“Ermənistan və Rusiya arasında gərginlik uzun müddət davam edəcək” - ŞƏRH

post-img

“Qərbin adamı adlandırılan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Rusiya arasında dövlətlərarası münasibətlərdə həm ikitərəfli, həm də Rusiyanın potranajlığı altında fəaliyyət göstərən MDB, KTMT və Avrasiya İqtisadi İttifaqı kimi qurumlarda ciddi fikir ayrılıqları yaranmağa başladı. Görünən odur ki, tərəflər arasında getdikcə artan gərginlik hələ uzun müddət davam edəcək”.  

Bu fikirləri XQ-yə açıqlamasında politoloq Taleh Əliyev bildirib. 

“Hər fürsətdən maksimum faydalanaraq Rusiyadan uzaqlaşmaq taktikası seçən Nikol Paşinyan, ilk növbədə, KTMT çərçivəsində münasibətlərin pozulmasına nail oldu. Əvvəlcə KTMT-nin Ermənistandan olan keçici dönəm sədrini geri çağıraraq onun yerinə yeni nümayəndə göndərməməklə Rusiya-Ermənistan münasibətlərində ilk qırılma nöqtəsinin əsasını qoydu. Bundan sonra isə münasibətlərdə yeni gərginlik ocaqları yaranmağa başladı. Rusiyanın cavab həmləsi isə ikinci Qarabağ müharibəsi zamanı özünü göstərdi”, - deyə Taleh Əliyev bildirib.

Politoloq qeyd edib ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı gərginlik özünün pik həddinə çatdı. Müharibədə məğlub olan Nikol Paşinyan yenidən erməni xalqından mandat aldıqdan sonra Rusiyadan uzaqlaşmaq istiqamətində daha təsirli addımlar atmağa başladı. 

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət