XİN separatçıların həbsinə etirazı pisləyib

post-img

Azərbaycanın Xarici İşlər Nazirliyi erməni separatçıların həbs edilməsi ilə bağlı Ermənistan XİN-in bəyanatını şərh edib. 

Şərhdə deyilir: “Ermənistan Xa­rici İşlər Nazirliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğa­lı nəticəsində suveren ərazilərimizdə yaratdığı qondarma separatçı rejimin üzvlərinin Azərbaycan tərəfindən həb­sinə etiraz olaraq 4 oktyabr tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyirik.

Sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməl­lərdən əl çəkmədiyini nümayiş etdirir. Bu bəyanat, həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdi­dir.

Azərbaycana qarşı təcavüzdə, se­paratçılığın təşviq edilməsində, ter­ror əməllərində, əsirlikdə olan hərbi qulluqçular və mülki şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər törədilməsi və digər faktlar üzrə Azərbaycan Respub­likasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi çər­çivəsində qeyd edilən şəxslərin həbsi ədalətin bərpasına xidmət edir və bu addımların legitimliyinin şübhə altına alınması qəbuledilməzdir.

Qeyd edilənlərlə yanaşı, tərk-silaha razı olan minlərlə Ermənistan hərbçilə­rinin və qanunsuz hərbi birləşmələ­rin Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxıldığı və heç bir maneə olmadan Ermənistana getdiyi Ermənistan XİN-nə yaxşı mə­lumdur və bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur. Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənis­tana getmiş erməni sakinlərin öz ya­şayış yerlərinə geri qayıtmasını təşviq etmək əvəzinə, onlar arasında təşviş yaratmaq və Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylə­rinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir.

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğur­suzluqlara rəğmən, yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə da­vam etməsi bu ölkənin Azərbaycan­la sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir. Ermənistanın bu kimi fəaliyyəti bölgə­də sülhün, təhlükəsizliyin və ədalətin bərqərar olmasına əsas təhdid mən­bəyidir”.

XQ

Siyasət