Beynəlxalq aləm Qarabağda qanunsuz “seçki”ni tanımır

post-img

Türkiyə

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nə­zarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi" ilə bağlı məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində qa­nunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər region­da beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdir­mək cəhdlərinin yeni təzahürüdür: “Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələ­rinin və ATƏT-in prinsiplərinin açıq şəkil­də pozulmasıdır.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən seçkiləri sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik.

Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu seç­kiləri tanımamağa çağırırıq.

Türkiyə Azərbaycan və Ermənis­tan arasında sülh danışıqları prosesini dəstəkləyir və ən qısa zamanda daimi sülh sazişinin imzalanmasının regionun sülh və sabitliyinə böyük töhfə verəcəyinə inanır”.

Ukrayna

Ukraynanın Xarici İşlər Nazirliyi sent­yabrın 9-da Qarabağ ərazisində (Azər­baycan Respublikası) qondarma “prezi­dent seçkilərinin” keçirilməsini pisləyir. 

Bu fikirlər Ukrayna XİN-in dünən yay­dığı bəyanatda yer alıb. 

Bəyanatda qeyd olunub: “Qondarma “prezident seçkilərinin” keçirilməsi bey­nəlxalq hüquq normalarına və prinsiplə­rinə ziddir və onların nəticələri əhəmiy­yətsizdir. 

Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının suverenliyinə, onun bey­nəlxalq səviyyədə tanınan ərazi bütöv­lüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla ni­zama salınmasının tərəfdarıdır”. 

Moldova

Moldova Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respubli­kasının Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi qondarma “prezident seçkilərini” pisləyən bəya­nat verib. 

XQ xəbər verir ki, Moldova XİN-in bə­yanatında deyilir: “Moldova Respublikası sentyabrın 9-da Qarabağ bölgəsində ke­çirilən qondarma "prezident seçkiləri"ni beynəlxalq hüququn norma və əsas prin­siplərinə zidd hesab edir və onları tanımır.

Moldova Respublikası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə ta­nınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır”. 

Avropa İttifaqı

“9 sentyabr 2023-cü il tarixində Xankəndidə keçirilən qondarma “pre­zident seçkiləri”ni nəzərə alaraq, Av­ropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”.

Bunu Aİ-nin Xarici Fəaliyyət Xidməti­nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib. 

“Eyni zamanda, Aİ hesab edir ki, Qa­rabağ ermənilərinin Bakı ilə nəticəyönüm­lü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəm­ləşməsi vacibdir. Aİ bu prosesi dəstək­ləməyə sadiqdir” – o, qeyd edib.

Türk Dövlətləri Təşkilatı 

Türk Dövlətləri Təşkilatının Katibli­yi Azərbaycan Respublikasının ərazi­sində qanunsuz separatçı rejim tərə­findən keçirilən qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb. 

Təşkilatın rəsmi saytında bildirilir ki, bəyanatda deyilir: “Türk Dövlətləri Təş­kilatının Baş katibi 2023-cü il sentyabrın 9-da Azərbaycan Respublikasının Qara­bağ bölgəsində Ermənistanın yaratdığı qanunsuz rejim tərəfindən təşkil edilən qondarma “prezident seçkiləri” ilə bağlı dərin narahatlığını ifadə edir. 

Biz regionda sülh və sabitliyə xələl gətirən bu təxribatçı hərəkəti beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitu­siyasının və qanunlarının kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyirik. Eyni zamanda, biz Azərbaycanın Qarabağ böl­gəsinin erməni sakinlərinin öz konstitusiya sisteminə yenidən inteqrasiyası istiqamə­tində səylərini yüksək qiymətləndiririk.

Baş katib Qarabağ bölgəsinin Azər­baycanın və Türk dünyasının bir hissəsi olduğunu bir daha vurğulayır və buna görə də Azərbaycan və Ermənistan ara­sında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkin­məyə və konstruktiv dialoqa çağırır.

XQ

Siyasət