“Çıraq” platformasının istismara verilməsindən 26 il ötür
Bugünlərdə Azərbaycan neft-qaz sənayesi üçün son dərəcə əlamətdar olan daha bir möhtəşəm hadisənin ildönümüdür. Noyabrın 12-də “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasil edildiyi “Çıraq” platformasının istismara verilməsinin 26-cı ili tamam olur.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın başlanması, həm də Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Təsadüfi deyil ki, bu əlamətdar hadisə ölkəmizin neft sənayesinin tarixinə möcüzənin reallığa çevrildiyi gün kimi düşüb. “Əsrin müqaviləsi”nin imzalanmasından keçən üç il ərzində Azərbaycan Dövlət Neft Şirkəti, qəhrəman neftçilərimizin xarici tərəfdaşları ilə birlikdə həyata keçirdikləri nəhəng tikinti-quraşdırma işləri, həqiqətən, möcüzəyə bərabər idi. Mütəxəssislərin qənaətinə görə, belə bir qısa zaman kəsiyində dənizdə və quruda hərtərəfli infrastruktur yaratmaqla çətin dəniz şəraitində neft hasilatına başlamaq heç də asan deyil. Bu möhtəşəm uğur Azərbaycanın yeni neft strategiyasının həqiqiliyinin əsl təntənəsi idi.
“Çıraq” platformasından ilk neft 1997-ci il noyabrın 7-də hasil edilsə də, bu mühüm hadisə ümummilli lider Heydər Əliyevin həmin il oktyabrın 27-də imzaladığı fərmana əsasən noyabrın 12-də dövlət səviyyəsində qeyd olundu. Həmin gün ölkəmizin rəsmi dövlət və hökumət üzvlərinin, Azərbaycan Beynəlxal Əməliyyat Şirkətinin nümayəndələrinin, eləcə də xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə “Çıraq” platformasında təntənəli mərasim keçirildi. Tədbirdə bu möhtəşəm tarixin yaradıcısı ulu öndər Heydər Əliyevin şəxsən iştirak etməsi isə olduqca qürurverici idi.
Azərbaycanın yeni neft strategiyasının möhtəşəm uğurunun müjdəsini xalqımıza çatdıran ümummilli lider Heydər Əliyev həmin təntənəli mərasimdə çıxış edərək bu əlamətdar tarixi hadisənin, əldə edilən nailiyyətlərin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasından sonra mümkün olduğunu söyləyərək demişdir: “Çıraq” neft yatağında üç il müddətində yaradılmış platforma möcüzədir. İnsanı, həqiqətən, təəcübləndirir. Çünki bu, Xəzər dənizində olan başqa platformalardan, estakadalardan öz müasir texnikası, texnologiyası ilə fərqlənir. Bu platformanı görən adam heyran olur. Çünki bu, böyük bir kombinatdır, zavoddur. Demək olar ki, böyük bir şəhərdir. Burada insanlar yaşyır da, işləyir də. Burada insanlar neft çıxarmağa başlayıblar”.
Xatırladaq ki, suyun 120 metr dərinliyində quraşdırılmış “Çıraq-1” platforması Azərbaycan neftçilərinin gücü ilə ötən əsrin 80-ci illərinin sonlarında inşa olunub. Lakin SSRİ-nin dağılması ilə əlaqədar burada işlər yarımçıq dayandırılıb. Yalnız “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində platforma dünya standartlarına uyğun yenidən modernləşdirildikdən sonra burada neftin və səmt qazının hasilatına başlamaq mümkün olub. İstismar quyularının sayının artması isə platformada illik neft hasilatını 6 milyon tona çatdırmağa imkan yaradıb.
“Əsrin müqaviləsi”nin ilkin neft layihəsi çərçivəsində, həmçinin “Çıraq”dan çıxarılan nefti sahilə nəql etmək məqsədilə 176 kilometrlik və səmt qazını Neft Daşlarındakı kompressor stansiyasına çatdırmaq üçün 48 kilometrlik sualtı boru kəmərləri çəkilib. Xam nefti qəbul edib onu texnoloji prosesdən keçirərək ixraca yönəltmək məqsədilə dünyanın ən nəhəng qurğularından sayılan Səngəçal terminalı da ilkin neft layihəsi çərçivəsində inşa olunmuş mühüm infrastruktur obyektidir. 1997-ci il noyabr ayının 12-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Səngəçal terminalının da təntənəli açılış mərasimi keçirilib. Beləliklə, Azərbaycan nefti Bakı–Novorossiysk ixrac boru kəməri ilə Şimal istiqamətinə axmağa başlayıb.
“Çıraq” platforması həmin vaxtdan indiyədək, təmir və profilaktika üçün ayrılmış işlər istisna olmaqla, fasiləsiz işləyib. Ötən müddətdə burada 16 hasilat və 6 injektor quyusu qazılıb. Hazırda istismar quyularının 12-dən neft çıxarılır. 23 il ərzində “Çıraq” yatağından 774 milyon barel və ya 105 milyon ton neft hasil olunub. Bu da AÇG-nin ümumi hasilatının beşdə birindən bir qədər çoxdur. Yeri gəlmişkən, AÇG-nin operatoru olan BP şirkəti o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib. Həmin platformalardan isə indiyədək 567,3 milyon ton neft çıxarılıb.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
“Çıraq” strukturu Azərbaycan geofizikləri tərəfindən 1959-cu ildə seysmik kəşfiyyatın “əks olunmuş dalğa üsulu” ilə aşkar edilib. Burada ilk axtarış-kəşfiyyat quyusunun qazılmasına 1984-cü il yanvarın 17-də “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İsteh-salat Birliyi tərəfindən başlanılıb. Qazma işləri “Şelf-2” yarımdalma üzən qazma qurğusu vasitəsilə həyata keçirilib. 2 min 930 metr dərinlikdə məhsuldar laylar uğurla aşkar olunub, gündəlik debit göstəriciləri 222 ton neft və 20 min kubmetr qaz təşkil edib.
Beləliklə, 1985-ci ildə Xəzərin Azərbaycan sektorunun dərin hissəsində yeni neft və qaz yatağı kəşf olunub. Açılan yatağın özəlliyi ondan ibarət idi ki, Azərbaycan neftçiləri onu ilk quyu ilə kəşf etməyə nail olmuşdular. Bu, neft kəşfiyyatı sahəsində nadir hadisələrdən biri kimi qiymətləndirilir.
Sovet dövründə açılan bu yataq “Koveroçkin” adlandırılıb. Müstəqillik dövründə isə yatağa “Çıraq” adı verilib. “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq-1” platformasından qazılmış A-01 quyusu 1997-ci il noyabrın 12-də Fasilə lay dəstəsindən 1648 ton gündəlik hasilatla istismara qəbul edilib.
Bəs “Əsrin müqaviləsi” üzrə hasilatın başlanması Azərbaycana nə verdi? İlk növbədə, xarici investorlarda dünya bazarına birbaşa çıxışı olmayan Azərbaycanın neft və qaz sənayesinə gələcək yatırımlar üçün bir inam yarandı. Nəticədə, bu müqavilədən sonrakı illərdə SOCAR-la xarici neft şirkətləri arasında daha 36 müqavilə imzalandı və ümumilikdə, Azərbaycanın neft-qaz sektoruna 101 milyard dollar xarici sərmayə qoyulmasına gətirib çıxardı.
İkincisi, Azərbaycan dövləti indiyədək AÇG-dən 170 milyard dollara yaxın qazanc əldə edib.
Üçüncüsü, AÇG-dəki uğur əldə edilməsəydi, “Şahdəniz” yatağında hasil edilmiş qazın regional bazarlardan kənara çıxması çox mürəkkəb bir iş olardı. Çünki məhz Azərbaycanın əsas ixrac boru kəmərinin çəkilməsi vaxtı ilə “Şahdəniz-1” layihəsi üzrə Türkiyəyə qədər ilk qaz ixrac kəmərinin inşa edilməsi üçün zəmin yarandı və daha sonra Cənub Qaz Dəhlizi reallaşdı.
Dördüncüsü, Azərbaycanın məhz AÇG-dən əldə etdiyi gəlirlər onun iqtisadi müstəqilliyi üçün möhkəm əsas yaratdı və bu uğurlu tendensiya hazırda da davam edir.
Beşincisi, AÇG-dən gələn gəlirlərin effektiv xərclənməsi nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi gücünü artırmağa, xarici iqtisadi əlaqələrini genişləndirməyə nail oldu. Daha sonra isə ölkəmiz siyasi nüfuzunu artıraraq beynəlxalq aləmdə hörmətlə yanaşılan bir dövlətə çevrildi. Nəhayət, regionun sabit inkişaf edən ölkəsinə çevrilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpasına gətirib çıxardı.
Mirbağır YAQUBZADƏ
XQ