Qoşa bayrağın kölgəsində türk qardaşlığı

post-img

100 yaşlı Türkiyə Cümhuriyyəti Turana gedən yolumuzda lokomotivdir

Bu gün – oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 100 yaşı tamam olur. Anadolu türkləri bu cümhuriyyəti böyük Türk dünyasına bəxş etmiş Mustafa Kamal Atatürk haqqıda yazırlar ki, o, Osmanlı imperiyasının külü altından, xarabalıqları içərisindən qüdrətli, demokratik, Avrasiyada söz sahibi olan Türkiyə Cümhuriyyətini yaratmışdır. 

Dünya tarixçiləri hələ də heyranlıqla qeyd edirlər ki, o, çox mümkünsüzləri mümkün edən tarixi şəxsiyyət idi. Ata­türk Osmanlı imperiyasının yerində Türkiyə dövlətini quranda türklərin tor­pağına, sərvətinə, mədəni və mənəvi irsinə qənim kəsilənlərin, ona düşmən­çilik edən qüvvələrin, ərazilərinə göz dikən dövlətlərin sayı-hesabı yox idi. Amma Atatürk son iki minillik tarixdəki çoxsaylı türk bədxahlarına qarşı təkba­şına mübarizə aparmaq təcrübəsinin yeni nümunəsini yaratdı və qalib gəldi. 

Həmin illərdə Anadolu türklərinin yaşadığı məşəqqətlər də bizə yaxşı ta­nışdır, göstərdikləri şücaətlər də. Çün­ki Türkiyə Cümhuriyyətinin yaranma­sından beş il əvvəl biz də öz müstəqil dövlətimizi yaratmışdıq. Ancaq düş­mənlər çox olduğuna görə, həmin döv­ləti qoruya bilmədik. Həm də ona görə qoruya bilmədik ki, həmin illərdə bizim Atatürkümüz də yox idi, Heydər Əliye­vimiz də. Ancaq 70 ildən sonra dövlət müstəqilliyimizi bərpa edəndə artıq bi­zim Heydər Əliyevimiz var idi və o, Ata­türkün Anadolu türklərinə etdiyi liderliyi, öndərliyi Azərbaycan müstəvisində tək­rar edərək, bizim gənc müstəqil döv­lətimizin bugünkü uğurlarının təməlini qoymuşdur. Əminliklə deyə bilərik ki, Ümummilli liderin Naxçıvana rəhbərlik etdiyi illərdə muxtar respublikanın xilas edilməsinin çıxış yolunu Türkiyədə gör­məsi və 1992-ci il mayın 28-də “Ümid körpüsü” adlı tarixi fakta imza atılması da məhz həmin təməl daşlarından biri idi.

“Türkiyə Cümhuriyyəti” – deyəndə, mən hər şeydən və hər kəsdən əvvəl Məhməd Akif Ərsoyun yazdığı “İstiqlal marşı”nı xatırlayıram. On il əvvəl İstan­buldakı Lütfi Kirdar adına Mədəniyyət Sarayında möhtəşəm bir beynəlxalq tədbirdə iştirak edirdik. Axşam oteldə Cənubi Azərbaycandan, İraqdan və Gürcüstandan gəlmiş türklərlə xeyli və əhatəli söhbət etdik. Mən ortaya hamı­ya ünvanlanan bir sual atdım: “Türkiyə Cümhuriyyəti – deyəndə öncə kimi və ya nəyi xatırlayırsınız?” Urmiyadan gələn türk dedi ki, Atatürkü. Gürcüs­tandan gəlmiş türk dedi ki, türk dünyası ölkələrinin Atatürkü tək qoymamasını. Bizim o zaman Türkiyəyə qızıl və pul yardımı etməyimizi nəzərdə tuturdu. İraqdan gəlmiş türk isə ayağa qalxa­raq, Məhməd Akif Ərsoyun “İstiqlal marşı”nı oxumağa başladı. O, marşın altıncı bəndini oxuyanda, artıq özünün də gözlərindən “leysan” tökülürdü, biz də özümüzü ağlamaqdan saxlaya bil­mirdik: 

Basdığın yerləri “torpaq” deyib keçmə, tanı!

Düşün altındakı minlərlə kəfənsiz yatanı!

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,

Vermə, dünyaları alsan da bu cənnət vatanı!

O, marşı oxuyb qurtarandan, ürəyini və gözlərini boşaldandan dərhal sonra otel xidmətçilərindən biri əlindəki məc­məyini bayraq kimi yuxarı qaldıraraq, marşın ilk sətirini təkrar elədi: 

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq…

Olduqca unudulmaz lövhə idi və nə yaxşı ki, Allah mənə həmin anların qürurunu yaşamağı qismət eləmişdi. Mən o gün bir daha əmin oldum ki, türk xalqı Atatürk Türkiyəsini əbədi ya­şadacaq. 

Bu məqamda başqa bir faktı da xa­tırlatmaq istəyirəm. Belə ki, Osmanlı dövlətinə, onun sultanlarına bütün türk xalqları kimi, bizim də böyük hörmət və ehtiramımız var və həmişə də olacaq. Çünki həmin dövrlər türk xalqının keç­diyi böyük və unudulmaz tarixdir. Yeri gəlmişkən, xatırladaq ki, 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönü­mü qeyd olunmuşdu. Bu, öz yerində. Ancaq türk ziyalıları sosial şəbəkələrdə Atatürk haqqında danışarkən bir fak­tı yada salırlar: “Mustafa Kamal paşa müasir Türkiyə Cümhuriyyətinin yara­dılmasına çalışarkən, öz tərəfdarlarına ilk müraciətini “Ey böyük türk milləti!” xitab ilə başlamışdı. Ondan əvvəlki türk rəhbərləri isə öz müraciətlərinə “Ey mənim təbəələrim!” və digər bu kimi ifadələrlə başlayırdılar. Yəni, Atatürk təkcə Türkiyə Cümhuriyyətini yaratma­mışdı, həm də türk xalqının hörmətinin, izzətinin, ləyaqətinin yeni mərhələsinin təməlini qoymuşdu. 

İndi isə bəzi tarixi faktları yada sa­laq. Türkiyə Cümhuriyyəti 1923-ci il okt­yabrın 29-da Türkiyə Böyük Millət Məc­lisi tərəfindən elan edilmişdir. 1925-ci ildə isə həmin günün türk dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul olunub. Tarixçilər yazırlar ki, müasir türk dövlətinin qu­rulması türk milləti və bu ölkənin var­lığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci dünya müharibəsi illərində və ondan sonra Osmanlı dövlətini parça­layıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir. 

Məlum faktdır ki, Birinici dünya mü­haribəsində Osmanlı Dövləti məğlubiy­yətə uğradıqdan sonra ərazisi işğala məruz qalmışdı. O zaman Mustafa Ka­mal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatdı. 1920-i il apre­lin 23-də Ankarada Böyük Millət Məc­lisi quruldu. 1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edildi. 1923-cü il­dən Türkiyə parlament üsul-idarəsi ilə idarə olunurdu. 2018-ci ildən isə ölkə prezident üsul-idarəsinə keçdi. Ölkə­nin ilk Prezidenti Mustafa Kamal Ata­türk (1923-1938) oldu. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Bu gün ölkə əhalisinin sayı 85 milyon nəfərdən çoxdur. 

Xüsusilə vurğulanmalı məqamlar­dan biri də odur ki, geridə qalan bir əs­rdə çox proseslər dəyişsə də, Türkiyə Cümhuriyyətinin düşmənləri dəyiş­məyib. Həmin qüvvələr bu gün başqa fəndlərlə, ssenarilərlə cümhuriyyəti məhv etmək istəyirlər. Ancaq tarixin çox sınaqlarından uğurla çıxmış Tür­kiyə Cümhuriyyəti Rəcəb Tayyib Ərdo­ğanın rəhbərliyi altında nəinki kiminsə təzyiqlərindən sarsılmır, əksinə, daha da qüdrətlənərək bölgədə və dünyada öz mövqeyini yaxşılaşdırmaqda davam edir. 

Ərdoğan Türkiyəsi bu gün nəinki Türk Dövlətləri Təşkilatının flaqmanı, Turan ideyasının əsas lokomotivlərin­dən biri, İslam Əməkdaşlıq Təşkilatının aparıcı mərkəzlərinin ən öndə olanı kimi, həm də Avropada, Asiyada, Af­rikada öz sözünü deyib, öz siyasətini uğurla davam etdirən qüdrətli NATO ölkəsidir. 

Beynəlxalq aləmdəki haqsızlıqla­ra, ikili standartlara, eləcə də islamo­fobiya və türkfobiya meyillərinə açıq şəkildə etiraz edən Türkiyə Prezidenti BMT tribunasından dəfələrlə bəyan etmişdir ki, “Dünya beşdən böyükdür!” Yəni, Türkiyə dövləti BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkənin beynəlxalq aləmdə baş verən proses­ləri, yaranmış münaqişələrin həllini öz istədikləri şəkildə istiqamətləndirmə­sinə açıq şəkildə etiraz edir. 

Türkiyə Cümhuriyyətinin qüdrətli və qətiyyətli olmasının müsbət nəticələrini biz – azərbaycanlıar da görmüşük. Belə ki, Prezident İlham Əliyevin dediyi kimi, İkinci Qarabağ müharibəsinin başladığı ilk saatdan etibarən Türkiyə bizim ya­nımızda olmuşdur. Elə Azərbaycan da Türkiyədəki məlum çevriliş cəhdi, da­ğıdıcı zəlzələlər, meşə yanğınları kimi, mənfi hallarla yanaşı, bütün xoş günlər­də və sevindirici məqamlarda da Tür­kiyənin yanında dayanmışdır. 

Bu sətirləri iki qardaş dövlətin prezi­dentlərinin böyük tarixi hadisələr zama­nı səsləndirdikləri fikirlərlə tamamlamaq istəyirik. Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında demişdir: “Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkə­zidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Tür­kiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə səna­yesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir”.

Cənab Prezident Rəcəb Tayyib Ər­doğan isə 2021-ci il oktyabrın 26-da Zəngilanda mətbuat üçün verdiyi bəya­natda bunları bildirmişdir: “ Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaş­manın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri tək­cə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq... Mehriban qonşuluğun əsasını məhz bu anlayış təşkil edir. Bu məsələlərdə Ermənis­tanın Azərbaycana qarşı münasibətdə səmimi iradəsinə zərurət var. Əgər Er­mənistan Azərbaycana qarşı xoş mə­ram nümayiş etdirərsə, Ermənistanla Türkiyə arasında münasibətlərin nor­mallaşmasına maneə qalmayacaq”. 

Sonda onu da deməliyik ki, mütəxəs­sislərin fikrincə, dövlət başçılarımızın ən böyük uğuru 2021-ci il iyunun 15-də imzalanmış “Qarşılıqlı müttəfiqlik fəaliy­yəti haqqında Şuşa Bəyannaməsi”dir.

İttifaq MİRZƏBƏYLİ
XQ



Siyasət