2023-cü ilin yanvar-oktyabr aylarında ölkəmizdən xaricə 29,3 milyard ABŞ dolları məbləğində məhsul ixrac olunub. Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın noyabr sayında məlumat verilib. Nəşrin yazdığına görə, cari ilin 10 ayında aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2 faiz artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 162,7 milyon ABŞ dolları olub.
Cari ilin oktyabr ayında isə qeyri-neft ixracı 15,4 faiz artaraq 278,2 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 24,1 faiz artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6 faiz artımla 187,7 milyon ABŞ dolları təşkil edib.
XQ