Anti-Rusiya isteriyası Ermənistanı haraya aparır?

post-img

Ermənistandakı anti-Rusiya isteriyası kulminasiya nöqtəsinə çatıb. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyəti həzm edə bilməyən Ermənistandakı millətçi siyasi dairələr və ayrı-ayrı analitik qruplar, hətta sıravi vətəndaşlar şimal qonşumuza açıq-aşkar nifrət püskürürlər. Azərbaycanın uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra isə erməni radikallarının xoruna rəsmi nümayəndələr də qatılırlar. Rusiya bu hücumların arxasında Qərb ölkələrinin dayandığını deyir və zəruri nəticə çıxardığını vurğulayır.

Ermənistan Rusiyanın azsaylı rəsmi müttəfiqlərindən biridir və ölkələr arasın­da münasibətlərin ən yüksək səviyyəsi 2000-ci il sentyabrın 26-da prezident Vladimir Putin və sabiq prezident Ro­bert Köçəryanın “Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyan­namə”ni imzaladığı zaman qurulub. Lakin son illər Ermənistanda, ilk növbədə, rəs­mi dairələrdə və anti-Rusiya ideyalarını təbliğ edən mediada Rusiyadan narazılıq durmadan artır. Ermənistan hakimiyyəti açıq-aydın ölkə əhalisini Rusiyaya qarşı qoyur. Bəs Ermənistanın Rusiyaya qarşı olması nəyə lazımdır? Ermənistan Rusi­yadan nə istəyir və nə ilə hədələyir? Ən əsası, bu isteriya Ermənistan hara qədər aparacaq?

Hər iki ölkədə etiraf edilir ki, Rusiya–Ermənistan münasibətləri özünün kritik dövrünü yaşayır. Xüsusilə də Nikol Pa­şinyan Ermənistanın baş naziri postunu aldığı andan Rusiya–Ermənistan müna­sibətlərində soyuqlaşma pik həddinə ça­tıb. Əgər Robert Köçəryan və digər sa­biq prezident Serj Sarkisyan klanı xarici mühitdə, ilk növbədə, Rusiyadakı erməni diasporuna arxalanırdısa, N.Paşinyanın və onun komandasının Rusiya ermə­niləri ilə ciddi əlaqələri olmayıb. Rusiya­dakı erməni diasporu və müəyyən siyasi dairələr anladılar ki, N.Paşinyan Qərbə üstünlük verir. N.Paşinyanın ümidlərinin əsas dəstəyi də Fransa prezidenti Em­manuel Makron və erməni diasporunun fransız icması, ikincisi isə erməni diaspo­runun Amerika icması idi. Lakin elə ilk anti-Rusiya addımından – KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsindən sonra Kremldaxili kanallar vasitəsilə gənc, təc­rübəsiz Ermənistan rəhbərliyinə Rusiya–Ermənistan dövlətlərarası əlaqələrinin dərinliyi və sərtliyi barədə məlumat ver­mişdi. Sonradan aydın oldu ki, N.Paşin­yanın komandası şimaldan əsən küləyin gücünü yaxşı hiss etməyib, ya da özünü elə göstərməyə çalışıb.

İkinci Qarabağ müharibəsindən son­ra Rusiya–Ermənistan münasibətləri yeni böhrana girdi. 2020-ci ilin payızında İrə­van “yeni müharibə – yeni ərazilər” hərbi doktrinasından istifadə edərək, Azər­baycanla 44 günlük müharibəyə səbəb olanda hər şey dəyişdi. Həmin günlərdə Nikol Paşinyan hər gün Vladimir Putinə zəng edərək hərbi əməliyyatların dayan­dırılması üçün köməklik istədi. O günlər­də İrəvanın əsas istəyi KTMT qüvvələ­rini döyüşlərə cəlb etmək idi, lakin həm Kreml, həm də təşkilatın katibliyi hərbi əməliyyatlar teatrının Azərbaycan ərazi­sində yerləşdiyini vurğuladı və ermənilə­rin oyunlarına qatılmadı. Nəticədə Ermə­nistan Qarabağ müharibəsində uduzdu, Azərbaycan öz torpaqlarını işğalçılardan azad etdi və Ermənistan rəhbərliyini təs­lim olmaq haqqında sənədi – Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli Bə­yannaməsini imzalamağa məcbur etdi. Rusiya-Ermənistan münasibətləri üçün bu tarix, demək olar ki, geri dönüş nöqtə­si oldu. Köçəryan və Sarkisyan klanının Rusiyanın köməyinə olan bütün ümidləri puça çıxdı: Rusiya Qarabağın Ermənis­tan tərəfindən işğalı üçün Azərbaycanla vuruşmadı.

Rəsmi İrəvan, təbii ki, dərhal siyasi elitanın məyusluğu üzərində oynamağa başladı. “Ermənistan Rusiyanın müttə­fiqidirsə, onda bizim müttəfiqimiz niyə bizi tərk etdi?” – ritorikasını gücləndirdi. Müharibədən sonrakı ilk ayda Ermənis­tan hakimiyyəti Parisdən simvolik yardım aldı – erməni diasporunun fransız icması hökumətə Qarabağdakı separatçı layihə­nin “müstəqil dövlət” kimi tanınmasını tövsiyə edən parlament qətnaməsi üçün lobbiçilik etdi. Fransa Xarici İşlər Nazirliyi tövsiyəni dərhal rədd etdi, lakin bu, siya­si jesti daha da zəiflətmədi: Paris İrəva­nın müttəfiqi olduğu yerə öz hüquqlarını açıq şəkildə bəyan etdi. İndi N.Paşin­yan Qərblə yeni və daha təhlükəli siyasi tanqo oynamağa girişib.

Ermənistanın ayrı-ayrı mütəxəssisləri iddia edirlər ki, Ermənistanda anti-Rusiya təbliğatına külli miqdarda vəsait xərclə­nir. Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib ki, yalnız bir təşkilat hər il bu məqsədlər üçün 5-6 mil­yon ABŞ dolları ayırır: “Bu təbliğat effek­tiv mexanizmdən istifadə edir: həqiqətin yalnız bir hissəsi alınır, onun haqqında daim danışılır, lakin ümumi kontekstdən təcrid olunur. Nəticədə heç kim Qərbin Ermənistan üçün tamamilə heç nə et­mədiyini demir. Eyni zamanda, yeganə bu vurğulanır ki, ruslar nəsə edib, amma bunu zəif ediblər”. O qeyd edib ki, qərb­yönlü təbliğatçılar insanları Rusiya regi­ondan çıxacağı təqdirdə Qərbin dərhal Ermənistanın müdafiəsinə qalxacağına inandırmağa çalışır: “Onlar bizi inandır­mağa çalışırlar ki, Amerika qoşunları 8 dəqiqəyə (Rusiya getdikdən sonra) bura­da olacaq, göyərtəsində Makron və Pelo­si olan fransız donanması dərhal Sevan gölündə olacaq. Gəlin, bunu uşaqlarımı­za yatmazdan əvvəl söyləyək”. A.Xaçik­yan qeyd edib ki, Ermənistanda son 5 ildə onlar yalnız Qərbə arxalanıblar, lakin “Qərb bizə xəyanət edib və bu, göz qa­bağındadır”.

Amma Ermənistanın Rusiyadan qop­ması asan məsələ deyil. İki ölkə uzun illər ərzində siyasi-iqtisadi tellər vasitə­silə bir-birilərinə bağlanıblar. Xüsusilə də Rusiyanın Ermənistan üzərində iqtisadi dominantlığı mövcuddur. Moskvanın hər hansı bir iqtisadi qadağasının gücünə haylar yaxşı bələddirlər. Buna görə də, anti-Rusiya isteriyası Ermənistanı ge­riyə dönüşü olmayan dalana dirəyə bilər. Amma görünür, hazırda N.Paşinyan hö­kumətini belə perspektiv o qədər narahat etmir.

S.ELAY
XQ

Siyasət