Eyni zamanda, Azərbaycanın milli qurtuluşunun başlanğıcı
32 il əvvəl talenin hökmü ilə Naxçıvana dönmüş, muxtar respublikanın rəhbəri seçilmiş, blokadada olan diyarı müstəsna idarəçiliyi ilə xilas etmiş dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin bioqrafiyasının bu dövrü, ilk növbədə, ondan əvvəlki siyasi gedişatı yada salır.
Azərbaycana rəhbərliyinin birinci dövründə öz respublikasını gerilikdən və tənəzzüldən xilas edərək hərtərəfli inkişaf yoluna çıxarmış ümummilli lider Heydər Əliyev qüdrətli siyasi lider kimi Moskvaya sovet dövlətinin ali rəhbərliyinə aparılmış, buradakı nəhəng fəaliyyəti ilə nəinki SSRİ-də, eləcə də dünyada siyasət qrossmeysteri və nadir idarəçi kimi məşhurlaşmışdı. Sovet kommunist sisteminin süquta doğru getdiyi dövrdə xalqımıza qarşı düşmən mövqeyini gerçəkləşdirməyə başlayan ermənipərəst SSRİ diktatoru Mixail Qorbaçov Heydər Əliyevə qısqanc və xəbis münasibət bəsləyərək 1987-ci ilin noyabrında onu hakimiyyət olimpindən istefa verməyə məcbur etmişdi.
Azərbaycann liderinin siyasi meydandan kənarlaşması ilə Qorbaçovun erməni ətrafı onun gizli xeyir-duası ilə Qarabağı Ermənistana birləşdirmək uğrunda mübarizəyə start vermişdı. 2 il müddətində Azərbaycanın bu təcavüzə dirəniş göstərdiyindən qəzəblənən Qorbaçov 1990-cı ilin 20 yanvarında xalqımıza qanlı divan tutanda Moskvada siyasi təcrid şəraitində yaşayan Ulu öndər bütün maneə və təhlükələri aşaraq bu hərbi-siyasi cinayəti kəskin ittiham etmişdi.
Bundan sonra sovet paytaxtında, düşmən qüvvələrin əhatəsində yaşamağın mümkün olmadığını görən Heydər Əliyev daha ciddi bir maneəni aşaraq xalqının mübarizəsinə yaxından kömək etmək üçün həmin ilin 20 iyulunda Vətənə dönə bilmişdi. Lakin vəzifə düşkünləri onun Bakıda yaşamasına imkan yaratmadıqlarından xalqımızın ümummilli lideri doğulub-böyüdüyü Naxçıvan torpağına getməyə məcbur olmuşdu. Burada blokada şəraitində yaşayan əhali dünya şöhrətli siyasətçini böyük ümid və ehtiramla qarşılayıb, ilk gündən onun ətrafında birləşmişdi. Naxçıvanlılar taleyin ümidinə buraxılmış muxtar diyarın xilasını öz böyük oğlunun burada rəhbər səlahiyyətləri öz üzərinə götürməsində görmüşdü.
Həmyerlilərinin birmənalı olaraq, təkidlə bu qənaətin üzərində dayanması, toplaşan minlərlə insanın 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyası zamanı iclas zalının qarşısında böyük siyasət nəhəngi Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsini tələb etməsi dahi şəxsiyyətə xalqın böyük etimadının nəticəsi olmaqla yanaşı, zamanın da təxirəsalınmaz hökmü idi. Sentyabrın ilk günləri təkcə Naxçıvanın deyil, həm də bütövlükdə, Azərbaycanın xilası üçün zəruri addımın atıldığı tarixi şans məqamı idi. Naxçıvanlılar həmin vaxt bu şansı yüksək səviyyədə gerçəkləşdirdilər. Bu elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvanın Azərbaycanın digər regionları ilə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, insanların sabahkı günə inamı qalmamışdı. Xalqın yeganə ümid yeri və təsəllisi ulu öndər Heydər Əliyevin Naxçıvanda xalqla bir yerdə olması idi.
32 il əvvəl bugünlərdə Naxçıvanda baş vermiş proseslərə nəzər salanda bir daha yəqin olur ki, 1991-ci il sentyabrın əvvəllərində Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş vermişdir. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.
1991-ci ilin ikinci yarısından etibarən Azərbaycanda hakimiyyət böhranının dərinləşməsi demək olar ki, son həddə çatmışdı. Etibarını itirmiş Azərbaycan Kommunist Partiyası artıq səlahiyyətlərini də itirməkdə idi. Naxçıvan Vilayət Partiya Komitəsi də muxtar respublika Ali Məclisinin sessiyalarının keçirilməsində maraqlı ola bilmirdi. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl mənasında elan olunmamış fövqəladə şərait yaranmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlmişdi. Sessiyanın gündəliyinə həmin tarixi mərhələnin aktual məsələləri daxil edilmişdir.
Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Eyni zamanda, gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası təşkilatının fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Gündəlikdə nəzərdə tutulan məsələlərin hamısı fövqəladə zamanın meydana çıxardığı aktual problemlər idi, Azərbaycan üçün taleyüklü məsələləri əhatə edirdi. Bu problemlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarəti və uzaqgörənliyindən çox asılı idi. Buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi.
Sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, muxtar respublika Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş dahi Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdir. Lakin xalqın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının təkidi ilə dahi şəxsiyyət ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə hal olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə nəhayət ki, razılıq vermişdir.
Ümummilli lider sonralar Naxçıvanın, ümumilikdə isə Azərbaycanın gələcəyi baxımından əlamətdar olan bu gün haqqında danışarkən deyirdi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda, indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin icrasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Zamanın və insanların çağırışına məhz bu düşüncələrlə cavab verən ulu öndər Heydər Əliyev bununla da Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır.
Xatırladaq ki, 3 sentyabr 1991-ci ildə öz işinə başlayan sessiyanın iclasları 4, 5, 6 və 7 sentyabr da daxil olmaqla 5 gün ərzində davam etdirilmiş, ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur. Gündəlikdə duran məsələlərə uyğun olaraq Naxçıvan Ali Məclisinin sessiyası yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli sürüldüyünü, hələlik ölkədə çoxpartiyalı sistemin formalaşmadığını, Kommunist Partiyasının süquta uğradığını, seçki komissiyası və məntəqələri üzvlərinin partokratiya nümayəndələrinin sifarişi ilə təyin olunduğunu nəzərə almaqla Azərbaycan Respublikasının Prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin muxtar respublika ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etmişdir.
Eyni zamanda, 3 sentyabr 1991-ci il sessiyasında “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edilərək Azərbaycan Respublikasının Ali Sovetindən xahiş olunmuşdur ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıdıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumların fəaliyyəti dayandırılsın. Bunlar Azərbaycanda müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən tarixi qərarlar idi!
Ulu öndərin 1990-cı ilin iyulunda Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdışı, sanki, tarixi zərurət idi. Bu qayıdış, xoşbəxtlikdən, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşmüşdü. Babək rayonunun sakinləri ilə görüşdə Heydər Əliyevin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülmüş, keçirilən seçkilər zamanı ulu öndər Heydər Əliyev həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçilmişdir. Həmin il noyabrın 17-də Naxçıvan Ali Məclisinin birinci sessiyası keçirilmişdir. Görkəmli dövlət xadiminin sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması qərarlaşdırılmışdır.
SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması dahi şəxsiyyətin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün olmuşdur. Eyni zamanda, həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sıradan bir düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini kollektivləşmə üzərində quran nəhəng bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi! Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan Muxtar Respublikası Ali Soveti formatında “Soveti” ifadəsinin “Məclisi” sözü ilə əvəz edilməsi isə, əslində, faktiki olaraq SSRİ-nin tərkibindən çıxmaq, bu dövlətin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət Bayrağı Ali Məclisə gətirilmişdir. Bütün bunlar yalnız Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasına sədrlik edən dahi Heydər Əliyevin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirimişdir.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verilmişdir. Xalq deputatı Heydər Əliyev “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etmişdir. Həmin gün Ali Məclisin binası önünə toplanmış xalq kütlələrinin ciddi tələbi, muxtar respublika deputatlarının fəallığı və Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə Qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı qeyd olunmuş və onların adları açıq göstərilərək məsuliyyətə cəlb edilmələri tələb edilmişdir.
Ümumiyyətlə, dahi rəhbərin siyasi fəaliyyətinin Naxçıvan dövrü nə qədər çətin və mürəkkəb bir zamana təsadüf etsə də, bu dövr Azərbaycanın müstəqillik tarixində çox böyük dəyərə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”.
Beləliklə, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunmuşdur. Və bunun da təməlində həm bəşəri, həm də milli dəyərləri özündə birləşdirən müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesinə başlanılmışdır. Nəzərə alaq ki, ötən əsrin 90-cı illərində Naxçıvan ətraf aləmdən təkcə iqtisadi və sosial bağları qoparılmış bölgə deyildi. Həmçinin sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş bir vətən parçası idi. Buna görə də dünya şöhrətli siyasətçi Heydər Əliyev Ali Məclisin Sədri kimi vəzifəsinə başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar qəbul etmişdir.
Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım olmuşdur. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin edilmişdir. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur. Və yaxud dövlətçilikdə əsas amillərdən biri sayılan xalqın vahid ideya və amal uğrunda birləşdirilməsi görkəmli dövlət xadiminin bütün siyasi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi idi ki, 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur.
Bundan əlavə, çoxəsrlik qonşuluq münasibətlərinə malik Naxçıvanın Türkiyə və İranla əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ulu öndərin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. 1992-ci ildə hər iki ölkəyə edilmiş səfərlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Görülən işlərin praktik nəticəsi kimi qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələrinin fəaliyyəti təmin olunmuşdur.
İqtisadi sahəyə nəzər salsaq, Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarların qəbul edilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amil olmuş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmışdır.
1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, ümumilikdə isə müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyulmuşdur. Qısa müddətdə üzvlərinin sayı durmadan artan partiya xalq arasında böyük nüfuz qazanmış, ölkə həyatının inkişafında böyük rol oynamışdır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda böyük işlər görülsə də, ölkədə hakimiyyətdə olanların səriştəsizliyi Azərbaycanı daxildən parçalanmağa, məhv olmağa sürükləyirdi. Torpaqlarımızın ard-arda işğal olunması, yaranmış gərgin ictimai-siyasi hadisələr 1993-cü il iyun ayının əvvəllərində özünün son həddinə çatdı. Hakimiyyət böhranı bütün ölkəni cənginə aldı. Artıq Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Həmin gündən etibarən dahi şəxsiyyətin müdrik daxili və xarici siyasəti nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu ölkə miqyasında davam etdirildi. Beləliklə, tarix üçün qısa zaman ərzində Azərbaycan mühüm nailiyyətlər qazandı.
Xalqımızın ümummilli lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyev misilsiz xidmətləri sayəsində ölkəmizi böyük bəlalardan xilas edərək onun müstəqilliyini təmin etmiş, Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasına nail olmuşdur. Ulu öndər işlədiyi bütün dövrlərdə əsl lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır.
1991-ci ilin sentyabr hadisələrindən tarixindən 32 il ötür. Bu illərdə Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçmişdir. Heydər Əliyev ideyalarının layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ildə ermənilər tərəfindən illərdir, işğal altında saxlanılan şəhər və kəndlərimizi azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bununla da son 200 ildə Azərbaycanın əldə etdiyi ən Böyük Qələbə sevincini ulu öndərin qurub-yaratdığı Müstəqil Azərbaycanın vətəndaşlarına, eləcə də bütün dünya azərbaycanlılarına yaşatdı. Şuşaya Azərbaycan bayrağının sancılması ilə Ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan, beləliklə müstəqilliyimizin və ərazi bütövlüyümüzün əmin əllərdə olmasını bir daha tarix və xalq qarşısında sübut etdi.
Bu gün Azərbaycanın bütün bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası da Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən dövrdə əldə olunan uğurlu nəticələr bu gün artıq yeni idarəçilik metodları tətbiq olunmaqla davam etdirilir. Böyük öndərin “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” fikirləri bu gün qədim diyarın real həyatında öz əksini tapıb. Yaxın gələcəkdə açılacaq Zəngəzur dəhlizi isə Azərbaycanın digər bölgələri ilə qədim Naxçıvanın kommunikasiya problemlərini də aradan qaldıracaq, eləcə də regionun siyasi, iqtisadi və mədəni əlaqələrinə öz töhfəsini verəcək.
Səbuhi HƏSƏNOV
Naxçıvan

