Fransa Afrikada itirdiklərini Cənubi Qafqazda tapmaq istəyir

post-img

Ermənistanın növbəti müharibəyə təhrik edilməsi bəşəri cinayətdir 

İndi vaxt dar olduğuna görə bu ifadəni hansı yazıçının əsərində oxuduğumu dəqiqləşdirə bilmədim. Amma onu bilirəm ki, Avropa ədəbiyyatında oxumuşdum. Fikir belə idi ki, yaranmış vəziyyətə, üzləşdiyiniz mənfi əməllərə görə hansısa ölkəni və ya xalqı lənətləməyin, xalqın öndə gedənlərini və dövlət siyasətini yönəldənləri ittiham edin. Şəxsən mən həmin tövsiyəyə yüksək səviyyədə əməl edirəm. Yəni Fransa dövlətinin Cənubi Qafqazda törətdiyi antibəşəri əməllərinə görə qətiyyən fransız xalqına irad tutmaq məqsədim yoxdur. Çünki bu iyrənc addımları xalq atmır. Həmin əməllər dövlət siyasətini aparanların səhvi, günahı, hətta cinayətidir. 

İndi öz arqumentimi “sığortalayım”. “Fransa dövlətinin antibəşəri əməlləri” ifa­dəsini işlətdim. Bu arqumentdə qətiyyən səhv yoxdur. Çünki bir xalqı başqa xalq­la düşmən eləməyə çalışmaq, bir dövləti başqa dövlətin ərazisini işğal etməyə ça­ğırmaq, sayı-hesabı bilinməyən silah-sur­sat göndərərək bir dövlət başçısını qonşu dövlətlə müharibəyə təhrik etmək – birmə­nalı şəkildə antibəşəri əməl, konkret desək, cinayətdir. Çox təəssüf ki, Makron Fransası bu cinayətləri törədəndə qətiyyən utanmır. Çünki utanmamağa vərdiş edib. Afrikada o qədər həyasızlıqlar edib, vəhşiliklər törə­diblər ki, artıq üzlərində utanmaqdan əsər-əlamət qalmayıb. Ona görə də “qara qitə”­də nüfuzlarını itiriblər. İndi həmin itirdiklərini Cənubi Qafqazda tapmağa çalışırlar. 

Utana bilmədiklərinə görə riyakarlıq eləməkdən də çəkinmirlər. Məsələn, Pa­risdən eşidilir ki, “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir.” Bəs Afrikadakı sərhədlər necə, müqəddəs deyildimi? Siz əlində əsir-yesir olduğunuz erməni diaspo­rundan aldıqlarınıza görə Ermənistanın sərhədlərini “müqəddəs” adlandırırsınız. Af­rikada isə həmin ölkələrin min illərlə sakini olmuş insanların bütün hüquqlarını pozur, sərhədlərini tapdayır, sərvətlərini talan edir­siniz. Lap uzağa getməyək, korsikalıların sərhədlərini neçə illərdir ayaq altında sax­layan kimdir? Onlar üçün müqəddəs dəyər yoxdurmu?

Region mətbuatı yazır ki, Fransanın 10-dan artıq Afrika ölkəsi ilə strateji səviy­yədə olan münasibətləri məhz Emmanuel Makron hakimiyyətə gələndən sonra dip­lomatik əlaqələrin dondurulmasına qədər pisləşib. Bunun səbəbini həm tarix, həm də sadə fransızlar kimdənsə soruşacaqlar. O da əlavə edilir ki, Ermənistana dayaq durmağı özünün şərəf məsələsi kimi qə­bul edən Fransa hakimiyyəti həm də ibtidai özfəaliyyət hissi ilə hərəkət edir.

Bundan başqa, siz Ermənistanın sər­hədlərini kimdən qoruyursunuz? Ermə­nistan və Azərbaycanın dövlət başçıları bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə deyiblərsə, Azərbaycan ərazi­sində yaradılmış ikinci erməni dövləti “özü özünü buraxıbsa”, siz nə üçün Cənubi Qafqaza sülh gətirilməsinə mane olursu­nuz? Axı bütün səmavi dinlər sülhü təşviq edir, müharibəni ləmətləyirlər. Siz nə üçün lənətlənənlər sırasında dayanmağı qürurla qəbul edirsiniz?

Avropa ekspertləri yazırlar ki, Fransa Ermənistana ən müasir silah-sursat gön­dərməyə hazırlaşır. Qoy göndərsinlər. Bir neçə il əvvəl Rusiyanın da Ermənistana 800 milyon dollar dəyərində silah-sursat vermə­si faktı aşkarlanmışdı. Məsələ Azərbaycan diplomatiyasının etirazına, Milli Məclisdə keçirilən müzakirələrə səbəb olmuşdu. Bəs sonra nə oldu? Həmin silahların bir hissəsi yandırıldı, bir hissəsi Azərbaycan tankları­nın tırtılları altında qaldı. Qalanları isə hərbi qənimət kimi Bakıya gətirildi. Ən başlıca­sı, oturduğu budağı kəsən ermənilər indi Rusiyanı bir nömrəli düşmən elan ediblər. Fikrimcə, növbə Fransa silahlarının həmin aqibəti yaşamasının və İrəvan rəhbərliyinin Parisi düşmən elan etməsinindir. İnşallah, bu da olacaq. 

Ancaq Makronlara xatırladırıq ki, ABŞ Konqresinin Ermənistana ayırdığı yardım­ları da nəzərə alsaq, aydın görünürdü ki, ATƏT-in indi “fəxri təqaüd”də olan Minsk qrupunun hər üç həmsədri təcavüzkara dəstək verirdi. Ona görə də Ermənistana havadarlıq edən, hətta, onunla hərbi sa­zişə gedən qüvvələrin vasitəçiliyi ilə Qara­bağ probleminin ədalətli həllinə yalnız sa­dəlövhləri inandırmaq mümkün idi. Amma Azərbaycan Prezidenti və şanlı ordumuz mümkün olmayanı mümkün etdi. Yəni, Makronun Parisdə atılıb-düşməsi Cənubi Qafqazda gedən proseslərə heç bir təsir göstərə bilməyəcək. 

...Bu sətirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin ötən ilin noyabrında dediyi fikirlərlə tamamlayırıq: “Fransa Pre­zidenti Azərbaycan əleyhinə açıqlamasında qeyd edir ki, onu heç kim neft və qazla ala bilməz. Mənsə deyirəm ki, vicdanlı, ədalətli, satılmayan adam işğalçı Ermənistanın şey­puruna, tütəyinə çevrilməz”.

 

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət