Baş nazirin müavini, Azərbaycan–Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində təşkil olunan Honçiao Beynəlxalq İqtisadi Forumunda çıxış edərək son illər Azərbaycanın bu ölkə ilə iqtisadi əməkdaşlığının genişlənərək bütün sahələrdə nəzərəçarpacaq inkişafa səbəb olduğunu bildirib. Ş.Mustafayev daha sonra respublikamızın Çinlə əlaqələrini gücləndirən və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradan “Bir kəmər, bir yol” təşəbbüsünün əsas istiqamətlərindən biri olan “yaşıl inkişaf”ın təşviqini dəstəklədiyini vurğulayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin birgə səyləri sayəsində iki ölkə arasında siyasi dialoq və ənənəvi dostluq getdikcə möhkəmlənir, dövlətlərarası münasibətlər inkişaf edir, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq yüksək dinamik göstəricilərlə nəzərə çarpır.
“Yaşıl transformasiya” prosesinə öz töhfəsini verən Azərbaycan zəngin təbii resurslara, coğrafi mövqeyinə görə nadir məkanda yerləşir. Respublikamızın Avropa ilə Asiya arasında körpü rolu oynaması isə ölkəmizə “yaşıl ticarət”i inkişaf etdirməyə imkan verir.
Azərbaycanda 2030-cu ilədək alternativ və bərpaolunan mənbələrdən əldə edilən enerjinin həcminin 30 faizə çatdırılması prioritet istiqamət olaraq diqqət mərkəzində saxlanılır. Hazırda Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “Yaşıl enerji zonası” konsepsiyası formatında bərpa olunur, həmin ərazilərdə ən müasir texnologiya əsasında “ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı kənd təsərrüfatı” və “yaşıl enerji” layihələri uğurla yerinə yetirilir.
Ölkəmizin alternativ və bərpaolunan enerji potensialı artıq xarici investisiyaların əsas mənbəyinə çevrilib. Bu potensialın reallaşdırılmasında, “yaşıl enerji” layihələrinin icrasında Çin şirkətləri ilə də uğurlu əməkdaşlıq qurulub.
XQ