ABŞ-nin Ermənistanın iddialarını təkrarlaması qəbuledilməzdir

post-img

Dünən Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. XİN-dən XQ-yə verilən məlumata görə, görüş zamanı bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, mövcud təhdid və çağırışlar müzakirə olunub.

Nazir Ceyhun Bayramov sentyab­rın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Entoni Blinken arasında təmaslar zamanı Ağ­dam–Xankəndi və Laçın yolunun eyni zamanda açılması istiqamətində əldə olunmuş razılığın həyata keçirilməsinə əngəl törədən tərəfin bundan öncəki razılıqlarda olduğu kimi Ermənistan və onun yaratdığı qondarma rejim ol­duğunu diqqətə çatdırıb. Bu faktların da, öz növbəsində, bölgədə, guya, “humanitar böhran”, “blokada” olması ilə bağlı səsləndirilən iddiaların əksinə, vəziyyətin heç də humanitar deyil, əs­lində siyasi olduğuna dəlalət etdiyini bir daha göstərdiyi bildirilib.

Ermənistan tərəfinin davamlı hər­bi-siyasi təxribatlarına, bütün dünyada Azərbaycan əleyhinə qarayaxma kam­paniyası aparmasına, ərazilərimizdə separatçılığı dəstəkləməsinə baxma­yaraq, ölkəmizin konstruktiv mövqe sərgiləməsinin fonunda bölgədəki və­ziyyətlə yaxından tanış olan bir sıra beynəlxalq tərəfdaşların, o cümlədən, ABŞ tərəfinin Ermənistanın rəvayətlə­rinə uyaraq erməni tərəfinin iddialarını təkrarlamasının qəbuledilməz olduğu bildirilib.

Bu xüsusda, Ermənistanın bölgə­də sülh və təhülükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüv­vələrinin mövcudluğundan diqqəti ya­yındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. Yuri Kimin çıxışın­da öz əksini tapmasının təəssüf doğur­duğu bildirilib. ABŞ tərəfi ilə 1 sentyabr razılığına uyğun olaraq yolların paralel açılmasına Ermənistan və qondarma rejim tərəfindən maneçilik törədilmə­sinin Senatda ABŞ rəsmisi tərəfindən bəyan edilməməsinin vəziyyətə dair yanlış təəssürat yaratdığı vurğulanıb.

Ermənistanın son dövrlərdə atdığı addımların, o cümlədən, sentyabrın 2-də Ermənistan baş naziri Nikol Pa­şinyanın ərazilərimizdə separatçılığı təşviq edən təbrik mesajının normal­laşma və sülh prosesinə ciddi zərbə vurduğu xatırlanıb.

Azərbaycanın yollardan paralel isti­fadə edilməsi üzrə razılığa sadiqliyi bir daha diqqətə çatdırılıb.

Son xəbərlər