Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 326 Bakı şəhəri, 14 sentyabr 2023-cü il

“Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənil­məz xərclərə ehtiyacının ödənilməsi Qaydası”nın təsdiq edilməsi və “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehti­yaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli Qərarının ləğv edilməsi haqqında 

“Hədəfli maliyyə sanksiyaları haqqın­da” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2008 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

1. “Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və göz­lənilməz xərclərə ehtiyacının ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlə­nilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qayda­sı”nın təsdiq edilməsi barədə” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunve-ricilik Toplusu, 2016, № 8, maddə 1447; 2017, № 8, maddə 1630; 2018, № 10, maddə 2157) ləğv edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr
tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən
zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi 

QAYDASI

1. Ümumi müddəalar

 1.1. “Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi Qaydası” (bundan sonra – Qayda) “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.8-ci maddəsinə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2002-ci il 20 dekabr tarixli 1452 nömrəli, 2006-cı il 14 oktyabr tarixli 1718 nömrəli və 2015-ci il 20 iyul tarixli 2231 nömrəli qətnamələrinə uyğun olaraq hazırlanmışdır. 

1.2. Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdiril-məsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin və qurumların (bundan sonra – fiziki şəxslər və qurumlar) dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edir.

2. Dondurulmuş aktivlərdən istifadənin əsasları

 2.1. Fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktiv-lərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra – Dövlət Təhlükəsizliyi Xidməti) tərəfindən verilir.

2.2. Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonar 7 (yeddi) iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydanın  3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir:

2.2.1. vergi və rüsumlar;

2.2.2. sığorta ödənişləri (həyatın yığım sığortası istisna olmaqla);

2.2.3. kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);

2.2.4. maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;

2.2.5. qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;

2.2.6. peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər;

2.2.7. dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər.

2.3. Fiziki şəxslərin və qurumların yazılı müraciətlərində bu Qaydanın 3.3.1-ci və 3.3.3-3.3.11-ci yarımbəndlərində qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır.

2.4. Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən 1 (bir) iş günü müddətində fiziki şəxsləri və ya qurumları müraciətin qəbul edilməsi və bu Qaydada nəzərdə tutulan prosedur barədə məlumatlandırmalıdır.

3. Dondurulmuş aktivlərdən istifadəyə dair icazənin verilməsi qaydası

 3.1. Dondurulmuş aktivlərdən istifadəyə dair icazə  istifadə olunacaq vəsaitin terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdiril-məsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.

3.2. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış Sanksiya Komitələri tərə-findən müəyyən edilmiş meyarlar əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti ilə beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi məqsədilə dondurulmuş aktivlərindən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı müvafiq Komitənin rəyi nəzərə alınmaqla qəbul edilir. 

3.3. Rəyin alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən etibarən 1 (bir) iş günü müddətində həmin müraciəti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinə göndərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə 2 (iki) iş günü müddətində həmin müraciət əsasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinə sorğu ünvanlayır. Sorğuda aşağıdakılar nəzərdə tutulmalıdır:

3.3.1. fiziki şəxsin və ya qurumun adı və ünvanı;

3.3.2. fiziki şəxsin və ya qurumun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələri tərəfindən müəyyən edilmiş siyahıda daimi istinad nömrəsi;

3.3.3. fiziki şəxsin və ya qurumun hesabı barədə məlumatlar (maliyyə institutunun adı və ünvanı, hesab nömrəsi);

3.3.4. ödənişin məqsədi, zəruri və gözlənilməz xərclərə ehtiyacın əsaslandırılması;

3.3.5. bu Qaydanın 2.2-сi bəndində nəzərdə tutulmuş zəruri xərclərin növü və ya gözlənilməz xərclərin mahiyyəti; 

3.3.6. ödənişlərin məbləği və sayı;

3.3.7. ödənişlərin başlandığı və bitdiyi tarix;

3.3.8. ödənişin həyata keçirilməsi forması;

3.3.9. istifadə olunacaq dondurulmuş aktiv barədə məlumat (aktivin növü, olduğu yeri, təsviri və s.);

3.3.10. vəsaiti qəbul edən tərəfin adı və ünvanı;

3.3.11. ödənişdən tutulmalar.

3.4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinin rəyini daxil olduqdan sonra 2 (iki) iş günü müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə göndərir. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş halda, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya  Komitələrinin mənfi rəyi olmadığı təqdirdə, həmin rəyin Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmasından sonra 1 (bir) iş günü müddətində aktivləri dondurulmuş fiziki şəxslərin və qurumların aktivlərindən istifadəyə dair qərar qəbul edir.

3.5. Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, aşağıdakı aktivlərdən istifadə olunmasına icazə verilə bilər:

3.5.1. dondurulmuş hesablara həmin hesablar üzrə ediləcək hər hansı faiz və ya digər gəlirlər;

3.5.2. hesablar dondurulan dövrədək olan müddətdə bağlanıl-mış əqdlər, razılaşmalar və ya öhdəliklər üzrə ödəmələr;

3.5.3. fiziki şəxslərin və qurumların xeyrinə ediləcək hər hansı digər ödənişlər.

3.6. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 2.2-ci və 3.4-cü bəndlərində nəzərdə tutulan qərar barədə müraciət edən fiziki şəxslərə və qurumlara dərhal məlumat verir.

3.7. Fiziki şəxslər və qurumlar zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

4. Dondurulmuş aktivlərdən istifadəyə dair qərarın icrası

4.1. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu Qaydanın 2.2-ci və 3.4-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qəbul edilmiş qərar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər (bundan sonra – subyekt) üçün məcburi qüvvəyə malikdir. 

4.2. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 2.2-ci və 3.4-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul etdikdə, həmin qərarı dərhal Azərbaycan Respublika-sının Maliyyə Monitorinqi Xidmətinə və subyektə göndərir.

4.3. Subyekt dərhal dondurulmuş aktivlərdən istifadəyə dair qərara uyğun olaraq, ödənişlərin aparılmasını həyata keçirir və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublika-sının Maliyyə Monitorinqi Xidmətinə yazılı formada məlumat verir.

 

Nazirlər kabinetinin qərarları