Sahibə Qafarova: Müasir dünyada separatizmə dözmək olmaz

post-img

Beynəlxalq ictimaiyyət təcavüzkar separatizmə qarşı öz səsini ucaltmalı və belə qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidir. 

Bunu Kubada keçirilən G77+Çin Sammitinin çıxışı zamanı Milli Məclisin Sədri Sahibə Qafarova Ermənistanın regionda vəziyyəti gərginləşdirmək istiqamətində atdığı addımlar barədə danışarkən deyib.

Bu gün Azərbaycanın beynəlxalq hüququn nor­ma və prinsipləri əsasında Ermənistanla normallaş­ma prosesi və sülh sazişinin imzalanması təşəb­büsü ilə çıxış etdiyini bildirən Milli Məclisin Sədri bunun regionda uzunmüddətli sülhə və sabitliyə nail olmağın yeganə yolu olduğunu qeyd edib. 

S.Qafarova qeyd edib ki, bu gün sülh və təh­lükəsizlik olmadan davamlı inkişafa nail olmaq mümkün deyil. Azərbaycan 2020-ci ildə öz əraziləri­ni 30 illik erməni işğalından azad etdikdən sonra bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Biz kifayət qədər böyük problemlə üz-üzəyik, çünki 8 şəhər və yüzlərlə kənd, habelə bütün infrastrukturu sıfırdan qurmaq lazımdır. 

***

Milli məclisin Sədri çıxışında daha sonra bildi­rib: Azərbaycan “Davamlı İnkişaf üzrə 2030 Gün­dəliyi”nin həyata keçirilməsinə sadiqdir. BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş ölkələr siyahısında məhz Azərbaycan region ölkələri ara­sında birinci, dünyada isə 12 ölkədən biridir.

O qeyd edib ki, dialoqun, həmrəyliyin, qarşı­lıqlı dəstəyin və çoxtərəfliliyin gücləndirilməsi hər zaman Azərbaycanın qlobal baxışının hərəkət­verici qüvvəsi olub. BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının keçirilməsi, peyvəndlərə bərabər və universal çıxış haqqında BMT qətnamələrinin qəbul olunması Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin mühüm nəti­cələri arasındadır. Ölkəmiz, həmçinin koronavirusla əlaqədar 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərib, 

Prezident İlham Əliyevin bu ilin martında Qo­şulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun ölkəmizdə keçirilmiş sam­mit səviyyəli görüşü çərçivəsində Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiya­dan sonrakı bərpasına dəstək məqsədilə iki Qlobal Çağırış elan etdiyini xatırladan Milli Məclisin Sədri bu çağırışların birbaşa maliyyə dəstəyini, təhsil imkanlarının genişləndirilməsini, potensialın güc­ləndirilməsini və digər vasitələri nəzərdə tutduğunu diqqətə çatdırıb. Azərbaycan ilk donor kimi hər iki Qlobal Çağırış üçün 1 milyon ABŞ dolları ayırıb.

Azərbaycanın 2018-2023-cü illər ərzində əsasən G77 Qrupuna daxil olan 83 ölkədən olan tələbələrə tam ali təhsil təqaüdü verdiyini deyən S.Qafarova bildirib ki, ölkəmiz Azərbaycan Prezi­dentinin müvafiq sərəncamı ilə yaradılmış “Heydər Əliyev Beynəlxalq Təhsil Qrant Proqramı” vasitəsilə bu təqaüdləri İƏT, Qoşulmama Hərəkatı və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri coğrafiyasından olan ölkələrə də şamil etməyi hədəfləyir.

Əliqismət BƏDƏLOV
XQ

Siyasət