Ermənistan revanşist məqsədlər üçün vaxt qazanır

post-img

Son günlər Ermənistan bölgədə təxribatları davam etdirir, işğaldan azad olunmuş ərazilərimizi atəşə tutur, sülh müqaviləsinin imzalanmasını bilərəkdən ləngidir. Həqiqətən, diqqət çəkən məqamlardan biri də budur ki, bu təxribatlar, əsasən sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə həyata keçirilir. O zaman belə qənaətə gəlmək olar ki, separatçıların törətdikləri təxribatların arxasında, eyni zamanda, sülhməramlıların da əli var. Bu və ya digər məsələlərlə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət etdik. 

Komitə sədri təəssüf hissi ilə bildir­di ki, istər Ermənistanla olan şərti sər­hədlərimizdə, istərsə də Qarabağda təxribatlar davam edir. Sülhməramlı qüvvələrin məsuliyyət zonasında daha çox baş verən təxribatların qarşısının alınmaması bizi təəccübləndirməklə yanaşı, həm də hiddətləndirir. Separat­çıların törətdikləri təxribatların qarşısı nəinki alınmır, əksinə, miqyası getdikcə genişlənir. Görünən budur ki, ermənilər yenidən “dəmir yumruğ”un dadını hissi etməyənə qədər təxribatlarını davam et­dirəcəklər.

Z.Əsgərov dedi ki, 2020-ci il 10 no­yabr tarixli Bəyanatın maddələri kobud şəkildə pozulur. Həmin bəyanatın 4-cü bəndində qeyd edilib ki, Rusiya Fede­rasiyasının sülhməramlı kontingenti er­məni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Buna baxma­yaraq, 3 ilə yaxındır ki, qanunsuz silahlı birləşmələr hələ də Qarabağdan çıxa­rılmayıb. Əksinə, onların sayı daha da artırılıb. Təəccüblüdür ki, sülhməramlı qüvvələr həmin əraziyə yerləşdirildikdən sonra qanunsuz silahlı birləşmələrin sayı da artırılıb. Bizdə olan məlumata görə, hazırda həmin ərazidə 10 minə yaxın qanunsuz silahlı birləşmələr, ter­rorçular və quldurlar yerləşdirilib. 

Ermənilər və onların havadarla­rı iddia edirlər ki, ərzaq yalnız Laçın–Xankəndi yolundan aparılmalıdır. Həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də parlamentin sədri Alen Simon­yan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdıqlarını bəyan ediblər. Parlamentin sədri bu bəyanatı bir neçə gün əvvəl də səsləndirib. Bir halda ki, siz Azərbaycanın suverenliyini, ərazi bütöv­lüyünü tanıyırısınızsa, həmin ərazilərə özbaşına necə girə bilərsiniz? Deməli, bu ərzaq məsələsi yox, siyasi oyun­bazlıqdır. Bəs 10 min qanunsuz silahlı birləşmə nə yeyib-içir? Onları kim qida­landırır? Halbuki, üçtərəfli bəyanatda açıq şəkildə qeyd olunub ki, qanunsuz silahlı birləşmələr Qarabağdan çıxarıl­sın. Deməli, əsas məqsədləri bölgədə gərginlik yaratmaq, təxribatlar aparmaq, atəşkəsi pozmaqdır.

Komitə sədri bu məsələrdə bey­nəlxalq təşkilatların və özünü demok­ratiyanın, haqq-ədalətin carçısı kimi tanıdan bəzi dövlətlərin, xüsusilə, Fran­sanın ermənipərəst mövqeyini, ikili ya­naşmasını da tənqid etdi: “Fransa Paris və Strasburq merlərinin müşayiəti ilə Xankəndiyə “humanitar yüklə” dolu avto­mobillər göndərməklə Azərbaycana qar­şı beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozaraq, təxribata əl atıb. Paris meri Ann İdalqonun humanitar yardım karvanının qarşısında durub şəkil çək­dirməsi ilə özünü gülünc vəziyyətə salıb. 

Bu, Ermənistanın terrorçu dövlət kimi müdafiəsindən başqa bir şey deyil. Halbuki, 1993-cü ildə BMT Təhlükəsiz­lik Şurasının Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan ərazilərindən çıxarılması barədə qəbul etdiyi dörd qətnaməyə Fransa da səs verib. İndi isə Qarabağa humanitar yardım gətirirlər. Təbii ki, bütün bunlar siyasi hoqqabaz­lıqdır. Fransalı merlər qarşıdan gələn seçkilərdə səs toplamaq üçün erməni lobbisini bu yolla ələ almaq istəyir. Əslin­də, bu yollarla erməni lobbisinin əlində alətə çevrilirlər. Bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bil­məz. Azərbaycan Xankəndidə yaşayan erməni əsilli sakinləri ərzaqla təmin et­mək gücündədir”. 

XQ

Siyasət