Neft strategiyasının 4 möhtəşəm sütunu

post-img

Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı olan BP şirkəti “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderin anadan olmasının 100 illiyinə töhfə olaraq yeni nəşr olunmuş 4 kitabın təqdimatını keçirib. 

Topluda Azərbaycanın yeni müstəqil neft strategiya­sının uğurla gerçəkləşməsi, bu ölkənin yenidən dünyanın mühüm enerji mərkəzlərin­dən birinə çevrilməsi zəngin tarixi faktlar və məlumatlar əsasında oxuculara çatdırılır. Sözügedən nəşrlərdə Azər­baycanın enerji salnaməsi­nin 4 əsas sütunu – “Azəri–Çıraq–Günəşli” (AÇG) neft yataqları bloku, “Şahdəniz” qaz yatağı, Bakı–Tbilisi–Ceyhan (BTC) əsas neft ixrac boru kəməri və Cənub Qaz Dəhlizi haqqında məlumatlar xronoloji ardıcıllıqla öz əksini tapıb, onların mahiyyəti və ölkəmizin tərəqqisində önəmi araşdırılıb. 

Dünən Bakıda Azərbay­canın ən müasir neft-qaz sənayesinin tarixindən bəhs edən kitab dəstinin təqdima­tı keçirildi. Tədbiri giriş sözü ilə açan BP-nin şirkətxarici kommunikasiyalar üzrə rəh­bəri Tamam Bayatlı ulu öndər Heydər Əliyevin 30 il əvvəl təməlini qoyduğu yeni neft strategiyasının Azərbaycan dövlətinin, xalğımızın hə­yatında mühüm rol oynadı­ğını diqqətə çatdırdı. Qeyd olundu ki, ötən 30 ildə SO­CAR-la tərəfdaşlıqda işləyən BP şirkəti və konsorsium iştirakçılarının birgə səmərəli fəaliyyətinin nəticəsi olan bu layihələr Azərbaycanın iqtisa­di qüdrətinin artmasına, tarixi Zəfərin əldə olunmasına mi­silsiz töhfələr verib. 

T. Bayatlı bildirdi ki, dərin təhlil və araşdırmaların nəti­cəsi olan bu kitablarda Azər­baycanda həyata keçirilən dünya səviyyəli – “Azəri–Çıraq–Günəşli” neft və “Şah­dəniz” qaz yataqları, Bakı–Tbilisi–Ceyhan (BTC) əsas neft ixrac boru kəməri və Cə­nub Qaz Dəhlizi layihələrinin tarixi, ulu öndər Heydər Əli­yevin, Azərbaycan Prezidenti İlham Əliyevin bu layihələrin geçəkləşdirilməsi istiqamətin­də həyata keçirdikləri misilsiz fəaliyyətlərindən, eləcə də ölkəmizin enerji salnaməsinin zənginləşdirilməsində yaxın­dan iştirak edən BP şirkəti və tərəfdaşlarının fəaliyyətindən ətraflı söhbət açılır. 

Sonra BP-nin Xəzər regio­nunda kommunikasiya və xa­rici əlaqələr üzrə vitse-prezi­denti Bəxtiyar Aslanbəyli çıxış edərək bildirdi ki, AÇG, Şah­dəniz, BTC və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birinin tarixi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və xalqının gələcəyi naminə müdrikliklə yaratdığı strategiyadan başlayır. Azər­baycanın müasir tarixinin və yeni neft dövrünün məhz ulu öndərin uzaqgörən siyasəti­nin nəticəsində formalaşdığın vurğulayan vitse-prezident qeyd etdi ki, ölkəmizdə bir sıra dünya səviyyəli neft-qaz layihələrinin həyata vəsiqə alması və uğurla reallaşdırıl­ması məhz ümummilli liderin gərgin əməyi və qətiyyətli sayəsində mümkün oldu. 

Təqdimatı keçirilən kitabla­rı illərlə aparılan geniş araşdır­maların və bu yeni tarixin yazıl­masında iştirak edən şəxslərlə canlı müsahibə və söhbətlərin nəticəsi kimi dəyərləndirən Bəxtiyar Aslanbəyli dedi ki, “Heydər Əliyev” İli”nə verilən bu töhfə ilə neft sənayesinin möhtəşəm tarixindəki misilsiz xidmətlərinə görə ulu öndərə minnətdarlıq və ehtiramı bir daha ifadə edə bildik. 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd etdi ki, ümummilli lider Hey­dər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mən­tiqi nəticəsi olan “Əsrin müqa­viləsi”nin çətin bir tarixi şərait­də imzalanması Azərbaycana beynəlxalq miqyasda hörmət və nüfuz gətirdi. Qeyd olun­du ki, ulu öndərin və onun layiqli davamçısı olan İlham Əliyevin gərgin əməyi sayə­sində reallaşdırılan neft-qaz layihələrinin hər biri geniş sal­namə, tarixdir. Bu baxımdan, neft sahəsinin tanınmış eks­perti və jurnalist İlham Şaba­nın müəllifi olduğu bu kitablar gələcək nəsillər üçün tarixi mənbə rolunu oynayacaq.

Sonda nəşrin müəllifi, enerji məsələləri üzrə tanın­mış ekspert, jurnalist, Neft Araşdırmaları Mərkəzinin rəh­bəri və Azərbaycanın bütün yeni enerji dövrünün şahidi olmuş, bu sahədə müstəsna şəxsi biliyə malik olan İlham Şaban çıxış edərək Azərbay­canın neft-qaz sənayesinin ən müasir tarixindən bəhs edən bu kitablar haqqında iştirakçılara qısa məlumat verdi. Müəllif təqdimat mə­rasiminə toplaşanlara və ki­tabların ərsəyə gəlməsində xüsusi əməyi olan “TEAS Press” nəşriyyatına və yara­dıcı heyətə minnətdarlığını bildirdi. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat