Azərbaycan–Özbəkistan dostluq və qardaşlıq münasibətləri müstəqillik illərində

post-img

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. 

AZƏRTAC-ın Azərbaycan–Özbək-istan əlaqələrinin tarixinə və inkişaf yo­luna nəzər salan şərhinin davamında bildirilir ki, ölkələrimizin diplomatik mü­nasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mə­dəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəm­sə”sindən ilhamlanaraq qələmə alıb.

Özbəkistanın sabiq Prezidenti İs­lam Kərimov dövlətlərimiz və xalqları­mız arasında mədəni əlaqələrə toxu­naraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli ast­ronom Mirzə Uluqbəyin adının verilmə­si azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.

Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkə­zi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ti­carət əlaqələri və elmi mübadilə möv­cud olub.

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli in­kişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on min­lərlə azərbaycanlı Özbəkistanda sı­ğınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxın­dan iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiy­yətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Xüsusilə xatırlatmaq lazımdır ki, Azərbaycan və özbək xalqları SSRİ rəhbərliyi, ələlxü­sus Mixail Qorbaçovun hakimiyyəti zamanı məqsədyönlü şəkildə müxtəlif sahələrdə ayrı-seçkiliyin qurbanı olub­lar. 1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri SSRİ rəhbərliyinin, ələlxüsus M.Qorbaçovun türk düşmən­çiliyinin bariz nümunəsidir. 20 Yanvar və Sumqayıt hadisələrində də eyni dəst-xətti görmək mümkündür. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə Daşnaksütun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbək­lərə qarşı soyqırımı törədilib. Təkcə üç gün ərzində bu şəhərdə 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə, həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. Hazırda çoxsaylı er­məni icmasının yaşamasına baxmaya­raq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qar­daş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin forma­laşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin isə 1997-ci ildə Öz­bəkistana səfərləri zamanı ölkələri­miz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sa­zişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqa­vilə” imzalanıb. 

1996-cı il oktyabrın 21-22-də Azər­baycan Prezidenti Heydər Əliyev Türk­dilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley məra­simində iştirak etmək üçün Daşkənddə səfərdə olub.

1997-ci il iyunun 18-19-da ümum­milli lider Heydər Əliyevin Özbəkista­na rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciy­yələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər arasın­da “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilmə­si, dostluq və tərəfdaşlıq münasibət­lərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Həmin sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamen­tal hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimin­də çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: “Biz Azərbaycan­da Özbəkistanla etibarlı tərəfdaşlıq mü­nasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlən­sin”. Özbəkistan Respublikasının Prezi­denti İslam Kərimov isə bildirib: “İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır”.

Prezident İlham Əliyev hər iki lide­rin tarixi xidmətlərini yüksək qiymətlən­dirərək bildirib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qu­rulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kəri­mov – iki ölkənin liderləri ikitərəfli mü­nasibətlərin bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviy­yəyə qaldırmışlar”.

1996-cı ildə Azərbaycanın Özbə­kistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başla­ması ölkələrimiz arasında münasibət­lərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu. 

Ulu öndər Heydər Əliyevin siyasə­tini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət ye­tirir. Dövlətimizin başçısının 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respubli­kası və Özbəkistan Respublikası ara­sında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyan­namə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ mü­naqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müva­fiq qətnamələrinin və ATƏT-in qərarla­rının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbə­kistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş As­sambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilə­rindəki vəziyyət” adlı qətnamənin le­hinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyo­yev Azərbaycanı Qarabağın qaytarıl­ması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin no­yabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Pre­zidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük mək­təbin inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlər yekunlaşıb.

Hazırda Azərbaycan–Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çat­masında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident döv­lət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsin­də də tez-tez görüşürlər. 

Prezident İlham Əliyevin də qeyd et­diyi kimi, 2022-ci il Azərbaycan–Özbə­kistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Pre­zidentinin qardaş ölkə ilə əməkdaşlı­ğın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata ke­çirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkila­tına üzv ölkələrin Səmərqənddə keçiril­miş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün no­yabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaş­malar Mərkəzi Asiyanın aparıcı ölkələ­rindən olan Özbəkistanla əlaqələrimi­zin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib. 

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əmək­daşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəq­liyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən, Öz­bəkistandan yükdaşımaların həcmi­nin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyu­nunda Özbəkistana dövlət səfəri zama­nı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomo­bil əlaqələri haqqında Saziş” bu baxım­dan mühüm əhəmiyyət kəsb edir. 

Həmin səfər zamanı dövlət başçıla­rının diqqət göstərdiyi əsas istiqamət­lərdən biri də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Məhz bu niyyətin ifadəsi olaraq, Azər­baycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçıla­rının sərəncamları ilə yüksək fəxri ad­lar, orden və medallarla təltif edildi. Bir neçə gün əvvəl – avqustun 1-4-də isə Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntənə ilə keçirildi. 

Özbəkistan Prezidenti Şavkat Mir­ziyoyevin avqustun 22-də Azərbay­cana gözlənilən dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə olacaq. Bu səfərin gündəliyinə Özbəkistan–Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çox­şaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Səfər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biz­nes və regional səviyyədə əməkdaş­lığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tran­zit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələrin aparılması, bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulur. 

Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə planlaşdırılan səfəri qardaş ölkənin Azərbaycanın hə­yata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisi olacaq. Belə ki, səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlə­rin açılışları və yeni layihələrlə tanışlıq nəzərdə tutulur. 

Beləliklə, eyni soykökə və uzun ta­rixə söykənən Azərbaycan–Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqları­na uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalan­mış 160-dan çox sənəd, o cümlədən, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azər­baycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Siyasət