Fəlakətin ayaq səsləri yaxud ermənisayağı “karlıqda” avantürizm etüdləri

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Qərbin Rusiyanı dünyadan “izqoylaşdırmaq” siyasətinin növbəti ünvanı Cənubi Qafqazdır. Artıq qətiyyətlə bunu bildirmək mümkündür. Mövcud siyasətdə Ermənistan amili əsas götürülməkdədir. Ermənistanın isə öz marağı var – Qarabağ. Erməni avantürası əldə etməyə – işğala, qəsbə öyrəncəlidir. İtirmək onun xəstə təfəkkürünə yaddır. Ona görə dirəniş göstərir...

Əlbəttə, Qərbin, o cümlədən, ABŞ-ın Cənubi Qafqaza baxışından da söz açmaq mümkündür. Rəsmi açıqlamalar onu deməyə əsas verir ki, Qərb dünyası yaşadığımız coğrafiyanı sülh şəraitində görmək istəyir. Ancaq sözdə sülh çağırışlarını çox eşitmişik. Təzadlı səslənsə də, sən demə, mühari­bələr də sülh üçün imiş. Daha bir təzad budur ki, sülh üçün axıdılan göz yaşları timsahın göz yaşın­dan bir o qədər fərqlənmir. 

Bəli, mövcud mürəkkəb geosiyasi labirintdə Ermənistan amili qədər, Azərbaycan amili də ön plandadır. Dünya erməniliyinin hazırda həll etməyə çalışdığı məsələ Azərbaycanı yox eləməkdir. Ona görə müxtəlif problemlər gündəmə gətirilməkdədir. Sırf Qarabağ ritorikası fonunda Azərbaycanın Laçın yolunu bağlaması, Qarabağ ermənilərinə qarşı et­nik təmizləmə, soyqırımı və sair cəfəngiyyatlar uy­durulmaqdadır. Daha bir məqam isə ölkəmizə “qey­ri-demokratik ölkə” damğasının vurulmasıdır. Yəni, dünya erməniliyi və Ermənistan məhz vurğuladığı­mız bu yaramaz tezislərlə üstümüzə gəlir. Beləliklə, Azərbaycan əleyhinə qlobal antipatiya dalğası for­malaşdırmaq yolunu tutur. Əlbəttə, daha bir məqam da var. Sən demə, Azərbaycan ruspərəst imiş. Erməni beyin mərkəzləri bu cəfəngiyyatı da tirajla­maqdadırlar. Həmin mərkəzlər Azərbaycan amilinin gücünü 44 günlük müharibə dönəmində yaxşı gör­müşdülər. Savaş meydanı bir yana, onlar ölkəmizi işğalçı, təcavüzkar kimi təqdim etmək cəhdlərinin də uğursuzluqla nəticələndiyinə şahidlik etdilər. Bu səbəbdəndir ki, daha rəngarəng “gedişlərə” baş vu­rurlar.

***

Lakin indi dünyada vəziyyət dəyişib, fərqli situa­siya yaranıb. Rusiya, əvvəldə də bildirdiyimiz kimi, “izqoylaşdırılıb”. İrəvan mövcud siyasətdə yer al­maq istəyini ortaya qoyur, öz “xidmətini” təklif edir. Var gücü ilə çalışır ki, Moskvanın Cənubi Qafqazla bağlılıq tellərinə zərbə vursun. 

Məlum olduğu kimi, İrəvanın üzvü olduğu Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsin­dəki anti-Rusiya demarşları ötən ildən başlanıb. Qurumun 2022-ci ilin noyabrında Ermənistanın paytaxtında keçirilmiş iclası zamanı yaşananlar bu demarşların dramatik isterikasının göstəriciləri idi. Paşinyan Rusiya Prezidenti Vladimir Putinin qatıl­dığı sammitdə nəinki ona, eləcə də digər liderlərə hörmətsizlik yolu tutdu, bütün diplomatik etiketləri aşaraq, faktiki olaraq, toplantıdakıların səmərəsiz qurumda toplaşdıqları mesajını verdi. Səbəb isə bu idi – KTMT Azərbaycanın hərəkətlərinə qarşı adek­vat siyasi qiymət vermir. 

Qeyd etdiyimiz ritorika ötən müddətdə daha da gücləndi. Əgər başlanğıcda bu, Paşinyanın şıltaqlığı təəssüratı yaradırdısa, artıq erməni baş nazir dav­ranışına, necə deyərlər, çəki-düzən verib. Moskva­da da məsələnin ciddiliyini yaxşı anlayırlar. Ancaq, ümumən, Ermənistanın anti-Rusiya köklənişində KTMT kartının Qarabağ kartı qədər effektiv olduğu­nu söyləmək mümkünsüzdür. Yəqin, elə buna görə İrəvanın quruma qarşı əvvəlki zidd mövqeyi Rusi­yada bir o qədər qıcıq doğurmurdu, elə ki, məsələ Qarabağ kartı ilə çulğalaşdı, Kremlin reaksiyaları kəskinləşməyə başladı. Moskvada da artıq tam dərk edirlər ki, Ermənistan hazırda Rusiyanın “izqoylaş­dırılması” siyasətinin başlıca fiqurudur. 

***

Rusiyaya ikinci Ukrayna lazım deyil. Amma ölkə prinsipsizlik də göstərə bilməz. Bu baxımdan, han­sısa zəiflik uğursuzluq doğuracaq. Hərçənd, indiki durumda Moskvanın daha çox səbr eləməyə üstün­lük verdiyini deyə bilərik. Əslində, iş səbrdən keçib, Kreml, sadəcə olaraq, dözür. Dözür və arada əks həmlələr də etməyi yaddan çıxarmır. Başa çatmaq­da olan həftəmiz həmin əks həmlə səhnələri ilə yad­da qaldı. 

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirdi ki, Moskva Azərbaycan, Rusiya və Ermənis­tan liderlərinin 10 noyabr 2020-ci il tarixdə imzala­dıqları üçtərəfli Bəyanatla Qarabağı Ermənistana verdi. Əlbəttə, bu, kifayət qədər vulqar deyimdir. Si­monyan həmişəki kimi, “ampluasına” sadiq qalaraq, belə demək mümkünsə, dozanı bir qədər artıq etdi. Ancaq, o, erməni ictimai rəyinin düşüncəsini açıqla­dı. Yəni, mövcud anlamda reallığı dilə gətirdi. 

Simonyana cavab özünü çox gözlətmədi. Əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov, sonra Prezident Putin bildirdilər ki, Qarabağı Azərbaycana verən Ermənistanın özüdür. Onların hər ikisi fikirlə­rinin təsdiqi kimi, Ermənistan baş naziri Nikol Paşin­yanın Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ötən il oktyabrın 6-da keçirilmiş Praqa və bu il mayın 14-də gerçəkləşmiş Brüssel görüşlərini önə çəkdilər. Həmin görüşlər zamanı İrəvanın Qaraba­ğı Azərbaycanın ərazisi kimi tanıdığını vurğuladılar. Üstəlik, sözlərindən belə çıxdı ki, Moskva Qarabağa status verilməsini təklif etmişdi, ancaq Ermənistan rəhbərliyi bununla razılaşmamışdı...

Əlbəttə, həm Putin, həm də Lavrov yaxşı anla­yırlar ki, İrəvanın dərdi başqadır. Bunu təxmin etmək o qədər də çətin deyil. Birincisi, Ermənistan Rusiya­nın vasitəçilik missiyasını dondurub. İkincisi isə ölkə Qarabağ sevdasının axtarışı üçün başqa yol müəy­yənləşdirib. Elə bir yol ki, Kremli nəinki Bakı–İrəvan tənzimləməsindən uzaqlaşdırır, eyni zamanda, bü­tövlükdə, Cənubi Qafqazdan çıxarmağı hədəf seçir. Deməli, Qarabağ amili Rusiyanın haqqında söz aç­dığımız “izqoylaşdırılma”sında vasitəyə çevrilir. 

Diqqət yetirək, bir neçə gün əvvəl ABŞ Senatın­da Qarabağla bağlı dinləmələr keçirildi. Aydın oldu ki, proses Azərbaycanla yanaşı, Rusiyaya da yönə­lib. Dinləmələr, faktiki olaraq, Rusiyanı Qarabağa görə günahlandırmaq tribunası idi. Sən demə, Mos­kva üçtərəfli bəyanat çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmirmiş. Əlbəttə, burada həqiqət var. Məsələn, Kreml Qarabağ ərazisindəki qeyri-qanuni erməni hərbi birləşmələrini çıxarmağı bacarmayıb, başqa vurğulanmalı məqamlar da var. Ancaq demək olmaz ki, Moskva öz missiyasına eti­nasız yanaşıb. 

Yəni, Rusiyanın 2020-ci ildən başlayaraq, sülh­məramlı kimi həyata keçirdiyi bütün tədbirlər, necə deyərlər, Ermənistanın könlünü almağa yönəlmişdi. Hətta, qeyri-qanuni erməni silahlı birləşmələrinə si­lah-sursat, texnika daşınmasına köməkdən tutmuş, Qarabağ ermənilərinə pampers paylanmasınadək gerçəkləşdirdiyi bütün tədbirlər onu deməyə əsas verir ki, Moskva Qarabağ müstəvisində erməni təəssübünü yetərincə çəkdi. Amma “əməyi” qiymət­ləndirilmədi. ABŞ Senatındakı dinləmələr də bunun təsdiqidir. 

Bəli, iş o yerə çatıb ki, Rusiya Qarabağdakı sülhyaratma missiyasına görə, az qala, xəyanətdə günahlandırılır. Hər halda, Ermənistan rəhbərliyi­nin, eləcə də dünya erməniliyinin yaratdığı görün­tü bunu deməyə əsas verməkdədir. Mövcud fonda Moskvanın Cənubi Qafqaz siyasi akvatoriyası üçün tam lazımsızlığı obrazı formalaşdırılır. Qalıb Paşin­yanın ölkəsindəki 102-ci hərbi bazanı çıxarılmasını tələb etməsi. Heç şübhəsiz, hadisələr ona da doğru gedir. Bir halda ki, Rusiya sülhməramlıları erməni maraqlarını qoruya bilmirlər, Gümrüdəki 102-ci hər­bi bazanın nə işə yaradığı sual oluna bilər. Məlum­dur ki, həmin baza Rusiyanın Türkiyə təhlükəsindən sığortası məqsədilə oradadır. Nikol deyə bilər ki, Ankara ölkəsi üçün təhlükə törətmir. Buna qarşılıq Moskvanın hansısa arqumenti varmı? Xeyr!

Digər tərəfdən, məlumdur ki, üçtərəfli Bəyanat imzalananda Rusiyanın müharibəyə son qoyan ob­razı meydana çıxdı. Bu obraz onun üçün müstəs­na siyasi və mənəvi dividend idi. Əlbəttə, Ukrayna müharibəsi vəziyyəti xeyli dəyişdi. Ancaq Qərb total və hərtərfli xarakter daşıyan anti-Rusiya kampani­yasında Moskva üçün nəfəslik sayıla biləcək bütün nöqtələri tutmaqdadır. Bu baxımdan, “Qarabağda müharibəni dayandıran ölkə” imicinin müsbət tərəf­ləri də ləkələnməli idi. İndi aydın olur ki, həmin ləkə­nin çamuru rolunda oynayan məhz Ermənistandır. 

Bəs, mövcud durumda Rusiya hansı addım­lar ata bilər. Bu barədə söz açmazdan əvvəl Moskvanın Ukraynada müharibədən əvvəl dün­ya birliyi ilə təmaslarına diqqət yetirək. Kreml tam şəkildə agah etmək istəyirdi ki, beynəlxalq aləmin ona qarşı gəlməsi düzgün deyil. Hansı məqamda “qırmızı cizgilər”in keçilə biləcəyini açıqlayırdı. Ru­siyanın nöqteyi-nəzərindən baxanda onun özünü haqlı sayması üçün əsaslar, kifayət qədər, çox idi. Yəni, ölkə Ukrayna müharibəsini yaradıb işğalçı kimi tanınmağı arzulamazdı. Reallıq budur ki, Ru­siya buna getmək məcburiyyətində qaldı. Mövzuya dair müxtəlif məqamlardan söz açmaq mümkündür. Əsas məsələ isə budur ki, Kreml özünün qlobal ma­raqlarına təhdidlərin yarandığını gördü və qarşısını almağa girişdi. 

***

İndi Ermənistanın sayəsində Cənubi Qafqazda Rusiya baxımından oxşar mənzərə formalaşdığı gün kimi aydındır. Heç bir siyasi konfrantasiyalarda iştirak etməyən, yalnız öz maraqlarının qorunması­na çalışan, oyun qaydalarına ciddi riayət edən Azər­baycandan fərqli olaraq, Ermənistan bütün prinsip­ləri pozmaqdadır. Üstəlik, mövcud proses Rusiyaya açıq demarş notları ilə yadda qalmaqdadır. Belə bir durumda Rusiya Ermənistana xəbərdarlıqlar ün­vanlamaqla məşğuldur. Nəinki xəbərdarlıq edir, eyni zamanda, çox incə mətləblərə toxunaraq, onu sanki qəflət yuxusundan ayıltmağa çalışır. 

Bu anlamda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənis­tan üçün fəlakət anonsuna Moskva–İrəvan yaxınlı­ğı fonundakı sentimental motivləri əlavə etməsinə diqqət yetirək: “Belə əlaqələri bir və ya beş il ərzin­də qurmaq olmaz. Bu, tarixi bazadır. Bu, zamanla sınaqdan keçirilmiş hekayədir. Ən əsası, insanların ruhundan, ürəyindən gələn hekayədir. Bu, fürsətcil­lik deyil, haradasa proqramda yazılmır və həyata ke­çirilməsi insanların öhdəsinə buraxılmır. Bizim ölkə­də insanlar belə düşünür, belə hiss edir, bu ölkəyə (Ermənistana – red.), bu insanlara (ermənilərə - red.) sevgi ilə yanaşırlar. Və hər şeyin üstündən xətt çəkmək... Mən ürəkdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə planı yoxdur”.

Lavrovdan, Putindən sonra Zaxarova. Rusiya Ermənistana daha nə deməlidir ki, ölkə özünə yığış­sın? Heç nə! Və belə bir durumda ABŞ Senatında Qarabağ müzakirələri təşkil olunur, Moskva ittiham edilir. Hələ bu azmış kimi, Paşinyan deyir ki, ölkəsi Rusiya Prezidentinin Ermənistana daxil olacağı təq­dirdə dərhal həbsini nəzərdə tutan Roma statutunu ratifikasiya edəcək. 

Bütün bunların fonunda Ermənistanın tam haq­sız durumda olduğu Qarabağ məsələsi, Azərbay­can – Ermənistan qoşunlarının təmas xəttində, şərti sərhəddə gərginliyin artması, hər ötən günün yeni müharibə müjdəçisinə çevrilməsi və M.Zaxarovanın da haqqında söz açdığı fəlakət. Bəli, Ermənistanın tutduğu yol, məhz, fəlakət yoludur. İrəvan bütün addımları ilə fəlakətin ayaq səslərini eşitdirir. Bunu okeanın o tayında da eşidirlər. Ancaq Ermənistan­dakılar eşitmir, ona görə ki, “kar”dırlar.

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət