Paşinyanın “seçki manifesti”: anti-Rusiya dirənişi, Qarabağ və Ermənistanın statusu

post-img

Ermənistan baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş sazişi” Partiyasının İrəvan meriyasına seçkilərlə bağlı keçirdiyi təbliğat-təşviqat mitinqində 10 noyabr 2020-ci il tarixdən, yəni 44 günlük müharibə başa çatdıqdan sonra Cənubi Qafqaz regionunda vəziyyətin nə üçün normallaşmadığına aydınlıq gətirib. Əlbəttə, Nikolun məsələyə diqqət yetirməsi müsbət haldır. Deməli, Ermənistan hakimiyyəti, heç olmasa, durumun pisliyini anlayır. Hərçənd, inanmaq çətindir ki, Paşinyan iqtidarı özünü təqsirkar görsün. Elə baş nazirin çıxışı da təqsiri özündən uzaqlaşdırmaqdan, başqalarının üstünə atmaqdan başqa bir şey deyildi. 

***

Beləliklə, Nikol qeyri-müəyyən konspriativ mən­tiqinə güc verərək bildirib ki, 44 günlük müharibədən sonra bəziləri məqsədlərinə çata bilmədilər. Onun bu fikrini, ilk baxışdan, daxili auditoriyaya hesab­lanmış düşüncə məhsulu kimi qəbul etmək müm­kündür. Axı, İrəvan meriyasına seçkilər hazırkı iq­tidarın perspektivinə aydınlıq gətirmək baxımından önəmlidir. Yəni, prosesdə uğursuzluq hakimiyyətin itirilməsinin yarısı olacaq. Nəzərə alaq ki, paytaxt İrəvan Ermənistanın böyük və əhəmiyyətli hissə­si deməkdir və şəhərin meriyasına sahiblik, faktiki olaraq, hakimiyyətə alternativlikdir. Bu səbəbdən Paşinyanın bütün populist potensialını işə salması anlaşılandır. 

***

Ancaq Nikolun söylədiklərində bir məqam var. O, bəzilərinin məqsədlərinə çata bilmədiyini vur­ğulayarkən, ictimai rəyi Qarabağ kartına kökləmək yolunu tutur. Bu kökləməyin başqa bir səbəbini yazımızın sonunda bildirəcəyik. Hələlik isə erməni baş nazirin dediklərinə diqqət yetirək. O bildirir ki, kimlərsə ölkəni diz çökdürmək, müstəqilliyini, suve­renliyini, dövlətçiliyini şübhə altına almaq istəyibmiş və belələri sözügedən Qarabağ kartından yararla­nırlar: “Bir çoxları və ya bəziləri bizim diqqətimizi Dağlıq Qarabağ məsələsinə və Dağlıq Qarabağın statusuna yönəltməyimizdən istifadə edərək, Ermə­nistanın statusunu şübhə altına almağa çalışıblar”. 

Əlbəttə, Paşinyanın Qarabağla bağlı “status” sözünü dilinə gətirməsi son zamanlar üçün yeni­lik sayılmalıdır. Axı, Ermənistanın diqqəti status məsələsinə yox, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə, mövcud istiqamətdə beynəlxalq mexanizmlərin yaradılmasına yönəlmişdi. Hər hal­da, hazırda Nikol iqtidarının Azərbaycan–Ermənis­tan sülh müqaviləsindən gözləntisi budur. İrəvan istəyir ki, sözügedən məqam müqavilədə ayrıca müddəa kimi yer alsın. Bu isə o deməkdir ki, Er­mənistan gələcəkdə Qarabağla əlaqədar iddia irəli sürmək üçün hüquqi əsas yaradılmasına çalışır. 

Bəs, sırf Qarabağa status məsələsinin məqsədi nə idi? Məqsədlər eyni idi. İndi Paşinyan da dilin­dən “status” sözünü çıxarmaqla, əslində, həm sta­tus, həm də Qarabağ ermənilərinə hüquq və təh­lükəsizlik məsələlərinin, əslində, Azərbaycana qarşı ərazi iddiası olduğunu təsdiqləyir. Sadəcə, metod fərqliliyi var. Onu da nəzərə alaq ki, “Qarabağ Er­mənistandır və nöqtə” bəyanatını verən Paşinyan idi, başqaları yox. 

Ancaq məlumdur ki, Qarabağa statusla Qara­bağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələlə­rinin, belə demək mümkünsə, müəlliflik hüquqları fərqlidir. Birinci Rusiya tərəfindən irəli sürülmüşdü, ikinci isə Qərb. Paşinyan hazırda ikinci yolla get­məklə, eyni zamanda, birinciyə qarşı demarş im­muniteti göstərməkdədir. Onun seçicilər önündəki çıxışındakı subliminal mesaj da elə budur. 

Bəli, Nikol demək istəyir ki, ruspərəstlər Ermə­nistanın müstəqilliyini və suverenliyini şübhə altına almaq istəyirlər. Paşinyanın təbirincə desək, “tribu­nadan müstəqillikdən və suverenlikdən danışanlar” Qarabağ müstəvisindəki mövqeləri ilə bu dəyərləri Rusiyanın əvvəli protektoratlığına təslimiyyətdə gö­rürlər. Nikolun fikrincə, onlar 2020-ci ilin 10 noyab­rından fəaliyyətə keçiblər və həmin fəaliyyətin nə­ticəsidir ki, Cənubi Qafqazda vəziyyət sabitləşmir. 

***

Göründüyü kimi, Ermənistanın baş naziri özü­nün anti-Rusiya ritorikasını seçki prosesinə də gə­tirdi. Əslində, bu gediş gözlənilən idi. Çünki hazırda ölkədə ona qarşı çıxan güclü kəsimin rusmeyilli ol­duğu məlumdur. Nikol bu kəsimi neytrallaşdırmasa, habelə, tam şəkildə gözdən salmasa, seçkidə işi çox çətin olacaq. Ona görə belə bəyanatlar verir. 

Əlbəttə, bu bəyanat, eyni zamanda, Ermənistan iqtidarının Qarabağ avantürasından qopmadığının da növbəti təsdiqidir. Görünür, baş nazir əvvəllər­də olduğu kimi, yenə o düşüncədədir ki, erməni cəmiyyətinin xəstəliyi keçməyib. Elə bu səbəbdən oyununu o xəstəliyin təzahür formalarına fokusla­naraq qurur. 

***

Sonda bir məqamın üzərində dayanaq. Məlum­dur ki, Qarabağ avantürası müasir Ermənistan döv­lətçiliyinin visit kartıdır. Bir qədər də ətraflı desək, Ermənistan Respublikası lap əvvəldən Qarabağ xülyası zəminində ortaya çıxmış quruluşdur. Möv­cud anlamda düşünmək olar ki, Qarabağ yoxdursa, Ermənistan da yoxdur. Ona görə də Nikol çıxışında Ermənistanın statusu məsələni elə-belədən qabart­mır. 

Yeri gəlmişkən, o, hələ hakimiyyətə gəlməzdən əvvəl Qarabağ avantürasından uzaqlaşan dövlət preambulasını rəhbər tutmuşdu. Ancaq sonrakı pro­seslər göstərdi ki, Paşinyan da avantüranın əsirinə çevrildi. Deməli, Qarabağla var olan Ermənistan bölgənin əldən çıxması ilə varlığını itirə də bilər. Ni­kol və komandası isə vəziyyətin bu şəkil almasına qarşı heç nə edə bilməyəcək kimi görünür. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət