İnkar və imtinanın sonu deyilmi, İrəvan?

post-img

Tanınmış ekspert hesab edir ki, bu gün erməni cəmiyyətinin məsuliyyəti öz üzərinə götürənə, düzgün çıxış yolu göstərənə ehtiyacı var

Hayastan daxilində daxili fəsadların çoxalması, radikalların fəallaşması, sabiqlərin yenidən bir düşərgədə cəmləşməsi, “İstefa!” qışqıranların sayını artırmağa çalışanların canfəşanlığı Paşinyan iqtidarını çətin sınaqların gözlədiyindən xəbər verir. Bu, azmış kimi, xarici təzyiqlərə qatlaşmalı olan İrəvan iqtidarının vəziyyətdən polis dəyənəyinin gücü ilə çıxmağa qərar verdiyini söyləmək olar. 

Bu barədə qəzetimziə danışan ta­nınmış siyasi şərhçi, teleaparıcı Tofiq Abbasov Ermənistanda vahid idarəet­mə institutunun, mərkəzləşmiş sistemin olmadığını söyləyir. Nikol Paşinyanın bunu istəsə belə, bacarmadığını deyən siyasi şərhçinin qənaətincə, orada hazır­da dövləti idarə edənlərin sıralarında da parçalanmanın baş verdiyini vurğulayır. Onun fikrincə, bir qisim köhnə hakimiy­yətin geri qayıdacağı arzusu ilə yaşayır, ikincisi yeni qüvvələrə güvənməyə üstün­lük verir, üçüncüsü isə mövcud iqtidarın yanında duracağını qərarlaşdırıb: “Nikol Paşinyan deyir ki, mən sona qədər de­mokratiyanın keşiyində dayanacağam. Yeni sistemi qurmalı, tədricən onu inki­şaf etdirəcəyini bildirib. O, faktiki olaraq, ölkədə vəziyyətin hədsiz dərəcədə gər­gin olduğunu deyir. Həqiqətən də, hazır­da İrəvan qibtə ediləsi durumda deyil. Bir yandan, misal üçün, Azərbaycan-Tür­kiyə birliyinin haqlı tələbləri ilə üz-üzə qalıb, digər yandan Azərbaycanın artıq lokal antiterror tədbirləri ilə öz ərazisində suveren hüquqlarını tam təmin etməsi faktı istər-istəməz Ermənistanın siyasi elitasına, zümrəsinə öz təsirini göstərir. Onlar əsas və sağlam yoldan çıxdıqlarını yaxşı anlayırlar. Obrazlı desək, indi on­lar üzüyuxarı cığırla sürünməyə məhkum ediliblər. İrəvan inkar və imtina siyasətini həyata keçirməklə nə qazandığı barədə düşünməlidir. Həqiqətən də nə qazanıb? Yaxud da Emmanuel Makronun bu gün­lərdə dediklərinə diqqət yetirin: “Biz sona qədər Ermənistanın yanında duracağıq”.

Yaxşı, de görüm, ay Paris, İrəvanın yanında durmaqla onun üçün nə et­misən? – deyə sual edən siyasi şərhçi Fransanın Ermənistanı yalnız və yalnız uçurumun kənarına sürüklədiyini bildirir: “Cəmi bir addımdan sonra Ermənistan uçuruma yuvarlanacaq. Buna görə İrəvan lüzumsuz və faydasız himayəçilikdən, lobbiçilikdən, diasporçuluqdan, eləcə də Fransa və Hindistanın yersiz müdaxilələ­rindən canını qurtarmalıdır. Qarşısında duran hədəfləri dəqiqləşdirməli və on­ları reallaşdırmaq barədə düşünməlidir. Bunun üçün ölkədə mərkəzləşmiş siyasi sistem qurulmalıdır. Daxili saflaşma get­məlidir. Ermənistanın başqa xilas yolu yoxdur. Hələ ki biz Hayastanda siyasi xa­osu izləməkdəyik. Dövlət və xalq üçün ta­leyüklü məsələlərə ortaq yanaşma, baxış yoxdur. Mərkəzi hakimiyyət bütün məsu­liyəti öz üzərinə götürərək, çıxış yolları aramalıdır. Əks təqdirdə Ermənistanın bir dövlət kimi müqəddəratı gündəmə gələ­cək. Belə dövlət olmaz. Həm qonşularla vuruşsunlar, həm də olan-qalan imkan və potensialını silah-sursata xərcləsinlər, ortaya da bir şey çıxara bilməsinlər. Əhali də bir ucdan ölkəni tərk etməkdədir. Belə davam edərsə, nəinki “Böyük Ermənis­tan”, heç suverenlik barədə danışmağa əsasları qalmayacaq”. 

***

“Biz həmişə müttəfiqlərimizə xəyanət etmişik və indi düşdüyümüz vəziyyətə görə özümüz günahkarıq”. Etnik faciələ­rin baiskarı kimi öz millətini qınayan er­məni jurnalisti Lilit Kostanyan bu acı etirafı “Facebook” səhifəsində paylaşıb. Mənsub olduğu xalqın yarımçıqlıq komp­leksindən əziyyət çəkdiyini deyən Lilit hayların xarakterik cizgilərini bənzərsiz ustalıqla qələmə alır: “Əsrlər boyu üzləş­diyimiz problemləri həll etməməyə, onu faciəyə çevirməyə, sonra da oturub zü­lüm-zülüm ağlamağa, yalançı soyqırım­lara qəmli mahnılar qoşmağa, hətta bunu biznesə çevirməyə bir növ adət etmişik. İndi isə bizə kömək əlini uzatmadığı üçün bütün dünyanı qınayırıq”. 

Erməni ruhunun və düşüncəsinin bunca dəqiq mənzərəsini yalnız erməni özü yarada bilərdi. Lilit heç nədən və heç kəsdən çəkinmədən gəldiyi qənaəti tam çılpaqlığı ilə sərgiləməkdə davam edir: “Axı biz dünya ilə düzgün dost olmağın qaydalarını heç vaxt bilməmişik. Bir döv­lətlə dostlaşmışıq, sonra onu atıb başqa­sının yanına qaçmışıq, ardınca bunu da atmışıq, digərinin ətəyindən yapışmışıq və beləcə davam edir. Başımıza gələn­lərə, bizimlə belə davrandıqlarına görə özümüz və yalnız özümüz günahkarıq. Hərdən heyrət məni bürüyür ki, biz ermə­nilər XXI əsrə necə gəlib çıxmışıq”.

Bir millət kimi öz qiymətlərini zərgər dəqiqliyi ilə verən Lilit Kostanyanın yaz­dıqlarına heç bir şərh vermək fikrində deyilik və buna heç ehtiyac da yoxdur. İn­diki halda bizə, sadəcə olaraq, qonşunun halına təəssüflənmək düşər. 

İ.HƏSƏNQALA
XQ



Siyasət