbaycan dövlətinin həya­tında baş verən proseslərin yaradacağı yeni çağırışlara cavab olaraq, Konsti­tusiyamızda ümumxalq səsverməsi ilə dəyişikliklər edilə bilər. 

Bu sənədin preambulasında deyilir ki, yeni Əsas Qanun bizim qarşımız­da Azərbaycan dövlətinin müstəqilliyi­ni, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edil­məsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək və nəhayət, ümumbəşəri dəyərlərə sadiq dünya xalqları ilə dostluq, sülh və əmin-aman­lıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək vəzifələ­rini qoyur. 

Bütün soydaşlarımız kimi, biz də Əsas Qanunumuzun Birinci fəslinin bi­rinci bəndi ilə fəxr edirik: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.

Beynəlxalq aləmdəki dostlarımız Azərbaycan haqqında danışarkən fəxr­lə yada salırlar ki, bu dövlətin Konsti­tusiyasının 47 maddəsi əsas insan hüquq və azadlıqlarının qorunmasını tələb edir. Bu isə ədalətli cəmiyyətin, obyektiv idarəetmənin və demokratik quruluşun təzahürüdür. 

Məhz bu keyfiyyətlərinə görə, Azər­baycan Konstitusiyası bizi uğurlardan uğurlara aparır. Fikrimcə, bizim otuz il davam edən işğala son qoya bilmə­yimiz də məhz ədalətli cəmiyyətin, obyektiv idarəetmənin və demokratik quruluşun mövcudluğunun nəticəsi idi. Həmin dəyərlər mövcud olmasay­dı, xalq–iqtidar birliyi də yaranmazdı, xalq–ordu vəhdəti də. Həmin birliyin sayəsində biz ölkəmizin ərazi bütövlü­yünü də bərpa etdik, bütün torpaqlar üzərində suverenliyimizi də. 

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət