Azərbaycanda son 10 il ərzində müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən müddətdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılıb, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb.
Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə bərabər, onun sosial-iqtisadi inkişafına da mühüm təsir göstərib. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin fəal üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz sahibi kimi tanınıb. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilən təcrübənin, formalaşan yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Kon-qresinə evsahibliyi etmək hüququ qazanıb.
Onu da bildirək ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən evsahibliyi etməsi böyük rəmzi məna daşıyır.
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Prezident İlham Əliyev bütün bu qeyd edilənlərə əsaslanaraq ötən il fevralın 7-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb və dünən başlanan tədbirin yüksək səviyyədə reallaşması istiqamətində həmin tarixdən etibarən bir sıra mühüm layihələr reallaşdırılıb.
Bu barədə bəhs etməzdən əvvəl xatırladaq ki, Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresi kimi mötəbər tədbirə evsahibliyi edən ilk ölkədir. Belə ki, Beynəlxalq Astronavtika Konqresi keçmiş SSRİ-də yalnız bir dəfə paytaxtımızda reallaşıb. 1973-cü ilin oktyabrın 7-dən 13-dək Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Kosmik tədqiqatların elm və texnologiyaya təsiri” devizi altında Bakıda keçirilən həmin tədbirdə dünyanın 17 ölkəsindən gələn 1500-dən çox nümayəndə, eləcə də çoxsayda kosmonavt iştirak edib və bununla respublikamızda kosmonavtika tarixinin əsası qoyulub. Az bir müddət sonra isə paytaxtımızda kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə “Kaspi” Elmi Mərkəzi yaradılıb, Azərbaycan Elmlər Akademiyasının nəzdində isə “Kosmik cihazqayırma xüsusi konstruktor bürosu”nun fəaliyyəti ilə kosmik tədqiqatların aparılmasına start verilib. Həmin tədqiqatların nəticəsində istehsal olunan avadanlıqlar keçmiş SSRİ-nin Kosmik Poqramının inkişafında mühüm rol oynayıb, həmçinin “Salyut 7” və “Soyuz T-11” orbital komplekslərində istifadə olunub.
Azərbaycan müstəqilliyə yenidən qovuşandan sonra isə yenidən kosmik sahəyə maraq güclənməyə başladı. Ölkəmiz peyk dövlətinə çevrilməyi qarşıya prioritet vəzifə kimi qoydu. Prezident İlham Əliyev bu məqsədlə 2008-ci il noyabrın 4-də respublikamızda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında tarixi sərəncam imzaladı. Bununla da kosmik sənaye sahəsində yeni bir mərhələnin əsası qoyuldu.
Adıçəkilən sənədin imzalanmasından iki il sonra – 2010-cu ildə isə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” ASC yaradıldı. Nəhayət, 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peyki orbitə buraxıldı. Az sonra Azərbaycanın ikinci peyki kosmosa göndərildi. 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi peyki istifadəyə verildi. 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarıldı.
Həyata keçirilən bütün bu tədbirlər müharibə şəraitində yaşayan ölkəmizin kosmik sənayesinin inkişafına böyük təkan verdi, Azərbaycanın informasiya təhlükəsizliyini şərtləndirdi, respublikamızda, bölgədə, dünyanın istənilən nöqtəsində baş verən hadisələri izləməyə şərait yaratdı, kənd təsərrüfatının tərəqqisini sürətləndirdi, ekoloji vəziyyətə nəzarəti, torpaqlardan səmərəli şəkildə istifadə edilməsini gücləndirdi, telekommunikasiya sektorunda xarici asılılığı aradan qaldırdı, ixracatçıya çevrilməyi reallaşdırdı.
Bu fikrin təsdiqi olaraq deyə bilərik ki, son illərdə respublikamızda kosmik sənayenin uğurlarına əsaslanılaraq 400-dən çox hökumət layihələri həyata keçirilib. Xüsusilə əsas töhfə kənd təsərrüfatı sahəsində məhsuldarlığın proqnozlaşdırılması olub ki, bu da ərzaq təhlükəsizliyi istiqamətində əhəmiyyətli bir məsələ kimi diqqət çəkib.
Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın sentyabr sayına əsasən, 2023-cü ilin 8 ayı ərzində “Azərkosmos” dünyanın 45 ölkəsinə 12,7 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu ixracdan qazanılan gəlir “Azərkosmos”un ümumi gəlirinin 78 faizinə çatıb. Cari ilin avqust ayında isə adıçəkilən qurum dünyanın 40 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Bu ilin yanvar–avqust ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,6 milyon dollarla Birləşmiş Krallıq, 2,7 milyon dollarla Lüksemburq, 1,1 milyon dollarla BƏƏ, 713,2 min dollarla Almaniya və 540 min Nigeriya qərarlaşıb.
Qeyd edək ki, “Azərkosmos”un gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır. “Azərkosmos” dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə ilk sıralardadır. Bu isə, öz növbəsində, bir tərəfdən “Azərkosmos”un likvidliyinin güclənməsi, digər tərəfdən isə ölkəyə sabit xarici valyuta axını deməkdir.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,
mexanika üzrə fəlsəfə doktoru
Yüksəkixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüv-vələrindən birinə çevrilib. Şirkətin resursları ona müasir infrastruktur əsasında yeni yaranan texnologiyaların tətbiqinə, bununla da yerüstü rabitə şəbəklərinin əhatə dairəsinə düşməyən ərazilərdə peyk əsaslı xidmətlərdən istifadə edilə bilməsi üçün əlavə dəyər yaratmağa imkan verir.
“Azərkosmos“ Bureau Veritas tərəfindən ISO 9001:2008 uyğunluq sertifikatına və ISO 27001 – İnformasiya Təhlükəsizliyi Standartı sertifikatına layiq görülüb. “Azərkosmos” ASC-nin göstərdiyi xidmətlərin keyfiyyətinin yüksək səviyyədə saxlanılması və informasiya təhlükəsizliyinin daima artırılması məqsədilə “Keyfiyyət və informasiya təhlükəsizliyi sahəsində siyasəti” mövcuddur.
Bu məqamda onu da bildirək ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Beynəlxalq Astronavtika Konqresinin Bakı şəhərində keçirilməsi barədə qərar, ilk növbədə, yuxarıda xatırlatdığımız kimi, Azərbaycanın beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsində geniş təşkilatçılıq təcrübəsinin olması ilə bağlıdır. Digər tərəfdən, ölkəmiz “Kosmik klub”un fəal üzvüdür, bu sahədə aktiv işləyir, sürətlə inkişaf edir.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bu nüfuzlu tədbirin respublikamızda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini əminliklə bildirib.
Daha sonra müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı müstəqillik dövründə ölkəmizin beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrildiyini, siyasətimizin hər zaman aydın, şəffaf və birmənalı olduğunu, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini də diqqətə çatdırıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvü kimi tanındığını, hazırda isə iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimizin fəaliyyət göstərdiyini də xatırladıb. Dövlət başçısı, həmçinin bildirib: “Biz Azərbaycanda bu sahəni inkişaf etdirməyə böyük maraq göstəririk. Ölkəmiz beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir”
Beləliklə, ilk dəfə ulu öndər HeydərƏliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən evsahibliyi etməsi böyük rəmzi məna daşıyır. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu beynəlxalq konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
V.BAYRAMOV
XQ