Şəhidlik yolu – şəhidin yolu

post-img

Onun son arzusu bir günə gerçəkləşdi

Sentyabrın 20-də, Qarabağda antiterror əməliyyatı aparılan zaman sosial şəbəkələrdə yayılan bir video – gizir Nəcməddin Quliyevin canlı bağlantıda gülə-gülə qohumuna dediyi sözlər dərhal trendə çevrildi: “Şəhid olsam, aliəmə çatacaq birdəfəlik ödəmə məbləği (11 min manat) kənd yolunun asfaltlaşdırılmasına sərf edilsin”. 

Həmin videoyazını Cəlilabad rayonu Ağdaş kənd bələdiyyəsinin sədri, Vətən müharibəsi qazisi Asəf İsmayılov əldə edərək özünün Facebook səhifəsində paylaşınca, Nəcməddinin nəcibliyindən təsirlənən yüzlərlə insan buna münasibət bildirdi. Hər kəs böyük ürək sahibi olan Azərbaycan hərbçisinə cansağlığı və qələbə sevinci arzuladı. 

Bundan 1 gün sonra hərbçilərimizin antiterror əməliyyatı böyük uğurla nəti­cələndi. Amma Nəcməddin döyüşlərdə şəhid oldu. Sanki şəhadətə qovuşacağı ona əyan olubmuş kimi, öncədən vəsiy­yətini etmişdi... 

Əslən Yardımlıdan olan Nəcməddinin boya-başa çatdığı Cəlilabad rayonunun rəhbərliyi bundan xəbər tutan kimi şəhidin arzusunu həyata keçirməyə qərar verdi. Elə həmin gün axşamüstü, təbii ki, dövlət vəsaiti hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Cəlilabaddakı “46 nömrəli Yol İstismarı” MMC tərəfin­dən lazımi hazırlıqlar görülərək, şəhidin boya-başa çatdığı Çüncəli kəndinin 1400 metrlik torpaq yoluna asfalt döşənilmə­sinə başlandı. Gecə saat 1-ə qədər yeni yolun çəkilişi tamamlandı. Kənd camaatı da fəhlələrə əllərindən gələn köməyi etdi: yolun kənarlarını daş-kəsəkdən, kol-kos­dan təmizlədilər, onlara çay verdilər. 

Ertəsi gün Nəcməddinin cənazəsi ata evinə təzə asfalt çəkilmiş yolla gətirildi. İctimaiyyət nümayəndələri, hərbçilər onu son mənzilə yola salmağa toplaşmışdılar. Vida mərasimində çıxış edən icra başçısı Rafiq Cəlilov dedi: “Şəhidimizin vəsiy­yətinə əməl etdik, kənd yolu asfaltlandı. Dünya bir daha gördü ki, necə qəhrəman oğullarımız var və onların xatirəsi necə əziz tutulur. Allah rəhmət eləsin!”

Sonra şəhidin atasına üçrəngli, Ay-ul­duzlu Azərbaycan bayrağı təqdim olun­du. Dövlət himni səsləndirildi və Nəc­məddin Quliyev uğrunda “uf” demədən canından keçdiyi torpağa tapşırıldı.

Sözügedən videoyazını ictimailəş­dirən Asəf İsmayılov yol idarəsi kollektivi­nin fədakarlığından, camaatın təşəbbüsə elliklə qoşulmasından danışaraq, şəhidin ruhunun şad olduğuna əminliyini bildirdi: “İlk olaraq bu yolla Nəcməddinin cənazə­si qəbiristanlığa aparıldı. İnşallah, bura­dan toy karvanları keçər. Kənd məktəbi də bu yolun üstündə yerləşir, daha yağış­lı-yağmurlu havalarda dərsə gedib-gələn uşaqlar da əziyyət çəkməyəcəklər. Bö­yük savab oldu. Bu, əsl insanlıq dərsidir”. 

Şəhidin hərbçi dostu Əli Həsənov paylaşıma yazdığı rəydə bildirib ki, sadə, təvazökar və fədakar bir gənc olan Nəc­məddinin Vətən sevgisi çox böyük idi. Heç zaman üzündən təbəssüm əskik olmazdı. Elə vəsiyyətini də işıqlı bir tə­bəssümlə çatdırdı. Son nəfəsində belə əsl vətənpərvər, elcanlı olduğunu, mənə­viyyatı maddiyyatdan üstün tutduğunu göstərdi. Ulu Tanrıdan dostuma rəhmət diləyirəm.

Onun arzusu ilə çəkilən yol bundan sonra şəhid Nəcməddin yolu adlanacaq. Bu yol əbədi olaraq yurdsevər bir Vətən oğlunun hünərindən və yüksək arzuların­dan doğan bir nağıl pıçıldayacaq.

Əli NƏCƏFXANLI
XQ



Sosial həyat